İstiqlaliyyət küçəsinin fabulası ətrafında - Reportaj

İstiqlaliyyət küçəsinin fabulası ətrafında - Reportaj
12 oktyabr 2022
# 09:00

Kulis. Vüqar Babazadənin “İstiqlaliyyət küçəsi"ndən yazdığı reportajı təqdim edir.

Ayaqqabılarım əprimiş, köynəyim nimdaşlaşmışdı. Ana şəfqəti ilə ayaqlarımı qucaqlayan corablarıma baxanda qanım qaralırdı. Şalvarımda xırda-xırda sarı ləkələr vardı, baxan deyərdi ki, bu şalvar qızılcaya yoluxub.

Reportaja çıxmışdım.

İçərişəhər metrosundan birtəhər özümü bayıra tullayanda gözümə dəyən ilk şey Tağıyevin heykəlinin yanında dayanıb siqaret çəkən qız oldu. Hacının qabağında qısa şortikdə dayanıb siqaret çəkən qızın ağappaq baldırları heykəli daha da gözəlləşdirirdi.

Nə yazım? Axı bir küçədən nə yazmaq olar? Autentik olsun, eyni zamanda informativ olmasın. İçində təzə nəsə deyilsin. Ya da təkrarı elə redaktə edim ki, orijinal görünsün.

Ürəyimdə fikirləşdim. Gəl reportaja belə başla.

İstiqlaliyyət küçəsi Bakının, demək olar ki, bütün tarixinə şahidlik etmiş küçədir. Bura “ilk”lər məkanıdır. İlk yeddimərtəbəli bina, şəhərin ilk bağı, şəhərin ilk heykəli, ilk qız məktəbi və hələ bilmədiyim xeyli “ilk”lər.

Sonra özümə dedim ki, yox, belə başlama. Maraqlı olmayacaq. Gəl belə başla.

İçərişəhər metrosundan çıxan kimi sağa burulub, Bakının ilk bağı olan Filarmoniya bağına tərəf getdim. Günəş ayağını-ayağının üstünə atıb, ləzzətlə çay içirdi. Gül bülbülü çağırırdı. Bülbül gülü. Filarmoniya bağını şəhərin ovaxtkı hakimi öz həyat yoldaşının şərəfinə saldırıbmış. Bakıda bağ olmadığı üçün darıxan qadın, ərindən xahiş edir ki, axşamlar gəzməyə yer yoxdur. Beləcə arvadının sifarişini nəzərə alan hakim Filarmoniya bağını saldırır. Bağ salınandan sonra əsilzadə adamlar axşamlar çıxıb burda gəzirmiş. Hərdən musiqi konsertləri də baş tuturmuş. Adi adamların bağa girməyinə icazə verilmirmiş.

Təzə nişanlanan cütlüklərin foto-sessiya məkanı olan bağ, hazırda Bakının ən gözəl bağlarından biri, bəlkə də, birincisidir.

Yox, belə də başlamaq olmaz. Axı bu yeni bir şey deyil. Kim istəsə bu haqda öyrənə bilər. Belə başlama. Gəl belə başla.

Qırmızı rəngli, qozbel bir oğlan mənə yaxınlaşıb dedi:

– Qaqa, bir manat kömək edə bilərsən?

– Vallah yoxdu, qaqa – yazıq sifət alıb ona cavab verdim.

Metronun arxasındakı dəmir darvazadan keçib, Əliağa Vahidin heykəlinə çatdım. Heykəlin yaradıcısı deyirmiş ki, “Heykəlin görünüşünə nəzər salanda ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Burada Vahidin toy məclisi təsvir olunub. O, öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir.

Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir. Bütün insanlar – dahilər də, adilər də torpaqdan yaranıb və torpağa da qayıdacaq. Heykəldə Vahidin başı kök atıb inkişaf edir, bir ağac kimi böyüyür. Dünya dağılır, dəyişir, zəlzələlər olur, amma yer, torpaq əbədi olaraq qalır. Bu ağaclar da onun üzərində inkişaf edib böyüyür. Bax budur Vahidin sirri. Bir qəzəlxan şairin həyat fəlsəfəsi”.

Yenidən metronun qarşısına keçib, bu dəfə sağa tərəf getdim. Metro ilə üzbəüz bina Bakının ilk yeddimərtəbəli binasıdır.


Yox, bu da maraqlı olmayacaq. Vahidin heykəli söhbəti yersiz idi. Bunu 50 dəfə yazıblar. Bəlkə, uzatmayıb birbaşa İstiqlaliyyət küçəsindən yazım?

Metrodan çıxan kimi sağa dönüb düm-düz aşağı getdim. Bakı Şəhər İcra Hakimiyyətini keçib Hüseyn Cavidin ev muzeyinə çatdım. Qapısı açıq olan muzeyə işçilər çöldən stol-stul, dolab, xırda-para əşyalar daşıyırdılar. Kandarda bir pişik uzanıb, key-key ətrafa baxır, arada ayaqlarını yalayırdı. Deyəsən, Cavidin evinə təzə mebellər gətirirdilər.

Üzü aşağı yolla düşüb Sabirin yanına çatdım. Bir az dincimi almaq üçün yaşlı bir kişinin yanında əyləşdim. Qoca kişi çənəsini əlinin içinə alaraq sakitcə ətrafa baxırdı. Ətrafında dövr edən sürətli həyatın sanki ona aidiyyəti yox idi. Sabir kimi daşlaşaraq əbədi sükuta qərq olmuşdu.

Sabir bağı Sovet Bakısında ən məşhur və populyar bağlardan olub. Ovaxtkı bütün qanuni oğrular, cibgirlər, kriminal dünyanın tanınmış şəxsləri bu bağa yığılışarmış. Burda kiməsə ad verər, türməyə göndəriləcək məbləği bölər, kim hansı ərazidə oğurluq edəcək, burda bölərmişlər. Üstəlik, hərənin öz yeri olarmış. Qızılbarmaq Fatma xatirələrində buranı geniş təsvir edir. Məşhur cibgir deyir ki, Sabir bağında ilk dəfə bir kişiyə aşiq olubmuş.

Sabirin heykəli İsmailiyyə binasından yanında yerləşir. Heykəlin müəllifi Cəlal Qaryağdıdır. İçərişəhərin qala divarlarının yaxınlığındakı satirik şair əlində kitab tutub, oturmuş halda təsvir olunub. Şairin baxışlarından “süzülüb gələn” satirik misralar sanki adamı ovsunlayır. Qeyd edim ki, Bakının ən böyük heykəli olan Nəriman Nərimanovun heykəlinin də müəllifi Cəlal Qaryağdıdır.

Heykələ icazə xəbərini ona belə çatdırırlar: “Təbriklər, Nərimanova icazə verildi”

.

Belə də olmayacaq. Bunlar da maraqlı deyil. Reportaja belə başlamaq olmaz. Hüseyn Cavidin evinə mebel daşıyırdılar nədir? Sabir bağında oğruların yığışması kimə lazımdır axı? Yox, belə başlamaq olmaz. Başqa şey fikirləşmək lazımdır. Bəlkə, belə başlayım?

İçərişəhər metrosundan İstiqlaliyyət küçəsinə çıxdım. Üzüaşağı yolla düşə-düşə gəlib Nizaminin Ədəbiyyat muzeyinə baxan böyük heykəlinin yanında dayandım. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə isə abidənin hündürlüyü 15 metrə çatır. Böyük şair əlində perqament tutaraq fikirli-fikirli məchul yerlərə baxır.

Ədəbiyyat muzeyinin eyvanında ard-arda düzülmüş – Füzuli (heykəltaraş: F.Əbdürrəhmanov), Vaqif (C.Qaryağdı), M.F.Axundov (heykəltaraş: P.Sabsay), Natavan (heykəltaraş: E.Tripolskaya), C.Məmmədquluzadə (heykəltaraş: N.Zaxarov), C.Cabbarlının (heykəltaraş: E.Klyatskin) – 6 heykəl ucaldılır. Natəvanın heykəli Bakıdakı ilk qadın heykəllərindən biridir.

Nizaminin heykəlinin yanında dayanıb, Ədəbiyyat muzeyinə baxa-baxa fikirləşirdim ki, bu dəfə reportaj alınmadı. Reportaja başlaya bilmədim.


# 2751 dəfə oxunub

Müəllifin son yazıları

# # #