Tədqiqatçı-alim: “Nəsimi” filmi Nəsimini anlamağa mane olur” – Müsahibə

Tədqiqatçı-alim: “Nəsimi” filmi Nəsimini anlamağa mane olur” – Müsahibə
26 dekabr 2019
# 15:03

Kulis.az nəsimişünas alim Səadət Şıxıyeva ilə “Nəsimi ili”nin yekunları barədə müsahibəni təqdim edir.

- “Nəsimi ili” yekunlaşır. İlin yekunu ilə bağlı ümumi nələri deyərdiniz? Necə bir Nəsimi ili yaşadıq?

- Nəsimi ilinin hər günü mənə bir təlatümlü dəniz kimi göründü. Gərginlik, emosionallıq, məsuliyyət, sarsıntı, heyranlıq, məmnunluq, sevinc, bir sözlə, bu sahənin tədqiqatçısının 30 ildə yaşa bilmədiyi bütün hissləri bir ildə yaşadan duyğu dolu bir il oldu. Əlbəttə, bu dediklərim fərdi xarakterlidir, konkret olaraq özümə aiddir. Ümumilikdə isə insanların iş potensialını artırdı, daha faydalı və qalıcı işlər görməyə istiqamətləndirdi. Həmçinin, bu il insanlarımızın çoxunu məişət qayğıları, bayağı informasiyalar, zövqləri korlayan verilişlər və sairdən ayıraraq, saflıq, mənəvi-əxlaqi dəyərlər aşılayan bir dünyaya köklədi, ali hisslər barədə düşünməyə, daha dərin düşüncələr barədə fikir yürütməyə yönəltdi...

- Nəsimi ilə bağlı istər ölkədə, istərsə də xaricdə yüzlərlə tədbir keçirildi, layihələr oldu. Bunların içində ən yaddaqalan hansıları hesab edirsiniz?

- Həqiqətən, çoxlu tədbirlər keçirildi. Əslində, iştirak etdiyim tədbirlərin hər birində yaddaqalan məqamlar çox oldu. Amma ən çox bəyəndiyim Dövlət Təhlükəsizlik Xidməti Akademiyasında keçirilən tədbir və orada mənim ssenarim əsasında oynanılan səhnəcik, Miqrasiya Xidmətinin çox fərqli formatda təqdim etdiyi Nəsimiyə həsr olunmuş tədbir idi. Ümumilikdə ölkədaxili - Bakı, Xırdalan, Şamaxı, Sumqayıt, İmişlidə və ölkə xaricində - Belçika, İordaniya, Özbəkistanda olduğum tədbirlərin hər biri Nəsiminin şəxsiyyətinə diqqəti cəlb etmək, onun sözünü yaşatmaq niyyətini güdürdü. Bu tədbirlərin əksəriyyəti Azərbaycan insanının bəşər övladının düşüncə tarixindəki yerini anlatmağa yönəlik idi. Xaricdə və daxildə təşkil olunan bu işlərin əhəmiyyəti çox oldu. Vurğulamaq istərdim ki, Nəsimi cəmiyyətin müxtəlif zümrələrini öz ətrafına toplaya biləcək bir qüdrət sahibidir. Çünki çoxyönlü şəxsiyyəti ilə həm dini, həm dünyəvi dəyərləri, həm fərdi, həm də ictimai maraqları ifadə edir. Buna görə də iştirakçısı olduğum tədbirlərdə ona səmimi rəğbətin, haqqında çox öyrənmək istəklərinin şahidi oldum. Qənaətim belədir ki, yaşca böyük və ya kiçik insanlar təkcə o şəxsiyyətin sözündən ani nurlanmadılar. Hər kəs ondan söz edə-edə özü də elə bildiyi, dərk etdiyi, qavradığı qədər Nəsimiləşdi, kamilləşdi... Və təbii ki, bu, Nəsimiyə səmimi üz tutanların, onu sevgi gözü ilə görənlərin qismətinə düşdü. Şairin irsinə kampaniyaçılıq, kommersiya, özünüreklam, qərəz kimi məhdud niyyətlərlə müraciət edənlər öz qaranlıq dünyalarının zülmətini artırdılar. Nə nurdan, nə də ali dəyərdən iz tapdılar...

- Bildiyiniz və dəfələrlə qeyd etdiyiniz kimi, Nəsimi ilə bağlı çoxlu mübahisəli məsələlər var. Gəlin, əvvəlcə onun məzar yerindən başlayaq. Hələbdəki məlum məqbərənin məhz bizim Nəsimiyə aid olduğunun elmi sübutu varmı?

- Bəli, Nəsiminin həyatı və şəxsiyyəti barədə mübahisəli məqamlar olduqca çoxdur. Tədqiqatlarım boyunca gördüm ki, onun bioqrafiyası, görüşləri, sələf və xələfləri barədə mülahizələrdə fikir haçalanmaları, ziddiyyətlər, təhriflər hədsizdir. Hər məqalə və araşdırmamda bu qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdım.

Şairin məzarına gəldikdə, Hələbdəki türbənin Nəsimiyə aid olduğu şəksizdir. Çünki orta əsrlərin tarixi qaynaqları, səyahətnamələri və sairədə yer alan məlumatların hər biri onun məhz bildiyimiz yerdə – Hələbdə, bu şəhərin məşhur qalasının üzbə-üzündə dəfn olunduğunu təsdiqləyir. Şairin müasirlərindən bizim çağdaşlarımıza qədər çoxsaylı müəlliflər həmin faktı qeyd edirlər. Bununla belə, Nəsiminin məzarının Şirazda və ya Qazıəntəpdə olması barədəki mülahizələri də xatırlatmalıyam. Onun məzarının Şirazda olması bir sıra farsdilli təzkirəçilərin əsərlərində eynilə təkrarlanır. Həmin mənbələrdə onun bütün həyatı Şirazla hüdudlanır. Bu isə tarixi Nəsiminin səyahətlərdə keçən ömrü barədə bildiklərimizə uyğun deyil. Çox ehtimal ki, məzarının Şiraz yaxınlığındakı Zərkanda olduğu bildirilən şəxs ya eyni təxəllüsü daşıyan çoxsaylı Nəsimilərdən biri olmuş, ya da elə Nəsimi ardıcıllarından olduğundan o adla tanınmışdır. Bu günlərdə Nəsiminin XV əsrin ikinci yarısında İranda fəaliyyət göstərən bir ardıcılı barədə məlumatı üzə çıxardım ki, bu da onların İranı tərk etdikdən sonra bu coğrafiya ilə əlaqələrinin qırılmadığını təsdiqləyən daha bir dəlildir. Ümumiyyətlə, hürufilik XV-XVI əsrlərdə İranda aktiv fəaliyyətdə olub. Şirazda məzarı olan Nəsimi də həmin şəxslərdən biri ola bilər.. Müasir müəlliflərdən az bir qisminin şairin məzarının Qazıəntəpdə olması barədəki ehtimalları isə elə fərziyə olaraq qalır və orta əsr qaynaqlarında təsdiqini tapmır.

- “Şah Xəndan” məzarlığı ilə bağlı da oxucuların təsəvvüründə qeyri-müəyyən vəziyyət var. Bu barədə nə deyə bilərsiniz?

- “Şah Xəndan” məzarlığında bu böyük sufinin dəfn olunması təsəvvürünün tarixi Salman Mümtazdan öncəyə getmir, təəssüf ki... Bu mövzunu, yəni ortaçağ qaynaqlarında Nəsiminin kiçik qardaşı Şah Xəndanın şəxsiyyəti barədə deyilənləri uzun müddət araşdırdım. Haqqında iri həcmli məqalə də yazdım. Amma onun məzarı ilə bağlı indilikdə əlimdə olan elə Seyid Əzim Şirvaniyə aid edilən məşhur:

Mən öləndə Şaxandanda basdırın,

Çünki onun şahidi-Xəndanı var,

- beyti və bu əsasda da Salman Mümtazın Şahxəndan (Şaxanda) qəbiristanlığının Nəsiminin qardaşı Şah Xəndanın adını daşıdığı barədəki mülahizəsidir. Amma bu beyti Seyid Əzimin divanında axtarışım da nəticəsiz qaldı. Belə ki, şairin divanında eyni rədif və eyni qafiyəli şeir yer alsa da, məhz bu beytə rast gəlmədim. Əslində, onun belə beyti söyləyə biləcəyinə də şübhəm var. Çünki Seyd Əzim vəsiyyət edəcək yaşda vəfat etməyib. Onun ölümü 53 yaşında qəfil olub. Bu mənada, məncə, bu qəlibləşmiş qənaət ətrafında düşünməyə dəyər. Bundan başqa, “Şah Xəndan” türbəsi XVIII əsrə aiddir və həmin türbənin daxilindəki iki məzarın üzərindəki yazı və tarixlər də Şah Xəndanla əlaqəli deyil. Bu mənada Şah Xəndanın adı ilə adlanan məzarlıqda ona aid qəbir axtarılıb üzə çıxarılmalıdır.

Zamanında Nəsimi kimi tanınmış şəxslərdən olan Şah Xəndana sahib çıxmalı və onun məzarının yerini müəyyənləşdirməliyik. Yoxsa, indiki laqeyd durumumuzla bu iki qardaşı əfsanə və nağıl qəhrəmanı edərək, tarixi gerçəkliyi bir qədər də özümüzdən uzaqlaşdırır, tarixin qaranlığına gömürük.

- Bu il biz nələri etməliydik və edə bilmədik?

- Əslində bu il az iş görülmədi. İl boyu aparılan axtarışlar müəyyən konkret nəticələrə gətirdi. Tanınmış mətnşünas Paşa Kərimovun Nəsiminin anadilli divanının 6 surətini Azərbaycana gətirməsi, həmyerlimiz Seymur Nəsirovun Misirdə Nəsimi külliyyatını üzə çıxarması, soydaşımız, təbrizli tədqiqatçı Məhəmmədrza Kəriminin şairin ana dilində mənzum risaləsini - “Təriqətnamə” adlı əsərini və mənim şairə aid farsca mənsur “Afaq və ənfus”u elmi dövriyyəyə gətirməmiz, şəksiz ki, nəsimişünaslığı zənginləşdirir. Nəsimiyə həsr olunmuş bir sıra məqalə topluları (“Mətn və kontekstlər: Nəsiminin bir qəzəlinə dair şərhlər”, “Əbədiyyət günəşi”, “Bir əsrlik Nəsimi araşdırmalari”, “Zərrə mənəm, günəş mənəm” və s.) uğurlu sayıla bilər. Başqa nəşrlərin də yeni işıq üzü görməsi, yaxud mətbəədə olmasından xəbərim var. Buna görə də bütün nəşrləri yalnız 2020-ci ilin ilk aylarında daha dəqiq dəyərləndirmək mümkün olacaq. Amma mündəricat, mövzu və məzmun baxımından fərqlənən yuxarıda xatırlatdığım nəşrlər hələ uzun illər müraciət olunacaq toplulardır. Şairin əsərlərinin nəşri haqqında, təəssüf ki, bunları deyə bilmirəm. Olunan nəşrlər tələsik hazırlandığı və təkrar olunduğu üçün irəliyə doğru addım və ya inkişaf sayıla bilməz.

Qaldı, sualınızın əsas hissəsinə - nələri etməliydik və edə bilmədik, məncə, hər şeydən öncə ciddi əsaslı Nəsimi Mərkəzi yaradılmalı idi. Belə olardısa, kortəbiilik, kütləvilik və pərakəndəliyin qarşısı, qismən də olsa, alınardı. Vahid mərkəzdən idarəetmə və nəzarət olmadığından kampaniyaçılıq, hay-küylü bəyanatlar, qərəzli inkaretmələr, qeyri-peşəkar təhriflər, layihə adı altında qazancgüdmələr, düşünmürəm ki, nəsimişünaslığı çox irəli apardı. Vahid mərkəz bu kimi neqativ halların qarşısını alar, xərclənən məsrəf və enerjini məlum olanın təkrarına deyil, boşluqların müəyyənləşməsi və aradan qalxmasına yönəldərdi. Boşluqlar isə vardı və var: Nəsiminin anadilli divanının ciddi elmi-tənqidi mətninin nəşri, şairin hər iki divanının şərhli nəşri, nəsr əsərlərinin toplanaraq külliyyat halında çapı, Türkiyədə qorunan bəzi mətnlərin əldə olunaraq nəşr edilməsi və s. kimi məsələlər, təəssüf ki, bu il həllini tapmadı. Əslində bu saydıqlarım bir il çərçivəsində görüləcək işlər deyil, belə işlərin keyfiyyətli görülməsi üçün peşəkar tədqiqatçıların birgə və illər boyu fəaliyyət göstərməsinə ehtiyac var

- Bu il səslənən maraqlı fikirlərdən biri həm də Nəsiminin hürufilik kontekstindən kənarda araşdırılması oldu. Bu təriqət haqqında bilgilərimizin az olması bəzən Nəsimiyə şair kimi qovuşmağımıza mane olur. Sizcə, Nəsimini doğrudan da lazım gələn məqamda hürufilikdən kənar, zamanımıza uyğunlaşdıraraq, daha əlçatan edərək araşdırmaq vacibdirmi?

- Bu görüşləri heç bir zaman qəbul etmədim və edə bilmərəm. Bu cür yanaşma tarixi Nəsimini “redaktə” və təhrif etmədir. Müasir və müstəqil düşüncə iddiamızla bu şəkildə yanılma və yanıltmalar bir araya sığmır. Belə yanaşmalar elə sovet ideologiyasına uyğun olaraq təriqətlər qarşısında qorxu, anlaşılmaz fobiya və bilgisizlikdən irəli gəlir. Bugünkü ciddi tədqiqatçının borcu təkcə Nəsimini deyil, bütün klassiklərimizi onların tarixi şəxsiyyəti və həqiqi portretinə uyğun təqdimetmədir. Nəsiminin hürufiliyə aidiyyəti hər hansı bir şübhədən kənar həqiqətdir. Çünki şairin əsərləri, xüsusilə farsca qəzəlləri və türkcə tuyuqları hürufilik ideyalarının ifadə və təbliğindən ibarətdir. O, hər iki divanında özünün “əhli-Fəzl”dən olduğunu bildirir, dönə-dönə Fəzlullahı mədh edir, onun təliminə mənsubiyyətini təsdiqləyir. Fəzlullah da “Növmnamə”sində Seyid İmadla əlaqəsini vurğulayır. Fəzlullahın ən yaxın xəlifəsi olan və Nəsimini şəxsən tanıyan Əliyyül-Əla və bacısı oğlu Əmir Qiyasəddin Məhəmməd də ondan hürufi olaraq bəhs edirlər. Digər çoxsaylı və çoxdilli qaynaqlarda da bu, bir fakt olaraq bildirilir. Bu mənada Nəsimini özümüzə uyğunlaşdıraraq, sadələşdirə bilmərik. Biz onu ölümsüz edən səbəbləri, böyük bir coğrafiyada əbədiyaşara çevirən cəhətləri araşdırmalıyıq. Nəsimi kimi şairlərin öyrənilməsi və öyrədilməsində məqsəd onları bəsitləşdirmək deyil, ülvi ucalığına yüksəlmək olmalıdır.

- Səmimi etiraf edək ki, əksər oxucularda “Nəsimi müstəqillik dövründə yaxşı araşdırılmadı” qənaəti var. Bu qənaət nə dərəcədə realdır və niyə mövcuddur?

- Buna ən çox təəssüflənən mən oldum. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişəm. Bu 28 il ərzində Nəsiminin şəxsiyyəti, mirası, dövrü, sələfləri, xələfləri və sair barədə çox sayda tədqiqatlar apardım, çoxsaylı məqalə, tezis çap etdirdim, çeşidli seminar, qurultay və konfranslarda Nəsimi irsini təqdim və təbliğ etdim. Bu mətnlərə çoxsaylı istinadlar edildi. Amma geniş dairələr bundan xəbərsiz kimi görünür. Bunun bir səbəbi elmi əsərlərin auditoriyasının geniş olmamasıdırsa, digər səbəbi insanların ciddi nəşrləri mütaliə və dərkə deyil, daha çox sensasiyalı bəyanatlara, səthi yozumlara meylliliyidir. Bunun kökü isə təhsil sisteminə, o cümlədən Nəsiminin tədrisinə gedib çıxır. Orta məktəbdə Nəsiminin əfsanə qəhrəmanı kimi təhrifli və səthi təqdimi, ona aid olmayan şeirlərlə (“Ağrımaz”) yaddaşlara yazılması tarixi Nəsiminin qəbulunu çətinləşdirir.

“Nəsimi” filminin uğurlu aktyor seçimi və sevilən ekran əsəri olması da tarixi Nəsiminin qəbulu qarşısında ciddi maneədir. Filmin aşıladığı bəzi yanlış ideyaları kollektiv şüurdan silmək olduqca əziyyətli və məşəqqətli bir işə dönüb.

Ən nəhayət, “Müstəqillik dövründə Nəsimidən heç nə yazılmayıb və ya az yazılıb” təsəvvürünü yaradanların əksəriyyəti elmi mühitdə təsadüfi adamlar olduğundan onların qərəzli mövqeyi Nəsimiyə aid ciddi tədqiqatlardan diqqəti yayındırmağa yönəldilib.

Başqa bir səbəb şair haqqındakı ciddi əsərlərin kitab şəklində nəşrinin yubanması ola bilər. Amma ümid edirəm ki, bu ildən başlayan ciddi əsərlərin nəşri prosesi davam edəcək və həmin təsəvvürlərin gerçəkliyi əks etdirmədiyini, tarixi Nəsiminin həqiqətlərinin elə müstəqillik illərində əslinə uyğun biçimdə üzə çıxarıldığını sübuta yetirəcək.

# 6904 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #