Toylara gitaraçı kimi getdi, təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı – Tanımadığımız Səyyad Əlizadə

Toylara gitaraçı kimi getdi, təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı – Tanımadığımız Səyyad Əlizadə
18 oktyabr 2022
# 21:00

Kulis.az müğənni Səyyad Əlizadə haqqında maraqlı məlumatları təqdim edir.

Səyyad Əşrəf oğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Gənc ikən atası Əşrəf kişi dünyasını dəyişir. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olur. Ağabala müəllim sonradan onu bir kənara çəkib deyir: "Çalış, bu sənətdə öz yolun olsun, səsin gözəldir, məlahətlidir, çalış, yarımçıq qalmasın".

1976-cı ildə orta məktəb şagirdi olan Səyyada atası təzə gitara alır. Səyyad bu gitara ilə toylara getməyə başlayır. Günlərin birində öz tarix müəllimi Allahverənlə bir qadın toyuna gedir. Toyu onun müəllimi aparacaqdı. Qadınlar müğənnidən Məmmədbağır Bağırzadənin həmin dövrdə böyük məşhurluq qazanan “İstəmir məni” mahnısını istəyirlər. Müğənni mahnını bilmədiyini deyir. Bu zaman Səyyad ayağa qalxıb mahnını oxumağa başlayır. Bundan sonra qadınlar deyirlər ki, toyu müğənni yox, o oxusun. O gündən Səyyad toylara getməyə başlayır.

***

1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olur.

İkinci kursda oxuyanda - 19 yaşında Azərbaycan Dövlət Televiziyasından instituta gəlib verilişdə oxuması üçün tələbə axtarırlar. İnstitutun nəzdindəki ansamblın solisti olan Səyyad iyirmi nəfərin içindən seçilərək "Xoş gördük, tələbə" verilişinə dəvət olunur. Və müğənni kimi efirdə ilk çıxışını edir.

İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metro-Tikinti idarəsinə növbə rəisi göndərilir. Orada Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla tanış olub dostlaşır.

***

Səyyad Əlizadə 1981-ci ildə “Oxu tar” müsabiqəsinin qalibi olandan sonra bəstəkar Süleyman Ələsgərov onu konservatoriyaya dəvət edir, imzalı kitablarını bağışlayır və deyir ki, sən mütləq təhsil almalısan.

Kiyevdə yaşayarkən bir rus qızıyla tanış olur. Qıza vurulur. Onunla evlənmək istəyir. Lakin bu barədə evlərinə zəng vurub deyəndə, anası qəti şəkildə etiraz edir. Deyir, olmaz, çıx Bakıya gəl! Atasını erkən itirən, anasının əziyyəti ilə böyüyən Səyyad onun sözündən çıxa bilmir, sevdiyi qızı atıb, Bakıya qayıdır.

***

Anası ona azərbaycanlı bir qızla evlənməyi məsləhət görür. Müsahibələrinin birində Səyyad Əlizadə bu haqda deyir:

“Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Anam qayıtdı ki, qızla telefonla danış. Mən də zəng elədim, qız soruşdu, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi, siz kimsiniz, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanda dostum vardı, əsəbimdən ora getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram. Dedim, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Bu, mənim xoşuma gəldi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil onu başqasına vermək istəyirdi. Getmədi. Biz 1987-ci ildə ailə qurduq”.

Elə həmin ildə müğənni "Təbrizim" adlı albomu buraxır. Ardınca "Bəyaz gecələr" mahnısını ifa edir. Bu mahnı dövrün ən populyar mahnısına çevrilir. Səyyad Əlizadənin müğənni kimi uğurlu vəsiqəsi olur. Mahnı bütün Azərbaycanda sevilməklə yanaşı dünyanın otuzdan çox ölkəsində də oxunmağa başlayır.

***

O, həm də qadın müğənnilərlə duet ortağı kimi məşhurluq qazanmışdı. Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə duetlər ifa edib, musiqi albomu buraxıb.

***

Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb.

"Gözlərimin yaşı", "Xallı qız", "Saçlarım bəyaz oldu", "Bizim uşaq dünyamız", "Harda qaldın", “Gül ki”, “Qaranquşlar gələndə” mahnıları ilə məşhurluq qazanıb.

***

Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi.

***

Səyyad Əlizadə sentyabrın 13-də Covid-19 xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Lakin onun həyatını xilas etmək mümkün olmur. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edir. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi.

# 20133 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər