Azərbaycan kinosunun ilk homoseksualı

Azərbaycan kinosunun ilk homoseksualı
1 dekabr 2014
# 16:51

Yazıma iradla başlamaq məcburiyyətindəyəm. Nizami Kino Mərkəzində “My name is İntiqam” filmi saat yarım gec başladı. Başa düşürəm ki, ilk təqdimatdır, foto çəkdirmək, jurnalistlərin sualını cavablandırmaq, qırmızı xalçada poz vermək lazımdır. Amma bu heç bir halda tamaşaçını saat yarım gözlətməyə əsas vermir.

Təəssüf ki, baş rolun ifaçısı Müşfiq Şahverdiyev və aparıcı tamaşaçılardan üzr istəməyi unutdu, ya da ola bilsin, üzrxahlıq etmək ağıllarına gəlmədi.

Tamaşaçı film müəlliflərinin yadına düşənədək, vaxtı öldürməkdən ötrü kinoşünas Aygün Aslanlı ilə kinodan söhbət edirik. Söz poetik realizmdən düşdü. Və mən cidd-cəhdlə nuar janrına (qara film - S.S.) ciddi təsir edən poetik realizm üslubunda çəkilən “Pepe le Moko” filminin müəllifini xatırlamağa çalışırdım. Gözüm qəfil Manaf Ağayevə, ətrafına yığışan adamlara sataşanda poetik realizm də, kino sənəti də tamamilə yaddan çıxdı.

...Təqdimata gələnlərin əksəriyyəti şou əhli idi. Bir anlıq ağlımdan keçdi ki, möcüzə baş versə, Nizami Kino Mərkəzinin qapısından məsələn, Roberto Benini girsə, onu kimsə vecinə almaz, hətta bəlkə yüngülcə itələyib, “Ə, qırmızı xalçadan keç o tərəfə görüm, Müşfiq gəlir” - deyərlər.

Nəsə… Bəri başdan deyim ki, “My name is İntiqam” Mədəniyyət və Turizm Nazirliyinin maliyyələşdirdiyi, rejissor Fikrət Əliyevin komediya yox, məhz zarafat səviyyəsində çəkdiyi “Axırıncı dayanacaq”ı ilə müqayisədə daha baxımlıdır. Həm rejissura, həm ssenari, həm aktyor oyunu, həm də günümüzlə səsləşməsi baxımından...

Təbii ki, bu, art-house komediyası deyil, müəlliflərin də nə Mel Bruks, nə Robert Oltmen, nə Dino Rizi ilə qətiyyən əlaqəsi yoxdur. İntellektual komediyanın yaradıcısı Vudi Allen isə heç deyillər.

İnsafən, müəlliflər özləri də buna iddialı deyillər.

“My name is İntiqam” qurşaqdan aşağı zarafatlara meylli, kütləyə xitab edən, kommersiya uğuru vəd edən layihədir. Azərbaycanda kino bazarını hərəkətləndirmək üçün canlı, marketinq maraqlarına xidmət eləyən bu səpkili kommersiya layihələrinə ehtiyac böyükdür. Çox təəssüf ki, “Məhəllə” filmindən sonra kommersiya layihələrinin davamı gəlmədi.

Filmin qısa süjetini anladım. İntiqam kənddə yaşayan cavan oğlandır. Onun çəkdiyi video sosial şəbəkədə məşhurlaşır və bir milyon manat mükafat qazanır. Fırıldaqçı bir qrup isə onun pulunu ələ keçirmək üçün plan qurur.

Kino sənəti yaranandan dəfələrlə işlədilmiş süjetdir. Amma önəmlisi rejissorun əhvalata hansı rakursdan baxmasıdır. Filmdə müəlliflər orijinal yanaşma təklif etmirlər. Zira, orta statistik azərbaycanlının diqqətini çəkəcək xeyli kadr var. Məsələn, ilk kadrlarda kənddə yaşayan qarının boğçadan planşet çıxarıb, video izləməsi artıq süjetin koloritindən xəbər verirdi.

Filmin aktuallığının səbəblərindən biri süjet xəttində sosial media amilinin qabardılmasıdır. Hərçənd, sosial media problem kimi qoyulmur. Sadəcə, əhvalatın hərəkətverici detallarından biri kimi işlənir.

İntiqamın narkotik maddə istifadə edəndən sonra gözünə görünən qarabasmaların təsvir həlli filmin ən uğurlu səhnələrdən biri idi. Absurd, sürreal səhnədə qəhrəman kişi qonaqlardan birini qadın alt paltarında, digərini başında “taksi” yazılmış lövhə görür.

Baş qəhrəmanın qonaqların stullarını unitaz formasında görməsi kadrı ekrana gələndə Aygün, Aliyə və mən baxışdıq. Eyni zamanda bizi bu sual düşündürdü ki, əcəba, bu, dünya kinosu tarixində yeni epoxa yaradan ispan rejissoru Luis Bunuelin “Azadlıq kabusu” sürreal filminə istinad idimi? Həmin əsərdə ev sahibəsi qonaqları ətrafında unitaz stulların, üstündə isə yalnız jurnalların düzüldüyü masaya dəvət edir. Unitazın qapaqlarını açan kişilər şalvarını çəkir, qadınlar isə ətəklərini qaldırır, yanlarını çanaqda rahatlayıb söhbətə başlayırlar.

Sonra öyrəndim ki, Bunuellə əlaqəsi yoxdur. Müəlliflər də bu barədə bilgisizdirlər. Fərq ondadır ki, detalı Bunuel 40 il əvvəl düşünüb, bizim ağlımıza indi gəlib.

Hətta musiqi ifaçılarının alt-tuman köynəkdə görünməsini Kusturitsaya, gələcək qudaların çəpər arxasında mübahisə səhnəsini “Əhməd haradadır”a da bağlamaq olar.

Müqayisə etməli olsaq, burdakı aktyor oyunu da “Axırıncı dayanacaq”dan daha istedadlı idi. M.Şahverdiyev yaradıcı potensiala malik aktyordur, bütün istedadlı aktyorlarımız kimi onun da yaxşı rejissora ehtiyacı var. Xüsusən, homoseksual rolunu oynayan, obrazının plastikasını gerçək təqdim edən İlkin Misgərlinin qeyd edərdim.

Kulis.az bir müddət əvvəl yazıçılara “Homoseksual mövzuda əsər yazarsınızmı?” sualı ilə müraciət edəndə, onların bir qismi kompleksləri ucbatından sorğudan imtina elədi. Məsələyə bizim cəmiyyətin homofob olması tərəfindən yanaşsaq, İ. Misgərlinin rolunu komplekssiz-filansız ifa eləməsi kifayət qədər cəsarətlidir. Cəsarətlə bu obrazı yüz ildən artıq yaşı olan Azərbaycan kinosunda ilk homoseksual obraz hesab etmək olar.

Filmin başqa bir önəmli tərəfi cinayətkar qrupda yalnız homoseksual obrazı müsbət, səmimi təsviridir. İnsanlarda homofobiyanın neytrallaşdırılması üçün kütləvi, qəbul olunan sənət əsərlərinin rolu vacibdir.

Rol alanların bir qismi Lənkəran Dram Teatrının aktyorları idi. Azərbaycanın başqa bölgələrində işləyən aktyorların filmlərdə, seriallarda rol alması təcrübəsinin yayılmasına, yeni simaların görünməsinə ancaq sevinmək olar.

Ümumən, filmin bütün süjetində çox açıq seksual mesajlar vardı. Məsələn, günümüzdə də çox işlənən jarqon ifadələrə gen-bol yer verilmişdi. Qeyri-etik olduğundan örnək yazmıram. Hər halda söyüşlə, jarqon ifadələrlə bağlı klişelərin qırılması da filmin kütlə tərəfindən “yeyilməsi” üçün daha bir arqumentdir.

Fəqət, həddən artıq, homoseksuallığa istehzayla aksent edilməsi, yumor ölçüsünün itirilməsi (məsələn, tüfəngin ara-sıra “fallos”a – kişi cinsiyyət orqanının simvolik təsvirinə işarə edilməsi) əhvalata duz qatmırdı, yalnız bayağı tonunu artırırdı.

Ümumən, konkret janrlarla işlədikləri zaman ölçünü qaçırmaları rejissorlarımızın ciddi problemlərindən biridir. Məsələn, kinomuzun ciddi isimlərindən biri Vaqif Mustafayevin də qrotesk, kinayə ölçüsünü dozasında saxlaya bilməməsi onun filmlərinin kompozisiyasına xələl gətirir.

“My name is İntiqam” janrca komediya olsa da, ümumən başqa janrların elementlərindən - faciədən, kriminaldan, saspensdən istifadə edilib. Bəzi kadrlar klip estetikasında çəkilib. Komediyadan faciəyə keçid anı - bilərəkdənmi, ya təsadüfən ənənəvi hind filmlərinin “ağlaşma” intonasiyasında alınıb. Dediyim nüans, tutaq ki, hind kinosuna açıq vurğu ilə ironiya olsaydı, filmin effektivliyini artırardı.

Əhvalatın dramaturgiyasında da müəyyən qüsurlar var. Razvyazka anı - Syomanın İntiqama həqiqəti dediyi an özündə heç bir dramatizm daşımır, bu an tamaşaçıya, heç nə olmamış kimi sıradan təqdim olunur. Postmodern əsərlərdə razvyazkanın olmaması düşünülmüş fənddir. Amma kütləvi sənət əsərləri üçün bu, keçərli deyil.

İradlara rəğmən “My nameis İntiqam” filmini bizim kino bazarımızı formalaşdırmaq üçün zəruri bədii məhsul sayıram. Üstəlik, film müstəqil maliyyə ilə çəkilib. Bir qismini də Müşfiq Şahverdiyev öz cibindən ödəyib. Daha önəmli cəhətlərdən biri - filmdə yaradıcı heyətin kino sənətinə sevgisini hiss elədim.

# 4327 dəfə oxunub

Müəllifin son yazıları

# # #