Kulis.Az Alber Kamyu haqqında çoxlarının bilmədiyi faktları təqdim edir.
1. Kamyu əslində “fransız” deyil. Atası Bordolu fransız idi, anası isə ispan. Kamyunun özü Əlcəzairdə doğulmuşdu. Bir çox Əlcəzairli Kamyunun “Əlcəzair övladı” olduğunu iddia edir.
2. Çox ağır bir uşaqlıq dövrü yaşayıb. Atası I Dünya müharibəsində Marne döyüşlərində həlak olmuşdu. Onda Kamyunun heç 1 yaşı yox idi. Anası oxumağı, yazmağı bilmirdi. Üstəlik qulağı yaxşı eşitmirdi. Qulluqçu işləyib Kamyuya baxırdı. Kamyu anası və nənəsi ilə bərabər yoxsulluq içində yaşadı.
3. Kamyu çox möhtəşəm tələbə idi. Litseyi dövlət hesabına qazanmışdı. Bəlkə də bu yoxsulluğun verdiyi qüvvət və əzmkarlıqdan belə olmuşdu? Kim bilir?! Amma bir onu bilirik ki, Kamyu oxumağı çox sevirdi...
4. Kamyu özünü eksiztensialist hesab etmirdi. Özünü hansısa ideologiyanın çərçivəsinə salmaq istəmirdi.
5. Təkcə ekzistensalist baxışı üzərindən götürmürdü. Eyni zamanda “filosof” adını da üstündən atırdı. Halbuki fəlsəfə diplomu da almışdı...
6. 1934-cü ildə nasizmin tüğyan etdiyi dövrdə Kamyu etiraz olaraq Fransa Kommunist partiyasına üzv oldu. Ancaq sonra Əlcəzair millətçiliyi etdiyi üçün partiyadan uzaqlaşdırıldı.
7. Kamyu sadəcə roman yazmırdı. Jurnalistika ilə məşğul olmaqla bərabər teatr üçün pyeslər yazır, eyni zamanda esselərini çap etdirirdi.
8. “Fəlsəfənin bir problemi var, o da intihar” – deyən Kamyu əslində həyatsevər biri idi. Nə qədər intihar haqqında düşünsə də yaşamağın lazım olduğunu qəbul edirdi.
9. “Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim” – onun məşhur cümlələrindən biri. Kamyu 17 yaşına qədər futbol oynadı. Qapıçı idi. Vərəm xəstəliyinə görə futbolu buraxmaq məcburiyyətində qalmışdı.
10. İlk dəfə 1934-cü ildə 21 yaşında evlənib. Xanımı varlı bir göz həkiminin qızı idi. Eyni zamanda narkotika aludəçisi idi. Sədaqət çatışmırdı. Evlilikləri bu səbəbdən cəmi iki il çəkdi. 1945-ci ildə Kamyu ikinci dəfə evləndi. Francine Faure adlı gözəl bir xanımla. Bu evlilikdən Katerina və Jen adında gözəl qızlar dünyaya gəldi. Ancaq bu evliliyində də işlər yolunda getmirdi. Kamyu başqa qadınlarla münasibət qururdu. Gündəliyində yazırdı: “Heç kimi aldatmırdım, başdan çıxarmırdım... Uduzdum...”
11. Həyatı boyunca siqaret çəkdi. Siqareti atmadı. Hətta “Siqaret” adında pişiyi də vardı...
12. Nobel mükafatını qazanan ilk Afrika əsilli yazıçıdır. Həmçinin mükafatı qazanan ikinci ən gənc yazıçı.
13. 1960-cı ildə avtomobil qəzasında həlak oldu. Yanındakı dostu və naşiri Maykl Qalimard da canını tapşırdı. Qəzadan sonra Kamyunun cibindən istifadə olunmamış qatar bileti çıxdı.
14. Kamyunun ölümündən sonra Sartr onun haqqında mədhiyyə yazdı. Son vaxtlar araları yaxşı deyildi, danışmırdılar. Bu mədhiyyə Sartrın köhnə dostuna vəfa borcu idi.
15. Kamyunun üzərindən bir də avtobioqrafik romanının ilk hissəsi tapıldı. Bu parçanı daha sonra qızı “İlk adam” adı ilə çap etdirdi.
16. Kamyunun ən məşhur romanı “Yad” əsasında iki rejissor film çəkib. Biri italyan rejissor Lucino Viskonti, digəri türk rejissor Zeki Demirkubuz.