Yenə payız, yenə depressiya-TEST

Yenə payız, yenə depressiya-TEST
30 sentyabr 2013
# 14:27

Son zamanlarda həyatımıza daxil olan əsas sözlərdən biridir depressiya. İnsanlar, xüsusilə də gənclər hər kiçik əhvalsızlığı, uğursuzluğu depressiya adlandırmağa meyllidirlər. Amma qeyd etməliyəm ki, depressiyanın inkişafı üçün əhvalsızlıq və digər simptomların iki həftə və daha çox müddət ərzində mövcudluğu zəruridir. Yəni hər hansı bir əhvalsızlıq iki həftədən az davam edibsə bu depressiya deyil və ya depressiya bir gün davam edə bilməz.

Mənasını bilmədiyi sözləri çox demək insana heç vaxt yaxşı bir şey vəd etmir. Depressiya haqqında çox danışmaqla, hər xırda əhvalsızlığın sonunda “mən depressiyadayam” deməklə bu yatmış əjdahanı oyadıb özümüzə doğru çağırırıq.

Amma indi ilin elə bir fəslindəyik ki, ən həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növündən – mövsümi və ya payız depressiyasından sığortalanmayıblar. Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət. Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.

Payız depressiyası əhvalın dəyişkən olması, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəki aktivliyin tormozlanması ilə xarakterizə olunan psixoemosional vəziyyətdir. Payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur, məmnunluq hissini itirir.

Belə hesab olunur ki, mövsümi olaraq əhval dəyişikliyindən ən çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayan insanlar, yəni əhalinin əhəmiyyətli hissəsi əziyyət çəkir. Müəyyən olunub ki, payızda insanlar daha çox xəstələnirlər. Bir çoxlarının xroniki xəstəlikləri kəskinləşir, beldə və oynaqlarda ağrılar yaranır, baş və ürək ağrıları artır, mədə-bağırsaq sistemində problemlər yaranır. Bu, xüsusilə də şimal regionlarında gündüzlərin kəskin qısalması və orqanizmə daxil olan günəş işıqlarının azalması ilə izah olunur.

Payız depressiyasının səbəbi nədir?

Əlbəttə ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması “bioloji saatların” pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normada isə bu gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır və gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavabdeh olan melatonin hormonunun artması və nəticədə də “xoşbəxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur. Məlumdur ki, heyvanlarda da yuxu və oyaqlıq dövrü melatoninin ifrazı ilə tənzimlənir. Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Buna görə də yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır.

İnsanın melatonini də eynilə işığa çox həssasdır, lakin heyvanlardan fərqli olaraq insanda onun ifrazını dayandırmaq üçün daha çox işığa ehtiyac var. Melatoninin təsiri ilə sağlam insanın temperaturu aşağı düşür və başgicəllənməsi yaranır. Buna görə də payızda və ya qışda yaranan depressiyaların əsas səbəbi melatoninin ifrazı hesab olunur. Və bu haldan ən yaxşı çıxış yolu işıq terapiyası hesab olunur.

Bu fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var. Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünəinamsızlıq, əhvalsızlıq yaradır.

Bütün bunlardan əlavə isə xroniki stresslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur.

Mövsümi depressiyanın əsas əlamətləri

- Yuxu müddətinin artması, oyanmaqda çətinlik, səhərlər yorğunluq hissi, gün boyu yuxulu olmaq. Bəzən erkən oyanmaq və yenidən yuxuya gedə bilməmək müşahidə olunur;

- əhvalın, özünüqiymətləndirmənin aşağı düşməsi, kədər, ağlamağa meyllilik, narahatlıq, həyata marağın azalması, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə;

- həyəcanlılıq, əsəbilik, tez özündən çıxma, daxili gərginlik, stressli situasiyalara dözümsüzlük;

- iştahanın artması, çəkinin artmasına səbəb olan un məmulatları və şirniyyata kəskin meyl;

- seksual problemlər, libido və potensiyanın düşməsi;

- fiziki əlamətlər: oynaqlarda və qarında ağrılar, gücsüzlük, tez-tez qrip olma;

- sosial problemlər: sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq.

Mövsümi depressiyalara istənilən yaşda rast gəlmək olar. Heç kəs ondan sığortalanmayıb. Lakin 18-30 yaş arası insanlar bu depressiyaya daha çox məruz qalırlar. Eyni zamandan qadınlar kişilərə nisbətən daha çox depressiyaya məruz qalırlar.

Depressiya ilə mübarizə

Demək olar ki, depressiyadan əziyyət çəkən bütün insanlarda bir çox fiziki simptomlar meydana çıxır. Baş ağrıları, baş gicəllənməsi, qarın və ürək nahiyəsində ağrılar, oynaqlarda ağrılar, qəbzlik, mensturasiya tsiklinin pozulması, seksual istəyin itməsi – bunlar depressiyanın tez-tez rastlanan əlamətləridir. Depressiya bu əlamətlərlə özünü “gizlədir” və buna görə “maskalanmış depressiya” termini formalaşıb. Yuxarıda sadalanan ağrılardan əziyyət çəkən insanlar isə depressiyada olduqlarını təxmin etmədən aylarla həkimlərə müraciət edir, müalicə alırlar, lakin əsas bəlanı – depressiyanı müalicə etmədikləri üçün vəziyyətlərində heç bir yaxşılaşma müşahidə olunmur.

Yazın və ya yayın gəlişi ilə insanın yaşadığı ərazidə işığın intensivliyindən asılı olaraq 3-4 həftə içərisində mövsümi depressiyanın əlamətləri itir. Lakin havaların tutqun olduğu dövrdə də depressiyaya məruz qalan insanlar aşağıdakılara əməl etməklə depressiya ilə mübarizə apara bilərlər:

Səhər günəşindən həzz alın

06:00-08:00 arası bacardığınız qədər çox günəş qəbul etməyə çalışın. Var gücünüzlə günəş işığının azlığını kompensasiya etməyə çalışın. Gündüzlərin qısalması həm psixikamıza, həm də maddələr mübadiləsinə təsir göstərən daxili diskomfortun əsas səbəbidir. Gündüzlərin uzadılmasının tək yolu səhərlər günəşli saatlardan maksimum istifadədir. Gec yuxudan durmağı sevən insanlar üçün yuxu rejimini buna uyğunlaşdırmaq çox çətindir, lakin günəş işığı qəbul etməyin başqa üsulu yoxdur. Həftə sonlarını qapalı yerdə keçirmək olmaz. Yarım gün belə olsa açıq havada gəzmək zəruridir.

Payızın hər bir mülayim gününü dəyərləndirin. Hava azca açılan kimi evdə televizorun qabağında oturmaqdansa yaxşı geyinib gəzintiyə çıxmağa üstünlük verin. Nahar fasiləsində 15 dəqiqəlik belə olsa küçəyə çıxmağa çalışın və sadəcə səmaya baxın. Evdə və iş yerində kifayət qədər günəş işığının olmasına nəzarət edin.

Daha çox hərəkət edin

Açıq havada komanda şəklində idman növləri ilə məşğul olmanız daha arzuolunandır. Uşaqlarla birlikdə topun dalınca qaçmaqdan utanmayın, partnyorunuzla gəzintiyə çıxın. Əgər payız vaxtı fitnes, aerobika və s bu kimi özünüzü yaxşı hiss etdirəcək şeylərlə məşğul olsanız səhhətinizdə bir xeyli yaxşılaşma müşahidə edəcəksiniz. Səbəb isə odur ki, fiziki aktivlik zamanı qanımıza “həzz hormonu” hesab olunan endorfin ifraz olunur.

Vitamin kompleksləri

Əgər iş qabiliyyətinin aşağı düşməsi sizin həyat ritminizdə ciddi problemlər yaradırsa o zaman gümrahlaşmaq üçün ot çayları kimi təbii stimulyatorlardan istifadə edin. Daha çox təzə meyvə və tərəvəz yeməyə çalışın. Orqanizmin vitaminlərə olan tələbatını qarşılamaq üçün hər gün 400 qr meyvə və tərəvəz yemək lazımdır. Amma əgər bu sizdə alınmırsa bu boşluğu aptekdən aldığınız vitaminlərlə doldurun. Daha çox payızda zəruri olan A və C vitaminlərinin qəbuluna diqqət yetirin.

Payızda arıqlamaq

Payızda orqanizmdə ciddi dəyişikliklər baş verir. Məsələn, əgər biz yayda yüngülvarı qida ilə aclığımızın qarşısını ala bilirdiksə payızda daha ağır və yağlı şeylər yemək istəyirik, belə ki, orqanizm istiyə ehtiyac duyduğu üçün ona əlavə kalori lazımdır. Buna müqavimət göstərmək lazım deyil, çünki siz orqanizminizə zor tətbiq edərək əvvəlki kimi yüngül kalorili qidalarla qidalanmağa davam etsəniz sizdə əvvəl-axır daxili diskomfort hissi yaranacaq ki, bu da payız depressiyasının başlanması üçün zəmin olacaq. Buna görə də diyetaları unudub yemək istədiyiniz şeyləri yeyin, əlbəttə ki, normanı aşmamaq şərti ilə.

Nəhayət əgər siz özünüzdə depressiyanın olmasından şübhələnirsinizsə bu testdəki sualları cavablandırmağınız məsləhətdir.

Depressiyanın ilkin diaqnostikası

Aşağıdakı suallara “bəli” və ya “xeyr” cavabı verin.

1. Siz şənlənə bilirsiniz?

2. Siz qərar qəbul etməkdə çətinlik çəkirsiniz?

3. Nəyəsə marağınız var?

4. Son zamanlarda özünüzə mənasız suallar verirsiniz?

5. Həyatınızın mənasını itirdiyini düşünürsünüz?

6. Özünüzü yorğun, gücsüz hiss edirsiz?

7. Yuxu pozuntusundan əziyyət çəkirsiniz?

8. Sinənizdə hər hansı bir ağırlıq və ya ağrı hiss edirsiniz?

9. İştahanız azalıb və ya çəki itirmisiniz?

10. Seksual həyatda çətinlikləriniz var?

1-ci sual: bəli: 0 bal; xeyr: 1 bal

2-ci sual: bəli: 0 bal; xeyr: 1 bal

3-cü sual: bəli: 0 bal; xeyr: 1 bal

4-cü sual: bəli: 1 bal; xeyr: 0 bal

5-ci sual: bəli: 1 bal; xeyr: 0 bal

6-cı sual: bəli: 1 bal; xeyr: 0 bal

7-ci sual: bəli: 1 bal; xeyr: 0 bal

8-ci sual: bəli: 1 bal; xeyr: 0 bal

9-cu sual: bəli: 1 bal; xeyr: 0 bal

10-cu sual: bəli: 1 bal; xeyr: 0 bal

0-3 bal – sizdə depressiyanın olması ehtimalı çox azdır. Narahat olmağınıza heç bir əsas yoxdur.

4-7 bal – siz depressiyaya bir xeyli meyllisiniz. Onun sizi tamamilə zəbt etməsinə imkan verməyin.

8-10 bal – sizdə kifayət qədər irəliləmiş depressiya mövcuddur. Onunla mübarizə aparın.

# 5188 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #