Nazirlik şöbənin adından kino sözünü sildi – Məqsəd nədir?  

Nazirlik şöbənin adından kino sözünü sildi – Məqsəd nədir?  
30 sentyabr 2021
# 10:56

Kinosevərlər, kino adamları bu günlərdə xəbər tutdular ki, Mədəniyyət Nazirliyinin “Kinematoqrafiya şöbəsi”nin adı dəyişdirilib olur “Audiovizual və interaktiv media şöbəsi”.

Əlbəttə, bu təşəbbüs haqlı narahatlıqlar doğurub. Azərbaycan kinosunun bu günündən, gələcəyindən onsuz da bərk narahatlığımız vardı. Bundan sonra necə olacaq deyə kinosevərlər özlərinə və bir-birlərinə sual edirlər.

Kino doğrudur ki, audiovisual sənət növüdür, həm eşidilən, həm ekranda təsvir olunan sənətdir, elə televiziyanın özü kimi...

Ancaq biz bilirik, kino həm də televiziya ilə əzəldən mehriban düşmən olub, bir-birinin üzünə gülüb arxasınca danışıblar, bir yerdə çörək kəsib, bir-birinin çörəyinə bais olublar.

Kinoteatrların bazarını öldürən kimdir?

Elə bu nadinc, sonradan doğulan televiziya!

İndi də yutub var, o var, bu var.

Ancaq bunu dana bilmərik ki, Azərbaycan kinosunun ən böyük təbliğatçısı da Azərbaycan televiziyaları olub.

Azərbaycan kinosunu televiziya vasitəsilə izləmişik, sevmişik, tanımışıq. Bugünkü nəsil Azərbaycan kinosunu demək olar ki, tanımır. Çünki müasir nəsil televiziyanı izləmir. İzləməməkdə qınamıram onları.

Müasir televiziya aşağı-yuxarı zaman itkisidir. Bir şey vəd eləmir, öyrətmir, tərbiyələndirmir, doğruçu, həqiqətpərəst deyil, həddindən artıq pafosludur...

Axı əvvəllər də belə idi.

Bəs onda biz niyə televiziyanı izləyirdik?

Əlbəttə, məcburiyyətdən!

Alternativlərin olmamasından!

Onda sosial şəbəkələr, yutub, müxtəlif saytlar, bir sözlə, həmin bu interaktiv media dedikləri nəmənə yox idi.

“Audiovizual və interaktiv media” adının altına biz gözlə gördüyümüz, əllə tuta bildiyimiz və tuta bilmədiyimiz hər şeyi yığa bilərik: televiziyanı, reklam agentliklərini, saytları, sosial şəbəkələri, forumları.

Elə kinonun özünü də...

Elə bil kinonun birotaqlı evinə çoxlu yersiz qonaq dürtülüb, onların hamısını orda yerləşdiriblər.

Arzu edərdik ki, qorxduğumuz kimi olmasın, yersiz gəlib yerlini qaçırtmasın, kino həmin şöbədə öz yerini möhkəm qoruyub saxlasın.

Ümid edirik, bundan sonra kinonu birotaqlı evdən çıxarıb villaya zada köçürəcəklər. Yuxarıda adlarını sadaladığımız sahələrin hamısı orda özünə geniş və rahat yer tapa biləcək.

Biz kinosevərlər də rahat nəfəs alacağıq, milli kinomuzun bu günündən, gələcəyindən narahat qalmayacağıq.

# 4937 dəfə oxunub

Müəllifin son yazıları

# # #