İslamdan əvvəl ərəblər qız uşaqlarını öldürmürdülər? –İDDİA

İslamdan əvvəl ərəblər qız uşaqlarını öldürmürdülər? –<span style="color:red;">İDDİA
26 avqust 2016
# 15:21

Kulis.az Qabil Aşirovun “İslamdan əvvəl ərəblərdə qız uşaqlarını diri-dirı basdırmaq olubmu?” adlı yazısını təqdim edir.

Güman edirəm “İslamda qadına yüksək dəyər verilir, İslamdan əvvəl ərəblər qız uşaqlarını doğulduqları gün diri-diri torpağa basdıraraq öldürürdülər” ifadəsi ilə tez-tez qarşılaşmısınız. Sizi bilmirəm, lakin belə bir fikir mənə heç bir zaman inandırıcı gəlməyib. Hazırda üzərində işlədiyim kitab ilə əlaqədar olaraq keçən əsrin əvvəllərində Qərb alimlərinin və səyyahlarının Hindistandakı, Yeni Qvineyadakı, Afrikadakı, Amerika və Avstraliyadakı qəbilə icmasında yaşayan insanların həyat tərzlərinə aid yazdıqları kitabları oxuyuram. Bir xeyli belə kitablar oxuduqdan sonra isə yuxarıda qeyd etdiyim fikir mənim üçün daha da ağıla sığmaz göründü.

Ümumiyyətlə, doğurdanmı tarixin hansısa mərhələsində qız uşaqları sistematik şəkildə öldürülüblər? Və ya qız uşaqları nəyə görə öldürülüblər? Birinci suala cavab verməyə zənnimcə ehtiyac yoxdur, çünki hətta müasir dövrdə belə hərdən bir mətbuatdan belə şeyləri oxuyuruq. İkinci suala gəldikdə isə bunu iki cavabı var: birincisi bəşər tarixinin müəyyən mərhələlərində insanlar öz övladlarını (əksər halda oğlan uşaqlarını) tanrı yolunda qurban veriblər. Belə hadisələrə həm Bibliyada, həm qədim Yunan və digər mifologiyalarda rast gəlmək olar. İkinci səbəb isə qıtlığın və ya aclığın gətirdiyi bir “zəruriyyətdir”. Müasir dövrdə belə bir ifadə çox sərt və amansız görsənsə də qədim insanlar instinktiv olaraq belə bir praktikaya əl atıblar.

Əslində qıtlıq dövründə faydası xərcindən çox olan cəmiyyət üzvlərinin öldürülməsi instinkti sadəcə ibtidai insanlarda olmayıb, belə bir instinkt heyvanlarda və sürü şəkilində yaşayan bəzi həşəratlarda da var. Məsələni tam anlamaq üçün belə bir ümumiləşdirmə apara bilərik. Bir qəbiləni və ya icmanı qoruyub saxlamaq üçün üç əsas şərt var: 1) qəbiləni və ya icmanı qida ilə təmin etmək; 2) qəbilə və ya icmanı düşməndən qorumaq; 3) nəslin artması (yəni doğub-törəmə). Əgər qəbilənin və icmanın hansısa bir fərdi yuxarıda qeyd edilənləri ödəmirdisə və ya qəbilənin qorunub saxlanılmasında digərlərindən az töhfə verirdisə onlar ya öldürülür, ya da qəbilədən qovulurdular. Buna ən münasib misal arı koloniyalarıdır. Belə ki, arı koloniyalarında erkək arılar var. Bu arıların sayı koloniyalardan asılı olaraq 300 ilə 3000 arasında dəyişir. Bu arıların işi sadəcə dişi ana arını mayalandırmaqdır. Onlar koloniyaya yemək gətirmirlər və iynələri olmadığı üçün koloniyaya edilən hər hansı bir hücumda koloniyanı müdafiə edə bilmirlər. Koloniyada qida bol olduğu müddətdə (yəni yaz, yay aylarında) bu arılara toxunulmur, lakin qida azaldıqda (yəni payızın sonlarında) bu arılar işçi arıları tərəfindən çölə atılaraq ölümə tərk edilir. (Güman ki, müasir dövrdə öz yaşlı valideynlərindən imtina edən üzdəniraq insanlar da elə bu heyvani instinktə əsasən belə hərəkət edirlər). Keçmişdə qız uşaqları da elə məhz bu səbəbə görə öldürüldüyü güman edilir. Fiziki cəhətdən kişilərdən zəif olduqları üçün qadınlar qəbiləyə kişilər qədər yemək gətirmirdilər və qəbiləyə hücum edildikdə kişilər kimi qəbiləni qoruya bilmirdilər. Onların qəbilədəki əsas aktiv fəaliyyəti doğub törəmək və seksual ehtiyacı ödəmək olub. Bu səbəbdən də məhdud sayda qız uşaqları saxlanılır, digərləri isə öldürülürdülər.

Cahiliyyə dövründə qız uşaqların öldürülməsi bir ritualmı olub, yoxsa onlar instinktiv olaraqmı öldürülüblər? İslamın qadınları “belə vəhşi cinayətdən qoruması” haqqında ağız dolusu danışan müsəlmanlar nəyə görəsə qız uşaqlarının cahilliyə dövründə öldürülmə səbəblərini heç bir zaman ətraflı izah etməyiblər.

Qəbul etməliyəm ki, sami irqindən gələn ərəblər düşüncə tərzlərinə görə belə bir şey etmələri praktiki cəhətdən gözləniləndir (çünki bəzi sami irqinə mənsub millətlər müəyyən müddət oğlan uşaqlarını tanrıya qurban veriblər). Həm də onların sərt iqlimi olan səhrada yaşadıqlarını nəzərə alsaq aclığa görə də belə bir şeyə edə bilərlər. Lakin bütün bunlara baxmayaraq, ərəblərin islamdan əvvəl qız uşaqlarını öldürmələri yenə də inandırıcı gəlmir. Çünki hər bir hadisənin müəyyən səbəbləri olduğu kimi müəyyən nəticələri də olur. Bu nəticələrə misal olaraq aşağıdakıları göstərə bilərik:

  1. Qız uşaqlarının sistematik şəkildə öldürülməsi həmin cəmiyyətdə qadın azlığına, hətta bəzən çatışmazlığına gətirib çıxardır. Bu da öz növbəsində poliandiriyə (çox ərliliyə) səbəb olur. Belə cəmiyyətlərdə adətən bir ailədə olan qardaşlar bir qadın ilə evlənirlər və həmin qadın ailədəki bütün qardaşlar ilə cinsi münasibətdə olur; başqa sözlə ifadə etsək, bir ailədəki bütün qardaşların bir arvadı olur. İnternetdə axtarış versəniz belə icmaları Cənub Şərqi Asiyada hələ də tapa bilərsiniz.

  1. Belə cəmiyyətlərdə şəcərə ata üzərindən deyil, ana üzərindən olur. Nəzərə alsaq ki, poliandri cəmiyyətlərdə bir qadının birdən artıq əri olur, dolayısı ilə təbii olaraq uşaqlar şəcərə olaraq ananı göstərirlər.

  1. Belə cəmiyyətlərdə eksoqomi (başqa qəbilədən biri ilə evlənmə) evliliklər və kütləvi şəkildə subay kişilərin olması üstünlük təşkil edir. Çünki qəbilədəki məhdud sayda qadın qəbilənin ən güclü kişilərinə çatdığı üçün qəbilənin digər şəxsləri ya heç bir zaman evlənmir, ya qadın azlığı olan başqa qəbilələrdən qadınları zorla qaçırdırlar və ya qız uşaqlarının öldürülmədiyi qəbilələrdən qız alırlar.

Ərəb tarixindən azdan-çoxdan xəbərdar olan hər bir kəs bilir ki, yuxarıda sadalanan nəticələr ərəblərdə heç bir zaman olmayıb. Hətta ərəb cəmiyyətində yuxarıda sadalananların tam tərsi olub. Ərəblərdə İslamdan əvvəl və İslamın ilk yayılmağa başladığı dövrlərdə çox ərlilik deyil çox arvadlılıq olub. Müsəlmanlar bunu müharibələrdə çoxlu kişilərin ölməsi və nəticədə cəmiyyətdə qadınların sayının kişilərdən çox olması ilə izah edirlər. Lakin sərt səhra iqliminə sahib olduğu üçün tarix boyunca öz dövrünün super gücləri sayılan nə İran, nə Roma, nə Bizans, nə də digər dövlətlərinin 7-ci əsrdən əvvəl İslamın vətəni sayılan Məkkə və Mədinəyə hücum edib burada güclü qırğınlar törətməyiblər. Elə heç 7-ci əsrdən sonra da dünyanın digər şəhərləri ilə müqayisədə bəlkə də ən az işğala bu iki şəhər məruz qalıb. Əgər Məhəmməd peyğəmbər İslamı yaymağa başlamazdan əvvəl bu şəhərlər elə də güclü qırğın və müharibələrə şahid olmayıbsa, eyni zamanda da qız uşaqlarını sistematik şəkildə öldürüblərsə bu cəmiyyətdə qadın çoxluğu necə yaranıb? Bundan əlavə ərəblərin İslamdan əvvəl və İslamın ilk illərində (hətta elə indinin özündə də) qəbilədaxili və qohum evliliklərinin olduğunu bilirik. Həm də İslamın yayılmağa başladığı ilk illərində Məhəmməd peyğəmbərin tərəfdarlarının böyük bir hissəsinin subaylıqdan əziyyət çəkmədiyini, hətta tam tərsinə olaraq çoxlu qadınları olduğunu da İslam tarixindən bilirik.

Amma keçən əsrin əvvəllərində Qərb alimlərinin yazdıqları kitablarda (məsələn Fehlingerin “Sexual Life of Primitive People,” adlı kitabı və s.) qız uşaqlarını öldürən cəmiyyətlərin hamısının yuxarıda qeyd etdiyim nəticələrdən əziyyət çəkdiyini görürük. Belə iyrənc bir praktikanı tətbiq edən cəmiyyətlər arasında heç bir əlaqə olmamasına (məsələn, Hindistan və Avstraliya kimi) baxmayaraq, nəticələr eyni olur. Ancaq nəyə görəsə bütün dünyada nəticələr eyni olsa da ərəblərdə fərqlidir? Əslində fərqli deyil, sadəcə ərəblər ya İslamdan əvvəl belə bir adət olmayıb, və ya müasir dövrdə olduğu kimi çox nadir hallarda tətbiq edilib. Sadəcə müsəlman alimləri İslam dinində bütün hüquqları əllərindən alınan və əzilən qadınlara öz hallarına şükür etmələri üçün belə bir şeyi uydurublar. Yəni deyiblər ki, nə olsun ki, əlinizdən bütün huquqlarınız alıb sizi əzirik, əvəzində şükür edin ki, sizi “cahil” ərəblər kimi diri-diri torpağa basdırmırıq!

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #