Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı
8 fevral 2018
# 13:30

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

Almaniyanın Nyu Ulm şəhəri. Bu şəhər bir çoxlarının yaddaşında dünyaca məşhur Albert Eynşteynin doğulduğu yer kimi qala bilər. Amma və lakin bizim üçün ayrı bir havası var. Bu şəhər İkinci Dünya Müharibəsi bitəndən sonra müttəfiq qoşunlar və sovetlər arasında əsirlərin və legion əsgərlərin dəyişdirilmə şəhəri kimi tarixə düşüb.

Legionlarda qulluq edən legionerlərin taleləri burda həll olunub. Kimsə sovet əzab maşınından qurtula bilib, kimsə yaxa qurtara bilib. Qurtulanların bir hissəsi sonralar Münhen şəhərində yaradılan “Azadlıq” radiostansiyasında işləyir. Təbii ki, bu işdə mayor Fətəlibəyli Düdənginskinin xüsusi rolu olur. Fransada yaşayan legionçu Qədir Süleymanov öz xatirələrinə deyirdi ki, bu şəhərdə tez-tez görüşlərimiz olurdu.

Nyu Ulm və yaxın şəhərlərdə yaşayan azərbaycanlılar Nyu Ulm məzarlığında dəfn olunub.

Fətəlibəyli Düdənginski

Mayor Fətəlibəyli Düdənginski 1908-ci il, iyun ayının 12-də Naxçıvanın Düdəngə kəndində anadan olub. O, gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.

İkinci Dünya Müharibəsi illərində Riqada almanlara əsir düşür. Sonrakı illərdə Azərbaycan legionlarına rəhbərlik edir.

Hələ faşist Almaniyası dövründə alman xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Sovet vətəndaşlarının fəaliyyəti, antisovet təbliğatına cəlb edilmələri məsələsinə xüsusi önəm verilmişdi. Müharibədən xeyli ötəndən sonra DTK-nin yenidən bu mövzuya qayıtmasının əsas səbəbi isə müharibə dövründə almanlarla əməkdaşlıq etmiş Sovet vətəndaşlarının xeyli hissəsinin hələ də Avropanın müxtəlif ölkələrində bolşeviklərin əleyhinə təbliğat aparmalarında idi. Təbii ki, bu əks-təbliğat məsələsində önəmli yerlərdən birini də ABŞ-ın maliyyəsi ilə fəaliyyət göstərən "Azadlıq" radiosu tuturdu. Fətəlibəy Düdənginski də bu sırada adi adamlardan deyildi. Ona görə də, onun qətl sifarişinin hansı əhəmiyyət daşıdığı haqda əlavə şərhə məncə, ehtiyac yoxdur. Yalnız onu xatırladaq ki, bu sifarişi yerinə yetirmək bakılı balası Mikayıl İsmayılovun - Fətəlibəyin yaxın dostunun çiyinlərinə düşmüşdü...

Vətəninə qayıtmaq istəyən Mikayıl İsmayılov SSRİ DTK-nın casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır və yalnız bu halda onun yenidən Azərbaycana qayıda biləcəyini bildirilir. O dövrün alman mətbuatının yazdığına görə, İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə tərəddüd edir. Düdənginski ilə İsmayılov arasında həqiqətən, yaxşı münasibətlər varmış. Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gec saatlarda xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur.

İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedəykən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəyliyə başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur. Onun öldüyünə əmin olduqdan sonra meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.

Fətəlibəyliyə "İsmayılov" adıyla yas tuturlar. Lakin həm sadaladığımız səbəblərdən, həm də qətldən bir neçə gün sonra "Azadlıq" radiosu Azərbaycan bölməsinin redaktoru Fətəlibəyli Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz Abo (Fətəlibəyli Düdənginski-red.) olduğu qənaətinə gəlir. Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbiristanlığa - 1951-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir, orada dəfn olunur.

Düdənginskini qətlə yetirən Mikayıl İsmayılovun da taleyi bəd sonluqla başa çatıb. Sifarişi yerinə yetirdikdən sonra Mikayıla həqiqətən də, söz verildiyi kimi vətənə qayıtmaq və doğmalarıyla görüşmək imkanı yaradılır. O, əvvəlcə İtaliyaya qayıdır, oradan italyan arvadını da götürüb Sovet kəşfiyyatının köməkliyi ilə SSRİ-yə gəlir. O, Bakıda evlə təmin olunur, arvadı da, özü də işə düzəlir. Ancaq aradan bir müddət keçdikdən sonra İsmayılov Abşerondakı bağ evində asılmış vəziyyətdə tapılır.

Seyfulla Düdənginski

Fətəlibəyli Düdənginskinin qardaşıdır. 1910-cu il 19 avqustda Naxçıvanın Düdəngə kəndində anadan olub. O da qardaşı kimi İkinci Dünya Müharibəsi illərində əsir düşüb. Qardaşıyla bərabər Almaniyada yaşayıb. 1951-ci il aprel ayının 10-da velosipedin avtomobillə toqquşması nəticəsində həyatını itirib.

Hər iki qardaş eyni məzarda dəfn olunub.

Son illər bu məzarın vaxtının uzadılması və abadlaşdırılması ilə əlaqədar işlər görülüb. 20 il öncə həmyerlilərimiz tərəfindən vaxtı uzadılmışdı. 2012-ci il “Düdəngədən Münhenə” sənədli filminin çəkilişləri zamanı məzarın baş daşının və ümumən götürüldüyünü gördüm. Bakıya qayıdıb ianə topladım. Almaniyada yaşayan həmyerlimiz Qurban Ələkbərova xəbər verdim. O, da öz növbəsində işə qarışdı. Sonda məzarı təmir etdirdik və vaxtını uzatdıq.

Bu şəhərdə yaşayıb həyatını itirən başqa azərbaycanlılar da Nyu Ulm məzarlığında dəfn olunub. Bunlar Semran Məmmədzadə, Əli Yarıoğlu, Bəşir Əlizadə, Hacıməhəmməd Ağabalaoğludur.

Məzarlıqda Ukraynanın tanınmış ədəbi şəxsiyyəti İvan Baqryanı da uyuyur.


Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

# 1596 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #