Buddanı necə sevdim? - Şərif Ağayar yazır...

Buddanı necə sevdim? - <span style="color:red;">Şərif Ağayar yazır...
8 yanvar 2016
# 12:19

Hərdən düşünürəm ki, başqa planetdən daha güclü və daha məntiqli məxluqlar gəlib planetimizi işğal eləsələr və bizi məhşər ayağına çəkib “Min illərdi burda nə işlə məşğul olmusunuz?” - deyə soruşsalar nə edərik?

Hansı əsərimizi, hansı insanımızı qabağa çıxarıb özümüzü xilas edə bilərik?

Sizi bilmirəm, son illərəcən belə bir situasiyada mənim ağlıma ilk gələn İsa Məsih olub. Bəşəriyyətin günahlarına görə cəzalanmağı qəbul etmək və Tanrıdan bəşəriyyətin bağışlanmasını diləmək.

Böyük söhbətdir.

Gerçəkdən.

İsa Məsihə min illərin sevgisi bica deyildir.

Ondan ilhamlanan yüzlərlə dahi göstərmək olar.

33 il yaşayasan, özündən sonrakı az qala bütün böyük şəxsiyyətlərin qəlbində, düşüncəsində, həyat və yaradıcılığında bu və ya digər şəkildə iştirak edəsən, orda sevgi və nur kimi bulunasan.

Müşriklik çıxmasın, lap tanrıya məxsus keyfiyyətdir ki var!

İsa Məsihi bütün peyğəmbərlərdən daha doğma hesab eləmişəm. Düzdü, meydanda alnını qırışdırmadan doğma övladını qurban verən İbrahim var, Yusif üçün ağlamaqdan gözünün nurunu itirən Yaqub var, amansız taleyi ilə səmimi qəlbdən barışaraq bədənindən yerə düşən qurdları qaytarıb yerinə qoyan Əyyub var, amma yenə də, yenə də insanlığı İsa qədər təsirləndirən şəxsiyyət tanımıram.

Allah uğrunda qılınc çəkmək hara, Allah uğrunda onun yaratdıqları üçün könüllü qurban gedib günahlarının bağışlanmasını təvəqqe etmək hara.

Qərbdə xristianlığın yayılmasından bu yana nələr oldu, din əleyhinə gedən, tanrını danan, İsanın özünü əməlli-başlı yıxıb-sürüyən, hətta təhqir edən, söyən mütəfəkkirlər, sənət adamları yetişdi, ancaq ona olan sevgi azalmadı ki, azalmadı.

Şübhəsiz ki, İsa Məsihdə bir kədərli lad var. Yadımdadır, onun mövludu vaxtı hansısa məşhur ingilis kanalı müxtəlif ölkələrdə sorğu keçirmişdi: “Dünyanın ən böyük adamı kimdir?” Ayrı-ayrı dindən, millətdən, irqdən, ayrı-ayrı zümrədən olan respondentlərin cavabı, demək olar ki, eyni idi: “İsa Məsih”. Sualın ikinci hissəsi də vardı: “Nə üçün?” Və qəribədir, bunun cavabını verə bilmirdilər. Ona gör yox ki, bilmirdilər, ona görə ki, ağlayırdılar...

Bu anlamda daha sonra tanıdığım Budda ilə İsa Məsih arasında müqayisə aparanda fikrimin dəyişdiyini hiss etdim.

Bəşəriyyətə kim daha çox fayda verə bildi?

Məncə, bu suala məntiqli cavab axtarmağa çalışsaq İsanın Buddaya uduzduğunun şahidi olarıq. Özünüz deyin, cənnət-cəhənnəm qayğıları ilə yüklənməklə, həyatın özündə rastınıza çıxan əksliklərin fövqünə qalxıb onları təbii qəbul etmək və bununla hüzurlu bir həyat yaşamaq arasındakı fərq necə görünür? Anlayıram, cənnət sevdası və ya cəhənnəm qorxusu insanları bu dünyada dinin müəyyən etdiyi əxlaq çərçivələrinə salaraq onları “tərbiyə edə” bilir. Səviyyəsindən asılı olaraq adamları ya cənnətlə müjdələmək, ya cəhənnəmlə qorxutmaq qaçılmazdır bəlkə də. Volter demiş, Tanrı olmasa belə, onu uydurmaq lazım gələrdi. Ancaq cənnət sevdası və cəhənnəm qorxusunun içində də insanın yaşam rahatlığını pozan xeyli nəsnələr vardır. Nəfs və ehtirası öldürüb təmənnasız olmaq o dünyaya hesablanırsa çox nisyə görünür. Ancaq nəfs və ehtirasın sənə təqdim etdiyi istəklərin həyata keçməməsi üzündən yaşadığın qüssəni həmin nəfs və ehtirası tərbiyə etməklə aradan qaldırıb azad ola bilirsənsə və əslində mutluluğun bu azadlıqda, bu rahatlıqda olduğunu anlayırsansa, heç bir cənnət müjdəsi və cəhənnəm qorxusuna ehtiyac qalmır.

Dünya könlüncə deyil – anlayıram. Amma düşün ki, sənin könlüncə olsun deyə də yaradılmayıb. Ona görə qüssələnməyə dəyməz. Doğru yaşayıb, doğru danışıb, nəfs və ehtirasa uymayıb hər şeyi öz axarına buraxacaqsan.

Sözün bu məqamında indi bəzi gənc dostlar tərəfindən sərt tənqid olunan Ramiz Rövşəndən bu misraları yadıma düşdü:

Dünyayla savaşmaq asanmış, demə,

Çətini dünyayla barışmaq imiş...

Dünyayla barışmaq... Hər şeyin təbii, gözlənilən, dəyişən olduğunu qəbul eləmək... Eyni zamanda bu sürəkli dəyişikliyin içində əbədi bir mahiyyətin varlığına əmin olmaq və ona xəyanət eləməmək... Çox çətindir, amma mümkündür və realdır. Nəinki cənnət və cəhənnəmə inanmaq, günah-cəza moizələrinə qulaq asmaq.

İnsan pul və şöhrət düşkünüdürsə onun həyatı cəhənnəmdir. Bunu İsa Məsih də deyir, Məhəmməd də, Budda da. Ancaq İsa Məsih və Məhəmməd Tanrının verdiyi ömrü nəfs və ehtiraslara həsr etdiyi, Ondan olan ləyaqəti, əmanəti nəfs və ehtiraslar üçün ləkələdiyi üçün insanın halına acıyırsa, Budda onun nəfs və ehtiraslar naminə öz hüzurlu həyatını pozduğunu, təbiətdən, insanlardan və gözəlliklərdən zövq ala bilmədiyini, heç vaxt rahatlıq tapmadığını ona başa salır, nəfs və ehtirasa gömülmüş dünyasını xilas etməyin yolunu göstərir.

Buddaya inanmaq vacib deyil. Onun inam kimi zərif və zəif bir mücərrədliyə ehtiyacı yoxdur. Özünü müqəddəs sayıb ona tapınmağını, baş əyməyini, diz çökməyini tələb etmir. Ötəri maraqlar naminə etirazı, üsyanı əhəmiyyətsiz sayır. Adını nə qoyursan-qoy bir canlı öldürməyi təbiətə hayqırı, əbədi harmoniyaya ədəbsizcəsinə burun soxmaq hesab edir. Hətta həqiqi hüzur tapacaqsansa səni öz Tanrınla baş-başa buraxır. Sənə qadağa qoymur. Sadəcə gözünü açır, içinin dərinliklərinə, hisslərinə, ağıl və məntiqinə güvənməyi təklif edir.

Buddanın yüz illərdi lağa qoyulan cənnət-cəhənnəmə ehtiyacı yoxdur. İnsanlardan iman dilənmir. Çünki, onların axirət mükafatları və ya qorxuları ilə tərbiyələnəcəyinə inanacaq qədər sadəlövh deyil.

Ona görə bir buddist bir xristiandan və bir müsəlmandan daha çətin vəziyyətdə yaşasa belə daha rahat və daha ziyansızdır. O, insana (bütün canlılara! – Ş.A.) hər şeydən əvvəl əbədi olan mahiyyətin, təbiətin, dolayısı ilə özünün bir parçası kimi baxır. Nə düşünməyindən, harada və necə yaşamağından asılı olmayaraq...

Məncə, əgər doğrudan da hansısa başqa bir planetdə bizə bənzər, bizdən daha ağıllı məxluqlar varsa və nə vaxtsa yerə gələcəklərsə bircə Budda qarşısında heyrət edə bilərlər.

Sən və bir bənövşə kolu...

Mutlu olmağa bircə səbəb kifayətdir.

Xoşbəxtliyi bu qədər asan yaxalamaq ağlagəlməzdi.

Əsas olan qarşılaşdığın predmet və hadisənin xarakteri deyil, sənin ona haradan baxmağındır.

Budda qədər könülsüz, iddiasız və soyuqqanlı ola bilsək top-tüfənglə axtardığımız hüzur və mutluluğu ayaqlarımıza sərilmiş görərik.

Mənə inanın...

Buddaya deyil...

Onun sizin inanıb-inanmamağınızla bağlı problemi yoxdur.

# 2160 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #