Köçkünlük statusu

Köçkünlük statusu
23 oktyabr 2020
# 12:47

Virusla əlaqəli olaraq, son zamanlar ancaq manatlıq taksilərdən istifadə edirəm. Taksidə həmişə dörd sərnişin olur və bu dörd adamdan biri mütləq söhbətcil çıxır, mənzil başına çatana qədər üyüdüb tökür.

Son vaxtlar hamının söhbəti cəbhədən, müharibədən, qaçqınlardan olur.

Sürücünün yanında oturan naxçıvanlı bir kişi Naxçıvan ləhcəsi ilə deyir:

“Qaçqınlar yerlərinə qayıdacaq, ondan sonra Bakı boşalacaq...”

Özü də bunu elə sevinclə deyir ki!

Bir başqa maşında yaşlı bir qadın deyinir:

“Müharibədir, ancaq nə olsun, kommunal xərcləri yenə bizdən alırlar. Bircə qaçqınlardan başqa, təkcə onlara güzəşt edirlər. Onlar üçün yaxşı olsun, bəs biz yerdə qalanlar? Bizi heç düşünən yoxdur”.

Məcburi köçkünlər Bakıda bəzi adamların yerini dar edirmiş sən demə.

Bəziləri də özünü bir illüziyaya qapdırıb:

“Qaçqınlar bizdən yaxşı yaşayır!”

Ay balam, bəs yataqxanalarda, dar, balaca otaqlarda ailəcə yatan, bütün ömrünü bir otaqda keçirən adamların halına niyə bir dəfə yanmamısan?

Nə var-nə var, hökumət bəzi məcburi köçkünlər üçün evlər tikib, onları ora yerləşdirib, bu sənin gözünə nə yaman pis görünüb?

Şükürlər olsun, bitəcək hamısı!

Daha qaçqın kimi baxa bilməyəcəksiz Qarabağ əhalisinə. Kommunal xərcləri ödənilir deyə həsəd aparmayacaqsız.

Qaçqın statusları var, o statusun hesabına uşaqlarının təhsil haqqını ödəmirlər deyə narahat olmayacaqsız.

İnsanlar sevinclə, uça-uça o torpaqlara qayıdacaq. Orda yenidən həyat quracaq, torpağı yaşıllaşdıracaq, çiçəkləndirəcəklər hər yeri.

Təbii, Bakıda qalanlar da olacaq. Bəziləri paytaxtda kök salıb. Başqa eldən qız alıb, başqa elə qız verib. Bir çoxları paytaxtda mühüm vəzifələrdə çalışır.

Sevinirəm, axır, onların statusu da sizin statusunuzla bərabərləşəcək. Kommunal xərcləri ödənməyəcək, uşaqları ödənişli təhsil alacaq, hökumətdən ev, mənzil tələb etməyəcəklər. Paytaxtda ev əldə etmək istəyirlərsə, sizlərdən biriniz kimi pulla alacaq, kredit ödəyəcəklər.

Yəqin, onda Bakının problemləri də siz deyən kimi yüngülləşəcək.

Təki siz deyən kimi olsun!

Ancaq bunu da unutmayın ki, məcburi köçkünlər bu illər boyu köçkünlük statusunu çiyinlərində daşımasaydılar, bu gün biz torpaqlarımızın haqq davasını apara bilməzdik.

Köçkünlük statusu o adamların həqiqətən o torpaqlardan çıxarılmasının sübutu, bir gün o torpaqlara geri qayıtmasının qarantı idi.

Təkcə insanlar Bakıya sığınmamışdı ki!

Təkcə o torpağın adamları paytaxta pənah gətirməmişdi ki!

O şəhərlər, o kəndlər, o şəhərlərin məktəbləri, idarələri, icra orqanları, mədəniyyət evləri, parkları, xiyabanları, baharları, qışları da paytaxta sığınmışdı.

Məcburi köçkünlər əslində Bakıda yaşamırdılar ki!

Onlar Bakıya sığınmış Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda yaşayıblar bu vaxta qədər...

İndi özləri ilə Zəngilanı Zəngilana, Kəlbəcəri Kəlbəcərə, Laçını Laçına, Şuşanı Şuşaya, Ağdamı Ağdama qaytaracaqlar.

Vətəni Vətənə qovuşduracaqlar!

# 1899 dəfə oxunub

Müəllifin son yazıları

# # #