Fransız filosof Oqüst Коnt iddia edirdi ki, hər bir müsbət düşüncə görmək qabiliyyətindən ibarətdir; öncədən görmək, öyrənmək və burada nələrin baş verə biləcəyi barədə nəticə çıxarmaq üçündür. Onun taleyi isə bu nəzəri quruluşun mübahisəli olduğunu göstərdi, çünki reallıq sürprizlər təqdim edir.
Məhz həmin axşam Kont şagirdi Maks Marigilə qonaq gedərkən ağlının ucundan belə keçirməzdi ki, Maksın bacısı Klotilda de Von ilə görüş onun həyatını alt-üst etməklə yanaşı bütün mürəkkəb fəlsəfi sistemini də iflic edəcək.
Klod Karon öz kitabında yazırdı: “Həmin gün pozitivizmin həvarisi mistisizm istiqamətində addım atdı”. Filosofun sonrakı həyatı elə öz postulatının təsdiqi oldu: “Əməllərdən və hətta düşüncələrdən də yorulmaq olar, amma sevgidən qətiyyən usanmaq olmaz”. Məhəbbət Oqüst Kontun həyatına ən gözlənilməyən anda yetişdi. Onun 46 yaşı vardı. Çox tanınmış və hər kəsin hörmət etdiyi alim Kont Parisdə politexnik məktəbində mexanikadan dərs deməklə yanaşı özəl institutda da riyaziyyatdan dərslər aparırdı. O, tənha yaşayırdı, onun ünsiyyət dairəsi məktəb müəllimlərindən və şagirdlərdən ibarət idi və onların arasında Maks Mari də vardı. Hər bir hərəkətində ehtiyatlı davranan Kont Maksın dəvətlərini məmnuniyyətlə qəbul edirdi. Ola bilsin ki, tənhalıq, böyük ailənin istiliyinin olmaması təsirini göstərmişdi. Axı o, son illər sadiq dayəsi Sofi ilə birgə yaşayırdı.
Oqüst Kоnt 1798-ci il yanvarın 19-da Monpelyedə anadan olmuşdu. Onun parlaq riyazi bilikləri ona Politexnik məktəbinə daxil olmağa imkan yaratmışdı. Mütaliə, siyasətə maraq, Sen Simonla tanışlıq, fəlsəfi görüşlər, düşünmək, diskussiyalar - bax bu idi onun maraq dairəsi... 1821-ci ilin mayında gənc Oqüst Kont gələcək arvadı, azad əxlaq düşüncəli Karolina Massen ilə rastlaşır. Bununla belə azad sevgi gənc məşuqları 1825-ci ildə izdivaca gətirdi. Lakin kilsə bağlantıları Karolinanı saxlamadı. O, öz romantik macəralarına davam edərək Oqüstü dəlilik dərəcəsinə çatdırdı.
Bu zaman onu ruhi əsəb hospitalına yerləşdirdilər. Karolinanın haqqını vermək yerinə düşərdi çünki, o, həkimlərin iddialarına əsasən heç vaxt sağala bilməyəcək ərinə cani dildən qulluq edirdi. Karolina ərini xəstəxanadan evə gətirdi. Arvadının gecikmiş sadiqliyi, onun nəvazişi, evin divarları möcüzə yaratdı və Oqüst ağır xəstəlikdən qurtuldu. Amma təəssüf ki, münasibətlər dönüşü olmayan dərəcədə korlanmışdı. Öqüst daha arvadına inanmırdı. Güvənsizlik və həyəcan daim onu təqib edərək, narahatçılığa səbəb olurdu. O, hətta incəsənət körpüsündən ozünü Sena çayına ataraq intihara cəhd etmişdir. Lakin yenə də möcüzə nəticəsində sağ qalmışdır. Kont təsadüfən yoldan keçən biri tərəfindən xilas edilir. Sanki Tanrı onu başqa sınaqlardan keçmək üçün hifz edirdi. Karolina Kont daha bu gərginlikdə yaşaya bilmirdi. Lakin vəziyyət onunla mürəkkəbləşirdi ki, o dövrdə boşanma anlayışı yox idi. Buna görə də tərəflər xoşluqla ayrıldılar. Karolina ömürlük təzminat aldı. Kont isə işləmək üçün çoxdan arzusunda olduğu azadlığa qovuşdu.
Və budur 1844-cü ilin apreli... Qarşımızda artıq cavan olmayan, bütün varlığını elmə həsr etmiş, heç vaxt qara libasdan çıxmayan çirkin bir adam var. İlk baxışdan sərt görünsə də gözlərindən qəribə mehribanlıq duyulur. Artıq Oqüstün dazlaşmış başını Napoleon sayağı tellər örtürdü. İtələyici və xoş olmayan danışıq tərzi: qızğın kəlmələrlə tez-tez danışır, dodaqlarının kənarlarında yığılan ağız suyunu sıçradaraq kəkələyirdi. Belə görkəmlə gözəl bir qadının sevgisinə ümid etmək çətindir əlbəttə... Onun 29 yaşı var. Uğursuz evlilik yaşayıb. Anası və qardaşı ilə bir yerdədir. Əmisindən ona miras qalmış kiçik bir renta sahibidir. O, tənhadır. Onun qəlbi sevgi üçün açıqdır. Lakin qardaşının müəllimi ilə görüş onu tamamilə məyus etdi. Qoca və eybəcər!
Taleyin sevgi ilə sınağa çəkdiyi iki tənha insan belə qarşılaşdı. Kont bu sınağa dözdü lakin qadın üçüm bu daha çətin oldu. O, sevə bilmədi. Oqüst Kont isə bütün rahatlığını itirdi. Onun məktəbdəki tədrisinə və fəlsəfə məşğuliyyətinə əvvəlki marağı qalmadı. Məhəbbət həyatında daha önəmli oldu. Sevgi – səcdədir, sevgi – bir kultdur. Daim düşünmək olmaz, lakin daim sevmək mümkündür.
Kont sevgilisinə 96 məktub yazdı və bir o qədər də cavab məktubu aldı. “Bir tərəfdən Klod Karon düşünürdü ki, o məktəbli kimi aşiq olmuş kişidir, hansı ki, çılğın arzuları və azğın ehtirası ucbatından üzərindəki nəzarəti tam itirmişdir. Digər tərəfdən isə onun daxilində bir növ bürokrat oyanırdı. Hansı ki, göndərilən məktubların nüsxələrini çıxarır, onları nömrələyir və xüsusi bir dəftərdə qeydiyyatını aparırdı. Yazılan cümlələrin hərarətli çağırışlarla, çılğın ehtiraslarla dolu olmasına baxmayaraq onun xətti əvvəlindən sonunadək hamar və səliqəli idi”. Bəlkə elə o zaman filosof demişdi ki, hisslərə görə davranmaq və davranmaq üçün düşünmək lazımdır. “Soyuqqanlılıq və emosiyalar, müvazinət – budur həyatın mahiyyəti?!”
Onlar ancaq qadının qardaşının ailəsində görüşürdülər. Klotilda isə Oqüst Kontun Maselye Prens 10 küçəsində yerləşən mənzilində cəmi iki dəfə anasının müşayiəti ilə olmuşdu. Bu, sadəcə nəzakət xətrinə olan görüşlər idi. Lakin bu görüşlərin səbəb olduğu alovlanmış ümidlər Kotildanı mühakiməyə vadar etdi: “Mən sizdən bütün yüksək ləyaqətinizi köməyə çağırmağı xahiş edirəm. Məni bu narahatçılıqdan xilas edin, necə ki, mən sizə bundan qurtulmağı arzu edirəm.” Lakin Kont onu eşitmir. O, növbəti məktubunda etiraf edir: “Bu qəribə yuxusuzluğu həyatda ola biləcək ən möhkəm səhhətə belə dəyişməzdim”. Klotilda hiylə işlədir: “Çalışaq ki, söhbətlərimizdə daha çox çeviklik və şənlik olsun”. Oqüst isə “başqa şey” oxuyur: “Sizin iki yazınız kifayət etdi ki, mənim bütün tənha arzularım oyansın”. O, müqəddəs Klotilda günündə sevgilisinə qeyri-adi hədiyyə bəxş edir: “İctimai əbədiləşdirmə haqda fəlsəfi məktub” əsərini yazır. Hədiyyəyə əlavə olunmuş yazıda deyilirdi: “Siz burada daha sıx birliyin ilk nümunəsini tapacaqsınız, hansı ki, bizim dəyərli dostluğumuz nəticəsində yavaş-yavaş mənim yüksək düşüncələrimin uçuşları arasında, ən təmiz hisslərimin coşması ilə yaranacaqdır.”
Klotilda hər şeyi bitirməyə qərara aldı: “Mən aşiq olmadan təslim olmaram” və daha da sərt: “Əgər sizə bu qədər çətindirsə, nəfsinizi saxlamaqla özünüzə əzab verməyin. Ən yaxşısı məşuqə tapın özünüzə”.
Kont darmadağın, çarəsizdi. Bu, onun üçün nə ilə bitəcəkdi, məlum deyil. Amma yenə Tanrı müdaxilə etdi. Klotilda ağ ciyər vərəminə yoluxdu. Müalicə üçün vəsait lazım idi. Məhəbbətlə sınaq davam edirdi. Oqüst Kont xəstənin yanından bir an ayrılmırdı. Doğmaları isə gücsüz olduqları ilə barışıb geri çəkilmişdilər.
Klotilda de Von 2 aprel 1846-cı ildə Kontun qollarındaca vəfat etdi. Sevgilisinin ölümündən sonra Kont ona müraciət olaraq “Etiraf” məktubları yazmağa başladı. O, Klotildanın zamanında yazdığı məktubları bir daha həmin tarixlərdə oxuyurdu. Bəzən isə onun oturduğu kreslo qarşısında səcdə edən kimi diz çökürdü. Tədricən o, rəqibləri və şagirdlərini tərk edərək dünyadan uzaqlaşmağa başladı. O bütünlüklə öz dinini yaratmaq üçün tənhalığa çəkildi, fikirlərini Müqəddəs Məryəm kultu ideyası ələ aldı. Klotildanın onunla yaxınlıq etməsindən imtina etməsi Kontun ümumiyyətlə cinsi əlaqəni ömürlük inkar etməsinə səbəb oldu. Divanə Kont “Qızıl Əsr” haqda xəyallara dalmağa başladı. Harda ki, qadınlar mübahisəsiz mayalana biləcəklər. Vəfatından öncə isə Kontu tez-tez Klotildanın dəfn olunduğu Per-Laşez məzarlığında görürdülər. O, Klotildanın məzarını ziyarət edir, ona məktublarını oxuyur, ideyalarını bölüşürdü.
Hazırladı: Rövşanə Rəhimli