İki il əsirlikdə qalan azərbaycanlı şairdən Qarabağ şeiri – Mətn

İki il əsirlikdə qalan azərbaycanlı şairdən Qarabağ şeiri – Mətn
1 sentyabr 2021
# 17:15

Kulis.az “Sözün Güneyi” layihəsindən güneyli şairlərin 44 günlük zəfər müharibəsinə həsr etdiyi şeirləri təqdim edir.

Aral Qaradağlı (Məhəmməd Qaffari)

No description available.

23 sentyabr 1986-cı ildə Qaradağ mahalının Vərziğan şəhərinin Doru kəndində doğulub. İlk və orta təhsilini Vərziğanda Şahid Cahannara məktəbində alıb.

Həsrət qaldığım

Otuz il bahara həsrət qaldığım.
Bugünkü günümə təzə yaz gəlir.
Habilin əlində nurlu bir kaman.
Ədalət qoynunda qara saz gəlir.

Ağrı ürəyimdən üzülən kimi,
Sevincim yollara düzülən kimi,
Dağların gqoynundan süzülən kimi,
Tökülüb gözümdən bir Araz gəlir.

Gün kimi saralıb batdığım kimi,
Gizli arzulara çatdığım kimi,
Körpə beşiyində yatdığım kimi,
Acılı günlərim mənə naz gəlir.

Büllur bulaqlarım coşub çağlayır
Ay Aral, könlümü yaman dağlayır.
Zəlimxan ah çəkir, Vaqif ağlayır.
Durulub Kür çayı nə dayaz gəlir.

Öc aldı Qarabağ

Muğam dünyasının anası qaldı,
Cabbarın, Üzeyirin sədası qaldı,
Atalar könlünün duası qaldı,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

İlham da, kaman da, tar da ordadı,
Zirvə də, boran da, qar da ordadı,
Könlümə bəslənən yar da ordadı,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Kamandar çaldığı saza həsrətəm,
Kəlbəcər yurdunda yaza həsrətəm,
Körpə beşiyində naza həsrətəm,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Qarabağ elləri azad olundu,
Şəkidən Şirvana körpü salındı,
Şuşa şəhərində zəfər çalındı
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Füzuli babamı yada saldılar,
Qorqudun sazıyla ''Misri" çaldılar,
İsa bulağında qonaq qaldılar,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Zəngilan körpüsü açıldı bu gün,
Ağdama işıqlar saçıldı bu gün,
Düşmənin ordusu qaçıldı bu gün,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Atalar ağlayıb saçını yoldu,
Ay Aral, zirvələr dumana doldu,
Bu həsrət sinəmdə otuz il oldu
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!


İsmayıl Mədədi Osalı (Ülkər)

No description available.

1969-cu ildə Urmiya şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini Urmiyanın “Vəziri”, “Azadi” və “13 Aban” məktəblərində alıb. 1988-ci ildə Binab Universitetinin fars dili və ədəbiyyatı bölümünə daxil olub. 1992-ci ildə isə Universiteti bitirərək müəllim ixtisasına yiyələnib. Ankarada Gazi Universitetində və İzmirin Ege Universitetində təjsilini davam etdirib.

Müqəddəs torpağımız Qarabağın əsgərlərinə

Vur, qurban olum, düşmənini vur, leşi düşsün,
Vur! Öylə ki, bir tirlə quşundan beşi düşsün,
Namərdə yem etmək bu cavan nəsli yazıqdır,
Vur, baş-ayaq olsun, ətisə quşbaşı düşsün!
Od yurduna layiq quşum, ay Türk Səməndər,
Donuz “dığa”nın bayquşu var, vur, quşu düşsün!
Murdar olanın göz yaşı murdar, leşi murdar,
Bir anca macal vermə ki, gözdən yaşı düşsün!
Hər bir “yan”a bir baş seçərək parçala, hey, heyyy!
Qoy hər yana bir yan ilə cəmdək yanı düşsün!
Vur! Vur! Elə vur, baxmağa nankor gözü düşsün!
Boş gözlərinin üstünə qıldan qaşı düşsün!
Torpaq nə demək, daş nə demək, dağ nə deməkdir?
Söndür ocağın bir kərə, dişdən aşı düşsün!
Qaldır, gözəlim bayrağımız dalğaya gəlsin!
“Bayraqdarımız” kölgəsi üstdən quşa düşsün!
Yurd əsgəri! Birdir Qarabağ, toy günümüzdə,
Könlüncə sarıl, qoyma üzükdən qaşı düşsün!
Yan baxma nədir, Ülkərimin yurduna əsgər?
Oy! Yurda dikilmiş gözü görkən şaşı düşsün!

2020

Nadir Paşa

No description available.

1959-cu ildə Qaradağ mahalının Mirzalı kəndində doğulub. Orta təhsilini Təbrizdə alıb. 1979-cu ildə Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra əsgərliyə çağırılıb, iki il İran-İraq savaşında iştirak edib. 1988-ci ildə döyüşlərin birində əsir düşüb. 26 ay Bağdad və Tikrit zindanlarında əsir qalandan sonra azad olunaraq vətənə qayıdıb. Bu olaylar onun həm cismində, həm də ruhunda dərin izlər buraxıb. Atası Aşıq Məşi Cənubi Azərbaycanın adlı-sanlı ustad aşıqlarından biri olub. Nadir Paşa sazlı-sözlü bir ailədə boy atdığı üçün kiçik çağlarından musiqi və şeirə maraq göstərib. İlk qoşmasını 14 yaşında yazıb. Onun bir sıra şeirləri 1979-cu ildən bəri İranda və Azərbaycan Respublikasında fərqli toplu və dərgilərdə çap olunub. “Sevinirəm, yaşayıram” ünvanlı ilk şeirlər kitabı 2016-cı ildə Təbrizdə işıq üzü görüb.

Zəfər nəğməsi

Deyirdim bəs yalnız xatirələrdə,
Bir də nəğmələrdə qaldı Qarabağ.
Otuz qarlı-qışlı dağları aşıb,
Qolun boynumuza saldı Qarabağ…

Füzulinin ruhu sevindi bir də,
Ucaldı Şuşada Xanın xoş səsi.
Çaqqallar qaçdılar aslan önündən,
Yayıldı hər yana zəfər nəğməsi.

Qaçarkən yaxdılar, alovladılar,
Yaşıl ormanları eni-boyuna,
Yadlar hürüt-hürüt durub baxdılar,
Alçaq vandalların vəhşi xuyuna.

Qurtuldu zəncirdən Kəlbəcər, Ağdam,
Basat Təpəgözün çıxartdı gözün.
Ayının quyruğu – o canilərin,
Sildik ölkəmizdən kirlənmiş izin.

Donuzlar Laçından qaçaqaçdadır,
Zəngilan özgürlük marşını çalmış.
Gecənin bağrını yaran əsgərlər
Daşnaklar canına vəlvələ salmış.

Nizami vüqarı yaralanmadı,
Gəncə əyilmədi div qabağında.
Şıdırğı dolular kar salammadı,
Lalələr qızardı düzlə dağında.

Babəkin qəhrəman mərd oğulları,
Quduzları qovdu vətən düzündən.
Yaşa, ey qəhrəman möhtəşəm ordu,
Sizlə başı uca dayanmış vətən...

Sülhün keşiyində durmuşuq daim,
Barış carçısıyıq döyüşdən bezar.
Ancaq azğınlığa qol qoysa kimsə
Bu çöllər onlara olacaq məzar...

Yalnızca sarsıdan xatirələrdən,
Qəmli nəğmələrdən çıxdı Qarabağ.
Ucaldı göylərə “Cəngi-Koroğlu”,
Hicran çəpərlərin yıxdı Qarabağ.

Zəfər bayrağını göylərə qaldır,
Qoçaqlar diyarı Can Azərbaycan
Sənin sarsılmayan türk oğulların,
Yolunda hər zaman keçəcək candan.

2020. Dekabr. Təbriz

# 7872 dəfə oxunub

Müəllifin son yazıları

# # #