Lenin, Atatürk və ayaqqabı silən cocuq

Lenin, Atatürk və ayaqqabı silən cocuq
19 yanvar 2016
# 09:00

Ayxan Ayvaz

Sovet İmperiyasının çöküşündən sonra iki azərbaycanlı Türkiyəyə gedir. Bir az gəzəndən sonra qarşılarına ayaqqabı boyayan balaca bir oğlan çıxır, üzü-gözü qap-qara. Biri çox qaba, ipə-sapa yatmayanmış, kimisə cırnatmaqdan ötrü ürəyi gedirmiş.

- Ay uşaq, ayaqqabımı təmizlə. – oğlana yaxınlaşıb.

Uşaq işə girişib. Bir azdan kişi başlayıb onunla məzələnməyə:

- Heç türk də kiminsə ayağına əyilərmi?

Oğlanın iki əlində tutduğu şotkalar tüfəngin lüləsi kimi kişiyə tuşlanıb.

- Bu nə demək, əfəndim? Mən haqqın qabağında əyilirəm, çörək qazanıram. Pis iş görmürəm ki?

İpə-sapa yatmayan kişini bu sözlər kövrəldir, üzündə güllər açır, oğlanın başını sığallayıb üzr istəyir. Amma cibindən pul çıxardıb uşağa uzadanda yenə biclik eləyir, onunla məzələnməyə başlayır, əsginası əlində yelləyə-yelləyə sırtıqcasına gülümsünür. Sonra bu əyləncəsindən usanıb pulu gülə-gülə yerə atır.

Bunu görən bir neçə millətçi kişini qabaqlarına qatıb əməlli-başlı danlamağa başlayırlar:

- Sən mənim dövlət sahibimin şəkli olan pulu necə yerə atırsan?

- Sənin heçmi millət, Atatürk sevgin yoxdur?

- Axı biz qardaşıq.

Mübahisə çox uzanıb. Kişi quyruğu qapı arasında qalmış pişiyə oxşayıb, bu vəziyyətdən necə çıxacağını düşünüb. Bu vaxt onun imdadına dostu yetişib:

- Əfəndilər, biz Sovet imperiyasının tərkibindən təzəcə çıxıb rahat nəfəs almağa başlamışıq. Dostum da bu pulun üstündəkini Leninin şəkli zənn edib. Ona görə də əsəbindən fırıldadıb yerə.

Millətçilər getdikcə soyumağa başlayıblar:

- Bu başqa məsələ!

- Halaldı belə millətçiyə!

- Vallah belə olduğunu bilsəydik heç vaxt bu təmiz qəlbli adama bu sözləri deməzdik.

Ara sakitləşəndən və millətçilər uzaqlaşandan sonra meydana solçular girib:

- Sən bizim Lenini təhqir etmisən!

- Heç bilirsən Lenin necə böyük adam olub?!

- Lenin bütün kasıbların yanında olub həmişə!

Bu dəfə işlər fırıqdır: bunları susdurmaq daha çətindir. Nə desən, ağzından vuracaqlar.

Bu dəmdə millətçilər solçuların üstünə düşür, əməlli-başlı dava düşür. Qışqır-bağır, söyüş, atılan yumruqlar.

İki azərbaycanlı tez aradan çıxırlar. Parka çatanda biri siqaret çıxarır.

- Mənə də ver.

- “Ostav” eləyək, başqası yoxdu.

Siqaret tüstüsü sükuta dolanır.

- Səncə, - gülə-gülə dostu həmin ipə-sapa yatmayan adamdan

soruşur. – Atatürk böyükdür, yoxsa Lenin?

- O ayaqqabı boyayan.

- Onda Lenin böyükdür. – dostu gülür və onlar parkdan çıxırlar.

# 4167 dəfə oxunub

Oxşar xəbərlər

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər