Kulis.az Sevda Sultanovanın “Hökumə Qurbanova sindromu” məqaləsini təqdim edir
Bir neçə ay əvvəl, bullinq mövzusunda çəkiləcək uşaq filmi ilə bağlı kastinq aparırdıq. Kastinqdə rejissorlar, ssenaristlər, aktyorlar və mən kinotənqidçi kimi iştirak edirdim. Uşaqlar Bakının müxtəlif məktəblərindən gəlmişdilər. Əsasən 12-15 yaşlı oğlan və qızlar idi. Biz uşaqlardan müxtəlif emosiyaları ifadə etməyi, hər hansı vəziyyəti göstərməyi xahiş elədik. Öncə deyim ki, doğrudan da, çox istedadlı, bacarıqlı bir nəsil yetişir. Burası öz yerində...
Seçim zamanı bəzən uşaqlardan şeir demələrini də istədik. Müşahidə etdiyim qədərilə uşaqların əksəriyyətini ümumi bir cəhət birləşdirirdi: şeiri bəlağətli söyləmək və poetik mətnlə uyuşmayan əl hərəkətləri. Misalçün, təxminən 13-14 yaşlı bir qız ana haqda şeir dedi. Şeirə o qədər pafos yükləmişdi ki, bir anlıq elə bildim, danışan Hökumə Qurbanovadır. Soruşdum ki, şeiri bu cür ifa etməyi kim öyrədib sizə. Cavab: “Müəllimimiz”. “Müəlliminiz sizdən bu tərzdə şeir deməyi tələb edəndə xahiş edirəm, etirazınızı bildirin”. Rejissorlaran biri dözməyib soruşdu: “Siz normalda ananıza sevginizi bu cür ifadə edrisiz?”. “Yox”. “Bəs niyə onda səhnədə elə danışırsız? Axı bu ,inandırıcı görünmür, səmimiyyətinizə inanadıra bllmirsiz”. Məsələ ondadır ki, uşaqları bəlağətli danışmağa təkcə müəllimlər yox, valideynlər də öyrədir. Niyəsə bizə elə gəlir ki, mütləq şeir deyəndə əl qolumuzu hərəkətə gətirməliyik, üz-göz ifadələrimizi dinamik dəyişməliyik, səs tonu ucaltmalı, sonra qəfil endirməli, daha sonra birdən pıçıltıya keçməliyik və s.
Çağdaş dövrümüzdə şeir qiraətçiləri arasında da xarakter yarada bilmək ənənəsi yox dərəcəsindədir. Sosial şəbəkələrdə populyar qiraətçilərin təqdimatındakı istənilən şeir monoton səslənir.
Səhnədə bəlağətli ifa tərzi ənənəsi isə yanlımıramsa, Azərbaycan Dram Teatrından gəlir. Əslində Azdrama indinin özündə də bu ənənədən tamlıqla qurtula bilmir. Hisslərin aşırı dərəcədə emosional ifadə tərzini mən özlüyümdə Hökumə Qurbanova sindromu adlandırıram. Yaşım çatmadığımdan səhnədə Hökumə Qurbanovanın ifasını görməmişəm. Ancaq onun filmlərdə bir sıra obrazları səsləndirməsinə (“Ögey ana”da Dilarə, “Aygün”də Aygün), filmlərdə oynadığı rollara (“Onu bağışlamaq olarmı” Kəmalə), tamaşalarından günümüzə gəlib çıxan bəzi parçalara (“Fərhad və Şirin”, “Sənsiz” “Antoni və Kleopatra”da ) əsasən deyə bilərəm ki, Hökumə Qurbanova pafoslu ifanın simvoludur. Milli teatrımızın novator rejissorlarından sayılan, səhnəyə təbii danışıq dilini gətirməkdə böyük rolu oynamış Tofiq Kazımovun “Antoni və Kleopatra”nı hakimiyyət və şəhvət hərislik üzərində qurmaq niyyəti olub (mənbə: İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabı). Ancaq tamaşadan bir neçə parçanı izləyəndə belə təəssüratım yarandı ki, aktrisa rejissorun tapşırığını anlaya bilməyib. O, oyununu yalnız bəsit, üzdə görünən seksual temperament üzərində qurub. Və çox güman ki, Kleopatranı yox, özünü oynayıb. Çünki Kleopatra ziddiyyətli, mürəkkəb obrazdır.
Düzdür, Hökumə Qrubanovanı dövrünün böyük aktrisalarından biri, az qala dahi adlandırırlar. Aktrisanın kinoda mənə təsir edən bir obrazı var: 1936 cı ildə çəkilən “Almaz” filmindəki Yaxşı. O da yəqin ona görə ki, “Almaz” filmi səssiz olduğundan, biz aktrisanı eşitmirik.
... Məqalənin əvvəlindəki söhbətə qayıdaq. Kastinqdə Kukla Teatrının nəzdində fəaliyyət göstərən, Saida Haqverdiyevanın rəhbərlik etdiyi “Oyuq” teatr studiyasının uşaqları səhnə, nitq mədəniyyəti, təbiiliyi ilə dərhal seçildilər. Yaxşı olardı ki, Hökumə Qurbanova sindromundan azad olmaq üçün təhsil nazirliyi məktəblərdə estetik zövqü, nitq, səhnə mədəniyyətini formalaşdıran, təbii olmağı aşılayan dərslərin keçilməsinə şərait yaratsın.