Dünyayaya “Siyasətnamə” bəxş etmiş bağdadlı balası

Dünyayaya “Siyasətnamə” bəxş etmiş bağdadlı balası
9 fevral 2018
# 17:13

Böyük Səlcuq Dövlətinin vəziri Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk (1018-1092) ictimai-siyasi və elmi-mədəni fəaliyyəti ilə bəşər tarixində mühüm yer tutur. O, Səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuşdur. Dövlətin, məmləkətin nizamlayıcısı mənasını daşıyan Nizamülmülk adını ona Abbasilər sülaləsinin xəlifələrindən Qaim (1031-1075) vermişdir.

Türkiyəli alim, Ord.Prof. Hilmi Ziya Ülkən (1901-1974) Nizamülmülkün əslən əcəm olmaqla bərabər bütün həyatında Türk dövlətinə xidmət etdiyi üçün onun türk mütəfəkkiri adlandırılmasını lazım bilmişdir. Nizamülmülk sultan Alp Arslanın dövründə ilk dəfə olaraq ərəb xilafətinin və İslam dininin mərkəzi olan Bağdad şəhərində Nizamiyyə mədrəsəsinin açdırmışdır. Bu mədrəsənin Bağdadda açı­l­ma­sının son dərəcə böyük tarixi əhəmiyyəti vardı. O, bununla Ərəb xi­lafəti ilə əlaqə saxlamaqla bərabər həmin tipli mədrəsələrin başqa şə­hərlərdə açılması üçün də icazə almışdır. Beləcə, həmin məd­rə­sə­lər Nişapur, Bəlx, Herat, Bəsrə, Mosul və başqa mədəniyyət ocaq­la­rında yaranmışdı. Bu mədrəsələrdə dini-şəriət qaydalarını öy­rən­mək­lə yanaşı, iqtisadiyyat, fəlsəfə, riyaziyyat, nücum, bəlağət, ümu­miy­yət­lə, dövrün mövcud elmlərini tədris edirdilər.

AMEA-nın müxbir üzvü, professor Zakir Məmmədov Nizamiyyə mədrəsəsinin fəaliyyətindən bəhs edərkən yazmışdır ki, 1067-ci ildə Bağdadda açılmış Nizamiyyə mədrəsəsi həmçinin bir çox azərbaycanlı alim və tələbələri öz ətrafında birləşdirirdi. Görkəmli fəqih-mütəkəllim Əbuishaq Şirazi Firuzabadi (1003-1088) Nizamiyyə mədrəsəsinin ilk müdiri olmuşdur. Böyük ilahiyyat alimi Əbuhamid Məhəmməd ibn Məhəmməd Qəzali (1059-1111) ilk təhsilini Tusda, sonra Nişapurda Nizamiyyə mədrəsəsində Ziyaəddin Cüveyninin (1028-1085) yanında almış, fiqhi və məntiqi dərindən öyrənmişdir. Əbuhamid Qəzalininn zəkasına məftun olan müəllimi onu “Güclü nəhr” (“Bəhr muğdiq”) adlandırmışdır. Əbuhamid Qəzali müəliminin vəfatından sonra Bağdada getmiş, 1091-ci ildə vəzir Nizamülmülkün göstərişi ilə oradakı Nizamiyyə mədrəsəsinə müəllim təyin edilmişdir. Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, tarixdə sufi şeyxi kimi tanınan Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) Bağdada gedib orada Nizamiyyə mədrəsəsində təhsil almış, sonralar Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ona başçılıq etmişdir.

Elm və mədəniyyət tarixində Nizamiyyə mədrəsəsi dünyada ilk universitet kimi qəbul edilir. Prof.Dr. Bəkir Karlığa Nizamiyyə mədrəsəsinin bütün İslam dünyası üçün örnək təşkil etdiyini və bu sistemin XX əsrin sonuna qədər İslam ölkələrinin böyük bir qismində model kimi gö­türül­dü­yü­nü, orta əsr­lərdə Qərb dünyası ilə İslam dünyasındakı təhsil anlayı­şın­da çox önəm­li fərqlərin olduğunu yazmışdır.

Nizamiyyə mədrəsəsini təsis edən Nizamülmülk tarixi-ədəbi abidə sayılan “Siyasətnamə” əsərinə görə də məşhurdur. “Siyasətnamə” əsəri bütün dövrlər üçün aktualdır. Çünki buradakı fikirlər, nəsihətlər, ibrətamiz hekayələr dərin mənasına, müdrik xü­su­siy­yət­­lərinə görə hər zaman diqqətəlayiqdir. Əsərdə dövlətin quruluşu, ida­rə edilməsi və başqa mövzularla bərabər, dini məsələlər də işıq­lan­dırılır.

Nizamülmülkün “Siyasətnamə” əsəri şərqşünas alim, professor Rəhim Sultanov tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilmişdir. İlk dəfə 1987-ci ildə çap edilən bu qiymətli əsərə Rəhim Sultanovun “Nizamülmülkün həyat və fəaliyyəti haqqında” yazdığı müqəddimədə göstərilmişdir: Nizamülmülk, sən dərəcə ağıllı, müdrik, siyasətçi, fars, ərəb, türk, ehtimal ki, xarici dillərə də yaxşı bələd olan, təbii-ictimai, dini-fəlsəfi elmlərlə, yunan təhsil sistemini də öyrənmişdi. Bu uzaqgörən vəzir dövrünün tələb etdiyi mütəxəssislər və savadlılar ordusunu yaratmaq üçün sonralar Nizamiyyə mədrəsələri adı altında şöhrət tapmış və Nizamülmülk adını hələ öz dövründə “Siyasətnamə” əsəri yazılmamışdan çox-çox əvvəl əbədiləşdirmiş və ona dünya şöhrəti qazandırmış təhsil sistemini icad etdi və onu ilk dəfə olaraq 1067-ci ildə, Alp Arslan dövründə ərəb xilafətinin və islam dininin mərkəzi olan Bağdad şəhərində açdırdı.

Hilmi Ziya Ülkən Nizamülmülkün və “Siyasətnamə” əsərinin tarixdəki yerini yüksək dəyərləndirmişdir: Böyük Türk dövlətinin idarəedilməsində və quruluşunda mühüm xidmətləri oldu. Nişabur, Bağdad və Bəsrədə üç mədrəsə vücuda gətirdi. Xüsusilə Bağdaddakı Nizamiyyə mədrəsəsi böyük bir şöhrət qazandı. Səlcuqi dövlətinin təşkilatında əski Oğuz törəsi və El Təşkilatı ilə İslam fiqhi arasında böyük bir razılaşma və ahəngin təmininə çalışdı. Türk dövlətinin milli əsaslarını yeni şəklə uyğun bir hala gətirmək məsələsində fövqəladə məharət göstərdi. Bu sahədə yalnız əməli fəaliyyətlərlə qalmayaraq bunları “Siyasətnamə” adlı məşhur əsərində göstərdi. Məlikşahın şərəfinə yazılmış olan bu siyasi fəlsəfə kitabı Türk təfəkkürü tarixinin mühüm bir abidəsi olaraq qalacaqdır.

Türklərin xilafət döv­rün­də döyüşçü kimi çalışmaları mənbələrdə də öz əksini tapmışdır. Nizamülmülk “Siyasətnamə” əsərində dövlətin ida­rə ­edil­məsində türk xalqlarına böyük inam bəslənildiyini bildirərək, on­ların fəaliyyətlərini yüksək qiymətləndirmişdir. Nizamülmülk şə­hə­rin in­zibati işlərinə baxan məmur, möhtəsib vəzifəsinin türklərə tap­­şırılmasını məqsədəuyğun hesab etmişdir.

Dahi alim qeyd edir ki, hər şəhərə bir möhtəsib təyin etmək la­zımdır, onlar tərəzilərin düzlüyünə, qiymətlərin qaydasında ol­ma­sı­na nə­zarət etməli, halal-harama fikir verməlidirlər. Şah bu işi yaxın adam­­­lardan birinə, ya inanılmış xadimə, ya hamının qorxduğu və onun heç kəsdən çəkinmədiyi bir qoca türkə tapşırmalıdır. Bununla da işlər ədalətlə gedər və islam qayda-qanunu möhkəmlənər. Nizamülmülk ölkədə hər millətdən – türkdən, ərəbdən, hinddən və baş­­qalarından ibarət qoşun saxlanılmasını zəruri hesab etmişdir.

Nizamülmülkün “Siyasətnamə” əsərində ictimai-si­ya­si məsələlərlə, yəni dövlətin quruluşu, idarə edilməsi və s. ilə ya­na­şı, onun din haqqında fikirləri, dini düşüncələri geniş şəkildə işıq­­landırılır.

Professor Rəhim Sultanov Nizamülmülkün vəfatı ilə bağlı yazmışdır: rəvayətə görə Nizamülmülk öldürüldükdən sonra Məlik şah sən dərəcə kədərlənir, xəlifə Bağdadda üç gün matəm saxlayır. Məlik şah Nizamülmülkdən on səkkiz, bəziləri bir ay sonra yaşadığını yazır. İbn Əl-Cozi Əbül Fərəcin dediyinə görə, Məlik şahı öz nökəri zəhərləmişdir. Məlik şahın ölümü, Nizamülmülkün ölümündən sonra camaata bir o qədər də böyük təsir göstərməmişdir. Sarayların şairlər şahı (Məliküş-şüəra) hesab edilən Əmir Müizzin sultanın ölümü münasibətilə yazdığı şeirdə göstərmişdir:

Şahın ölümündən çox ürəklər yaralanardı,

Əgər vəzir ondan qabaq öldürülməsəyldi.

Beləliklə, böyük mütəfəkkir Nizamülmülk təsis etdiyi Nizamiyyə mədrəsəsi və “Siyasətnamə” əsəri, ümumiyyətlə, misilsiz elm-mədəni fəaliyyəti ilə əbədi həyat qazanmışdır. Bu il dahi şəxsiyyətin doğumunun 1000 illiyidir.

Fəlsəfə doktoru Aytək Zakirqızı Məmmədova

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #