Hüzn qəlbimizi təmizləyir

Hüzn qəlbimizi təmizləyir
19 iyul 2021
# 11:15

Kulis.az Sevinc Elsevərin “Hüzn qəlbimizi təmizləyir” adlı yazısını təqdim edir.

Orxan Saffarinin yeni çapdan çıxmış “Hüznsov depressiya” kitabını oxumaq üçün mənə heç bir gün də lazım olmadı. Kitabın böyük hissəsini saat yarıma, dərsdə olan oğlumu gözləyəndə oxumuşdum, qalan hissəsini də avtobusda Xırdalandan Masazıra qayıdanda oxudum. Bu da eləsin 25-30 dəqiqə.

Deməli, 2 saata oxuyub bitirə biləcəyimiz, birnəfəsə oxunan bir kitab yazıb Orxan. Hekayələri oxuyarkən bir damcı da darıxmadım. Birindən-digərinə maraqla atladım, bir də gördüm kitab bitdi. Kitabın bitməyinə üzüldümmü? Yox! Adam da hüznlənməkdən sevinər? Hüznsov depressiyadan qurtardığıma sevindim (burda guya zarafat eləmək istədim).

Özünün də hekayələrdən birində dediyi kimi Orxan “undeground” ədəbiyyatı yaradır. Hekayələrin qəhrəmanları, süjet xətti ayrı-ayrı olsa da, əslində bu kitabı mən həm də bir roman kimi oxudum. Çünki bütün hekayələrin baş qəhrəmanı Orxan özü idi, həm də hekayələrdəki hadisələr eyni məkanda, hətta deyərdim eyni zamanda (Orxanın uşaqlığı və yeniyetməliyi dövründə) cərəyan edirdi.

Orxanın hekayələrindəki əhvalatların cərəyan etdiyi məkanda mən özüm də illərlə yaşamışam. Həm “20-ci sahə” dedikləri ərazidə, həm də Bayılda. Hətta mən də mətnlərimdə o yerlərdə yaşayan müxtəlif insanlardan bəhs eləmişəm. “20-ci sahə”, Bayılın girişi doğrudan da şəhərimizin “undeground”udur. Orda daha çox müxtəlif rayonlardan, əyalətlərdən işləməyə gələn, kirayə qalan, yaxud gecəqondular tikib yaşayan fəhlələr, məcburi köçkün düşmüş, hər cür zülm və çətinliklərdən keçmiş, neft buruqlarının arasında yuva qurub yenidən yaşamağa çalışan, həyata sıfırdan davam eləyən insanlar yaşayır.

Ən ucuz kafelər, bomjların toplaşdığı “Fəhlə əlləri” parkı, yoxsul insanlar, narkotikə dadanan, həyatları solub gedən cavanlar, oğrular, “oğru dünyası” nın adamları və s. Orxanın hekayələrində təsvir elədiyi bütün bu hüznlü, kədərli söhbətlər doğrudan da bizim reallıqlarımızdır. Biz onlardan danışsaq da, danışmasaq da, bu qəhrəmanlar, bu həyatlar mövcuddur.

Orxanın belə gənc yaşda bu qədər həssaslığı həm xoşuma gəldi, amma həm də ona ürəyim yandı. Düzü öz-özümə dedim də: görəsən bu gənc necə yaşayacaq bu cəmiyyətdə? Onu bir az da Mövlud Mövluda bənzətdim. Hekayələri də Mövludun hekayələriylə bənzərdir, həssaslığı da. Hətta dinə münasibəti də.

“Qüsl” hekayəsindəki yeniyetmə oğlanın dini görüşləri, inamı ... Bu hissləri Mövluddan xatırlayıram mən. Bəlkə Orxanı çox istəməyimin səbəbi də bu imiş, bilmirəm. Necə olub ki, tanımaza-bilməzə xətrini bu qədər çox istəməyə başlamışam. Dostum Mövluda oxşayırmış sən demə! Bəxti oxşamasın!

Tutunmağa çalışan, yoxsul ailələrdə böyüyən, özlərini həm cəmiyyətə, həm ailələrinə, həm özlərinə sübut etməyə çalışan gənclərin hekayətlərini təsvir edib Orxan. Onun baş qəhrəmanı (bu qəhrəman bütün hekayələrdə eyni adamdır) tipik Azərbaycan gəncidir. O, ehtiyacdan oğurluq da edir, amma maşın maqnitofonunu açmaq istədiyi yerdə imam Əlini mədh edən mərsiyə ürəyinin başına od salır. (“Şahnaz, Dadaş, İmam Əli”). Ürəyində imam Əli sevgisi olan oğrudur o. Ancaq oğurlamağa məcburdur, çünki məhəllə kafesində ofisiant işləyən, bütün məhəllə gənclərinin cinsi arzularını yerinə yetirən Şahnaza da pul vermək lazımdır. “Malena” filminin yetkin oğlanlarını xatırlayıb gülümsünmüşdüm hekayənin bu yerində.

Şahnazlar bütün cəmiyyətlərdə mövcud olublar, kədərli obrazlardır, bu cəmiyyətin ən hüznlü üzvləridir. Ancaq xidmətləri də böyükdür. Orxanın böyüdüyü məhəllədə də bir Şahnaz var, o, məhəllənin bütün yeniyetmələrini “böyüdür”, “kişi edir”... ancaq getdikcə daha da qocalıb, artıq heç kimə lazım deyil. Onu təkcə bizim oxuduğumuz hekayənin qəhrəmanı xatırlayır. Həm də necə xatırlayır! Bizi hüznləndirərək! Hətta Şahnaz kimi obrazı sevdirərək!

“Pünhan” hekayəsində başsız, kişisiz olan ailəsində kişi rolunu üstlənməyə məcbur qalan, yeni köçdükləri məhəllədə oğlan qılığına girib, hamını kişi cinsindən olduğuna inandırmağa çalışan Pünhanın əhvalatı adamı yerin dibinə soxur. Hamımız bu cəmiyyətin içində yaşayırıq. Bu cəmiyyətdə qadınların hansı hücumlara, hansı təzyiqlərə məruz qaldığını bilirik. İki bacısının, anasının və özünün namusunu qorumaq üçün gənc qız özünü kişi kimi qələmə verməlidir. Qoy onları rahat buraxsınlar, diqqəti özlərindən uzaqlaşdırsın, insanların ağzına düşməsinlər. Başlarının üstündə bir kişi xeylağı var deyib, onları təkləməsinlər.

“Əsirlikdəki qızılgül” hekayəsinin qəhrəmanı yazıçı həmişə getdiyi kafedə oturub ermənilərə əsir düşən qızın hekayətini yazmağa çalışır. Ancaq sərxoş kişilərin arasında əsir qalan ofisiant Lalənin də vəziyyətinin həmin əsirlikdəki qadından geri qalmadığını görür.

Balaca bir yazıda Orxanın bütün hekayələrindən danışıb başınızı ağrıtmayacam. Məsləhətdir ki, özünüz kitabı əldə edib oxuyasız, hüznlənəsiz, duyğulanasız və qəlbən təmizlənəsiz. Çünki hüznlənmək doğrudan da insan qəlbi üçün faydalıdır. Başqalarının ağrılarına, acılarına hüznlənmək bizi yaxşı insana çevirir.

Sonda əsgər getməyə hazırlaşan Orxana üzümü tutub demək istəyirəm ki, bu hekayələrdə sənin qəlbini sevdim, Orxan! Arzu edirəm bu həssaslığı, bu ürəyi qoruyasan və yeni-yeni hekayələr yazıb oxucularını hüznləndirəsən! Sənə uğur arzulayıram, gənc dostum! Sağ gedib salamat qayıt! Əsas sağlıqdır! Yazmağa gələndə bu ürəklə onsuz da yazacaqsan!

# 3516 dəfə oxunub

Müəllifin son yazıları

# # #