Cırtdan satılmır: Kukla Teatrında sürpriz

Cırtdan satılmır: Kukla Teatrında sürpriz
18 iyul 2017
# 13:41

İsti iyul günündə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına - mövsümün bağlanış tədbirinə dəvət alanda onun formal, cansıxıcı olacağını düşünürdüm.

Hərçənd, Kukla Teatrı ümumən kasıb, boz teatr aləmində intensiv kreativ ideyalarıyla canlanma yaratmağa çalışır. Hardasa may ayında nağıl personajlarının bulvarda karnavalı keçirildi, Oyuq Teatr studiyasında Səidə Haqverdiyevanın quruluşunda "Sarı gəlin” kompozisiyası Bolqarıstandakı festivalda birinci yeri tutdu və teatrın uğurlu menecer siyasəti nəticəsində tamaşaları adətən anşlaqla keçir, festivallardan mükafatlarla qayıdır və s.

...Gözlədiyimin əksi oldu. Bir saata yaxın davam edən bağlanış mərasimi elə dinamik, rəngli keçdi ki, mənim kimi tez darıxan, sıxılan adam vaxtın sürətlə axdığını duymadı.

Əvvəla, ənənəvi bağlanış tədbirində nə teatral akademizmə yer verildi, nə rəsmi, boğazdan yuxarı çıxışlara.

Tədbir rəngli, canlı rejissura (tədbirin rejissoru Qurban Məsimovuydu) ilə həm böyüklər, həm balacalar üçün maraqlı performans sərgilədi.

Teatrın direktoru Rəşad Əhmədzadə tədbiri tamamən incə yumora bürüdü, səmimi, rəsmilikdən kənar ortam yaratdı, məşhur nağıl personajları lakonik səhnəciklərlə sağollaşıb, tətilə getdiklərini bəyan elədi, mükafat alan qocaman sənətçilər kövrələndə, direktor dərhal onları qucaqlayıb, zarafatlarıyla sentimentallığı yenidən yumora çevirdi.

Üstəlik, mərasimdə iki ilə yaxın Kukla Teatrında məskən salmış Yuğla eyni səhnəni səxavətlə bölüşdülər. Daha doğrusu, iki fərqli yönü, dili, estetikası olan teatrın bir növ hibridsayağı bağlanışı oldu.

Yanımda oturan aktyor Hikmət Rəhimov “həyatımız o qədər monoton, kasıbdır ki, əsas odur, sənəti kasıblaşdırmayaq” pıçıldayır, sonra səhhnəyə işarəylə “onu belə canlı saxlamaq lazımdır” deyir.

Hikmətin sənət təəssübünün səmimiyyətinə inanıram.

Kulis az. üçün Aliyə və mənim ondan aldığımız müsahibədə cansız, ölü teatr haqda həqiqətləri birbaşa, açıq deməsi onunla Milli Dram Teatrının rəhbərliyi arasında konfliktə səbəb vermişdi. Düzdür, bu konfliktdən dolayı günah kompleksi keçirdiyimi ara-sıra Hikmətə deyirəm. O isə əksinə, rahatdır, dediklərindən peşman olmadığını deyir.

Maraqlı çıxışlardan biri rəngli şəxsiyyəti olan Elza Seydicahandan gəlir. Çıxışında az qala Kukla Teatrının bütün tarixini danışdı, sonra Mayakovskidən sitat gətirdi. Bu arada, deyim ki, onun şeirlərinin oxucusuyam. Məsələn, mənə Qismətin sadə gerçəklikləri fəlsəfiləşdirib, hansısa qatlarla qəlizləşdirən şeirlərindənsə, Elza xanımın elə o gərçəkliklər haqda sadə, birbaşa, sarkastik ruhda şeirləri daha energetik, səmimi gəlir.

Yadima Tarkovskinin danışdığı məşhur əhvalat düşür. Bir qrup intellektual gecəyədək “Ayna” filmini müzakirə edir. Xadimə qadın onlara acıqlanır: “Gecdir, gedin, hələ buraları yığışdırmalıyam, bir də ki, burda müzakirə olunası nəsə yoxdur, filmlə hər şey aydındır”. Onlar da heyrətlə soruşurlar: “Necə yəni?” Qadın da deyir: “Adam ömrü boyu sevdiklərinə qarşı bütün alçaqlıqları edib, indi ölümqabağı başa düşür ki, o, üzr istəməlidir, necəsə özünə haqq qazandırmalıdır və əzab çəkir, amma bilmir nə etsin, çıxış yolu görmür”.

Tarkovski deyir, filmlə bağlı xeyli tənqidi resenziya oxumuşam, amma filmin ideyasının belə sadə və dəqiq formulasını özüm belə təsəvvür etməzdim.

...Tədbir mənim üçün həm də o səbəbdən yadda qaldı ki, Kukla Teatrının dostları mükafatçıları arasında mən də vardım. Teatrın baş rəssamı İqbal Əliyevin hazırladığı nəfis, koloritli dörd Cırtdan kuklasından biri də mükafat kimi mənə qismət oldu.

Bu, yeri gəlmişkən APA Holidinqin həmin gün aldığı ikinci mükafat idi. Digərini APA TV nin əməkdaşı Nigar Həsənli aldı.

...Tədbir bitəndən sonra dostlarla bulvarda kafelərdən birində əyləşdik. Elə təzəcə oturmuşduq ki, yaraşıqlı xanım yaxınlaşıb, Cırtdanı əzizlədi, necə hazırlanmasıyla maraqlandı və onunla bir masada əyləşən avropalı turistlərin kukladan xoşlandığını dedi:

- Satarsız?

İstər-istəməz Cırtdanı möhkəm qucaqladım.

- Yox, satılmır.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #