Puşkin meymundan əmələ gəlib - 10 Maraqlı Fakt

Puşkin meymundan əmələ gəlib - <span style="color:red;">10 Maraqlı Fakt
6 iyun 2018
# 21:00

Kulis.Az böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (6 iyun) onun haqqında 10 maraqlı faktı təqdim edir.

Naməlum şair Puşkin kimdir?

Puşkin nəsildə ilk şair deyildi. Düzdür, həvəskar səviyyəsində olsa belə atasında da şeirə sevgi olub. Amma şairin əmisi Vasili Lvoviç Puşkin əsl şair idi, üstəlik dövrün məşhur simaları ilə dost idi.

Elə əmisi də gənc qardaşı oğlunda poeziyaya həvəs oyadır. Hazırda Vasili Puşkinin əsərləri çap olunsa da geniş oxucu kütləsinə tanış deyil. Bu nəslin ən böyük şairi onun qardaşı oğlu oldu.

“Dayday”la liseyə girdi

1810-cu ildə yaradılmış “Çarskoselskiy” liseyinin əsas məqsədi yüksək dərəcəli dövlət məmurları hazırlamaq idi. Birinci qəbulda cəmi 30 nəfərlik yer var idi, balaca Saşanın ailəsi isə övladlarını bu liseyə qoymaq imkanında deyildilər. Rəqabət olduqca böyük idi.

Bu dəfə də Saşanın əmisi Vasili Puşkin köməyə gəlir. O liseyin təşkilatçısı olan dostu nazir Mixail Speranskidən xahiş edir, beləliklə qardaşoğlu məktəbə qəbul olunur.

Zənn edirdik əlaçı olub

“Çarskoselskiy” liseyinin ilk buraxılışı 1817-ci ildə baş tutur. Bugünkü şagirdlər yatsalar heç yuxularına da girməz, 15 buraxılış imtahanı 17 günün içində verilməli idi. Puşkin 29 şagirdin içində 26-cı yerə çıxmışdı. Buna görə də Puşkinin məmur karyerasının alınmaması təəccüblü görünmür.

Bununla belə şair rus və fransız dili-ədəbiyyatından, o cümlədən qılıncoynatma üzrə əla nəticələr göstərir.

Dazbaş dahi, təlxək şair

Afrikalı əcdadlarından Puşkinə qara qıvrım saçlar miras qalmışdı. Şair rəsmlərdə bu cür gur saçlarla təsvir olunsa da əslində isə heç də həmişə bu cür gursaçlı olmamışdır.

1818-ci ildə keçirdiyi ağır xəstəlikdən sonra 19 yaşlı Puşkinin başı keçəl qırxılır, o bir müddət parik geyməli olur. Aleksandr Sergeyeviç keçəlliyindən nəinki utanmır, hətta bir dəfə Bolşoy Teatrda tamaşa zamanı parikini çıxarıb səs-küy salaraq tamaşaçıları güldürür.

Ömrünün sonlarında isə şairin başı əməlli-başlı dazlaşmağa başlamış, əvvəlki gur saçlarından heç bir əlamət qalmamışdı.

Güllə əvəzinə quşüzümü

Danteslə duel Puşkinin həyatında sayca 21-ci idi. Üstəlik bunlardan 15-nin təşəbbüsçüsü şair özü olmuşdu. Bu duellərdən yalnız 4-ü başa tutsa da, qalanları dostların səyi nəticəsində barışıqla yekunlaşmışdı. Şair hətta dostu ilə duelə çıxmışdı.

Aleksandrın yeməyə dəvət elədiyi dostu Vasili Andereyeviç Jukovski gələ bilmir. Puşkin onun gəlməməyinin səbəbini soruşduqda məlum olur ki, Jukovski xəstə imiş, üstəlik ortaq dostları Vilhelm Kyuxelbeker də onlara gəlibmiş deyə evdən çıxa bilməyib.

Pərt olan Puşkin də Kyuxelbeker haqqında bir bəndlik həcv yazır. Həcvi eşidən Kyuxelbeker bu təhqirə görə şairi duelə dəvət edir. Ancaq dostlar onlardan xəbərsiz duelə çıxanların tapançalarını quşüzümü ilə doldururlar. Duel barışıqla bitir.

Mahir nişançı

Belə deyirlər ki, guya Puşkin zabit Danteslə dueldə əvvəldən məğlubiyyətə məhkum imiş. Ancaq şair çox gözəl qılınc oynadır və tapançadan əla atəş açırmış. Gəzinti zamanı həmişə özü ilə ağır bir ağac parçası götürər və onunla qılıncoynatma məşqi edərmiş.

Atdığı güllənin Dantesin sinəsinə qoyduğu əlini dəlib keçməsi ağır yaralanmış şairin mahir nişançı olmasına bariz sübutdur. Dantes sinəsinə dəymiş bu güllədən ölməli ikən, ölmədi, guya güllə düyməyə dəydiyi üçün bədənini dələ bilməyib. Amma bəzilərinin fikrincə Dantesin əynində zireh olduğu üçün o ölməyib.

Çarın qohumu

Çar I Nikolayla şairin münasibətləri tez-tez dəyişirmiş. Gah qanlı düşmən olublar, gah da mehriban dost. Amma deyəsən həqiqət bu ikisinin ortasındadır, çünki şairin ölümündən sonra imperator aşağıdakı sərəncamları vermişdi:

1. Borcları ödənilsin.

2. Atasının mülkü girovdan çıxarılsın.

3. Dul arvadı ilə qızına (ərə gedənə qədər) pensiya ayrılsın.

4. Oğlanları paj korpusuna göndərilsin, xidmətə girənə qədər hər birinin tərbiyəsinə 1500 rubl ödənilsin.

5. Əsərləri dövlət hesabına nəşr olunsun.

Heç imperator da bilmirdi ki, yarım əsr sonra şairin nəsli hökmdarın nəsli ilə qohum olacaq. 1881-ci ildə çar I Nikolayın nəvəsi Mixail Romanov və şair Aleksandr Puşkinin nəvəsi Sofya Merenberq evlənirlər.

Romanovlar ailəsi bu nikaha qarşı olduqları üçün Mixail dövlət xidmətindən əl çəkməli olur. Bundan sonra knyaz da həyat yoldaşı ilə birgə Rusiyanı tərk edərək Britaniyada məskunlaşır. Onların nəsli hələ də orda yaşayır.

İmperatorla toqquşma

Puşkin danışırmış ki, onun imperatorla yadında qalan ilk qarşılaşması 1803-cü ildə baş tutub. Dayə 4 yaşlı Saşa ilə gəzməyə gedibmiş. Dayənin əlindən çıxan ərköyün uşaq qəfildən yola atılır. Bu vaxtı imperator I Aleksandr da atlı gəzintidə imiş. Əgər hökmdar vaxtında atın cilovunu çəkməsəydi, Rusiya “Rus poeziyasının günəşi”ndən olacaqdı.

Qoxuya düşmüş dayə tez atın qabağına qaçaraq uşağı imperatorun yolundan çıxarır. Adətən belə vəziyyətlərdə müasir sürücülərin elədikləri kimi imperator da söyüş söymüşdümü, bilmirik? Əgər söyübsə də Puşkin bu haqda danışmağı şəninə sığışdırmayıb.

Şairin meymundan əmələ gəlməsi

Puşkinin zamanında Rusiyada irqçi “ağ-qara” söhbətləri indiki kimi deyildi. Şair afrikalı kökləri ilə fəxr eləsə də bu söhbətlərlə onu təngə gətirənləri də sevməzdi.

Saşanın 6 yaşı olanda qonşuları mülkədar Dmitryev onlara qonaq gəlir. Uşağı oynadan mülkədar onun qaralığına işarə vuraraq “ərəb” adlandırır. Saşa da onu cavabsız qoymur və “çopur” adlandırır. Təbii ki, Puşkin onun qafiyəli ifadəsinə qafiyə ilə də cavab verir. Valideynləri uşağın bu hərəkətindən yaman pərt olurlar. Məsələ burasındadır ki, mülkədar Dmitrey çiçək xəstəliyi keçirdiyi üçün üz-gözü çopur imiş.

Bir dəfə yüksək cəmiyyətdə keçirilən gecələrin birində onun zənci kökləri ilə maraqlanan fransız qadın mənasız söhbətləri ilə şairi bezdirir:

- Cənab Puşkin, bacınızla sizin damarlarınızda zənci qanı daşımağınız düzdürmü?

- Əlbəttə. - Şair cavab verir.

- Babanızın zənci olması doğrudur?

- Yox, o artıq zənci deyildi.

- Onda ulu babanız zənci olub?

- Bəli, ulu babam.

- Belə... – Qadın bir qədər susduqdan sonra: – Bəs onda onun atası...?

- Meymun idi, xanım. – Bununla da Puşkin söhbəti yekunlaşdırır.

Arvadının cavabı şillə oldu

Olduqca gözəl bir xanım olan Nataliya Qonçarova ərindən 10 santimetr hündür imiş. Buna görə də özünü xanımının yanında narahat hiss edən Puşkin bal zamanı ondan aralı durmağa çalışırmış.

6 illik evlilik həyatında Puşkinə 4 uşaq doğmuş Natiliya yüksək cəmiyyətdə öz gözəlliyi ilə çoxlarını heyran eləmişdi. Elə Puşkin özü də az aşın duzu deyildi. Mərasimlərdə qadınlarla isti münasibət quran şair arvadını yaman qısqandırarmış.

Bir dəfə balda ərinin qadınlarla çox ilıq münasibətdə olduğunu görən Natali oranı tərk edərək evə gəlir. Heç nə olmamış kimi balda qalan Puşkin gecə evə qayıdandan sonra arvadından tez getməyinin səbəbini soruşduqda Natili ona şillə ilə cavab verir. Bu hadisədən sonra dostu Vyazemskiyə yazdığı məktubda xanımı haqda “mənim madonnamın əlləri çox ağırdır” ifadəsini işlədir.

# 8928 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #