Ədəbiyyat institununun kulis söhbətləri

Ədəbiyyat institununun kulis söhbətləri
1 aprel 2016
# 11:28

Kulis Tehran Əlişanoğlu “Bizdə ədəbi-tənqidi proses”(hesabat-əvəzi) məqaləsini təqdim edir.

Günün ədəbi-tənqidi prosesi hazırda qapalı dairələrdə cərəyan edir. Bu faktdır: “Ədəbiyyat qəzeti” öz müzakirə meydanını açıb, AYB özününkünü, Kulis.az bir başqasını, bir başqası da özününkünü... Amma ki, cəmisindən ədəbiyyata və tənqidə bir köynək yaxın daha bir yer var: AMEA Nizami adına Ədəbiyyat İnstitutu.

Uzun nostaljidən sonra, ən nəhayət əsl ədəbiyyat fədakarı və elm təşkilatçısı akademik İsa Həbibbəylinin rəhbər gəlişilə, artıq üçüncü ildir, ədəbi-tənqidi prosesin canlı nəfəsi də İnstituta qayıtmış. Həm də özünə-qapalı, hissə-hissə, bir-birindən təcriddə yox, ədəbiyyatın bütün sistemiylə, bütöv orqanizm kimi. Ayrı-ayrı şöbə və sektorlarda, ədəbiyyatın ayrı-ayrı mərhələləri və problemləri ətrafında spektrləşən İnstitutda, əslində vahid bir iş gedir – Ədəbiyyat işi. Azərbaycan ədəbiyyatının bütün tarixi-dünəni-bugünü, tüm çalarları və təzahürləri ilə öyrənilməsi, dəyərləndirilməsi və təbliği işi...

O sıradan, bizim Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin payına müstəqilliyimizin ədəbi mənzərələrini izləmək, öyrənmək-bilmək, dəyərləndirmək düşür. İlk növbədə bilməkdir; bu niyyətlə şöbədə aylıq ədəbi müzakirələrimiz olur. Ədəbi mətbuatı və prosesi izləyirik; oxuduqlarımızı, informasiyamızı bölüşürük; və dartışırıq. Bilmək istəyirik: müstəqillik adına bugün ədəbiyyatda nələr olur, nədən olur; nələr olursa ədəbiyyatdanmı olur, ya ədəbiyyatdan olmursa bəs nədən olur və s. Bu sarıdan ayrıca məruzəçilərimiz var; tütörlük edir, bu və ya digər yöndə mənzərəni durultmaqda yardımçımız olurlar.

Son aylarda “Azərbaycan” jurnalı üzrə fil.ü. f. d. Lalə Həsənova, “Ədəbiyyat qəzeti” barədə yazıçı-publisist Mənzər Niyarlı, “Ulduz” jurnalı haqqında fil.ü.f.d. Mərziyyə Nəcəfova, ədəbi saytlardan fil.e.d. Salidə Şərifova, “525-ci qəzet” üzrə k.e.i. Dilarə Əliyeva və “Kaspi” qəzeti üzrə k.e.i. Elnarə Qaragözova məruzələr etmiş, cari prosesin yalnız fakt mənzərəsinə deyil, habelə bu və ya digər tendensiyalarına, xarakterik və tənqidi məqamlarına, aşırı və kəsir cəhətlərinə diqqət yönəltmişlər. Notlara diqqət edək...

Lalə Həsənova “Azərbaycan” jurnalının ənənə ruhuna: ənənəvi rubrikalara, janr, ideya, mündəricə sabitliyinə, publisistika-poeziya-roman-hekayə-pyes-ədəbi tənqid- bədii tərcümə ardıcıllığına vurğu salır. Və bir anlıq təsəvvür yaranır ki, bineyi-qədimdən jurnalın missiyası elə ədəbi yaddaş funksiyasından ibarət olmuş; hardasa, nəsə pozulursa, reaksiyası – yaddaşsızlığa işarə kimi qəbul olunur (məqalə ayrıca dərc olunacaqdır)...

Mərziyyə Nəcəfova “Ulduz”dan şikayət edir. Əvvəla, onun şikayətin edir ki, jurnal köşklərdə tapılmır; sorağıyla az qala AYB-yə, redaksiyayacan getməli olursan. Nədəndir, görəsən? Bəlkə jurnal geniş auditoriyalara biganədir artıq, eləcə kütləvi tribuna olmaqdan elit bir etalona çevrilibdir... – ona görə? Deyək, məsələn, jurnalın fevral sayı onunla maraqlıdır ki, yazar uşaqların (həm də ki, yazar uşaqlarının) yazıları ilə təmsil olunur. İkinci şikayət ekspert seçiminə aiddir. Jurnalda gedən ekspert rəylərini tamlıqda dəstəkləyib (ki, jurnalda təzə rubrikalar var, müzakirələr var, tərcümələr var, ədəbi tənqid var...), Mərziyə xanım onun davasını edir ki, ekspertlər sırasında nədən bəs biz yoxuq... (məqalə ayrıca dərc olunacaqdır).

Mənzər Niyarlını “Ədəbiyyat qəzeti”ndə ən çox ardıcıl dərc olunan hekayələr cəlb edir. Bəlkə də bu, qeyri-ixtiyari, yazıçı marağından gəlir. Amma “Ədəbiyyat qəzeti”ndə çox şey var: hər sayında şeirlər, şairlər, köhnə və təzə imzalar, N.Şəmsizadə, N.Cəfərov, maarifləndirici yazılar, tərcümələr, ədəbiyyatşünas yazıları, R.Kamal, tənqidlər, polemika, mifologiya, türkologiya, mühacirətşünaslıq, E.Akimova, G.Eyvazqızı, publisistika, ardı var yazılar, esse, traktat, İ.Musayeva, K.Hacı, M.Ağaoğlu, müsahibələr, müzakirələr, ölümlər, yubileylər, haşiyələr, bəzi xəbərlər və s.

Sadalandıqca ümumi xətti tutmaq çətin olur; bəzən tutursan da, ordaca itirirsən... Uzun zaman deyirdilər ki, “Ədəbiyyat qəzeti”ndə bir qəlib var, qəlibə girdin – oldun içməli... İndi də deyirlər, bilmək olmur nədir: kim nədən istəyir, necə istəyir, sözü elə də deyir... Bəzən də “Ədəbiyyat qəzeti”ni tənqid edirlər. Məsələn, deyirlər ki, qəzet akademiya işçilərini daha çox çap edir. Hərçənd belə deyilsə də, bunun nəyi pisdir ki?! Qəzetin üzünü ağardan məgər elə bu yazılar deyilmi? Məsələn, son saylarda: Məmməd Əliyevin Məhtimqulu Fəraqi barəsindəki, Safurə Quliyevanın Süleyman Rüstəm haqqındakı, Günay Qarayevanın Fikrət Qocadan bəhs edən yazılarını, Zaman Əsgərlinin sərt nəzəri polemikasını, Aslan Salmanovun “Səməd Vurğuna qarşı toplanmış “iki qovluğ”un aqibəti” məqaləsini başqa harada oxumaq olar? Olarsa da, ləzzəti olarmı?

Son müzakirələrdən birində “Ədəbiyyat qəzeti” manevr edərək, belə bir açıq qarşıdurmaya da getmişdir: ənənəvi ədəbi mətbuat, yoxsa ədəbi saytlar?

Salidə Şərifova ədəbi saytlardan və saytlardakı ədəbiyyatdan danışır; ilhamla danışır, Kulis.az-dan, Sim.sim-dən, Sənət.az-dan, Axar.az-dan və s. danışır. Üslubuna xas məxsusi tənqidi notlar, həmlələrlə danışır; və çox-çox danışır... O qədər ki, istər-istəməz şəkk etməli olursan: olmaya, artıq şələ lələni basıbdı, tablamayıb da ədəbiyyat gerçəklərdən büsbütün virtuallığa köç edibdi? Və düşünürsən... (yazı ayrıca dərc olunacaqdır)

Dilarə Əliyeva “525-ci qəzet”in əsasən şənbə saylarından söz açsa da, onu da vurğulamağı gərək bilir ki, əslində, qəzet hər gün oxucularına ədəbiyyat səhifəsi təqdim edir. Faktları sadalayır və baxıb görürsən ki, ədəbiyyatı hamı sevənlər burdadır: son aylarda “525-ci”də ədəbiyyatşünaslar da intensivdir (Nizami Cəfərovun, Bədirxan Əhmədovun, Kamran Əliyevin, Telman Cəfərovun, Salidə Şərifovanın yazıları), yazarlar da burdadır: K.Abdulla, Ə.Əmirli, H.Şərif, M.Çəmənli, A.Məsud, M.Yaqub, Ə.Ol, K.V.Nərimanoğlu, Ə.Qəşəmoğlu, K.Nəzirli, Oqtay Rza və b. (hekayə, şeir, xatirə, romandan parçalar...); “Vidadi Babanlının şəxsi fondu” da burdadır, “Dünya ədəbiyyatı” adlı dərginin “Dramaturgiya” adlı xüsusi buraxılışı” da, Məmməd Orucdan yeni kitab – “Buxara əsrinin sirri” də; burda hələ xalq şairləri Zəlimxan Yaqubun və Vaqif Səmədoğlunun ruhu oyaqdır...

Təkrar-təkrar Anar da burda var, Pərvin də... Amma ən çox, gənc məruzəçi ara-sıra cəsarətlənib də vurğulayır, görünəni Elçindir: “19 dekabr 2015-ci ildə Nizaməddin Şəmsizadənin “Baş”ın səyahəti” adlı məqaləsi çap olunub. Məqalədə müəllif “Baş”ı, əslində, başsızlıq haqqında roman adlandırıb. “Baş” böyük bir imperiyanın timsalıdır”; “9 yanvar 2016. Ramiz Məmmədzadənin “İstedadlı üfüqlər və ya sənətkar cəngavərliyi” məqaləsi çap olunub. Məqalə Elçinin “Baş” romanı haqqındadır”; “23 yanvar 2016. Nizami Tağısoyun “Elçin yaradıcılığından yazmağın məsuliyyəti” adlı məqaləsi çap olunub”; “Fevral 2016. Əsəd Cahangirin “Baş”lanğıc adlı məqaləsi Elçinin “Baş” romanına həsr olunub”...

Və burdaca dönüb yada salanda ki: başlanğıc – heç də innən belə deyil, daha əvvəldir, çox-çox əvvəllərdədir; və “525”-dən də qabaq Elçinin “Baş” romanının şiddətli əks-sədası “Ədəbiyyat qəzeti”ndən – N.Cəfərovun, N.Şəmsizadənin, E.Akimovanın, V.Nəsib Sarıoğlunun yazılarından gəlir, üstəlik: AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsi və “Azərbaycan” jurnalı romanın isti-isti müzakirəsini də keçiribdi, Vaqif Yusiflinin tənqidçi sərvaxtlığıyla uğurladığı “Ədəbi hadisə”nin tədricən yerini aldığına qane oluruq...

Elnarə Qaragözova “Kaspi”dən söz açır və xüsusən diqqətimizi qəzetin ən müxtəlif mövzularda təşkil etdiyi ədəbi müzakirələrə çəkir...

Müzakirə müzakirəyə qatılır; müzakirələrimiz isti keçir... Bura ara-sıra replikaları ilə şair-yazıçı Bahar Bərdəli də qatılır, əsasən AYB və AYB.az-dan söz edir; fəlsəfə elmləri doktoru Rahid Ulusel də – inadla tənqidi mövqenin yoxluğunda israr edərək... Poeziya bilicisi Qurban Bayramov müdrik bir sükuta dalaraq, daha çox susmağa üstünlük verir; psixologizm tədqiqatçısı Xanverdi Turaboğlu – bacardıqca “oyundan kənar qalmağ”a. Proses qayğılarını tənqidçi şakərinə qatıb, arada mən də danışıram. Son zamanların maraqlı kitablarını yada salır, kitab prosesinə diqqət çəkirəm. Cızıqladığım yazıdan da göründüyü kimi: çoxlu qeydlər, suallar, nidalar, nöqtələr də – öz yerində... Nöqtə qoymaq həmişə çətindir. Zatən ədəbi-tənqidi prosesin özündə nöqtə olmur, bəlkə çox-çox nöqtələr olur...

# 2413 dəfə oxunub

Müəllifin son yazıları

# # #