Sevda Sultanovanın yazısı...
“Ana ürəyi” Seymur Baycanın ən bayağı romandır. Milli, mənəvi-mədəni əxlaqımıza, dəyərlərimizə ucuz parodiyadır.
“Ana ürəyi" romanını Yazıçılar Birliyinin Natəvan klubunda müzakirəyə qoymaq və gənclərə demək lazımdır ki, belə roman yazmaq çoxillik romançılıq ənənəsinə malik milli ədəbiyyatımıza təhqirdir.
- Ciddi deyirsən?
Yox, fikrim qarışdı. Dayan görüm, başqa şey demək istəyirdim. Hə...
Hazırlıqlı oxucu üçün roman fərqli şərhlərə yol açır.
Hazırlıqsız oxucu isə romanı bayağı adlandırır. Amma bayağı mövzu yox, bayağı yanaşma var.
Seymur da əvvəlki əsərlərinə xas olmayan fənd və estetikayla “Ana segahı”nı banallıqdan xilas edir.
Az-çox ədəbiyyat bazasına malik oxucu əsərdə tanış mətnlərin “səpələndiyini” görəcək. Müəllif tanış mətnləri olduğu kimi romana yerləşdirməyib, onları özününkiləşdirərək yeni kontekstdə qələmə alıb
(Postmoderndə bu, intertekstuallıq adlanır. Bu metodla müəllif başqa əsərlərlə bağlılıq qurur, başqa müəlliflərin mətnlərinə, bəzən də özünün əvvəlki əsərlərinə göndərişlər edir).
Və “Ana ürəyi” segahının süjet xətti ətrafında həmin fərqli mətnləri ustaca montaj edərək “köhnə mətnlərin” və segahın yeni oxunuşuna yol açan maraqlı əsər yazıb.
“Köhnə mətnlər” hansılardı (məndə ilk assosiasiya olunan əsərlər): Maksim Qorkinin “Özgə qapılarında” , Afaq Məsudun “Dovşanın ölümü”, “Zoluşka” nağılının motivi və ya Latin Amerika seriallarında kasıb bir qızın varlı, məşhur insana çevrilməsi, məsələn, “Sadəcə Mariya” tipli, XIX əsr fransız romanlarında kübar, günah kompleksi daşıyan qadınların üslub və intonasiyasına xas etiraf məktubu, Aleksandr Qrinin “Al yelkənlər”i, klassik cəngavər romanları, “Əsli və Kərəm” dastanı, “Qiz qalası” rəvayəti, Dostoyevskinin “Cinayət və cəza”sı və s.
Əsərin üstün cəhətlərindən biri də təhkiyənin iki fərqli rakursdan nəqlidir.
Oxucu hadisələrə hər iki qəhrəmanın gözü ilə baxır. Kobo Abe də “Özgə üz” romanında belə fənddən istifadə edərək eyni situasiyanı qadın və kişinin dilindən danışır.
Əvvəldə bizə elə gəlir ki, Seymurun qəhrəmanı indiki zamanda oxucuya baş verənləri danışır. Fəqət, bir neçə səhifə sonra müəllif qəfil sillə vurur.
Xətti, nizamlı süjet təsir bağışlayan süjetin sonradan retrospektiv (personajın keçmişini detallı şəkildə tanıtmaq), qeyri-xətti olduğunu anlayırıq. Artıq cinayətə görə həbs olunmuş qəhrəman dindirilmə zamanı keçmişini indiyə daşıyır. Seymur eyni zamanda fləşbək elementlərindən də istifadə edir (kino fəndi olan fləşbəkdə personaj hər hansı səbəbdən bir şəxsi, yaxud hadisəni xatırlayır), məsələn, müstəntiqin sualları ilə o keçmişin konkret hadisəsini xatırlayır.
Roman boyu zəruri müdaxilələri isə oxucu ilə ədəbi mətn arasındakı illüziyanı dağıdır.
Zəruri müdaxilə bizə ara-sıra roman oxuduğumuzu yada salır və bu zaman oxucu ilə mətn arasında məsafə yaranır, bu məsafə-yəni oxucunun mətnə bir növ özgələşməsi ona əsəri analiz etmək imkanını verir. Seymur zəruri qeydlərindən sonra qəhrəmanın nəqlinə rəvan, hiss olunmadan keçir.
“Xəyalpərvər qatilin ifadəsindən seçmələr” başlığına diqqət yetirin. Bəlkə olub-bitənlər, qətl hadisəsi elə qəhrəmanın növbəti xəyalıdır? Biz gerçəyi yox, xəyalpərəstin öz həyatını xəyalında rekonstruksiya etməsini oxuyuruq?
İran kinosunun klassiklərindən biri Abbas Kiarostami “Surəti uyğundur” filmində tamaşaçını cazib oyuna cəlb edir. İlk dəfə rastlaşan qadın və kişi yol boyu, həqiqətin, sənət əsərlərinin orijinalında yoxsa orijinalın imitasiyasında əks olunmasını müzakirə edirlər.
Fəqət, rejissor incəliklə filmdə gözlənilməz dönüş yardır: əvvəldə tanış olan qadın və kişi uzun müddət birgə həyat sürən, cürbəcür problemlər üzündən münasibətlərində böhran yaşayan ər-arvada çevrilir. Kiarostami orijinalın yoxsa surətin həqiqətə uyğunluğu haqda nəzəri fikirləri praktikaya tətbiq edir.
Tamaşaçıda sual doğur: həqiqət hardadır? Onlar doğrudanmı ər-arvaddır, yoxsa evli cütlüyü təqlid edən, hər biri öz şəxsi dramının ağrısını bu şəklidə bölüşən iki yabançı. Həqiqət sonadək bizə qaranlıq qalır.
Seymur da xəyalla gerçəkliyin sərhədlərini bilərəkdən itirir. Ortaq nöqtələri çox olan müstəntiq və qəhrəman bəlkə eyni adamdır? Bəlkə bu, bir şəxsin daxili konflikti, dialoqdur?
Beləcə, Seymur da oxucunu oyuna cəlb edir, ona tələ qurur.
“Ana ürəyi” həm də müəllifin mətbuatda haqqında müntəzəm yazdığı problemlərin ümumiləşdirilmiş bədii mətnidir. Romanın gücü eyni zamanda Azərbaycan reallığına, mentallığına sərt ironik toxunuşlarda, qara yumorla ifadəsindədir.
Digər romanlarında olduğu kimi son əsərdə də müəyyən avtobioqrafik material var. Məsələn, “O, öz itinə göstərdiyi diqqətin beş faizini mənə yönəltsəydi, yəqin ki, indi mən burda ifadə verməzdim” fikrini vaxtilə Nərmin Kamala ünvanlamışdı: “Nərmin pişiklərə göstərdiyi qayğını mənə göstərsəydi, indi Nobel almışdım”. Yaxud onun intiharla qorxusu, düşüncələri əsərdə olduğu kimi yer alıb.
Hərçənd, o, şəxsi təcrübəsini birbaşa təqdim etmir, bununla personajın xarakterini açır. Bu, həm də Seymurun özünə ironiyasıdır.
Şüur axınını xatırladan lirik fikirlərin içərisində bəzi ifadələr adama tərs sillə kimi dəyir: “İnsanın göz yaşlarını görməyənlər Allahın səsini eşidə bilməzlər”.
Əsərin qrotesk səhnəsi-qəhrəmanın anasının qətlə yetirəndə yaralı qadının öz ürəyini çıxarması, sonra oğlunun ana ürəyini çığırtma bişirtdirib yeməsini Seymur “normallıq” kimi təqdim edir. Həm də farşa çevirərək, müqəddəs sayılan dəyərləri kökündən laxladır.
...Ola bilsin, qeydlərimin heç biri həqiqəti əks etdirmir. Amma Seymurun qadın personajı demişkən: “Bu, mənim subyektiv fikrimdir”.