Din elmə niyə ziyandır?

Din elmə niyə ziyandır?
19 may 2016
# 12:50

Elm ilə dinin təhlil və tədqiq yolları tamamı ilə fərqlidir. Dinin və elmin oxşar olduğunu o zaman iddia edə bilərik ki, hər iki sahə eyni bir mövzunu araşdırsın, tədqiqatlar aparıb, müxtəlif nəticələr əldə etsin.

2002-ci ildə fizika üzrə Nobel mükafatçısı Uilyam Filipsə belə bir sual ünvanlanır: “Sizin fikrinizcə elmlə din arasında münasibətlər necə olmalıdır?” O, isə sualın çətinliyindən şikayətlənərək belə cavab verir: “Ümumilikdə mən hesab edirəm ki, elm və din fərqli problemlərlə məşğul olur və fərqli metodlardan istifadə edir. Elm kainatın necə bir quruluşa malik olduğuna, onun necə inkişaf etdiyinə və bu kimi suallara cavab axtarır. Din isə ali məna, insanlar arasında və insanlarla Tanrı arasında qarşılıqlı münasibətlərin necə olmalı olduğuna dair suallara cavab verir.” Filipsin bu cavabı ateist alimlər üçün gülüş mənbəyi olsa da cavab mənə görə kifayət qədər məntiqə söykənən bir cavabdır. Elm nə qədər sürətlə inkişaf etsə də bir çox sualların qarşısında acizdir, “İnsan dünyaya niyə gəlib?”, “Şüur nədir?” kimi suallar hələdə elmin sərhədindən çox-çox uzaqlardadır və məncə bu sualların ağırlığı artıq ətrafımızda və içimizdə olan şeylərin “niyə”si ilə maraqlanan və görünən ilə görünməyən arasındakı əlaqəni ortaya çıxaran metafizikanın üzərinə düşür.

XX əsrin ikinci yarısına qədər elm ümumiyyətlə sekulyar bir cəmiyyətə söykənsə də sonradan bu əks istiqamətdə dəyişdi. Artıq alimlərdə araşdırdıqca ortada bir “fövqəltəbii qüvvə” və “xarici təsir” amillərini ortaya çıxardılar. Nəticədə C.Ekls, Ç.Tauns, V.Heyzenberq, R.Milliken, Q.Markoni, A.Şavlov, A.Kompton, A. Rabi və digər öz sahəsi üzrə ən yüksək elmi mükafat olan Nobel laureatları ortaya çıxdı ki, onlarda özlərini “dualist”lər adlandırırdı. Alimlərin özlərinin yazdığına görə ibadət onlarda daxili aləmin zənginliyinə, əxlaq kodekslərinə, mənəvi və mədəni dəyərlərinin formalaşmasında böyük rol oynadı. Fizika üzrə Nobel mükafatçısı olan Ç.Taun yazırdı: “ Elm və din çox vaxt bizim əqidələrimizin və dünya haqqında təsəvvürlərimizin ayrı-ayrı aspektləri kimi nəzərdən keçirilir. Lakin din kainatın məqsədini, elm isə onun təbiətini və xarakteristikasını araşdırır.”

Bəs bu gün dinlə elmin münaqişəsi nədədir?! Əslində bunun kökündə çox nüanslar dayanır ki, onlardan ən başlıcası dinin öz sərhədlərindən daha uzaqlara çıxması və xarici müdaxilələr durur. Məsələnin məğzinə varmaq üçün islam dinini bir nümunə götürərək tarixə qayıdıb, müqayisəli təhlillə bəzi nüansları ortaya çıxarmaq istərdim.

IX əsrdə Bağdadda hər həftənin çərşənbə günləri “məclüsül-əql” adlı elmi toplantı təşkil olunurdu. Dinindən, irqindən və yaşadığı ölkədən asılı olmayaraq hər bir alim bu məclisdə iştirak edib astronomiya, kimya, fizika və digər elmlər barədə fikir mübadiləsi aparırdı. Xəlifənin də iştirak etdiyi bu məclisdə heç kim nəyəsə məcbur olunmurdu, sadəcə hər bir kəs öz fikrini elmi və məntiqi yolla izah etməli idi. Məhz “İslamın qızıl dövrü” adlandırılan o dövrün ən məşhur alimləri belə elmi məclislərdən çıxan savadlı insanlar idi.

Belə bir sual yaranır bəs hanı indi o alimlər?! Yuxarıda qeyd etdiyim dinin öz sərhədlərindən daha uzağa çıxması bu gün elə alimlərin yetişməsinin qarşısını alır. Bu gün elmi məclislər öz yerini tamamilə dini məclislərə verib. Fiqhi öyrənməyə vaxtının bütün hissəsini ayıran insan kimya, biologiya, fizika kimi sahələrə ümumiyyətlə marağını itirir. Əgər bizə buyurulursa “Allah deyir, səndən hərəkət, məndən bərəkət” bu gün biz niyə Quranda möcüzə axtarmalıyıq?! Quran ayələri bizə mənəvi dəyərlər aşıladığı halda orada fiziki qanunlar axtarmaq bu gün müsəlman aləminin ən böyük bədbəxtçiliklərindən biridir.

Biz dinə elmi yox sırf kulturologiya, psixologiya və fəlsəfə prizmasından baxa bilərik. Məsələn: İslam dinini çoxarvadlılıq baxımdan tənqid etməkdənsə etnososioloji baxımdan tənqid olunmasının tərəfdarıyam. Millət, mədəniyyət, dövlət kimi üç etnososioloji mərhələni bir nöqtədə birləşdirən insanın yataq həyatını müzakirə obyektinə çevirmək mənə görə primitivliyin ən son nöqtəsidir.

Bu məsələdə maraqlı olan isə odur ki, E.Qibbon, M.Qandi, O.Bismark, L.Tolstoy, B.Şou, J.Masserman və s. digər dinlərə mənsub olan dünya üzrə tanınmış insanlar islam peyğəmbərinin mənəvi keyfiyyətləri barədə danışdıqları halda sırf müsəlmanlar onun şəxsi həyatını gündəmdə saxlamağı sevir. Məhz müsəlmanın bu xırdaçılığı, çürükçülüyü və məsələlərə qara eynəklə baxıb, öz aşını ilə ölçməsi nəticəsində bu gün islam aləmi xaos yaşayır.

Bu yaxınlarda məscidlərin birində İmam Əli dediyimə görə məndən “əleyhissalam” sözünü deyilməsini israrla tələb edən bir gəncə bu sözün heç bir ilahi əhəmiyyət oynamadığını, sadəcə “üzərinə salam olsun” kimi tərcümə olunub, adı çəkilən şəxsə salam göndərməkdən ibarət olduğunu başa salmışdım. Bu gənc səhabələri özü üçün o qədər ilahiləşdirmişdi ki, ibadət etdiyi Allah onun üçün artıq həmən şəxslərin kölgəsində qalmışdı. Bu gün ki, dini cəmiyyətin problemlərindən ən böyüyü də məhz budur, insanları ilahiləşdirmək və onların əmrinə tabe olmaq.

Hətta əsl din deyə buyurduğumuz islam qanunlarında bu gün əksər müsəlmanların etdikləri nəyin ki, düz deyil, hətta günahdır. Misal üçün, islam peyğəmbəri “Ölü üçün baş-gözünə vuran, yaxasını cıran və cahiliyyə adətindəki kimi fəryad qoparan bizdən deyildir” buyursa da bu gün dindarların çoxu ona əməl etmir.

Yuxarıda qeyd etdiyim digər nüans isə xarici qüvvələrin təsiri idi. Nədir bu təsir?! Bu gün bir-iki elmi kitab yazıb özünü alim adlandıran insanlar öz ateist düşüncələri ilə din ilə məşğul olan insanın heç bir elmi nailiyyəti ola bilməyəcəyini, elmin sırf ateizm üzərində qurulduğunu bildirirlər. Yuxarıda dualistlər barədə yazdıqlarımla bu məsələyə artıq toxunmuşam. İstəyərdim indi sırf ateizmin bu dünyaya nə verib və nə verə biləcəyinə baxım.

Tarixçilərə görə, dinsiz cəmiyyət heç zaman olmayıb. Qədim yunan mütəfəkkiri Plutarx bu barədə yazır: “Yer üzünə bir nəzər salın: siz istehkamsız, elmsiz, rütbəsiz şəhərlər tapa bilərsiz; siz pullar barədə heç nə bilməyən, incəsənətdən məlumatı olmayan insanlar görə bilərsiz; amma siz Tanrısız bir insan cəmiyyəti, qurbankəsmə, andiçmə və ibadət ənənəsi olmayan, məbədsiz şəhər tapa bilməzsiz”. Bunun isə yalnız bir izahı var: bəşəriyyət tarix boyu dinə ehtiyac duymuş, onda ruhi təskinlik və mənəvi qida tapmışdır. Ümumiyyətlə iman insan həyatında mənəvi dayaq rolu oynayır.

Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, dindar şəxslər ateistlərə nisbətən ruhi cəhətdən daha sağlam olurlar. Onlar arasında nevroz, depressiya və digər ruhi sarsıntılar daha az müşahidə edilir. Məşhur hind mütəfəkkiri Mahatma Qandi bu həqiqəti çox gözəl ifadə edir: “Əgər din olmasa idi, mən çoxdan dəli olardım”. Xalqların milli-mənəvi dəyərlərinin formalaşmasında dinlər bilavasitə rol oynamışdır. Əxlaqi prinsiplərin formalaşmasında, mədəni dəyərlərin insanlara aşılanmasında dinlər az iş görməmişdir.

Ancaq ateist olan bir çox şəxsiyyətlər bunun tam əksini düşünür. Məsələn: Türkiyədə kifayət qədər tanınan Celal Şengör deyir: “Porno yararlıdır və məktəblərdə mütləq tədris olunmalıdır” və ya məşhur ateist alim olan R. Dawkins “daun sindromlu uşaqların ana bətnində öldürülməsini” təklif edir. Digər ateist alim olan Kraussa görə isə bacı və qardaş arasındakı insest normaldır. Yəqin ki, buna görə zorlama cinayətinə dair faktlar məhz ateistlərin çoxluq təşkil etdiyi Amerika, İsveç, Fransa kimi ölkələrin payına düşür.

Gəlin tarixdə ateist olan şəxsiyyətlərin cəmiyyətə nə verdiklərinə nəzər yetirək. Mao Tsedun kommunist partiyasını dəstəkləməyən 43 milyon insanı “sinfi düşmən” adlandıraraq, güllələtdirmişdi, V.Lenin - insanları Allaha və çara nifrət etdirmək üçün saxta bir buğda qıtlığı yaradaraq 5 milyon insanın ölməsinə səbəb olmuş. Stalin – 13 min ruhanini güllələtdirib, 2 milyon insanı aclıqdan ölməsinə səbəb olmuş, Pol Pot - “Ölüm tarlaları” adı ilə tanınan sahələrdə insanları ölənə qədər işlətmişdir, Kim.İ.Sunq - təkamül prosesini sürətləndirmək üçün 1.500000 şikəst və xəstəni öldürmüşdür. Ümumilikdə milyardlarla insanın məhv olması deməkdir ki, bu da artıq soyqırımıdır.

Maraqlı cəhətlərdən biri isə də odur ki, bu insanların hamısı kommunizm ideologiyasının nümayəndələri olub. Bu ideologiyanın baniləri olan Karl Marks və Engels ateist idilər. Ateizm anarxizm də biruzə verib. Məsələn, anarxiya kimi zorakı, şiddəti və vəhşiliyi sevən bir cərəyanın ən görkəmli üzvləri olan Bakunin, Qodvin belə ateist olmuşdur. Anarxist olan M. Bakunin yazırdı “Tanrı həqiqətən varsa, onu yox etmək lazımdır”. Sərhəd tanımayan ateizm üçün zorakılıq və vəhşilik kimi qeyri-insani keyfiyyətlər adi şeylər sayılır.

Deməli nəticə etibarilə din və elm bir fərddə vəhdət tapa bilər. Dinə elm yox, məhz helmi cəhətdən yanaşma insanı ali təbəqəyə yüksəldər. Bunun üçün o, dini ibadəti sırf öz mənəvi aləminin zənginləşdirməsi üçün “xərcləyib”, elm fədaisi olmalıdır. Sual yarana bilər ki, bunu dinsiz etmək guya mümkün deyilmi?! Bu suala belə cavab vermək istəyərdim. Din bizə səbirli olub, hər hansı bir məsələni araşdırmadan danışmamağı, qəzəbin şeytan əməli olduğunu bildirir. Din insan üçün müəyyən çərçivə çəkir, çərçivədən çıxmaqla insan öz nəfsinin quluna çevrilir, onu həyatda sıxan adi şeylər qarşısında dözümsüzlük göstərir. Dinin bu və digər keyfiyyətləri insanı məhz elmə fokuslanmağa kömək edir. Bir sözlə ideal insan prototipini yaratmaq üçün insan öz dini imanını elminin inkişafı yolunda çəpər çəkməyə yox, daxili aləminin, əxlaq və mədəniyyətinin, humanistliyinin çiçəklənməsi yolunda qurban verməlidir.

Orxan Rəcəbzadə

# 2895 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #