Mirzə Cəlilin təhqir etdiyi nasir, repressiya qurbanı

Mirzə Cəlilin təhqir etdiyi nasir, repressiya qurbanı
30 oktyabr 2013
# 08:30

Kulis.Az Əliabbas Müznib haqqında məqaləni təqdim edir.

Onun həyat yolu adi işlərdən başlamışdı. 1902-ci ilədək baqqal dükanında işləmiş, sonralar arababəndliklə məşğul olmuşdu.

20-ci əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikir tarixində şair, publisist, ədəbiyyatşünas alim, din tarixçisi və tərcüməçi kimi tanınan Əhmədov Əliabbas Mütəllib oğlu Müznib faciəli həyat yaşayıb. Yaradıcılığı 20-ci əsrin əvvəlləri Azərbaycan milli azadlıq hərəkatı ilə sıx bağlı olması səbəbindən o, həm çar, həm də sovet hakimiyyəti illərində amansız təqiblərə məruz qalıb.

Əliabbas Müznib 1883-cü ildə Bakıda Mütəllib adlı bir yoxsul daşyonan kişinin ailəsində dünyaya gəldiyini yazır. Əsərlərindəki müxtəlif məlumatlardan görünür ki, o, Bakının sonuncu xanı Hüseynqulu xanın nəslindəndir.

Kiçik yaşlarından şeirə böyük maraq göstərib. İstedadı ilə diqqəti cəlb etdiyindən xeyriyyəçiliyi ilə ad qazanmış, neft milyonçusu Hacı Zeynalabdin Tağıyev onu Bakıda hökumətin açdığı məktəbdə oxutmaq istəyib. Əliabbasın atası Mütəllibin çar Rusiyasına nifrəti və qəzəbi o qədər böyük olub ki, Hacı Zeynalabdin Tağıyev kimi nüfuzlu bir şəxsin sözünü yerə salaraq: “Mənə rusdan gələn heç bir xeyir lazım deyil!” cavabını verib.

1905-ci ilin siyasi hadisələri Müznibin həyatında ciddi dönüş yaratdı. O, inqilabi hərəkata qoşularaq intibahnamələrin yayılmasında fəal iştirak etməyə başladı.

1908-ci il isə Müznibin jurnalistlik fəaliyyətinə başladığı il oldu. H. Vəzirovun redaktorluğu ilə çıxan “İttifaq” qəzetində, daha sonra “Molla Nəsrəddin” dəst-xəttini əks etdirən satirik “Zənbur” jurnalında baş mühərrir kimi çalışdı.

1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Təəssüf ki, həftədə bir dəfə nəşr olunması nəzərdə tutulan bu qəzet özünün kəskin siyasi mövqeyinə görə çar senzurası tərəfindən qapadılıb. Bununla razılaşmayan Əlabbas Müznib icazəsiz olaraq dekabrın 25-də qəzetin növbəti nömrəsini çap etdirib. Ancaq qəzetin bütün nömrələri polis tərəfindən müsadirə olunub. Redaktoru haqqında isə cinayət işi açılıb. Əqidəsindən və mübarizəsindən dönməyən Əlabbas Müznib 1911-ci ilin yanvarında yenidən "Hilal" qəzetini çıxarmağa nail olub. Həmin qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb.

Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb. Yenidən polisin müdaxiləsi nəticəsində qəzetin nəşri dayandırılıb. İnadından dönməyən Əlabbas Müznib "Hilal"ın ideya xəttini eynən davam etdirən "Şihabi-saqib" adlı bir jurnal çıxarmağa başlayıb. Qəzetdə olduğu kimi, burada da çar zülmünə qarşı etirazlar öz əksini tapırdı. O, bu jurnalın səhifələrində vətənin və millətin ağır vəziyyəti ilə əlaqədar yazılar dərc etdirirdi. Az keçmir ki, mart ayında jandarmlar Əlabbas Müznibin evinə basqın edərək axtarışlar aparır, jurnalın nəşrini dayandırır, özünü də həbs edirlər.

Ə.Müznibin köhnə üslubu, ağır, anlaşılmaz dili, qeyri-təbii ifadə tərzi sənətdə millilik və xəlqilik uğrunda mübarizə aparan mollanəsrəddinçiləri razı salmamışdı.

C.Məmmədquluzadə Ə.Müznibin "kifsimiş ibarələrdən tərtib olunmuş "qeyri-təbii yazıları"nı tənqid edərək ona üslubunu yeniləşdirməyi, xalqda ədəbiyyata, mətbuata rəğbət yaradan əsərlər yazmağı tövsiyə edirdi. "Sizin bu kifsimiş ibarələriniz, ürək bulandıran bu qeyri-təbii yazılarınız da münhəl və məqbul olacaq... Lakin burasını bilə bilmirik ki, "Həqiqət" ibarəsi yazı qıtlığınamı düşdü ki, bu cür qoxumuş yazıları camaatın burnuna soxub onları qəzetdən ikrah etdirir".

O, ilk dəfə 1911-ci ildə həbs olunub.

Akademik Z.Bünyadov Ə.Müznibin əleyhinə 1911-ci ildə tərtib edilmiş ittiham aktını tərcümə edib oxuculara təqdim etmişdi. Sənədin başlığı belə idi: “Bakı meşşanı Əli Abbas Mütəllibzadə haqqında ittiham aktı.”

Məhkəmə ona 15 gün həbs, 25 manat cərimə elan kəssə də, Əlabbas Müznib Bayıl həbsxanasında 25 gün qalır.

Hökumət bununla kifayətlənmir. Vaxtilə “Hilal” qəzetindəki yazılarına görə Müznibi mühakimə edilərək Sibirə sürgünə göndərir. Lakin 1913-cü ildə çar hökumətinin elan etdiyi əfvi-ümumiyyədən sonra o, yenidən vətənə qayıdır.

Sürgündən qayıtdıqdan sonra 1914-cü ildə Əlabbas Müznib "Dirilik" jurnalını nəşr etməyə başlayıb. Bu mətbu orqanı yaratmaqda məqsəd Azərbaycan türk millətinin siyasi şüurunu formalaşdırmaq, onda milli müstəqillik inamını yaratmaq idi. Elə bu ideyaya görə də o, nəşr etdiyi jurnala "Dirilik" adı verib. "Dirilik"in nəşri Azərbaycanın ictimai-siyasi həyatında bir oyanış yaratdı. Jurnalın səhifələrində M.Ə.Rəsulzadənin “Milli dirilik” adlı silsilə məqalələri dərc olundu. "Dirilik" jurnalı 1916-cı ilin sentyabrında nəşrini dayandırsa da, Əlabbas Müznib fəaliyyətini həmişəki qaydada davam etdirdi.

O, 1915-ci ilin aprelində "Babayi-Əmir" adlı bir satira jurnalı çıxarmağa başlayıb. M.S. Ordubadi, C.Cabbarlı, Ə.Nəzmi, Ə.Vahid və dövrün digər yazıçı və ziyalıları jurnalda çıxış etməyə başlayıblar. Müznib xalqın ağır sosial həyat tərzini bu jurnalın səhifələrində satiraları ilə təsvir edirdi. O, ictimai bəlalara qarşı qətiyyətlə mübarizə aparırdı. 1915-ci ildə erməni-daşnak qırğınları nəticəsində Türkiyənin Qars vilayətində baş verən talanlar səbəbindən qaçqın düşmüş insanlara əl uzadanlar içərisində Əlabbas Müznibin də adı var idi. O, redaktoru olduğu "Babayi-Əmir" jurnalında "Qardaş köməyi" adlı bir yazı çap etdirdi. "Dirilik"dən bir ay sonra "Babayi-Əmir"in də nəşri dayandırıldı.

1920-ci ilin may ayında R.Axundovun təşəbbüsü ilə Qarabağa göndərilərək “Qarabağ firqə və inqilab komitəsinin əxbarı”, “Qarabağ füqərası” və “Qarabağ diriliyi” qəzetlərində çalışmışdı. Müznib 1922-ci ildə Qubaya göndərilir. Burada qəzet mətbəəsində təsadüfü qəza ucbatından bir gözünü itirir. Müalicə olunmaq üçün Bakıya gələn Müznib R.Axundov və D.Bünyadzadənin təkidi ilə Bakıda qalmalı olur. Bu dövrdə o, üç ilə qədər “Kommunist” qəzetində işləyib.

1926-cı ildə gözü tutulan Müznib təqaüdə çıxıb. Onun hələ ağır günləri qabaqda imiş. 56 yaşlı ədib Müznib birdən-birə hökumətin “yadına düşür”. O, fəlakətdən qurtula bilmir. 1937-ci ilin 27 avqustunda millətçi kimi mühakimə olunub həbs edilir, 8 il müddətinə Sibirə göndərilir. Ə.Müznibin ailəsinə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən 1959-cu il 24 fevralda verilmiş arayışdan məlum olur ki, o, 1938-ci ilin 28 avqustunda Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat etmişdir.

1913-1917-ci illər arasında Müznib milli mətbuat səhifələrində həm ictimai, həm də mənəvi əhəmiyyəti olan mühüm nəşrlər həyata keçirir. Özü müxtəlif məzmunlu əsərlər yazmaqla bərabər, Şərq və Qərb ədəbiyyatının bir çox məşhur yazarlarından da tərcümələr edirdi. Müznibin şəxsi arxivi əhatə etdiyi məlumat zənginliyi baxımından çox qiymətlidir. Elmi və ədəbi ictimaiyyətə Müznib haqqında ilk məlumatı filologiya elmləri doktoru, professor İslam Ağayev 1962-ci ildə «Satirik «Zənbur» jurnalında ədəbiyyat məsələləri» adlı məqaləsində verib, onun ədəbi və publisistik fəaliyyətindən bəhs edib. Müznibin həyat və yaradıcılığını araşdıran İslam Ağayev 1972-ci ildə Azərbaycan jurnalında «Əlabbas Müznib» başlıqlı məqaləsində onun haqqında məlumat verib. Ə.Müznibin həyat və fəaliyyətini ardıcıl olaraq araşdıran alim 2003-cü ildə şəxsiyyətini, ədəbi və ictimai fəaliyyətini işıqlandıran «Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr» adlı monoqrafiyasını nəşr etdirib. Ədibin yaradıcılıq yolunu təhlil edən İ.Ağayev onu «Milli keçmişimizin yorulmaz tədqiqatçısı» adlandırıb.

Mənbə:

İ.Ağayev, Əliabbas Müznib Seçilmiş əsərləri,2006

“Azərbaycan gəncləri” 1989, 14 oktyabr

“Ədəbiyyat” qəzeti, 1991, 12 aprel

# 3724 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #