"Topaz"da bədbəxt olub, saçı tökülən dostum

"Topaz"da bədbəxt olub, saçı tökülən dostum
1 mart 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin ""Topaz"la oyna, uduz" yazısını təqdim edir.

Bu gün “Topaz”ın 10 yaşı tamam olur. Bu münasibətlə bütün “Topaz”a qurşanıb özünü bədbəxt edənləri təbrik edirəm.

Bu gün ad günüdür deyə çox da sərt yazı yazmaq istəmirəm. Həm də “Topaz”da nə günah? Günah onunla məşğul olanlardadır. Bir məsəl var, “məscidin qapısı açıqdır, itin abrına nə gəlib?”.

Şübhəsiz ki, mərifət sahibləri olan insanlar nə demək istədiyimi, bu məsəli nə üçün çəkdiyimi, bu məsəllə “Topaz” arasında hansı analogiyaların olduğunu başa düşəcəklər.

“Topaz” haqqında özümün və bir neçə yaxın dostumun öz gözümlə gördüyüm xatirələrini yazmaq istəyirəm. Xalqımız, Allah bilir niyə, xatirə oxumağı çox sevir. Sevə-sevə, bəh-bəhlə xatirə oxuyurlar. Bu, yəqin ki, həm ondan qaynaqlanır ki, özlərinin həyatları çox süst və mənasız keçir, həm də başqa insanların həyatları onlara çox maraqlıdır.

Hər nəysə, mövzumuzdan uzaqlaşmayaq. Çünki mövzumuzdan uzaqlaşsaq boş yerə vaxt itirəcəyik. Vaxt itirmək heç yaxşı bir şey deyil.

Fürsətdən istifadə edərək bütün Oğuz elinin, dünya azərbaycanlılarının, xalqımızın od çərşənbəsini təbrik edirəm. Cem Yılmaz demişkən, təbiət dörd ünsürdən ibarətdir: hava, od, su, tahta.

Deməli, keçirik xatirələrə.

Xatirələrə keçməzdən əvvəl istəyirəm ki, bir şeir deyim.

Uçuq divar kölgəsində,
İki könül bir olacaq.
Yarı sınıq bu ürəkdə
Yarı açıq sirr olacaq.

Ağlasan da uzaq başı
Gözün altı nəm olacaq.
Nəmli həyat mənzərəsi
Gündüz çağı tor olacaq.

Sevgi dolu bu ürəyə
Yerin altı dar olacaq.
Mərmər üstə qara şeir
Buz tutacaq, qar olacaq.

Biz getsək də bu daş, divar,
Hələ bir az var olacaq.
Yola daşan budaqlarda
Qıp-qırmızı nar olacaq.

Adam şeiri oxuyanda yazın gəlişini iliyinə qədər hiss edir.

İlk xatirə.

1. O vaxtlar kuponu yazıb pul vermədən çıxara bilirdin. Çıxan kupon “etibarsız” şəkildə çıxırdı. Pulumuz olmayanda gedib “etibarsız” kuponlar yazıb, axşam sıxırdıq. “Etibarsız” kupona həm pul vermirdin, həm də təcrübə qazanırdın. Amma elə ki kupon gəlirdi, adamın qanı it qanına dönürdü ki, kaş 2 manat ataydım.

Səfil tələbəlik günlərinin birində yaxın qrup yoldaşımla “Topaz”da oturmuşduq. Mən tazı yarışlarına baxırdım, dostum isə “Topaz” qəzetini qabağına qoyub, dərin analizlər edirdi. Mən də hansı tazının birinci gələcəyini ürəyimdə fikirləşib, oyuna baxırdım.

Bir az keçəndən sonra dostum uzun bir kupon gətirib göstərdi. Təbii ki, pulumuz olmadığı üçün “etibarsız” vurdurmuşdu. 10-dan çox oyun yazmışdı. 1000 manat atsan, təxminən, milyonçu olmaq olardı. Bir az da “Topaz”da vaxt öldürəndən sonra ayrılıb evə getdik.
Axşam dostum zəng edib dedi ki, “Vüqar, bütün oyunlar gəldi...”.

Əlbəttə ki, biz etibarsız vurdurmuşduq deyə, heç nə qazanmadıq. Amma bu hadisə o qədər dəhşətli idi ki, qrup yoldaşımın saçı iki həftənin içində dərddən töküldü. Həqiqətən, deyirəm. Yazığın saçı əvvəlcə ağardı, sonra töküldü. Çox dəhşətli hadisə idi.

2. Həyatımda bir dəfə yerdən böyük məbləğdə pul tapmışam. Hadisə bu cürdür. Bir dəfə taksidə “Koroğlu” metrostansiyasına gedirdim. Beş-on manat pulum vardı. Tipik tələbəlik dövrü. Sevgilim də dirəşmişdi ki, bu gün “Papa Jhonsa” pizza yeməyə gedək. Qanım qaralmışdı, fikirləşirdim ki, görəsən, nə edə bilərəm? Neçə çıxa bilərəm bu səfil, kasıb həyatdan.

Arxada oturmuşdum. Çatanda pulu uzadıb, maşından düşəndə, sürücü arxasında bir topa pul gördüm. Maşının içində yerdə idi. Saniyənin mində birində, necə oldusa, əlimi uzadıb pulu götürdüm və maşından düşdüm. Ürəyim həyəcandan əsirdi. Bunu şüurlu şəkildə, bəlkə də, etməzdim. Ani bir refleks oldu, yoxsa kasıblıq məni boğaza yığmışdı, nə olmuşdusa, pulu götürmüşdüm və daha geriyə yol yox idi. Sürətli addımlarla, hətta qaça-qaça metroya girib, gözdən itdim. İki stansiya getmişdim, amma ürəyim hələ də vəsvəsədə idi ki, gəlib indi məni tutacaqlar, rüsvayi-cahan olacağam. Həm də bu pulun əsl sahibinin halını fikirləşir, dərin bir vicdan əzabı çəkirdim. Adrenalin qanımda ora-bura dövr edir və gah bərk qorxur, gah həyəcanlanır, gah sevinir, gah da utanıb, peşman olurdum.

Bir təhər “28 May”dan çıxdım. Əlimi cibimə atıb, pullara baxmağa ürək eləmirdim. Universitetə çatanda tualetə girib acgözlüklə pulları çıxarıb saymağa başladım: 165 manat. Bu lap əntiqə oldu. İndi rahatca sevgilimlə pizza yeməyə gedə bilərdik. Amma əvvəlcə “Topaz”a “dəymək” lazım idi. Qrup yoldaşımla ikinci dərsdən əkilib, birbaşa “Topaz”a getdik. 165 manatın hamısını 2x əmsala vurub, 100% gəlmək ehtimalı olan oyunlar yazdıq. Həmin gün sevgilimlə görüşmədim. Axşam dostumla bir yerdə oturub oyunlara baxdıq, rahatca hamısı gəldi. Səhər, təxminən, 400 manata yaxın pulla universitetə getdik. Çox gözəl gün idi.

Burdan 165 manatını itirən adamdan üzr istəyirəm. Həyatın bəzi anlarında o pulu götürməyim yadıma düşür və dərin hüznlə o hadisəni xatırlayıram. Ümid edirəm ki, məni bağışlayar. Neynim, tələbəydim...

3. “Topaz”da gözümün qabağında məhv olan çox adam görmüşəm. İndi danışacağım hadisə isə gördüyüm ən dəhşətli situasiyadır.
Bir dəfə axşam saatlarında “Topaz”da hərlənirdim. Axşam düşmüşdü. Şər qarışan vaxtlar idi. Rayonda yaşayan adamların darıxmaqdan ürəkləri patlayır ha, bax həmin vaxtlar idi. Yüngülvarı yağış yağırdı. Bu təbiət təsvirlərini ona görə yazıram ki, əziz oxucunun gözünü qarşısına kədərli mənzərə gəlsin. Yoxsa birbaşa mövzuya daxil olaram.

Balaca “Topaz”da təxminən 40-50 nəfər vardı. Hamı bir-birini tanıyırdı. İçəridə siqaret çəkməyə icazə verilirdi deyə elə bir tüstü vardı ki, heç marsda elə atmosfer yoxdur. Kimi oturub canlı oyunlara baxır, kimi tazı yarışlarını sıxır, kimi də boş-boş oturub qəzetdə oyun analiz edirdi.

Mən də bir qəzet götürüb küncə çəkildim. Yarım saatdan sonra dörd oyun yazıb, kontora beş manat verdim ki, kuponu təsdiqləsin. Kontor əlil arabasında oturmuşdu. Amma əlil deyildi. Açığı buna heç təəccüblənmədim. “Topaz”da nə desən görmək olardı. Yaşlı kişilər, cavan oğlanlar, balaca uşaqlar – hər kəs orda idi.

Kimisi uşağının pampers pulunu çıxarmağa çalışır, kimi evinə çörək almaq üçün oyun sıxır, kimisinin yeri olmadığı üçün gəlib “Topaz”a sığınıb. Pullar itirilir, pullar qazanılır, əsəblər tarıma çəkilir, sevinclər ürəkdə yaşanır, nervdən kimi qəzeti cırır, kimi stolu döyür, kimi söyüş söyür. Bir sözlə, kaşa. Aləm dəyib bir-birinə.

Oyunlarımı yazandan sonra oturub gözləməyə, ətrafı müşahidə etməyə başlamışdım. Bir cavan oğlan tazı yarışı oynayırdı. Hamının gözü onda idi. Hər kəs başına yığışmışdı. Yanımdakı day-day mənə dedi ki, bədbəxt maşını satıb, gəlib. Oğlana elə yazığım gəldi ki, az qala gedib onu bu pis əməlindən döndərəcəkdim. Birdən oğlan kontora tərəf çönüb dedi:
– 2000 vur, 1243.

Tazılar qaçmağa başladılar. Onun dedikləri gəlmədi. Tazı yarışı da elə bir şeydir ki, əgər ilkində uduzdunsa, qazanmaq üçün həndəsi silsilə ilə pul qoymalısan ki, qazanasan.

– 4000 vur, 4251.

Yenə gəlmədi.

– 8000 vur, 3-ə.

Yenə gəlmədi.

Oğlan telefonunu stulun üstündən götürüb saata baxdı. Cibindən bir siqaret çıxardı. Kimdənsə yandıran alıb, siqaretini yandırdı. Çevrilib çıxanda bir saniyəlik onunla göz-gözə gəldik...


# 4525 dəfə oxunub

Müəllifin son yazıları

# # #