Qardaşı onu bıçaqla qətlə yetirdi, atası cinayəti boynuna götürüb güllələndi – Dəfni üsyana çevrilən Səriyyə...

Qardaşı onu bıçaqla qətlə yetirdi, atası cinayəti boynuna götürüb güllələndi – Dəfni üsyana çevrilən Səriyyə...
9 fevral 2021
# 12:01

Kulis.az ötən əsrin əvvəllərində çadrasını atan ilk qadınlardan biri Səriyyə Xəlilova haqqında maraqlı faktları təqdim edir.

Səriyyə Xəlilova 1897-ci il Bakıda doğulub. Onun üç qardaşı olub. Soltan Əhməd, Ağamehdi və Ələkbər. Onların atası oxumuş adam olduğundan el məclislərində mollalıq edir. O, hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq, ilahiyyatdan, mollalıqdan əl çəkmir. Oğlanları isə öz məhəllələrinin sayılan, hörmətli cayıllarından hesab olunurdular.

***

Günlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq nümayişkaranə tərzdə çadrasını başından atır. Sonradan idman paltarı, şalvar, köynək geyinməyə başlayır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların başını məhəllə içərisində çox aşağı edir. Artıq camaat onları bir-birinə barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirlər.

***

Bu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər bədxah adamların fitnə-felinə uyaraq, əlini bacı qanına bulayır. O, 1933-cü ildə 36 yaşlı bacısını bıçaqlayıb öldürür. Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olur.

Ata isə öz sevimli oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürməkdən başqa çarə tapmır. O, ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır.

***

Səriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər.

***

Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilir, minlərlə qadın dəfn mərasiminə qatılır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirərək öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içirlər.

***

Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda deyir: “Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də.”

Beləliklə, qısa bir məhkəmə təşkil edilir. Səriyyənin atası ölüm cəzasına məhkum edilir. Və onu heç bir tərəddüdə yol vermədən Bayıl qazamatının həyətində güllələyirlər.

***

Səriyyənin öz qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Bu hadisə Bakıda böyük əks-səda doğurur. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Ələkbər on il həbs cəzasına məhkum edilir.

***

Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı - "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilir.

Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazır:
“1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadın klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi...”

***

"İsmət" filmindən başqa, 1927-ci ildə istehsal olunmuş "Oktyabrın on illiyi" adlı sənədli filmdə Əli Bayramov adına ilk qadınlar klubunun işi və bu klubun əsasını qoyan Ceyran Bayramova ilə yanaşı Səriyyə Xəlilovanın da təşkilatçı kimi fəaliyyəti əks olunurdu.

***

İndi “Nizami” metrosunun yaxınlığında şəninə gözəl heykəl ucaldılan "Azad qadın" heykəli çoxlarının güman etdiyi kimi təxəyyül məhsulu deyil. Onun həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilovadır.

# 26950 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #