Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj

Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj
12 iyul 2024
# 15:00

Kulis.az Türkan Nağıyevanın Budapeştdən hazırladığı reportajı təqdim edir.

Macarıstanda türk izləri

“Gül Baba türbəsi? Macarıstanda?”

“Budapeştdə türklərə aid abidə də var?”

“Neçə il türk əsarətində qalıblar, nə əcəb türklərə belə hörmətləri var?”

Macarıstanın Budapeşt şəhərində yerləşən Gül Baba türbəsini ziyarət edərkən çəkdiyim fotoları sosial mediada paylaşdıqdan sonra bəzi dostlar təəccüblə bu sualları ünvanladı.

Təəccüblü səslənə bilər, beyninizdə suallar yarana bilər.

Axı necə olur ki, 140 il Osmanlı əsarətində qalmış bir ölkədə türk millətinə qarşı aqressiya formalaşdırmamaqla yanaşı, türk insanına qarşı hörmət də var? Bu nədən qaynaqlanır?

Yeri gəlmişkən... Gül Baba türbəsi haqqında danışmazdan əvvəl, macarların Vəzir Abdurrahman Abdi Arnavut Paşanın Budapeştin mərkəzində yerləşən məzar daşının üzərinə cızdıqları yazıya da diqqət çəkmək istəyirəm:

“145 yıllık Türk egemenliğinin son Buda valisi Abdurrahman Abdi Arnavut Paşa – Bu yerin yakınında 1686 Eylül ayının 2 günü öğlenden sonra yaşamının 70 yılında maktul düştü. Kahraman düşmandı, rahat uyusun”.

(bu yazı məzar daşının önündə macarca, arxasında isə türkcə yazılıb - red.)

Əvvəla, bu “qəhrəman düşmən”lə bağlı təsəvvürü olmayanlar üçün bir cümlə ilə, qısa və konkret onu deyim ki, Abdi Arnavut paşa Osmanlının Buda vilayətini işğal etdiyi zaman həmin vilayətin valisi təyin olunmuş, xaçlıların Budaya yürüşünün qarşısını almış qəhrəman sərkərdədir.

Qəhrəman düşmən...

Macar xalqını nə vadar edir ki, köhnə düşmənlərinə qarşı ehtiramlarını nümayiş etdirsinlər və onların şərəfinə memorial, abidə ucaltsınlar?

Budapeştdə rast gəldiyim türk izləri məni daha çox bu sual ətrafında düşünməyə vadar edir. Türk şəhidlərinin məzarları, Abdi Arnavut paşa memorialı, Gül Baba türbəsi və s. Yəni türklərə rəğbət simvolu bununla yekunlaşmır.

Onu da nəzərə alaq ki, macarlar heykəltaraşlığa olduqca meyilli xalqdır. Burada sözün əsl mənasında, hər addımbaşı heykəllərə rast gəlmək olar. Hər ölçüdə heykəllər görə bilərsiniz: gözlə uzaqdan görünməyəcək 3-5 santimetrlik heykəlciklər belə hər addımda rast gəlinəndir.

Belə xalqın bir insana rəğbət və ehtiramını bildirməyinin ən gözəl yolu onun adına heykəl ucaltmaq olar, elə deyilmi? Gül Babanın heykəli və türbəsi də Budapeştin, demək olar ki, mərkəzində yerləşir.

Bu tarixi şəxsiyyət haqqında müxtəlif mənbələrdə fərqli məlumatlara rast gələ bilərsiniz. Sizi əziyyətə salmadan ən çox yayılmış rəvayəti təqdim etmək istəyirəm.

Həmin rəvayətlər arasında ən qədim sayılan bu rəvayət 17-ci əsrin məşhur səyyahı Övliya Çələbiyə aiddir:

Bəktaşi dərviş olan Gül Baba Fateh Sultan Məhmədin dövründən Qanuni Sultan Süleymanın dövrünə qədər bir çox səfərlərə, döyüşlərə qatılmışdır. Sultan Suleymanın dəvəti ilə Buda səfərində də iştirak etmiş, burada qılınan ilk Cümə namazında vəfat etmişdir.

Abidə haqqında kiçik tarixi fakt:

1686-cı ildə Budada Osmanlı hakimiyyətinin sona çatması ilə Gül Baba dərgahı avstriyalılar tərəfindən tamamilə dağıdıldı və Gül Baba Türbəsi kilsəyə çevrildi. Sultan Əbdüləzizin Qərbi Avropadan qayıtdıqdan sonra Peştə səfəri və sonrakı siyasi proseslərə paralel olaraq Gül Baba Macarıstanda yenidən xatırlanaraq türklərə rəğbət simvoluna çevrildi.

Gül Baba türbəsinin yanında türk izlərinə həsr olunmuş kiçik muzey də fəaliyyət göstərir. Macarıstan-Osmanlı savaşları, türklərin tarixi, milli alətləri, simvolikaları ilə bağlı görsəlli və yazılı bilgilərə burada rast gələ bilərsiniz.

Türkiyə Cümhuriyyətinin hakim təbəqəsindən bir çox şəxs bu muzeyə öz hədiyyələrini bağışlamışdır və bu hədiyyələr xüsusi köşədə mühafizə olunur.

Gül Baba fərqli mədəniyyətlər arasında qarşılıqlı sayğı və anlayışın, barış içində bir arada yaşamağın və dostluq bağlarının hakim olmasına yönəlmiş bir çağırışın simvoludur. Türbə ziyarət edilən dini mərkəz olmaqla yanaşı, Avropada Türk mədəniyyətinin yaşadıldığı bir məkan olaraq məşhurdur.

Gül Baba türbəsinin ətrafı qızılgül bağıyla əhatə olunub. Bağa daxil olarkən doğma bir hiss insanın içini sarır. Buralar öz məskənim imiş kimi bir hiss...

Doğma məkan, doğma qoxu, doğma hiss...

Budapeştdə yad olmadığımı hiss etdiyim tək məkan buradır, deyə bilirəm. Türk izlərinə rastladığım hər məkana istiqanlılıqla yanaşıram, çünki mənə doğma olan ruhları hiss edirəm, beləcə də, özümü bu torpaqlarda qətiyyən yad saymıram.

Deməli, vətəndən kənarda da doğmalıq tapmaq olur.

Türkün yatdığı torpaqların hamısı doğmadır, əzizdir!

# 3296 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #