Uran: "Bizim yazıçılar Azərbaycan dilini bilmirlər" - Müsahibə

Uran, reper

Uran, reper

22 noyabr 2021
# 09:00

Kulis.az məşhur reper Uran (əsl adı İbrahim İbrahimov) ilə müsahibəni təqdim edir.

– İbrahim bəy, əvvəlcə onu qeyd etmək istəyirəm ki, həm rep, həm də Uran fanatı olaraq, bu müsahibəni almaq mənim üçün çox sevindiricidir. Siz də razılıq verdiyiniz üçün dərin təşəkkürümü bildirirəm.

– Əvvəlcə gəlin bir şeyi dəqiqləşdirək. Mən “bəy” deyiləm. Xahiş edirəm, mənə bəy deməyin. Mən də sizə təşəkkür edirəm.

– Uzun müddətdir Fransada yaşayırsız və fəaliyyət göstərirsiz. Fransa repi ilə Azərbaycan repinin arasındakı fərqlər nədir?

– Fransada repə “gain” deyirlər. Reperlər bunu bilir və tez-tez istifadə edirlər. Fransada “rep-gain” sözün həqiqi mənasında mövcuddur. Orda pradakşınlar var, musiqi olaraq çox böyük pullar fırlanır, böyük investisiyalar yatırılır, “label”lər var, hansı ki, musiqiçilərlə işləyirlər. Musiqiçilər üçün real olaraq platformalar var. Misal üçün, sən trekini çıxarırsan, ondan sonra sən növbəti fazaya keçə bilirsən. Orda səni menecerler, prodüserlər axtarıb, tapır, öz məhsulları kimi təqdim edirlər. Yəni biznes baxımından çox böyük fərqlər var. Azərbaycanda rep biznesi hələki təzə-təzə yaranır. Böyük addımlar atılır, leybıllar yaranır, bitmeykerlərin sayı artıb, rejissorlar var ki, məmnuniyyətlə rep kliplər çəkirlər. Azərbaycanda çıxan treklərə qulaq asırsan, artıq səsləndirmə və texniki cəhətlərinə görə dünya repini təkrar etməyə çalışırıq. Bu o deməkdir ki, ən azından trend izlənə bilirik. Amma dediyim kimi, Azreplə Fransa repini yanbayan qoysan, əlbəttə, əsl rep ordadı. Orda “rep gain” mövcuddur.

– Sizcə rep akademik səviyyəyə çıxa bilibmi? Yaxud çıxmayıbsa, nə vaxt çıxacaq?

– Yox, çətin. Rep bacarıqdır. Sənin özünü ifadə etmək yolundur. Vaxtikən düşünürdüm ki, Azərbaycan repini Azərbaycan ədəbiyyatı səviyyəsinə qaldırım. Amma sonra anladım ki, bu yanlışlıq olacaq. Çünki ədəbiyyatın dili və repin dili heç də həmişə eyni deyil. Repin dili daha loru dildir. Repin dili daha xalq dilidir. Küçədə-bayırda olan dildir.
İndi gənclərin istifadə etdiyi dil tam olaraq Azərbaycan dili deyil. Onlar müasir və fərqli ifadələrdən istifadə edirlər. Buna da “slame” deyilir. Rep də gənclərdən gəldiyinə görə həmin o dili təkrar edir.

– “New school” reperlərdən kimləri bəyənirsiz.

– Vallah mən anlaya bilmirəm, “new school- old school” fərqini.

– Siz özünüzü “old school” reper hesab edirsiz? Çünki sizi ustad sayırlar.

– Hesab edirlərsə, etsinlər. Məktəb və yaş etibarı ilə, hə, ola bilər ki, old schoolam. Amma ustad deyiləm. Elə şey yoxdur. Kim elə deyirsə, kim o cür hesab edirsə, onlara təşəkkür edirəm. Amma mən özlüyümdə Uranam. “Caspian Clan”da reperəm. Uzun müddətdir çalışıram, təcrübəm az deyil. Akademik repi qəbul etmirəm. Repi ədəbiyyatlaşdırmaq istəmirəm.

– Azrepdə sizin üçün ustad olan reper varmı?

– Yox. Dostlarım, tanışlarım da bilir, mən repdə ustad anlayışını heç vaxt qəbul etməmişəm. Əlbəttə, mənim sevdiyim, təəssüratlandığım reperler olub. Onlara indiyə qədər də sevə-sevə qulaq asıram. Onlar Azərbaycan reperləri deyil. Əsasən, Amerika rep musiqisinin üzvləridir. Eminem, 2Pac, who tang clan və s. Onların bəziləri artıq həyatda deyil. Bəziləri heç ümumiyyətlə fəaliyyət göstərmirlər. Amma onlara ustad, master deyirəm, əlbəttə. Çünki bu adamlar işlərini bilirlər. İşlərinin asıdırlar. Amma Azərbaycan mədəniyyətində olan “ustad” ifadəsini heç vaxt qəbul etməmişəm.

– Nə qədər qlobala çıxmısınız sənətinizlə?

– Heç nə qədər. Maksimum Türkiyə.

– Niyə?

– Zaman, texnoloji yeniliklər və digər səbəblər üzündən. Bizim dövrümüz bir az köhnə dövr idi. Amma bundan sonra, bəlkə, fikirləşmək olar. Mən ümumiyyətlə şöhrətin, tanınmağın xüsusi marağında olmamışam. Yadıma gəlir ki, bir dəfə müsahibələrin birində sual vermişdilər ki, “Azərbaycan repinin dünya repinə inteqrasiyası üçün nə edirsiz?”. Mən də cavab vermişdim ki, “Azərbaycanda oturub rep yazıram” (gülür).

– Gələcəkdə özünüzü hansısa başqa musiqi janrında sınamaq fikriniz varmı?

– Repə yaxın, alternativ repi yoxlaya bilərəm. Amma pop filan, mənlik deyil. Mən nə edəcəm popda?

– Kimlər üçün yazırsız?

– Dinləyənlər üçün.

– Sizin üçün fərqi yoxdur da, kim sizə qulaq asır?

– Yox. Onu mən heç vaxt müəyyən edə bilmərəm. Düzdür, bəzi trekləri yazanda bilirəm ki, buna kimlər qulaq asacaq. Məsələn, “Sadə qız” trekini yazanda bilirdim ki, bu trekə, əsasən, qadınlar qulaq asacaq. Əgər sən “Kor Zabit”dən yazırsansa, zabit fikirləşirsən və s. İnsan dərdini hansısa vasitə ilə eşitmək istəyir. O dərd də məni narahat edirsə, deməli mən danışanda həmin adamları fikirləşirəm.

– Sizcə rep nə musiqisidir? İnqilab, yoxsa çağırış və s.?

– Yox, heç bir şey. Rep adicə özünü ifadə formasıdır. O klişeləri sonradan qoyurlar. İstənilən janr kimi özünü ifadə vasitəsidir. Ümumiyyətlə, elə reperlər var ki, çağırış filan eləmirlər.

– Siz nəyəsə çağırış etmisiz?

– Mən çağırışı edəndə, adətən qışqırmıram. Danışıram. Mən heç vaxt “ Gəlin, bunu edək” deyə qışqırmamışam. Mən nə baş verdiyini izah edirəm. Seçimi qoyuram, dinləyicinin qarşısına.

– Hazırda yaradıcılığınızdan razısız?

– Yox, aktivliyimdən razı deyiləm. Aktivlik etibarı ilə məncə heç kəs özündən razı ola bilməz. “Uran fm” albomu beş il içində çıxdı. (gülür) İkincisi heç çıxmayıb. Kim razı olar bu işdən? Mən razı deyiləm. Aktivliyim çox aşağıdır. Son zamanlar isə çoxlu işləyirəm. Bunu burda ilk dəfə sizə açıqlayıram. Tezliklə bir hərbi albom buraxacam. İşləyirik, görək də.

– Bəs hədəfləriniz var?

– Vallah, heç suallar verməmişəm bu haqda özümə. Mən özünü ifadə edən adamam. Fabrik işləyir özü-özünə. Yazırsan, təəssüratlarını bölüşürsən. Amma hədəf filan qoymuram. Amma bir dəqiqə. Əslində, hə. Niyə də yox? Qoy fikirləşim?

– İndi fikirləşdiniz hədəflərinizi? (gülürəm)

– Siz sual verdikcə yadıma düşür. Var, hədəflərim var. Misalçün, repi hansısa başqa yaradıcı janrla kolobrasiyanı yaratmaq. Bu artıq yeni bir tərzdir. Yenilikdir. Bu mənim hədəfim ola bilər.

– Yəqin ki medianı izləyirsiz. Cəbhə bölgəsində yenidən atışmalar başlayıb. Sizin fikriniz nədir?

– Biz əvvəlcə masanın üzərində qoyduğumuz şərtlərə uyğun hərəkət etməliyik. Hansı ki, edirik də. Dəhlizlər açılmalıdır. Adam əgər sərhədin o tərəfindən daş atırsa, ya gərək daşı niyə atdığını izah etsin, ya da daşı qaytarıb onun başına vurasan. İndi baş verənlər normal qarşılanmalıdır, o baxımdan ki, onların arasında rövanş istəyənlər var. Çünki biabırçı şəkildə məğlub olublar. Onlar başa düşmür ki, hara düşüblər, nə işlə məşğuldurlar. Bunu anlaya bilmirlər. Belə bir deyim var ki, sən bir sözü qarşı tərəfə dillə çatdıra bilməyəndə, məcbursan ki, hərəkətlə həmin sözü çatdırasan. Normalda müharibələr siyasətin davamdır. Yəni sən diplomatik yolla nəyəsə nail olmursansa, artıq müharibə etməyə məcbursan. İndi sadəcə hərbçilərimiz soyuqqanlı olmalıdır, çünki arxalarında xalq dayanıb. Bizim ürəyimiz onlarladır.

– Azərbaycanda “battle”lərə münasibətiniz necədir? Siz hansısa reperlə "battle"ə çıxmaq istəyərsizmi?

– Əla münasibətim var "battle"lərə. Mənim "battle"lərim olub da vaxtilə (gülür). Mənim battle formatım bir az köhnədi. Məndə bədahətən repdi, sən heç nə yazmırsan əvvəlcədən, hazırlaşmırsan. Orda musiqi gedir, "beat" olur. Mənə ritmsiz “battle” çatmır. O daha çox rahatdı.

– Yaxşı qonorar versələr, kiminləsə “battle” edərsiz bəs?

– Yaxşı qonorar versələr münsif olaram.

– Xpert 100 min, Okaber 200 min manat istəyir məsələn.

– Okaberə salam deyərsiz məndən. (gülür) Yaxşı pul deyib. 200 min əladı. Bizim məktəbdəndir, Oka. Okaber 200 min deyirsə, gərək mən iki milyon filan deyim.
Yox, gəlin zarafatı qoyaq qırağa. Mənim üçün deyişmə konsert vaxtı olur, dostlarla bir yerdə olanda olur. Onun üçün də mənə xüsusi "battle" lazım deyil. Konsertdə olanda mən deyişməmi də edirəm, “freestyle” da edirəm. Adicə Rüzgarın mənimlə deyişməsi var. Mən heç bilmirdim ki, Rüzgar o verilişə gələcək, kimsə mənlə deyişəcək. Gördüm bir cavan oğlandı, yaxınlaşıb dedi ki, “biz istiyərdik sizinlə deyişək”. Mən də dedim okay, eliyək. Niyə də yox? Mən belə adamam. Mənə böyük kütlələr lazım deyil.

– Sizə Əməkdar artist, yaxud Xalq artisti adı versələr qəbul edərsiz?

– Heç vaxt. Mən çox istəyərdim ki, bu adları yığışdırsınlar.

– Bəs Miri Yusif repdən gəlib, ad aldı, yaradıcılığının istiqamətini dəyişdi.

– O edibsə, gərək mən də edim? Bu mənim üçün qəbul edilməzdir. Mən özüm belə şeylərə normal baxmıram. O adlar Sovetdən qalma mənasız şeylərdir. Bu şeylərin əvəzində, mən istəyərəm böyük festivallar keçirilsin, bizim musiqiçilərin platformaları yaradılsın. Mən bu vaxta qədər heç bir ad və təltifim olmadan yaşayıram və hər yerə də dəvət alıram, çağırırlar. Neyniyirəm onu?

– Kitab oxuyursuz?

– Oxuyuram. Bunu oxuyan dost-tanışım deyəcək ki, Uran yalan danışır. Uzun müddətdir heç nə oxuya bilmirəm. Amma bura gələndə sevimli yazıçımın bir kitabın oxumuşam. Kurt Vonnegutun “Titanların həyəcan təbili” kitabı. Məsləhət görürəm hamınız oxuyasız. Corc Ourelllə heç nə düzəlməyəcək. Onun 1984 romanını hər kəs oxuyur. Yaxşı olar ki, Kurt Vonnegutu da oxuyasız.

– Azərbaycanlı yazıçılardan kimləri oxuyursuz?

– Heç kimi. Axırıncı dəfə Çingiz Abdullayevi oxumuşam, o da ki, səhv eləmirəmsə, doqquzuncu sinifdə oxuyanda, təxminən 1998-ci ildə.

– Mən də yazıçıyam və iki kitabım var. Əgər mən dünya repi ilə yanaşı sizi də dinləyirəmsə, siz nə üçün dünya ədəbiyyatı ilə yanaşı, mənim, bizim kitablarımızı oxumursuz?

– İstəmirəm.

– Siz də oxumasaz, bəs kim oxuyacaq?

– Azərbaycan ədəbiyyatının inkişafının inkişafı Uranın boynundadır?

– Uran bəy, niyə Azərbaycan ədəbiyyatını oxumursuz?

– Çünki bizimkilər Azərbaycan dilində yaza bilmirlər. Mən bir neçə dəfə övladım üçün azərbaycan dilində kitablar aldım. Sizi inandırım, orada elə qrammatik səhvlər, elə bərbad sözlər var idi ki, ürəyim bulandı. Hərf səhvləri, vergüllər düzgün qoyulmur, da-də şəkilçisi səhv yazılır, “edərəm” əvəzinə “eliyərəm” yazılır, “narahatlıq” yerinə “narahatçılıq” və s. Bu əsas səbəbdir. Qıcıqlandığım üçün oxumuram. Açığı deyim rus dilində daha çox oxuyuram.

– Məncə siz Azərbaycan ədəbiyyatını oxusaz, həm də dili daha yaxşı bilərsiz. Axı siz həm də yazı adamısız. Məncə, Azərbaycan ədəbiyyatını oxumamaq, fəxr ediləsi bir şey deyil.

– Mən dedim ki, istəmirəm. İstəməmək fəxr etmək demək deyil. İstəməmək mövqe sərgiləməkdir. Fəxr etmək odur ki, istəmirəm, istəməmişəm, istəməyəcəm də.

– Siz Uransız. Mütləq azərbaycan ədəbiyyatını oxumaq istəyin Uran.

– Çox gözəl. Bundan sonra cəhd edərəm. Bu arada Qaraqanın “A” romanını oxumaşam, azərbaycan ədəbiyyatından.

(Bu cavabdan sonra artıq bu barədə danışmağın heç bir faydasının olmadığını görüb, mövzunu dəyişirəm)

– Bəs nəsə yazırsız? Repdən əlavə?

– Bəli, qısa hekayələr yazıram. Bir mədəniyyət və incəsənət portalında yayımlanırdı.

– Kulis.az-a da göndərin, biz də Uranın hekayələrini yayımlayaq.

– Məmnuniyyətlə, məmnuniyyətlə göndərərəm. Eşitsəm ki, Kulis hekayəmi yayımlayır, uşaq kimi sevinərəm.

– Uran, pul sizin üçün nədir?

– Vasitə.

– Sənətin meyarı pulla ölçülmür?

– Əlbəttə ki, yox. O sənin uğurunun meyarıdır.

– Azərbaycanı bir sözlə necə ifadə edərsiz?

– Odum-alovum.

– Serialdan, filmdən nə məsləhət görürsüz?

"Mister Mersedes" serialını məsləhət görürəm. Mütləq baxın. Film isə Tarantinonun filmlərini misal çəkə bilərəm. Çox xahiş edirəm gənclərdən, Azərbaycan filmlərinə baxsınlar.

– Yeni reperlərə, gənclərə məsləhətiniz nədir?

– Dilini anlamadıqları reperlərə qulaq assınlar. Bu onlara gələcəkdə çox kömək olacaq. İkincisi isə çoxlu kitab oxusunlar. Üçüncüsü də mövzu arxasınca uzağa getməsinlər. Ətrafda hər yerdə mövzu var. Sadəcə bir az müşahidə lazımdır.



# 4793 dəfə oxunub

Müəllifin son yazıları

# # #