Qonaqlarını timsahla qorxudan ABŞ prezidenti

Qonaqlarını timsahla qorxudan ABŞ prezidenti
29 iyul 2014
# 07:45

Ağ ev - ABŞ prezidentlərinin daimi iş, yaşayış yeri və rəsmi binalar içində ən vacib olanıdır. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton «prezident evi»nin yerini müəyyənləşdirsə də, orada oturmaq ona nəsib olmayıb. Ölümündən bir il sonra Vaşinqtonun mərkəzində prezident iqamətgahının açılışı olub.

İngiliscə adı «White House» olan binanın tikilməsi üçün 1791-ci ildə müsabiqə elan edilib. Müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Binanın bünövrəsi 1792-ci ildə qoyulub və 8 ilə tikilib. 1800-cü ilin noyabrında açılan binanın ilk sakinləri ABŞ-ın ikinci prezidenti Con Adams və ailəsi olub. Prezident iqamətgahı əhali arasında «Ağ ev» adlandırılırdı, çünki binanın ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmərli binalardan kəskin fərqləndirirdi.

1814-cü ildə Britaniya qoşunları ABŞ-a hücum edən zaman Ağ ev tamamilə yandırılır. Ceyms Hobenin nəzarətində bina yenidən inşa edilir və 1817-ci ildə istifadəyə verilir. Sonralar da Ağ evdə təmir işləri aparılıb, amma binanın arxitekturasında ciddi dəyişiklik edilməyib. Təkcə texniki nailiyyətlərlə əlaqədar binanın içində yeniliklər tətbiq olunub – elektrik və telefon xətləri çəkilib. Prezident Harri Trumanın vaxtında Ağ ev yenidən tam təmir edilib. Binanın təmiri 4 il davam edib, amma xarici görünüşünə toxunulmayıb.

İlk dəfə mətbuatda «Ağ ev» sözü 1810-cu ildə Baltimor şəhərinin «Viq» qəzetində işlədilib. XX əsrin əvvəllərində «Ağ ev» sözü rəsmiləşdirilir. ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt 1902-ci ildə prezident iqamətgahının «Ağ ev» adlandırılması barədə sənəd imzalayıb.

Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. Binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkan, 13022 ədəd çəngəl, bıçaq və qaşıq var. Ağ evdə yaşayış otaqları ilə yanaşı, iş üçün də çox gözəl şərait var. Deyilənə görə, Ağ evdə hər il 215 mindən çox rəsmi nümayəndə heyəti, 18 mindən çox qonaq olur. Ağ evdə bir neçə dəfə Şükran bayramı da qeyd edilib. Adətə görə ABŞ-da “Şükriyyə günü” bayram masasını mütləq hind toyuqları bəzəməlidir. Həmin bayramda hind toyuqlarının əfv mərasimi də keçirilir. Əfv olunan hind toyuqları ömürlərinin axırına qədər fermada yaşayırlar. ABŞ-ın 43-cü prezidenti Corc Buş da bu bayramı 6 dəfə Ağ evdə keçirib. Bayram masası üçün nəzərdə tutulan hind toyuqlarının əfvi ənənə halını alıb. İlk dəfə bunu ABŞ prezidenti Avraam Linkoln edib. Amerikalılar 1621-ci ildən bəri bu bayramı qeyd edir.

Bu günə qədər Ağ evə rəhbərlik edən prezidentlərdən bir çoxu heyvan saxlamağı xoşlayıblar. Məsələn, 43-cü prezident Corc Buşun şotland teryeri cinsindən olan iki iti var, prezident iqamətgahında o, itlərdən əlavə, Hindistandan gətirilən qara pişik də saxlayıb. Bill Klinton Ağ evdə «Soks» adlı pişik və labrador cinsindən olan «Baddi» adlı it saxlayıb. Heyvanlar bir-biri ilə amansız müharibə apardığı üçün, Klinton prezidentliyinin son illərində pişiyini saxlamaq üçün köməkçisinə verib.

Prezident Kalvin Kulic isə Ağ evi əsl zooparka çeviribmiş. Onun altı iti, qazı, eşşəyi, pişiyi, antilopu, kenqurusu və hətta kiçik begemotu olub. Con Adams isə Ağ evdə timsah saxlayıb, deyilənlərə görə, qonaqları onunla qorxutmağı xoşlayırmış. Vudro Vilsonun isə sevimli qoyunu olub. ABŞ-ın qaradərili prezidenti Barak Obamanın həyat yoldaşı, Amerikanın hazırki “first lady”si Mişel Obama isə Ağ evin həyətində tərəvəz əkməklə diqqət çəkib. Mişelin bu addımı böyük marağa səbəb olmuşdu. Yetişdirilən tərəvəzlər Ağ evə gələn qonaqlar üçün hazırlanan yeməklərdə də istifadə olunur.

Qeyd edək ki, Barak Obama Ağ evdə siqaret çəkməməklə bağlı qaydaya əməl etməli olur. Onun siqaret çəkmək vərdişi var və prezidentlik kampaniyası zamanı o, dəfələrlə «nikotin saqqızı» çeynəyəndə kameraların hədəfinə tuş gəlib. Ağ evdə siqaret çəkmək qadağandır. Bu qadağanı keçmiş «first lady» və eks dövlət katibi olan Hillari Klinton tətbiq edib. ABŞ-ın davamlı olaraq siqaret çəkən son prezidenti 1974-77-ci illərdə ölkəni idarə edən Herald Ford olub.

Tomas Ceffersonun prezidentliyi dövründən Ağ ev vətəndaşlar üçün açıq olub. Buraya hər gün 6 mindən çox turist gəlib tamaşa edirdi. Ancaq 2001-ci il 11 sentyabr hadisələrindən sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb. Ağ evə gələn hər kəs Dövlət Nahar Zalında Prezident Adamsın məktubundan sətirlər oxuya bilər: «Qoy bu binanı yalnız ağıllı və ədalətli insanlar idarə etsin...»

# 3247 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #