“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə

“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı”  - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
19 yanvar 2021
# 15:11

Düz 31 il əvvəl bu gecə - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixinə qara hərflərlə yazılmış "20 yanvar" faciəsi baş verib. Həmin gecə Azərbaycan Televiziyası xalqın ümid yeri idi. Kulis.az faciə baş verən gecə efirdə olan Azərbaycan Televiziyasının məşhur diktoru Tamilla Ələkbərova ilə müsahibəni təqdim edir. Diktor həmin gecə televiziyada baş verənlər barədə danışır.

- Tamella xanım, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin canlı şahidlərindən birisiniz. Həmin günlər sizin xatirinizdə necə qalıb?

- Biz Salyan kazarması deyilən yerin yaxınlığında xəstəxana ilə üz-üzə yaşayırdıq. Hadisə vaxtı şəhərə daxil olan əsgərlər ata-ata gedirdilər. Onlar üçün silahların hara və kimə dəyməsinin əhəmiyyəti yox idi. Yadıma gəlir ki, qızım hadisə vaxtı başını pəncərədən çölə çıxarmaq istəyəndə, onu tez çəkib yerə salmışdım. Səhəri gün bizim eyvanın altında vurulan insanların qanından gölməçələr yaranmışdı. Onların qanı bir ay qurumadı.

- Hadisə baş verəndə siz televiziyada idiniz?

- Bəli. O zaman Xalq cəbhəsinin adamları televiziyaya gəlib bizə dedilər ki, çıxın. Biz hamımız otaqdan çıxarkən bir az ləngidik, amma çıxdıq. Kütləyə qoşulub bir az gedəndən sonra yenidən televiziyaya qayıdıb diktorlar otağına yığışdıq. Bundan sonra rəhmətlik yoldaşım gəlib bizi apardı. O vaxtı mənim yanımda Nərgiz (Nərgiz Cəlilova red.) və başqa diktorlar var idi. Həmin gecə də ruslar televiziyanın enerji blokunu partlatdılar.

- Bildiyimə görə siz həmin vaxt studiyada olmusunuz və xəbərləri oxumusunuz. Zəhmət olmasa, bir az bu barədə danışardınız.

- Bilirsiniz, qızım, mən o dövrdə çox şey görmüşəm. Rəhmətlik Salatın Əsgərova bizim ailəyə yaxın insan idi, mənim qızımla dostluq edirdilər. O, gecə ilə Ağdama gedəndə mənə zəng vurub dedi ki, Tamella xanım, mən gedirəm. Ona dedim ki, ay qızım, balaca körpə uşağın var, getmə xahiş edirəm. Dedi, yox, mən getməyim, o birisi getməsin, bəs kim getsin? Gedim, hər şeyi öz gözümlə görüb yazım. Getdi, şəhid oldu... İndi qayıdıram sənin sualına. Televiziyanın enerji blokunu partlatmazdan əvvəl mən xəbərləri oxuyanda mənimlə üzbəüz bir yekəpər soldat dayanmışdı. İndi də yadıma düşəndə qəhərlənirəm (kövrəlir). O, kameranın yanında əlində avtomat dayanıb diqqətlə mənə baxırdı, avtomatı da düz mənə doğru tuşlamışdı. Ona icazə vermişdilər ki, əgər onların əleyhinə mənim ağzımdan nə isə artıq əskik bir söz çıxsa, yerimdəcə məni öldürsün. Həmin vaxt bir Allah bilir ki, mən o xəbərləri necə titrəyə-titrəyə oxuyub studiyadan çıxdım. Ondan sonra enerji bloku partladıldı. Binanın bütün mərtəbələrində qışqırıq, hay-həşir qopdu. Adamlar bir-birinə dəydilər.

- Həmin vaxt ilk kiminlə əlaqə saxlaya bildiniz?

- Bütün telefon xətlərini kəsmişdilər. Heç kimlə əlaqə saxlamaq mümkün deyildi. Yoldaşım qaranlıqda qorxa-qorxa gəldi ki, tez məni ordan aparsın. O vaxtı küçələrdə gəzmək olmurdu. Mən indi yenidən o günlərə qayıtdım və çox pis oldum. Ömrümün böyük bir hissəsi gedib, amma ölənə qədər həmin günləri unutmayacam. Bu hadisələr başqa ölkələrdə olsaydı, bütün dünyaya car çəkərdilər. Allah Heydər Əliyevə rəhmət eləsin. O vaxtı diaspora, filan yox idi. Heydər Əliyev Moskvada yaşayan azərbaycanlıları başına yığdı, xalqa müraciət elədi, insanları sakitləşdirdi. Heydər Əliyev Bakıya qayıdandan sonra da ondan ilk müsahibəni mən götürdüm. Onunla şəkilm də var.

- Efir partladılandan sonra nə qədər müddət efirə çıxa bilmədiniz?

- İşə tez-tez zəng vururdum. Artıq müəyyən enerji xəttini bərpa edib quraşdırmışdılar. Amma bizi işə getməyə qoymurdular. Deyirdilər, biz istədiyimizi onsuz da hələ çatdıra bilmirik. Əslində açıq danışmağa hamımız qorxurduq, çünki hər şey nəzarət altında idi. Kim nə deyir, danışır hər şeyə qulaq asırdılar. Ona görə də işçilər bizi qoymurdular işə getməyə. Bir neçə gün getmədik, bu müddətdə ancaq kişi diktorlar işə çıxdılar. Rəhmətlik Sabir müəllim, Hicran müəllim, Rafiq gəldi. Bir həftədən sonra qadın diktorlar işə çıxdılar.

- Tamella xanım, bütün bu danışdıqlarınızın fonunda bir sual vermək istəyirəm. Həmin hadisələrlə bağlı heç unutmadığınız kadr hansıdır?

- Bayaq sizə dediyim kimi, hadisə baş verən gün evimizin yanından axan qanın görüntüsü heç vaxt yadımdan çıxmır, elə bil çay axırdı. Biz o zaman elə bilirdik ki, 20 yanvar şəhidləri axırıncı şəhidlərimiz olacaq. Amma elə olmadı. Biz bilmədik ki, bizim daha çox şəhidimiz hələ qarşıdadı. İndi sizinlə danışıram 19-dan 20-nə keçən gecə baş verənlər, sonra şəhidlərimizin dəfni, insanların axını kino lenti kimi gözümün qarşısından keçir. Biz heç yerə gedib çata bilmirdik, bütün yollarımız bağlanmışdı. Nə deyim, qızım, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

# 10764 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #