16 yaşın utandırdı məni – Sevinc Elsevərdən yeni şeir

Sevinc Elsevər, şair

Sevinc Elsevər, şair

7 dekabr 2021
# 14:15

Kulis.az Sevinc Elsevərin “Aytaca” şeirini təqdim edir.

Səni dəfn edib gəldik
Körpə Aytacım,
Kiçik dayımın körpə qızı
Susadım
Yanğımı söndürməyə utandım
Qoy dilim də, ağzım da yansın

Sənə halva çalmışdılar

Dadı şirin
Özü ən acı nemətdir halva
Süfrəyə uzanmadı əlim
Bağırsaqlarım acından quruldasa da

Bağırsaqlarım nə bilsin
Dünyadan küsdüyümü
Ac oldular
Quruldarlar onlar

Başımın ağrısı kəssin deyə
Dərman atmağa gəlmədi əlim
Ağrısın istədim
Başım da ürəyim kimi

Başımın ağrısı ürəyimin ağrısına kömək eləsin

Üşüdüm
Jaketimi salmadım çiynimə
Bayırda soyuq idi
Yağış yağırdı
Sən o yağışın altında uzanmışdın

Yuxum qaçdı bütün gecəni
Bilmədim nə edim
Termonun qabağında qurdalandım
Adətimcə
Əl-üz kremimi götürdüm
Amma yenidən yerinə qoydum
Qırışlara qarşı olan kremi
Siyirtmənin ən alt gözünə atdım
Yarıyola çatmayan 16 yaşın utandırdı məni
Qoy alnımdakı qırışlar artsın
Bundan sonra üzümü daha artıq
Turşudacam onsuz da
Qaşlarımın arasındakı o qırışı yox etməyə
ən bahalı
ən keyfiyyətli kremin də gücü çatmayacaq

Bundan sonra daha çox savaşacam
Dünyayla
Sağ qalanlarla
Ölənlərlə
Babamızla
Nənəmizlə
Ulularımızla
Nə günah etdilər ki
Altını belə çəkirik biz?
Neylədik
Nə iş gördük ki
Tanrının nəzərindən belə düşdük?!

# 2760 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #