Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü

Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
18 aprel 2021
# 10:30

Bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun anım günüdür. Kulis.az bu münasibətlə Aliyənin ona həsr olunan sənədli film haqqında yazdığı yazını təqdim edir.

9 yaşın var. Küçədə oynayırsan. Birdən tanış bir fit səsi eşidirsən, ürəyin atlanır. Bilirsən ki, gələn atandır. Həm də müharibədən. Bütün məhəllə onu sevir, gözləyir. Onun qarşısına səninlə birgə məhəllədəki dostların qaçır. Amma sənin içində partlayan qəfil sevinc qəlpələndikcə, bir üzüntü özünə yer edir; nə olsun, gəlib, zamanı tutub saxlaya bilməyəcəksən, atanla, sevimli, mehriban, ən əziz adamla doyunca qala bilməyəcəksən. O üzünü görməyə macal tapmamış lazım olduğu yerə - müharibəyə qayıdacaq – orada onsuz mümkün deyil...

“Zaman az, hep bize yetmiyordu...” – Milli Qəhrəman İsgəndər Aznaurovun qızı atası haqqında xatirəsini bir cümlə ilə bitirir. Topçu İsgəndərin qızı atası kimi sərrastdır, dəqiq seçilmiş bir cümlə ilə tamaşaçıya atasının yolunu gözləyən döyüşçü qızını anladır, yaşantılarını bölüşür...

Bir zamanlar hərbi operator işləmiş rejissor Nizami Abbas “İsgəndərin sorağında” filmi ilə əfsanəvi döyüşçünü soraqlayır.

Özbəkistanda doğulub, yaşayan, amma Azərbaycana köçən, daha sonra müharibəyə yollanan Axısqa türkü İsgəndərdən “Səni müharibəyə gətirən nədir?” soruşurlar. Bu sualın cavabını bilirik, o düşmən zülmündən qaçıb gələn insanları, körpələri vicdanına basdıra bilməyib. Amma ondan başqa cavab eşidirik: “Bu torpağı düşmən bastalamasın”, - deyir. Gülümsər simasından sülhpərvərlik tökülür.

Hər hansı pafos, müharibə romantikası, gurultulu vətənpərvərlik hayqırtıları, andları yoxdur, sakit, gülümsər bir sima var, bir də İsgəndər əfsanəsi. Bu əfsanəyə əsasən hamı elə bilirmiş ki, düşmənin cavabını verən topçu İsgəndər cüssəlidir, dağ boydadır, danışanda od püskürür, amma sakit, gülümsər, sadə bir insanla rastlaşanda heyrət edirlər. Müharibədən əvvəl fotoqraf işləyib. Bunun bir adı işdir, bir adı da həyatı sevməkdir.

Bax belə, gülümsər, həyatı sevən adam müharibə ilə zarafatlaşmağı da sevirmiş. Düşmənə yeni il atəşfəşanlığı etməyi sevirmiş, düşmənlə sözsüz, toplarla, mərmilərlə dialoqa girməyi sevirmiş, daha nələri sevirmiş, bilmirik, bəlkə heç bilə bilməyəcəyik.

Filmin rejissoru Nizami Abbas cəsur döyüşçüyə həsr olunmuş filmində bir əfsanənin izi üzərində dramaturgiya qurur: İsgəndərin döyüşçü dostlarını tapır, bir-birini tanıdıqca qucaqlaşırlar. Onlar döyüş xatirələrini danışır və rejissor təsvirlə təhkiyəni uzlaşdırır: Düşmənin döyüş texnikasına qarşı on qat daha az texnika ilə dayanan cəsur insanları qeyri-bərabər döyüş gözləyir. Və müharibə veteranlardan birinin dediyi kimi “döyüş başlayır nə başlayır”: kadrlarda biz artileriya atəşlərini görürük və artıq döyüşün miqyasını anlayırıq.

Az sonra təhkiyəni yenə də təsvir əvəzləyir: döyüşçülərin xoşbəxt üzü ilə, onların qalib gəldiyini anlayırıq. Bu döyüşlərinsə bir əfsanəsi var- topçu İsgəndər.

Döyüşçülər gədəbəyli Məsmə Anadan danışırlar və döyüşçülərə çay, çörək verən qonaqpərvər Məsmə qarını az sonra sənədli kadrlarda görürük. O, yana-yana İsgəndərdən danışır. Bir ana qoruya bilmədiyi körpəsindən necə danışırsa eləcə...

Film bir neçə əsas rakurslar verir: İsgəndərin itkisi - bunu onun haqqında təəssüflə danışan müxtəlif insanlardan, əfsanənin yoxluğu ilə barışa bilməyən döyüşçü dostlarından alırıq.

Daha bir rakurs İsgəndərin şücaətidir, bir-bir mövqeləri ələ keçirən topçunun qorxmazlığı, müharibəyə ötəri vəziyyət kimi gündəlik işmiş kimi, “bunu mən edəcəm” inadı ilə ifadə olunur.

Bu rakursun açar kadrı “İsgəndər qayasıdır”, filmin qəhrəmanının uğrunda döyüşdüyü yüksəklikdir. Günəş şüaları kameraya düşür və qayalıqlara süzülən işıq qayanı tam görməyimizə mane olur. Qeyri-ixtiyari İsgəndərin işıqlı gülümsəməsi xatırlanır. İşıqlı və sirli.

Film tamaşaçını belə metaforik düşüncəyə gətirdiyi üçün hədəfə vurmuş sayılır və əgər film haqqında yazını belə döyüş leksikonu ilə yazırıqsa, deməli, bu, “İsgəndərin sorağında” filminin uğurudur.

...“Hər şey yaxşı olacaq” bunu filmin sonunda qəhrəmanın adını daşıyan nəvəsi babasını təkrarlayaraq deyir. Topçu İsgəndərin tez-tez işlətdiyi ifadə imiş...

Bir körpənin də “Hər şey gözəl olacaq” deməyi - Topçu İsgəndərin uğrunda döyüşdüyü ucalıq bəlkə də məhz budur.

# 5208 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #