Saçlarımı yağışa öpdürürəm – Sevinc Elsevərin şeirləri

Saçlarımı yağışa öpdürürəm – Sevinc Elsevərin şeirləri
6 may 2020
# 18:50

Bu gün tanınmış şairə Sevinc Elsevərin doğum günüdür. Kulis.az bu münasibətlə Sevinci təbrik edir və şairin seçmə şeirlərini təqdim edir.


Veteranın çəliyinə

Böyük Vətən müharibəsi
veteranının
çəliyi də özü kimi qocalmış
üzünün rəngi qaçmış
bir neçə yerdən çat vermiş
yaralanmış
sarınmış
bəlkə də hacət görmürlər artıq
çəliyi dəyişməyə
oğulları, nəvələri
diqqət etmir çəliyin köhnəliyinə
qocaya əziyyət verib
Qələbə bayramı tədbirinə
gətizdirən icra hakimi
amma çəliklə qoca
hamının acığına
bir-birinə dayaq durub
yaşayırlar
veteranın çəliyi
sahibinin ölümündən sonra
bilmirəm hara atılacaq
bəlkə də bir fidana dayaq duracaq
onu böyüdəcək
yaşıllaşdıracaq
veteranın döşündəki medallar kimi
qırmızı, al-əlvan güllər açacaq üstündə
o ağacın...


Kaktus gülü

Pərdənin arxasında unutduğun
Kaktus gülünə
Toxunmaq kimidi
Yenidən eşqə düşmək
Sən pərdəni çəkmək
Nə zamandı qaranlıqda qalan otağını
Aydınlatmaq istərsən
Kaktus gülünü ovuclar barmaqların
Acılar içindən keçərək
Qovuşarsan gün işığına...
Sonra... sonra
Yenə qaranlıq çökər
Sən kaktus gülünü unudarsan pərdə dalında


Albalı ağacının qış yuxusu

dərin qış yuxusundadı albalı ağacı
gövdəsini silkələyərək oyatmağa çalışır onu
burnu qıpqırmızı bir uşaq
qımıldanır cavan albalı
qar topaları düşür uşağın üz-gözünə budaqlarından
bir anlıq ağacın yuxusuna girir uşaq
qıpqırmızı albalılar dərir budağından
körpə əllər...

Azad qadın heykəlinə

yağış tökür göydən
Cəlil Cavanşirin kitab təqdimatına tələsirəm
"Azad qadın” heykəlinin yanına çatanda
paltomun başlığını atıram kürəyimə ehtiramla
saçlarımı yağışa öpdürürəm
çadrasını başından əbədilik çıxartmış o qadın kimi

özümü gizləyərək
hətta yağışa, soyuğa qarşı olsa belə
bürünərək
ötməyə ürəyim gəlmir
bu məğrur və şax dayanan qadının yanından.

Sevgidə kompleksli qadın

Yıldız Tilbəyə ithaf...

bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...
ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.
küsdümsə,
əyilir üzüm
çatılır qaşım

yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...
hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...
yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi...
indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm
əvvəlcə...

Meymun olmaq

nədi fərqləri heyvanxanadakı heyvanlardan
bizim ev dustağımız deyillərmi
dörd divar arasında saxladığımız
boyunlarına xalta vurduğumuz
pişiklər
itlər
meymunlar
ən azı azad sevişmək haqlarını
əllərindən almamışıqmı?!

onları qısırlaşdırır,
yaxud partnyorlarını belə biz seçmirikmi?
ancaq tanıdığımız adamların
heyvanları ilə cütləşdirmirikmi onları
mühafizəkar ana-ataların öz oğullarını-qızlarını
tanıdıqları adamların
qohum-əqrəbalarının uşaqları ilə evləndirdiyi kimi...

onları əsirlərimiz kimi sevirik
uşaqlarımızı da əsirlərimiz tək sevdiyimiz kimi

kafedə balaca bir meymunla şəkil çəkdirməkçün
sıraya düzülən adamlar
qorxutdular meymuncığazı
o da qəzəbindən yanındakı uşağın
qırmızı şarını partlatdı
mən də olsam partladardım
özü də diksindi,
uşaq da qorxub ağladı
sahibi təpindi meymuna
qorxmayın dedi adamlara
yaxın durun
şəkil çəkdirin
“telefonla üç manata, fotoaparatla beş manata”

ulduzudur meymuncığaz bu gecənin
amma nəyinə lazımdır ulduz olmaq?
nəyinə lazımdır meymun olmaq
özü kimi məməlilərin əlində?!


Boşanmış qadın

Uşaqlığında şiş əmələ gəlmiş
əlinə, üzünə, dizinə kişi əli dəymədiyindən
evi vardı, əri vardı, sevgisi vardı bir zamanlar
Xəstəliyi yayılmış mahala
onu bu məlala salan adamlardı
indi halına acıyanlar
Boşanmış qadın olduğundan yükü ağırdı
üstündə ikiqat göz vardı
kişilərdən yan qaçdı

boğdu arzularını
ürəyi şişdi dərddən
başı şişdi düşünməkdən
dili şişdi ağzında dərdini susmaqdan
nəhayət qadınlığı şişdi
sevgi arzulamaqdan...

Atasının
qardaşının
xəstəliyinin səbəbini öyrənməyi qədər
heç nə incitmədi onu
heç nə utandırmadı bu dünyada xəstəliyi kimi...


Sevilən uşaq

Hardansa tapıb əyninə keçirdiyi
köynəyinin üstündə
ingiliscə "sevilən uşaq"
kəlmələri yazılıb

avtobusa dilənmək üçün minən uşağın
Bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə


Yeni il yolkası

yaxınlaşmaqda olan
yeni ili
sevinc içində qarşılamasa da
adət üzrə yolka qurur
evin bir küncündə
təcavüzə uğramış
adı bədnam olmuş qızcığaz
rəngli işıqlar yanıb-sönür yolkanın üstündə
indi gənc qızcığaz özü də
gözlərini qırpa-qırpa qalıb
o zəif işıqlar kimi
indi onun ümidləri də gah işarır
gah sönür beləcə...

Sevinc Elsevər. İntihar edən iki məktəbli » Yarpaq.az

# 4722 dəfə oxunub

Müəllifin son yazıları

# # #