[b]Qadın taksi sürücü: "Artıq-əskik danışanlara deyirəm ki..."[/b] - HƏYAT HEKAYƏSİ

[b]Qadın taksi sürücü: "Artıq-əskik danışanlara deyirəm ki..."[/b] - HƏYAT HEKAYƏSİ
23 avqust 2017
# 09:00

Həyatın içindən – LAYİHƏ

Bu qadını Hövsan yolunda bacım görüb. Taksisinə minib, tozlu-tozanaqlı yolla evə gəlib. Arxada oğlu oturubmuş taksi şoferinin, sısqa, qıvırcıq saçlı, qıraqdan Messiyə bənzəyən bir uşaq. Bacım məndən söz salıb, deyib ki, onun layihəsi var, maraqlı insanlarla həmsöhbət olur, nömrənizi verin sizinlə də əlaqə saxlasın.

Evə gələndə xoş müjdə verən adamlar sayaq bacım nömrəni mənə verdi və bərk-bərk tapşırdı ki, o qadından müsahibə alım.

Mən o qadına bir-iki dəfə zəng elədim, qadın utana-sıxıla işinin olduğunu, maşınında problem çıxdığını dedi. Elə bil telefonun o biri tərəfində onun qızaran üzünü görürdüm: “Sən Allah, bağışla, maşınımı ustaya vermişəm...”

Və nəhayət, maşını saz, özü gülərüz o qadın gəlib çıxdı. Gördüm ki, arxada həmən o qaradərili Messi oturub gülümsəyir.

- Oğlunuzdu?

- Hə, mənim “telexranitelim”dir. – deyir gülümsəyərək. – Qoruyur da məni...

Messiyə bənzəyən oğlu da aşağı düşüb anasının sözünü təsdiqləyirmiş kimi əllərini belinin arxasında cütləyir. Eynən mühafizəçilərə oxşayır, bircə qara eynəyi əskikdir.

- Gülya xanım, adınız elə bu cürdür?

- Yox, əslində Təzəgüldür. Prosto, hamı “Gülya” deyir.

Oğlu böyür-başımızda özü üçün nəsə tapıb oynayır.

- 7-ci sinifdə oxuyur. Adı Turaldı.

- Müştəri olanda da maşında olur?

- Hə... – Gülya xanım gülümsünür. – Neyləyim, onsuz olmaz ki?!

- İlişən olur sizə?

Turalın o tərəfdən səsi gəlir:

- Qələt eləyir ona ilişən!

Gülya xanım deyir ki, maşında onu oğluyla görənlər heç nə deyə bilmirlər, sakitcə yerlərində otururlar.

- Həm də mən halal pulumu qazanıram. Neyləyirəm ki? Pis yola qulluq eləmirəm ki?

Hərdən oğlunun şuluqluğu tuturmuş maşında, baqaj yerində gizlənib müştərinin çiyninə ehmalca toxunurmuş. Qəfil diksinən müştəri heç nə başa düşmür, o tərəf-bu tərəfə boylanırmış. Heç kim yoxmuş onun böyür-başında. Bircə taksi sürücüsüdür, o da ondan qabaqda ola-ola necə çiyninə arxadan toxuna bilər ki? Müştəri qara-qara düşünürmüş ki, bəs kim onu dürtür? Və elə bu an şuluq Tural ortaya çıxıb dişini ağardırmış.

- Yaman uşaqsan ha! – deyirəm. – Amma Gülya xanım, yaxşı ki, bu dəcəl oğlun var, yoxsa baxma da bizim cəmiyyətdə qadının taksi sürməsinə bir az birtəhər baxırlar.

- Düzü, mən də təzə başlayanda qəribə baxırdılar. Hətta rəfiqələrim, qadınlar deyirdilər ki, qorxmursan taksi sürməyə. Amma sonra yavaş-yavaş alışdılar, tanıyandan sonra da heç kim heç nə demədi. Hələ “halal olsun, öz zəhmətinlə” qazanırsan deyənlər də oldu.

Oğlu ilə evdən çıxıb çörək puluna gedən bir qadın düşünün. Bunun hər gün müxtəlif xarakterli insanlarla üz-göz olmağı, sərxoş cümlələrə tab gətirməyi var. Üstəlik gecə yorğun-arğın evə gəlməyi, oğlunu yatızdırmağı. Maşının içində oğlu onu qoruyur, evdə isə Gülya xanım. Bu qorumağın adı sevgidir...

Hələ sizə bunun oğrusunun olduğundan danışmıram, narkomanını demirəm, söz atanı, ilişəni... Eee, saysan çox uzanacaq... Sürücü olmaq çətindir. Həm də qadın sürücü... lap çətindir, gərək əli çomaqlı gəzəsən.

Gülya xanım isə heç giley-güzar eləmir:

- Mən saat 2-yə, bəzən dördə kimi işləyirəm. Kimsə içkili olur, nəsə artıq-əksik söz demək istəyir, onda deyirəm, monitor səsini yazır, ehtiyatlı ol.

- Əla variantdır.

- Nə edim? Başqa çarəm yoxdur ki. Özü də mən o taksi sürücülərindən deyiləm çox danışam. Müştəri hara gedirsə, ora aparıram, səsimi çıxarmıram. O da sual verəndə çalışıram, yola verim. Lap narkoman gəlsin, məndən maşını istəsin, açarı çıxarıb verəcəm ona, sonra polisə gedib tapacam da. Niyə özümü çətinə salıram ki? Özü də mən halal işləyirəm, halal pulumu qazanıram. Bəzən olur ki, müştərinin biri deyir, sən məni gedəcəyim yerə aparandan sonra hara gedəcəksən. Deyirəm, mən səni aparıb düşürürəm, vəssalam, başqa işim yoxdur. Bilirəm, bu sözləri niyə deyir. Uşaq deyiləm. Amma mən dırnağımla didə-didə bu günlərə gəlib çıxmışam, birtəhər dolanıram. Zəhmətimlə işləyirəm.

- Haralısınız?

- Qubadlıdanam. Qaçqınam mən. 19 yaşında idim ora işğal olanda. Evimiz, əlimizdə olan nə varsa orda qaldı. Bura gəlib təzədən həyat qurduq. İndi də ancaq müştəri hesabına. Taksiyə minən olmasa dolana bilmərik. Bir az bizə yardım edən olsaydı, bu uşağa bir sosial yardım versəydilər, yenə bir az əlimiz yüngülləşərdi. Görək.

- Yaxşı olar, Gülya xanım. Darıxma. Ramiz Rövşəni tanımırsınız? Sizin yerlinizdir. Məşhur şair.

- Mən Əfsar... – oğlundan soruşur. – Əfsar idi o idmançının adı? Milli qəhrəman e...

Turaldan səs çıxmır...

- Onu tanıyıram, bizim yerlimizdi. Ramiz Rövşəni tanımıram amma...

Gülya xanım iki ildir taksiçilik eləyir. Oğluyla birgə Hövsanda yaşayır. Yoldaşından ayrıldıqdan sonra taksi sürməyə başlayıb. Tək dərdi evə bir tikə çörək gətirmək, oğlunu yetişdirməkdi.

Bu maşın da oğlunun adına alınıb.

- Hyundaydı. – Tural dillənir. – Forşedir.

- Maşından başım çıxmır heç. – lap utanıb-qızardım.

- Mənim də elə başım çıxmır. – Gülya xanımın mənə dəstək duran cümləsi...

Yoldaşı Turalın doğum günündə ona bu maşını hədiyyə eləyib. Sonradan bu maşın onların çörək maşını olub. Atası o gündən sonra da unutmayıb ailəni. İndi Rusiyada işləyir və yenə də əlini öz ailəsindən çəkmir. O vaxt işsizlik, çətinlik ucbatından zar-zor evlənən Gülya xanım nə üstündə ayrıldıqlarını açıb-ağartmır, bu qoy məndə qalsın deyir.

- Bəlkə nə vaxtsa yollarımız təzədən birləşdi. – Gülümsəyir. – Kim bilir?

- Ümid var yəni?

- Ümid həmişə var...

Tək oğul və yollarda keçən iki il, bir də gözlərində kədərin nəğməsini saxlayan Gülya xanım. Amma hərdən o kədərin nəğməsinə sevinc də qatılır, onda daha gözəl görünür o yorğun gözlər. Bütün günü o yol sənin, bu yol mənim müştəri daşıyan Gülya xanım həm də oğluna indidən həyatın xəritəsini göstərir. Harda pislik var, harda yaxşılıq, hansı yol gözəlliyə, mərhəmətə aparır, hansı yol da... Mərhəmət demişkən, nə yaxşı bu dünyada mərhəmətli adamlar da var, hərdən-hərdən bu taksiyə minəndə yol pulundan artıq pul verən, qadına dəstək duran adamlar.

- Hə, sağ olsunlar. 1 manat yol xərci eləyəndə, 5 manat verir... Deyir, uşağın üçün verdim, halalın olsun. Mən dilənçilik eləmirəm ki... Zəhmət çəkib öz pulumu qazanıram. Bunu başa düşən adamlar var, sağ olsunlar.

- Belə insanlara görə yaşamağa dəyər. Ümidinizi üzməyin. Özü də maşallah, sizin oğlunuz ciqan kimidir, həyata diz çökdürər bu.

Tural bizə baxıb gülür, təzədən özü qurduğu oyunu oynayır.

- Mən daha çox şəhər tərəflərdə işləyirəm. Ən çox “28 may-Hövsan” arası sürürəm. Amma Əhmədliyə də apardığım olur. Belə sifarişlə istəyən olanda da gedirəm. Bir də ki, qadın taksi sürücüsü bilirsiniz nəyə lazım olur? Biri bacısını, nişanlısını, ya xanımını harasa aparmalıdır, belə taksi olanda onun üçün yaxşı olur.

- Etibarlı əllərdə olur...

- Hə... Müəllimələr olub, mən onları aparmışam, deyiblər nə gözəldir, biz də istəmirdik kişi taksi şoferi ilə gedək.

Məni maşından düşürəndə əlimi bərk-bərk sıxıb deyir:

- Halal qazanan biriyəm. Zəhmətimlə... Belə də yaz...

Oğlu rahatlıqla arxa oturacağa yayxanır, gözləri parıldayır. İndi fikir verirəm ki, maşının pəncərə tərəfinə ürəklər yapışdırılıb. Gülya xanımın pəncərə şüşəsindən gülümsəyərək əl eləyəndə o ürəklərə xəfifcə toxunur, ürəklər o tərəfə-bu tərəfə sallanır və maşın gözdən itir...

# 4729 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #