Bizim qonaqpərvərliyimiz

Bizim qonaqpərvərliyimiz
9 dekabr 2013
# 16:00

Bir xanım dostum məni nahara dəvət etmişdi. Şəhərin mərkəzində bir türk restoranında oturduq. Həmin gün restorana rəsmən bir tayfa gəlmişdi. Qayınana, qayınata, baldız, gəlin, xalalar, bibilər, qızlar, balaca-balaca uşaqlar... Səsləri-küyləri aləmi bürümüşdü. Biz tələm-tələsik yeməyimizi yeyib hesabı istədik. Hesabı xanım ödədi. Bununla da restorana gəlmiş tayfaya əla bir mövzu verdik. Pıça-pıç düşdü. Şübhəli-şübhəli kəskin maraqla bizə baxdılar. Mən bildim onlar nə haqda danışırlar. Onlar danışırdılar ki, belə oğlanlar var, qızları aldadırlar, onların pulun xərcləyirlər, filan...

Hətta bu tayfanın yaşlı nümayəndələri cavan qız nümayəndələrinə təbii ki, məsləhətlər verdilər. Ehtiyatlı olun! Belə avara oğlanların toruna düşməyin...

Çox gülməli mənzərə idi. Əlbəttə, onların düşüncəsinə görə restoranda bir qız hesab ödəyirsə, bu o deməkdir ki, oğlan onu öz toruna salıb pulunu xərclədir. Düzdü, belə hallar olur. Kim deyir ki, olmur. Lakin bir xanımın bir kişini şam yeməyinə, nahara dəvət etməsi bizim camaatın bir çox hissəsi üçün hələ də qəbuledilməzdir. Qəbuledilməzdi deyəndə onları qınamaq olmaz, sadəcə, başa düşmürlər.

Mən kafe və restoranlarda cütlükləri diqqətlə müşahidə edirəm. Çox gərgin olurlar. Açıq-aşkar yedikləri-içdikləri canlarına yatmır. Heç həzz almırlar. Heç istirahət edə bilmirlər. Oğlan qorxur ki, hesab çox gələcək. Kimsə bu dəqiqə söyüş söyəcək. Oğlan ya durub dava etməlidi, ya da qızı götürüb çıxıb getməlidi. Bir-birilərinin əxlaqına yaxşı bələd olduqları üçün bir-birilərinə əsla inanmırlar. Ona görə bizim camaat restoranlara gedərkən kabinetlərdə gizlənirlər. Bilirlər ki, zalda otursalar yedikləri-içdikləri burunlarından gələcək. Dava düşəcək. Qan qaralacaq. Özü də burda restoranın səviyyəsi, qiymətlərin ucuz, ya da baha olması heç də adamı axmaq vəziyyətlərdən sığortalamır. Hər bir yerdə hər cür hadisə baş verə bilər.

Bizim camaat bir-birini yaxşı tanıyır. Sadəcə, heç kim vəziyyətin necə olduğunu dilə gətirmək istəmir. Rol oynayırlar. Halbuki adicə bir fakt ölkədə əxlaq deyilən bir anlayışın nə gündə olduğunu gözəl göstərir. Minlərlə insanın əxlaqdan danışdığı bir ölkədə bir qız, bir qadın xeylağı təkbaşına bulvara çıxıb təmiz hava udmaq üçün gəzə bilmir. Həmən bir neçə yarıminsan peyda olaraq bulvara təmiz hava almaq, gəzişmək üçün çıxan qıza sataşacaq, söz atacaq, ona rahatlıq verməyəcək. Hamı vəziyyətin necə olduğunu bilir və vəziyyətin necə olduğunu bilə-bilə yalandan əxlaqımız haqda nağıllar uydurur. Üstəlik, hələ bir başqa xalqları da bəyənmir, onlara şər atırlar. Guya əsl əxlaq bizdədi və bizdən savayı heç kimin əxlaqı-zadı yoxdu. Guya başqa xalqlar ta özlərini açıb töküblər ortaya.

İndi isə bizim yalançı qonaqpərvərliyimiz haqda bir-iki abzas yazmaq istəyirəm. Deyilənə görə, biz qonaqpərvər xalqıq. Tez-tez verilişlərdə, müsahibələrdə qonaqpərvərliyimiz haqda nağıllar eşitməkdəyik. Adamlarımız dayanmadan elə hey qonaqpərvərliyimizlə fəxr etməkdədirlər. Mən bir neçə başqa xalqın nümayəndələrinin evində qonaq olmuşam. Onlar qonağı çox rahat qəbul edirlər. Gərgin olmurlar. Ünsiyyətdən zövq almağa çalışırlar. Utanmadan evdə olan təamlardan masanın üstünə düzürlər. Mən belə görmüşəm. Bizimkilər isə qonaq qəbul edərkən çox gərgin və narahat olurlar. Bunun çox sadə bir səbəbi var. Onlar bir-birilərinə inanmırlar. Bilirlər ki, qonaqlar öz evlərinə qayıdanda hər şeyi ən xırda detallarına qədər müzakirə edəcəklər: Çay soyuq idi, stəkan yaxşı yuyulmamışdı, dolmanın düyüsü bişməmişdi, kotleti yaxşı qızartmamışdılar. Sanki bunlar qonaq yox, başqa bir ailəni yoxlamağa getmişdilər. Onlar bir-birilərinə inanmadıqlarına görə hər şeyin qaydasında olmasına maksimum çalışırlar. Çalışırlar ki, səhv buraxmasınlar. Qeybət üçün mövzu verməsinlər. Çünki özləri də başqa evə gedib qayıdandan sonra belə müzakirələri çox ediblər. Səhv buraxmamaq üçün o qədər gərgin olurlar ki, düz-əməlli ünsiyyət qura bilmirlər. Rəflərdən adi günlərdə istifadə etmədikləri qab-qacaqları, nə bilim fincanları, boşqabları çıxarıb masaya düzürlər. Bu qonaqpərvərlik rolunu hər bir kəs oynadığı üçün hər biri bunu normal qəbul edir. Heç kim heç kimin saxtakarlığını üzünə vurmur. Masanı hazırlamaq o qədər vaxt alır ki, ünsiyyətə vaxt qalmır. Qısa bir zamanda masanın üstündəkiləri yeyib, başlayırlar bir-birinin üzünə baxmağa. Mənəvi dünyaları yoxsul olduğu üçün söhbət etməyə mövzu tapmırlar. Başlayırlar qeybət etməyə.

Bu haqda "Pul xərcləmək mədəniyyəti" adlı yazımda geniş söhbət açdığımdan detallara varmıram. Qonaqlar dağılışandan sonra qeybət yenə də davam edir. Bu dəfə onlar ayrı-ayrılıqda hərə öz evində bir-birilərini müzakirə edirlər. Azərbaycanlıların fəxr etdiyi qonaqpərvərlik əslində qonaqpərvərlik deyil, başdan-ayağa saxtakarlıqdı. Ən gülməlisi odur ki, bəzi ailələrdə hətta zənən xeylağı mətbəxtdən bayıra çıxmır. Zənən xeylağı uşağı çağırır mətbəxə, məcməyini verir uşağa və deyir ki, apar bu yeməkləri düz masanın üstünə. Bəzən hətta evin kişisi özü şəxsən ofisiantlıq edir. Adam başa düşmür ki, bunlar niyə bir-birilərinə zülm edirlər. Gedib niyə bir normal kafedə oturmurlar. Bunun harası qonaqpərvərlik oldu? Budur, sizin fəxr etdiyiniz qonaqpərvərliyiniz?!

Mən bir dəfə belə bir mənzərənin şahidi oldum. Həmən bir bəhanə uydurub aradan çıxdım. Özümü təhqir olunmuş hiss etdim. Mətbəxtdə oturana yazığım gəldi. Niyə kiməsə görə evin sakini mətbəxtdə həbs cəzası çəkməlidir?

Azərbaycanlıların qonaqpərvərliyi daha çox mənfəətə hesablanır. Qonağın maddi durumu, vəzifəsi, qonağın necə qəbul edilməsində ciddi rol oynayır. İllah da əgər qarşıda kiminsə kiməsə ərə getmə ehtimalı varsa, aləm lap qarışır, saxtakarlıq özünün kulminasiya nöqtəsinə çatır.

Azərbaycanlıların qonaqpərvərliyi əslində adamdan sallaşmaqdı. Elə bilirlər ki, qonağı nə qədər çox narahat etsələr, bir o qədər qonaqpərvərlik nümayiş etdirmiş olurlar: Burdan oturma, ordan otur, orda durma, burda dur! Onu ye, bunu ye! Bunu iç, onu iç!

Deyirsən ay dayı, ay xala, ay qardaş, ay bacı, narahat olma, hər şey yaxşıdı, əziyyət çəkmə. Kimə deyirsən, adamın zəhləsini tökürlər. Axırda bezirsən, deyirsən çıxım gedim bir az başım dincəlsin. Bir sözlə, azərbaycanlılar qonaqpərvərlikləri ilə fəxr etsələr də, əslində, bizdə hələ də qonaq qəbul etmək mədəniyyəti formalaşmayıb. Bu qonaqpərvərlik deyil, sadəcə yoxlamadı. Bu, qonaqpərvərlik deyil, qeybət üçün mövzu axtarmaqdı. Bu qonaqpərvərlik deyil, mənfəət güdməkdi.

Qonağa yer salmaqları lap ayrıca bir komediyadı. Ora döşək daşıyırlar, bura yorğan aparırlar. Elə bil yataq yox, səhnə düzəldirlər. Adam bezir, istəyirsən ki, çıxıb həyətdə, ağacda-zadda yatasan.

Azərbaycanlıların düşüncəsinə görə onlardan başqa heç kim qonaq qəbul etməyi bacarmır. Halbuki mən düz bir aydan artıq rusun evində qonaq qalmışam. Bir dəfə çıxdım bazara əlli dollarlıq bazarlıq etdim. Qonaq getdiyim ailənin üzvləri məni xeyli danladılar. Dedilər ki, bazarlıq etməyə əsla ehtiyac yox idi. Bir adamı qonaq saxlamaq onlar üçün asandı.

Çexin evində qonaq qalmışam. Adam açıq deyib ki, maaşını bir həftəyə alacaq, mümkünsə bu gün evə bir balaca ərzaq alım.

Bu vaxta qədər əlli gürcünün evində qonaq olmuşam. Yemək hazır olana qədər evdə nə varsa, Allah verəndən rahatca gətirib qoyublar masanın üstünə. Fəslə uyğun. Pendir, turşu, meyvə-tərəvəz... Oturub normal adam kimi söhbət etmişik. Həzz almışıq ünsiyyətdən. Bizimkilər isə adamın qarnını çayla o qədər doldururlar ki, axırda heç yemək yeməyə də həvəs qalmır...

Qonaq qəbul etmək mədəniyyəti formalaşmadığı halda bizimkilərin öz qonaqpərvərlikləri ilə fəxr etməsi gerçəkdən hədsiz dərəcədə gülməlidi. Niyə azərbaycanlılar öz qonaqpərvərliyi ilə fəxr edirlər, bunu heç cür anlamaq olmur. Azərbaycanlılar elə bilirlər ki, başqa xalqların nümayəndələri evə qonaq gələndə ailəlikcə tutub qonağı huşunu itirənə qədər zorlayırlar...

Seymur Baycan

Reytinq qəzeti

# 7537 dəfə oxunub

Müəllifin son yazıları

# # #