Məndə “xərçəng” var, amma heç kimə demə

Məndə “xərçəng” var, amma heç kimə demə
11 oktyabr 2021
# 15:30

Kulis.az yazıçı-publisist Qorxmaz Şıxalıoğlunun şair Əhməd Oğuzun ölümünün 40-cı gününə həsr etdiyi “Görüşənədək, Əhməd” məqaləsini təqdim edir.

Maşında dörd nəfər idik - yazıçı Kamil Əfsəroğlu, rejissor Əlimürsəl Hacızadə, jurnalist Mirzə Yusifoğlu və mən. Hövsan məzarlığından qayıdırdıq. Yox, sənin ölümünə heç kim inanmaq istəmirdi. Səhərdən bəri danışıb yorulmuşduq. Hamı susurdu. İndi daha nə bizim gücümüz qalmışdı, nə də sözlərin...

Axırıncı dəfə avqustun 26-da işdə gördüm səni. Beş gün sonra isə...

2013-cü ilin fevralında yazıçı dostumuz Zakir Sadatlını, ondan yeddi il sonra başqa dostumuz – telejurnalist Cavanşir Cahangirovu, indi isə səni itirdik, Əhməd. Üçünüzü də “xərçəng” apardı. Zakiri 51, Cavanşiri 64, səni də 60 yaşında. Gündə rastlaşdığın, zarafatlaşdığın, yeyib-içdiyin doğma adamların yoxluğu ilə barışmaq çox çətindir.

Bu çətinliyin bir ağır tərəfi də odur ki, mən hər üçünüzdən yaşca böyüyəm. Ona görə də hərdən adam, inan ki, yaşamağından utanır.

Qoy Allah məni bağışlasın. Vallah, asilik eləmirəm.

Noyabrın 13-də ömrünün 6-cı onluğunu tamamlamalıydın. Ad günündən bir həftə əvvəl ana radiomuzun 95 illik yubileyini keçirəcəyik. Üç gün sonra da Zəfər Gününü bayram edəcəyik. Daha Təzə ilə nə qalır ki? Bayram bayrama qarışacaq. Kaş sən də bu işıqlı günləri yaşayaydın, Əhməd.

Sən ana radiomuzun sütunlarından idin. Elə boy-buxunun, xarakterin də daş sütunu, sal qayanı xatırladırdı. Yəqin səni ilk dəfə görənlər də elə mənim kimi fikirləşib. Tanımaza-bilməzə, elə ilk baxışdan sənin etibarlı, sözü bütöv adam olduğuna inanıblar.

Biz 30 il əvvəl səninlə Tərcümə Mərkəzində tanış olanda mənim də ilk təəssüratım belə olmuşdu. Fikir, xəyal məni min yerə çəkir. Bir sözü qoyub, o birinə keçirəm. İndi nə yazım, necə yazım, bilmirəm. 60 illiyindən danışırdım axı. Qismət olsaydı, bu yubileyin ən azı 6 ay davam edəcəkdi. Çünki dost kimi, şəxsiyyət kimi səni istəyənlər çox idi. Lap çox. Şeirlərin haqqında yazmıram. Ona görə ki, buna gücüm çatmır. Bu iş çox istədiyin Ramiz Rövşənə Vaqif Cəbrayılzadəyə aiddir...

Avqustun sonuncu günü idi. İşə bir az gec gəlmişdim. Dəhlizdə ilk rastlaşdığım iş yoldaşımız Dilşad Tahirqızı oldu. Sən də onun xətrini çox istəyirdin. Həmişəki kimi zarafat etmək istədim. Sözüm havada qaldı. “Niyə dinmirsən?” deməyim ilə Dilşadın hönkürüb ağlamağı bir oldu. “Qorxmaz müəllim, Əhməd...”, deyib içini çəkdi. Sonra yenə ağlamağa başladı. Beşinci mərtəbədəki otağıma qalxdım. Alnımı masaya dayayıb, bir xeyli eləcə süst düşüb qaldım.

Handan-hana özümdə güc tapdım. “Kulis”ə - Şərif Ağayara zəng elədim. Sonra yığılıb Yeni Yasamala - sizin həyətə gəldik. İki-bir, üç-bir dayanıb söhbətləşirdik. Ordakı ən ağrılı səhnə birdən qarşımızdan sürətlə keçib gedən Günel Natiq oldu. O, elə bil havalanmışdı. Göz yaşı sel kimi axsa da, səsi çıxmırdı. Bu məqam yəqin, heç vaxt yadımdan çıxmayacaq, Əhməd...

Altı il əvvəldən danışıram. Bir dəfə ikilikdə kafedə oturmuşduq. Qəfildən çox sakitcə (həmişə səs tonun belə olurdu) qayıtdın ki, məndə “xərçəng” var, amma heç kimə demə.

Sözünü zarafata saldım:

“Yəqin, sənə baxan həkim pulnan oxuyanlardan olub. Sən hara, “xərçəng” hara?”

Üz-gözün qayğılandı:

“Böyük qardaşım Məmməd də bu xəstəlikdən getdi, 50 yaşında” - dedin. Bu söhbət eləcə aramızda qaldı – bir daş altda-bir daş üstdə. Və heç vaxt bu haqda danışmadıq. Yenə də həmişəki kimi, işə gəlib-gedirdin. Səsin, yerişin bir zərrə də dəyişməmişdi. Yenə də dostlarla yeyib-içirdin, zarafatlaşırdın, verilişlər hazırlayırdın, tərcümələr edirdin.

Sən bu sağalmaz xəstəliyə namərd dost kimi baxırdın, onu çoxdan bağışlamışdın, Əhməd...

Vallah ürəyimdəkiləri yazıram. Səndən Türkiyənin qoxusu gəlirdi. Ən çox da səni buna görə istəyirdim. Türk tarixindən, ədəbiyyatından danışanda qürub çağı, yovşan ətirli çöllərdə, üfüqlərin fonunda çapan bir atlı kimi görünürdün gözümə. At səyirtdiyin bu nəhayətsizlikdə həmişə özümü piyada hiss edirdim. Sən türk dünyasına baş vuranda mən dönüb şagird olurdum.

Ürəyindəki böyük türk sevgisi şeirlərinə, yazı üslubuna da hopmuşdu:

Məni yerimdən oynatdı,
Oydu, içimi göynətdi,
Mənə sevməyi öyrətdi
Var olsun ayrılıqları...

Hazırladığın sənədli filmlər yadıma düşür. O günü gedib “Telefilm” Yaradıcılıq Birliyində onların siyahısına baxdım. Bəzilərinin adını yazıb götürdüm:

“Almaz İldırım”, “Cümhuriyyət generalları”, “Mən bir Turan yolçusuyam” (Əhməd Cavad), “Qədim Beyləqan”, “Muğanna” (İsa Hüseynov), “Sınıq körpü”, “Adım Ələsgərdir, Göyçə mahalım”, “Sufilər”. Elə təkcə bu filmlərin adı bəs edir ki, sənin kim olduğunu, nə ilə nəfəs aldığını bilək...

“28 May” tərəfdə bir kafedə oturmuşduq. Yenə türk mövzusuna köklənmişdin. Bir də xəbər tutduq ki, metro bağlanıb. Söhbətin şirin yerində fikirləşdim ki, kaş sağ olaydı, bu masa arxasında mən yox, Mehdi Bəyazid əyləşəydi. Şumerlərdən, Orxon-Yenisey abidələrindən danışırdın, Yunus Əmrədən, Aşıq Veysəldən, Orxan Vəlidən, Nazim Hikmətdən misallar çəkirdin.

Bu söhbətlərdə ağırlıq mərkəzi yenə də “köhnə” şairlərin üzərinə düşürdü. Elə sən də köhnə kişilərə oxşayırdın, Əhməd – ağır, təmkinli, sözünün yerini bilən. Sən oturan məclisdə ucuz sözə, şit zarafata yer yox idi. Qışın şaxtalı havası kimi səsin saf və sağlam idi. Səsində də özün kimi bir məğrurluq vardı. Bu səslə dünyanın o başına gedib çıxmaq olardı. Bilirdim ki, bu səs sahibi heç vaxt adamı yarı yolda qoymaz.

Sən Qarabağdan, işğal olunmuş torpaqlarımızdan danışanda böyük toxtaqlıq tapırdım. Səsin adama deyirdi ki, gec-tez dədə-baba torpaqlarımızda erməni daşnaklarının izi-tozu qalmayacaq. Qəribə bir arxayınlıq vardı səsində. “Heç bir millətdə türkün cəngavərliyi yoxdur”, - deyirdin. Bu arxayınlıq elə bu inamdan su içirdi.

İnamın səni aldatmadı, Əhməd.

Zəfər Gününü bir yerdə gördük.

Şükür Allahın birliyinə!..

Hərdən, ovqatının xoş vaxtında “Necəsən, Şıxalıoğlu?” – deyə mənimlə hal-əhval tutardın. Mənə belə müraciət edən yeganə adam idin. Sənin dilində atamın adı, sanki işıqlanırdı. Bu sözləri qəribə tərzdə deyərdin. Səsində görmədiyin, tanımadığın atama bir hörmət, bir ehtiram var idi. Bu cür kefimi xəbər alanda çoxdan dünyasını dəyişmiş müəllim atamın çöhrəsi bütün cizgiləri ilə gözümün qabağında canlanırdı.

Hər İsmayıllıya gedib-gələndə ağızdolusu danışardın. “Sizin rayon cənnətdir, insanları da təbiətinə oxşayır”, - deyərdin. Daha çox da Qalacıq kəndini tərifləyərdin. Mənə olan doğmalığını bu cür dilə gətirirdin.

Hayıf ki, bütün bunları sənə sağlığında demədim. Vallah, çəkindim. Axı xasiyyətini bilirdim. Bunu lap dilimə gətirsəydim də, sözümü ağzımda qoyacaqdın. Amma indi yanıb tökülürəm. Gərək bunları deyəydim sənə...

Sən doğulub boya-başa çatdığın Dağ Borçalıda olmamışam. Ancaq hər dəfə hazırladığın “Bulaq” verilişini dinləyəndə o yerləri qarış-qarış gəzmişəm. Ordakı dağdan ağır kişiləri, ağzı dualı ağbirçəkləri, abır-həyalı qız-gəlinləri, səhər mehinin çöl-çəmən ətirli nəfəsinə oyanan uşaqları, allı-güllü yaylaqları sanki öz gözümlə görmüşəm. Mənim üçün sənin hazırladığın “Bulaq”ların bir ünvanı olub – 1988- ci ildə sizin ailənin də deportasiya olunduğu Dağ Borçalı. Və hər dəfə bu verilişin mətnini yazanda nələr çəkdiyini yaxşı bilirdim.

Kompüterimdə 10 il əvvəl hazırlanmış bir veriliş var. Sən orda radio ilə bağlı düşüncələrini bölüşürsən. O çıxışında adamın ürəyini dağ-dağ edən bir yer var:

“Ermənilər çox vaxt radioda bizim musiqilərə qulaq asırdılar. İndi radio ilə hər çıxış eləyəndə, verilişim efirə gedəndə, fikrimdən o keçir ki, birdən bizim evdə yaşayan erməni yanıla, Bakının dalğasını tuta, heç olmasa, səsim evimizin daşına, divarına dəyə”.

Yadımdadır, nə vaxt səndən söz düşürdüsə, Cavanşir Cahangirov bu çıxışını xatırlayıb kövrələrdi...

Şəhərə çatırdıq. Axşamüstü olsa da, hava bərk isti idi. Ürəyim dağılırdı, özümü sorğu-suala tutmuşdum:

“Dünən evində oturub uşaqları ilə çay içən adam bu gün torpağa qarışır, özü də həmişəlik. Axı, bu necə olur?”

Üstünə təzəcə qərənfil düzdüyümüz məzarın gözümdən getmirdi. Fikirləşirdim ki, sənin – Dağ Borçalıda böyüyən Əhmədin Hövsanda, o torpağı dəmirə oxşayan sarı düzəngahdakı qəbristanlıqda qərar tutan məzarının bağrı çatlayacaq vallah!

Yaxşı ki, bu ağır düşüncələrin ürəyimi sıxdığı vaxtda Əlmürsəl birdən dilləndi:

“Ya gec, ya tez, onsuz da bu gündən hamı üçün var”.

Onun çarəsizlikdən dediyi bu sözlər, eləcə havada qaldı. Heç kim dinmirdi. Bilirdim ki, Kamil də, Əlimürsəl də, hamımızı gözləyən o gün haqqında düşünür. Birdən nə vaxtsa oxuduğum bir yazıçının sözü yadıma düşdü:

“Bu dünyada nə qədər çox yaşasanız da, o dünyada olacağınız müddəti azalda bilməyəcəksiniz”.

Bu fikirdən, sanki maşının içindəki kədərli ab-hava ayazıdı, bir qədər yüngülləşdim. Sonra da düşündüm ki, bir azdan biz də şəhərin qaynarlığına qarışıb gedəcəyik. Yenə iş, ev, məişət qayğıları başlayacaq. Yanğısı ürəyimizə dağ çəkən bu kədər də soyuyacaq. Çünki həmişə belə olub, həmişə də belə olacaq.

Məşhur bir şeirdə deyildiyi kimi, bu dünyada ölmək təzə bir iş deyil, elə yaşamaq da.

Görüşənədək, Əhməd.

Oktyabr 2021

# 9087 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #