İbrahimxəlil Kimyagərin kəndindən - REPORTAJ

İbrahimxəlil Kimyagərin kəndindən - <span style="color:red;">REPORTAJ
29 iyul 2015
# 12:06

“...İkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur.

Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar.

Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu…”

Yəqin ki, oxuyanlar xatırladılar. Yuxarıdakı ricət Mirzə Fətəli Axundovun 165 il öncə qələmə aldığı “Hekayəti - Molla İbrahimxəlil Kimyagər” adlı ilk komediyasındandır. İlk dram əsərimizin qələmə alınmasının 165-ci ildönümündə Axundovu əsərdə tərifi göylərə qaldırılan Xaçmaz dağlarında, hadisələrin baş verdiyi ehtimal edilən qədim yaşayış məskəni Balaşumda xatırladım.

Balaşumun tarixi

Əsərin əsas personajlarından Şeyx Salah Xaçmazinin İbrahimxəlil Kimyagərlə əlbir olub fırıldaqçılıq etdiyi Xaçmaz dağları, “yüz illik palıd və fıstıq ağacları” illərin sınağından keçə bilib. Dağlarda hələ də yaşlı ağaclara rast gəlmək mümkündür. Amma əhvalatın baş verdiyi əraziyə yaxın yerləşən Pirpalıd dağlarındakı məşhur palıd ağacı ötən əsrin 80-ci illərində quruyub. Qədim yaşayış məskənlərindən sayılan Balaşumun isə sadəcə adı və ərazisi qalıb.

Oğuz rayonun Xaçmaz kəndi minlərlə tarixi hadisəyə şahidlik etsə də, nədənsə Xaçmaz adı gələndə Axundovun məlum əsərini xatırlayanlar da az deyil. Məsələn, A.Bakıxanovun məlumatına əsasən Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində 1578-1583-cü illərdə Səfəvi sərkərdəsi Zülqədər Məmmədqulu ilə Osmanlı sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz kəndi ərazisində, Gavurqalanın qarşısında döyüşlər baş verib. Nadir Şah Surxay xanı Xaçmaza qədər qovub və. s.

Balaşum yaşayış məskəni Xaçmaz kəndinin 5 km şimal-şərqində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Hər bir kəndin qışlağı, yaylağı olub. Balaşum da xaçmazlıların qışlaq yeri olub. Toponim qədim şumerlərlə bağlıdır. "Bir az balaca, kiçik, odlu, yer, yurd–kənd" anlamındadır. Balaşumun adından da bəlli olduğu kimi, Oğuz rayonun, xüsusən Xaçmaz kəndinin ərazisinin şumerlərlə də tarixi bağlılığı var. Yaşayış yeri olaraq Balaşum XI-XII əsərlərə aid olsa da, bu ərazidə ötən əsrin 40-50-ci illərinə qədər yaşayış olub. Kənd ağsaqallarıyla söhbətdən məlum olur ki, 1918-ci ilə qədər bu ərazidə ermənilər məskunlaşıb, Qafqaz İslam Ordusunun gəlişindən sonra ermənilərin bu ərazini tərk edib.

Tərk edilmiş kəndin taleyi…

Kənddən uzaq olan Balaşuma getmək üçün meşədə gecələmişdim. Arıçıların qurduğu daxmada qalıb, səhər quşların cəhcəhiylə oyanıb atamın yük maşınında tərk edilmiş kəndə yollanıram. Yol boyu qarşımıza qırqovul, dovşan, çaqqal çıxır. Atam deyir bu meşələrdə donuz, maral, ayı, canavar, tülkü, dələ də olur. Arıçı daxmasının yanından axıb gedən Ağ çayın şırıltısı gecələr bu meşələrə lay-lay çalır.

Balaşumda əməlli-başlı kənd qalıqları görəcəyimə ümid etsəm də, xəyal qırıqlığına uğradım. Kənd tərk ediləndən sonra uçub-dağılıb, evlərin qalıqlarının, qəbirlərin üstünü kol-kos basıb. Nə vaxtsa salınmış fındıq bağları kol-kosun içində itib-batıb. Kolların arasında itib-batmış qəbirlərin əksəriyyəti xristianlara aiddir. Sovetlərin yenicə qurulduğu illərdə bu ərazidə donuz ferması olsa da, yaşayış çox az olub. Müharibə tək-tük evləri də yer üzündən silib. Sonralar Balaşum xaçmazlıların bostan əkdiyi, fındıq, qoz bağlarının yerləşdiyi əraziyə çevrilib. Sovetlərin dağılmasından sonra buralarda nə bostan əkən olub, nə də qoz-fındıq yığan…

Kənd ərazisini tam gəzmək mümkün deyil. Ağaclar, kolluqlar buna imkan vermir. Amma istər-istəməz Axundovun təriflədiyi bu yerlər adamı cəlb edir. Axundovu Xaçmaz dağlarında xatırlamaq, onun ilk əsərində adı çəkilən yerləri gəzmək izaholunmaz dərəcədə maraqlı və həyəcanlıdır. “Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var,içindən bir balaca çay axır.”

Həmin dərəni də, qarlı dağları da görmüşəm. “Balaca çay”da əl-üzümü yuyub, həmin çayın suyundan çay qaynadıb içmişəm. Nəzərə alsaq ki, pyes tarixi faktlara əsaslanır – deməli İbrahimxəlil Kimyagərin çadır qurduğu yerlərdən də keçmək ehtimalım böyükdür…

…Günəş üfüqdən boylanıb şehli kolların üzərinə düşdükcə yetişmiş moruqlar iştahımı açır.

Təbiət bu yerlərdən heç nəyi əsirgəməyib. İndi bu yerlər Azərbaycan elminin qayğısına ehtiyac duyur. Balaşumda arxeoloji araşdırmalara ciddi ehtiyacı var…

Cəlil Cavanşir

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #