Hüseyn Ariflə Qabilin içkini tərgitməsi – GİZLİ ƏDƏBİYYAT

Hüseyn Ariflə Qabilin içkini tərgitməsi – <span style="color:red;">GİZLİ ƏDƏBİYYAT
6 may 2015
# 07:30

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylı “Bir günün sərgüzəşti” yazısını təqdim edir.

Hüseyn Ariflə şair Qabil küçədə rastlaşırlar. Ayaq saxlayaraq hal-əhval tutub söhbətə başlayırlar. İllərlə Hüsü Hacıyevdəki yazıçıların binasında eyni mərtəbələrdə yaşamış, qonşuluq etmişdilər. Sonra Hüseyn Arif Basin küçəsindəki doqquzmərtəbə binaya köçmüşdü.

Söhbət edib gəzişə-gəzişə gəlib çıxırlar dənizkənarı bulvara. Yaz havasında bir neçə dəfə o başa-bu başa gedirlər. Əvvəlcə ədəbiyyatdakı durğunluqdan söz açırlar. Sonra Musiqili Komediya Teatrının yanında ucaldılmış qoşa doqquzmərtəbənin köhnə binaların qonşuluğunda naqolay görkəmindən danışırlar. Daha sonra sahildəki salxım söyüdlərin pərişan mənzərəsindən ilhama gəlirlər. Lakin cavanların bəzən bu titrək budaqlı ağacların xəlvətindən xoş olmayan niyyətləri üçün istifadədə bulunduqlarını qeyd edirlər. “Mirvari” restoranının yanından bir də keçəndə Qabil deyir:

- Ay Hüseyn, bəlkə keçib bir az oturaq, yorğunluğumuzu alaq, ayaqlarım ağrıdı.

- Olar, olar, qadan alım, yaxşı fikirdi – deyib Hüseyn Arif gedir restorana sarı, şair Qabil də dalınca. Hərəyə bir-iki şiş nərə kababı yeyib, bir şüşə arağı aşırırlar. Üstündən də adama bir stəkan pürrəngi çay içib, qalxıb düzəlirlər yollarına. Qabil deyir, yaxşıdı, az içdik. Elə deyil, qədeş?

- Elədi, elədi, qadan alım. Vaxtında durduq – cavab verir Hüseyn Arif.

İki qələm dostu ay işığında gəzə-gəzə gəlib çıxırlar Natəvanın heykəlinin qabağına. Ayaq saxlayıb söhbət edə-edə o yan-bu yana boylanırlar. Birdən Qabil deyir:

- Qədeş, lap yoruldum. Evə xeyli var. Bəlkə özümüzü verək “Novbahar”a. Hava dəydikcə adam acıyır.

- Düzdü, qadan alım, lap acdım – deyib Hüseyn Arif burulur “Novbahar” restoranının tininə, Qabil də arxasınca. İçəri keçib əyləşirlər. Hərəyə bir-iki şiş tikədən-lülədən yeyib, bir şüşə də burda boşaldırlar. Bir azdan oranı tərk edib yenə üz tuturlar evlərinə sarı. Qabil yolda qəfildən ciddiləşib deyir ki, ay qədeş, elə bil çox oldu, tərgitmək istəyirəm içkini, evdə də söz-söhbət olur.

- Elədi, elədi, qadan alım – deyir Hüseyn Arif – söz-söhbət olur. Mən də tərgidirəm. Daha bu gündən qurtardı.

Boş küçələrlə gəzişə-gəzişə gəlib çatırlar şair Qabil yaşayan evin tağına. Əl tutub qucaqlaşıb öpüşürlər. Hüseyn Arif çevrilib bir addım atmamış Qabilin səsini eşidir. Ayaq saxlayır, dönüb məzlum-məzlum Qabilə baxır.

- Ay Hüseyn, deyirəm, bəlkə, qalxaq bizə? Bir az da eyvanda oturaq özümüzçün. Hava da əladır. Evdə zapas bir şüşə varımdı. Bu zəhrimarı tərgitməyimizi qeyd etməliyik, ya yox?! Hüseyn Arif “lazımdı, lazımdı” deyib tağın altından keçib dönür hələ bir neçə il əvvəl özünün də yaşadığı binanın həyətinə. Arxasınca da Qabil. Gəlib çatırlar şair Qabilin blokunun yanına. Birdən Hüseyn Arif yalvarıcı səslə deyir:

- Qadan alım, Qabil, bir yüngülcə işim var, nətəhər olsun?

Qabil deyir, qədeş, evə qalxırıq də, nə qalıb ki. “Yox” deyir Hüseyn Arif, “Bəyim bacıdan utanıram. Bəlkə burada bir yer ola?” Qabil əlini uzadıb həyətin divarı boyu sıralanan şam ağaclarını göstərir.

- Ver özüvü yolkaların altına, qədeş.

Hüseyn Arif Qabilin göstərdiyi yerə gedib girir ağacların arasına. Qabil də yaxınlıqda durub üzünü yana çevirir. Gecə saat on iki olar. Qabil beş dəqiqə şırıltı səsinə qulaq asa-asa dözür. Görür şırıltı kəsilmir. Hövsələsini basıb bir beş dəqiqə də gözləyir. Şırıltı səsi kəsilmək bilmir ki, bilmir. Daha dözməyib çevrilir ki, ay Hüseyn, bəsdi də, gəl çıxaq gedək! Görür Hüseyn Arif bir əli şamın gövdəsində, o biri belində göydə aya baxır, fikrə gedib. İki addım o yandakı krandan isə su şırıltıyla axır...

Digər yazılar:

Süleyman Rüstəm Əbülhəsəni necə aldatdı?

Əlfi Qasımovun yas yerində içdiyi zoğal arağı

# 1256 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #