Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt

Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra  oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
28 iyul 2021
# 13:30

Kulis.az tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı faktı təqdim edir.

1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.

Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.

2. Səxavət çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.

Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Sabir Mirzəyev, İslam Rzayev və digər korifey ifaçılardan sonra muğam və xalq musiqisi sənətinə gəlməsinə baxmayaraq, çox tez bir zamanda sənətkar kimi qəbul olundu, eyni zamanda adı çəkilən, çəkilməyən bu böyük sənətkarlar tərəfindən etiraf edildi.

Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.

3. Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

4. Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

5. Balaca qardaşı Firuz Səxavət də məşhur xanəndə idi və onların səsləri bir-birinə çox oxşayırdı. Ancaq Səxavətin səsini bənzərsiz hesab edirdilər.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

6. İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

7. Maşınlara marağı vardı. Bir növ hobbi idi onun üçün. O vaxt “Qaz 24” sürürdü, amma ən böyük arzusu xarici markalı maşın almaq idi. Qismət olmadı...

Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: "Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

8. Ölümündən 23 il sonra oğlu meydana çıxıb. ATV-də yayımlanan “Öz aramızda” verilişinə dəvət olunan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Daha sonra Şəhriyar ögey qardaşı – aparıcı Bəxtiyar Məmmədovdan, Səxavət Məmmədovun qardaşı Firuz Səxavətdən şikayətlənib, ona diqqət yetirmədiklərindən danışıb. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini açıqlayıb. Ən sonda isə atasının ifasını xatırladan bir ifa ilə hamını çaş-baş qoyub.

9. Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.

“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.

Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.

10. Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmir. Daha sonra kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır.

# 9654 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #