Çətənə toxumları - Orxan Məmmədlinin Xocalıda gördükləri

Orxan Məmmədli

Orxan Məmmədli

6 oktyabr 2023
# 11:54

Kulis.az Orxan Məmmədlinin Xocalı haqqında yazdığı "Çətənə toxumları" adlı yazısını təqdim edir.



Şelli adı tanış gəlir... dağın o üzüdür.
Elə bil haradansa hay-qışqırıq, fəryad səsləri eşidildi bu adın yanında.

Avtobusun sürücüsü Damlanın səsini aldı. Lap Pirə yaxınlaşanda olduğu kimi.

Qarşıda Əsgərandır. Şəhərdə nömrəsində bizim bayraq olan avtomobillər şütüyür. Küçələrdə polislərimiz və hərbçilərimiz cəngavər kimi dayanıblar.

Əsgəran səliqəli və soyuqqanlı görünür.
Yolun iki tərəfində də 3-4 mərtəbəli yaşayış binaları, fərdi evlər, kafelər, marketlər var. Marketlərin qarşısında bizim “Milliön” aparatları kimi terminallar yerləşib. Amma qırılmış, seyfləri çıxmış vəziyyətdə... Fürsətcil ermənilər talançılıqlarından da qalmayıblar. Yoxsa ki “erməni dramı” (pul vahidi) bizim nəyimizə lazımdır. Ölür də bu xalq dram yaratmaq üçün.

Görəsən o bina həmin yanğınsöndürmə idarəsinin binasıdır? Karonun işlədiyi yer. Valeh adlı bir xocalılı deyirdi ki, əsirlərə ən çox işgəncə verən Əsgəran rayonunun yanğınsöndürmə idarəsinin rəisi Karo idi.
Valeh gitaraçalan olub. Dırnaqlarını qoparıb, barmaqlarını yandırmışdılar.

Bəlkə bu mal-qaranı bağa elə bizim əsgərlər buraxıblar ki, acından ölməsinlər... İnəklər ağaclardan alma, armud və karalyok qoparıb yeyirdilər.
Aşağı budaqlardakı meyvələr bitdikdən sonra bəlkə adam olacaqlar. Yəqin canlılar çarəsizlikdən adam olublar nə vaxtsa. Təkamül həm də çarəsizlikdən yaranır axı...

Küçədəki itlər mal kimi baxırdı. Döyüküb qalmışdılar. Elşən kimi “heyvanların dili”ni bilməyə ehtiyac yoxdur. Onları çaşdıran elə dil məsələsi idi.

Heyif çəkə bilmədim, şüşələri qırılmış pəncərədən təzə gəlin kimi utancaq baxan qırmızı dibçək gülü təzə-tər görünürdü. Kimsə ona su verir? Axı ermənilər 2 həftədən çoxdur ki, buraları tərk ediblər.

Elə evlər də vardı ki, zivəsindən paltarlar asılmışdı. İtləri hürürdü, işıqları yanırdı, ləkləri sulanırdı. Avtobusda oturanlardan kimsə dedi ki, pərdələrin arasından bizə baxırlar.
Çox güman, getməyə heç bir yeri olmayan ermənilərdir.

Bu həmin o Qar-qar çayıdır. Balaca görünür, amma gur gəlir. Qışın qarında arvad-uşaqla, ahıllarla bu çayı keçmək necə çətin olub, bir Allah bilir.
Ümumiyyətlə, burada elə şeylər baş verib ki, təkcə Allaha məlumdur.

Uzaqda məbədə oxşayan bir tikili vardı. Yadıma Mingəçevirdə kinomexanik işləyən Natiq Qasımovun qəhrəmanlığı düşdü. Ermənilər Xocalı əsirlərini öldürməsin deyə, əlində bayrağımız təslim olmuşdu.
Hələ də bilinmir bir tağım ermənini məhv eləyən Natiqin taleyi necə olub. Vitali Balasanyan bilir.

Bura yəqin Qaraqayadır.
Bu da həmin düzənlikdir yəqin... soyqırımı olan.
Uzaqdan vertolyot səsi gəldi. Tüklərim ürpəşdi.
Çingiz ağlaya-ağlaya deyirdi e, “üzünü qaldır, üzünü”. Xəyalə idi o qızın adı.

Xəyalənin bacısı Həmayıl müəllimədən müsahibə götürmüşdüm. Ermənilər ata-anasını da həmin gün, fevralın 25-dən 26-na keçən gecə öldürmüşdülər. Çingizin çəkdiyi kadrlardakı saqqallı kişi onun atasıdır.
Bir az aralıda Xocalı aeroportu göründü.
Havada qəribə bir obyekt uçurdu. Yaxınlaşdıqca gördüm ki, şardır. Şarın altında nəsə qurğu var. Yəqin müşahidə kamerasıdır.

Əsgəran qalasını da keçdik...
Qarşıda məzarlıq var... Salamat qəbirləri görüb sevinirsən ki, nə əcəb dağıtmayıblar?.. Amma avtobus irəlilədikcə görürsən ki, darmadağın edilən, eşilən məzarlar daha çoxdu.

Nəzərlərimi yenə dərəli-təpəli yerlər çəkir. Qadınlardan birinin körpəsini ölmüş bilib, paltosunun arasına qoymuşdular. Ağdamda məsciddə baxıblar ki, uşaq sağdır. Deyəsən adı Kübra idi. Bakıda Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”ndə çəkmişdim.

Şaxtalı fevral gecəsi idi. Bu təpəliklərlə yüzlərlə azərbaycanlı erməni mərmilərindən qaçıb canını qurtarmağa çalışırdı. Hazırda Goranboyda polis işləyən Mehdinin o zaman 4 yaşı vardı. O tələm-tələsikdə, ölüm-dirim qaçışında Mehdinin əli necəsə babasının əlindən çıxmışdı. Yamacdan yuvarlanıb bir ağacın dibinə düşmüşdü.
Bir də səhər üzü, hava hələ işıqlanmamış özünə gəlib, zarıyaraq babasını çağırmışdı. Babasıgil artıq əsir düşmüşdü. Yaxınlıqdakı donuz fermasına salmışdılar. Nəvəsinin səsini eşidib yalvarır ki, onu da tapıb bura gətirsinlər.
Mehdi həmin gecə anasını-atasını və iki qardaşını itirir. Milli qəhrəman Allahverdi Bağırovun bizim əsirləri ermənilərlə dəyişmə kadrlarında o da var, babası ilə.

- Belə ağır hadisələrə görə Namiq mənə deyirdi ki, mən Xocalıya getmərəm. Nə işim var orada. Onsuz da yadımdan çıxmır.


- Səhər o başdan bir avtobus media işçisi Xocalıya sarı gedirik. Qabaqda yol polisi, ardınca da biz. Hiss edirəm ki, nəsə bir ağırlıq var. Bəlkə də gənc nəsil üçün deyil. Amma Xocalı Azərbaycan və azərbaycanlılar üçün həmişə kabusu xatırladacaq. Həmin yerə gedirik. Qocalı-uşaqlı, qadınlı-kişili, əzab verilən, işgəncələrə məruz qalan son ümidini qanı ilə birgə Qar-qar çayına axıdan adamların Xocalısına gedirik.

2020-ci il üçtərəfli 10 noyabr bəyannaməsinə əsasən 44 günlük müharibədən sonra Xocalı və digər yerlər müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilmişdi.

Namiqlə məhz həmin gün söhbət eləmişdim, 10 noyabrda. Xocalının onlarda qaldığını bilib demişdi ki, “onsuz da ora getməyəcəkdim. Nə mən, nə də qohum-əqrabam... O işgəncələri, əzabları onsuz da yaddan çıxarmaq olmur. Bir də gedib o yerləri necə həzm edim?!”

Zəfərimizdən 3 il sonra - 19 sentyabr 2023-cü ildə lokal antiterror tərbirləri nəticəsində Xocalı bizim nəzarətimizə keçdi. Ermənilər bunu rəsmi təsdiqləmək üçün sentyabrın 24-də Yevlaxa gəldilər. Könüllü gəlməmişdilər... Onları ora gətirdən Ali Baş Komandan, Azərbaycan xalqı, xalqın igid oğulları və şəhidlərimizin ruhları idi...

Biləndə ki, Xocalıya getmişəm, Namiq yığdı məni. Dedi qardaş, o ki, Əsgərandan Xocalıya gedəndə körpünü keçən kimi “finski” evlər var e, durur onlar?!

Nə bilim...
Dostum Namiqin sözlərindən yaman kövrəldim. Torpaq nədirsə, çox mistik anlayışdır. Ondan əl çəkmək olmur!

“Deməli belə, hər yeri çəkib paylaşmaq olmaz! Bilirəm, bilirsiz, amma bir daha deyirəm ki, xatırladım” - bunu Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev dedi.
Gərək bu cümləni reportaja salmazdım, amma Xocalı və narkotik mövzusuna necəsə həzin keçməliyəm axı...

Elşad Hacıyevin müşayiəti ilə Xocalı aeroportunun düz yanında sahəsi 100 hektarlarla ölçülən çətənə plantasiyasına gəlmişik. Elşad müəllim açıqlama verdi ki, bu çətənə növü ən bahalı hesab olunan Sativa sortundandır. Ermənilər işğal etdikləri torpaqlardan az qala 1 qərinədir ki, narkoplantasiya kimi istifadə ediblər.
Plantasiya Xocalı aeroportunun çəpərinin dibindən başlayır. Ərazi mühafizə olunandır. Şara bərkidilmiş müşahidə kamerası var. Heç bir yabanılıqdan söhbət gedə bilməz. Xüsusi üsulla becərilmiş məhsuldur.

Mən çətənə bitkisinin 20-yə yaxın faydası haqqında eşitmişəm. Hər halda ermənilər çətənəni bol oksigen istehsal etdiyinə görə əkməyiblər. Qarabağın havası həmişə yaxşı olub.
Emal olunduqdan sonra bəşər övladını öldürən bu bitkini Allah bilir “yüksək keyfiyyətli 1-ci növ” adı ilə haralara satıblar. Versiyalarım var. Amma mövzumuz bu deyil.

Bu çətənə tarlasında elə bir tünd qoxu vardı... Həmkarlarla zarafatlaşırdıq ki, guya nəşənin qoxusundan bihuş olmuşuq, hamı şəndir, keflənib...
Çoxdandır bu qaramat basmış yerlər əsl sahiblərinin gülüş səslərini, zarafatlarını eşitmirdi.


Amma növbəti dəfə uzaqdan eşidilən pər səsləri bu şadyanalığı pozdu.


Hiss elədim ki, hamı 92-ci illərə qayıtdı bir anlıq. Gözlərimiz yerə enənəcən vertolyotu müşayiət etdi. Elə bil içindən gülə-gülə çıxan Çingiz Mustafayevi, Əlif Hacıyevi, Tofiq Hüseynovu, Ələsgər Novruzovu, Aqil Quliyevi, İnqilab İsmayılovu, Füzuli Rüstəmovu, Natiq Qasımovu və Xocalı uğrunda şəhid olan digər qəhrəmanlarımızı və soydaşlarımızı salamlayacağıq.

“Helikopter” sözü indilərə aiddir. Amma “vertolyot” sözündə Qarabağ var.

Bakıya qayıdandan sonra Namiq bir də zəng elədi. Yenə soruşdu, “o ki, Əsgərandan Xocalıya gedəndə körpünü keçirsən ha, finski evlər vardı, durur onlar?”

Vatsapda bir video göndərdim: “Namiq, bu həmin yoldur, Əsgərandan Xocalıya gedən yol. Bax gör oradadır... hətta "finski evlər" durmasa da, torpaq həmin torpaqdır. Ən yaxşısını tikəcəyik!”

- Ayaqqabılarımın içinə xeyli çətənə toxumu dolmuşdu. Çıxarıb boşaldanda göydəki kişiyə zarafatını başa düşdüyümü göstərmək üçün gülümsədim. Xocalıdan təbəssümlə başqa hansı halda qayıtmaq olardı ki, hə?

# 4070 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #