Kulis.az “Yeni filmlərimiz” layihəsində “220 nömrəli otaq” bədii filmini təqdim edir.
Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan “220 nömrəli otaq” qısametrajlı bədii film İctimai televiziyada 2010-cu ildə istehsal olunub. Filmin rejissoru Ruslan Hüseyni, ssenari müəllifi H.V. İsmayıl, operatoru Faiq Əliyevdir.
Süjet: Əhvalat sovet dönəmində Moskvada baş verir. Yusif (Amid Qasımov) Moskvada institutu bitirib, neft mühəndisliyi üzrə təhsil alıb və vətənə qayıtmağa hazırlaşır. O, qayıtmazdan əvvəl məktəbdə birgə oxuduğu dostları ilə vidalaşmaq üçün onların yaşadığı yataqxanaya yollanır. Dostları Elmar (Cəlal Qurbanoğlu) və İslam (Oqtay Mehdiyev) tələbə yataqxanasının 220 nömrəli otağında yaşayırlar. Yusif otağa girəndə burda Nika (Aynur Abbasova) adlı qızla da rastlaşır. Nika Elmarın sevgilisidir. Dostlar Yusifin gəlişindən narazı görünürlər. Onların arasında qısa, qanqaraldan söhbət baş verir. Elmarı və İslamı artıq Azərbaycan maraqlandırmır, doğulduğu yerlərə, doğmalarına qarşı bağlılıqları itib, onlar sadəcə həyatdan zövq alaraq yaşamaq istəyirlər. Yusifin Moskvada yox, Azərbaycanda işləmək, yaşamaq istəyi onlarda kinayə doğurur. Mübahisə edən keçmiş dostların yolları həmişəlik ayrılır...
“220 nömrəli otaq” Yusif Səmədoğlunun ilk qələm təcrübələrindəndir. Sovet dönəmində yazıldığını nəzərə alsaq, hekayə məzmununa görə yetərincə cəsarətlidir. Hekayədə ideoloji intonasiyanın önə çıxmasını nəzərdə tuturam. Y. Səmədoğlu mətnində konkret mövqe ortaya qoyur, Azərbaycanı ən azı kulturoloji mənada, o vaxt ümumi vətənimiz olan SSRİ-dən ayırır, gənclərin milli mədəni, tarixi kodlara, ədəbiyyata, doğma dilə yadlaşması məsələsini radikal tərzdə qaldırır.
Bunula belə hekayə sənətkarlıq baxımından aşağıdır. Yəni mövzuya yanaşmada, ifadə tərzində plakatçılıq güclüdür. Hekayənin az qala hər sətrində müəllifin siyasi sistemə qəzəbi duyulur. Ekranlaşdırma da hekayədə olduğu kimi İslama və Elmara qəzəb ruhunda bitir: “Sonra isə Bakıda, Azərbaycanın hər şəhərində, hər kəndində hər yoldan ötəni saxlayıb bu sözləri deyəcəyəm:
- Gedin onları axtarın, tapın! Onlar 220 №-li otaqda yaşayırlar! Qorxmayın, onların üzünə tüpürün!”
Hadisənin sovet dönəmindən bəhs etməsini bildirmək üçün sənədli kadrlardan və ağ-qara rənglərdən istifadə olunur. Rejissor mövzuya yanaşmada yazıçının qüsurlarını təkrarlayaraq süjeti pafosdan, gərəksiz patriotik ifadələrdən təmizləməyib. Y. Səmədoğlunun ifadə etdiyi problemlərin bəzisi günümüzdə aktual olsa belə, rejissor onları müasir dövrə uyğunlaşdıra, müəyyən məqamları redaktə edə bilərdi.
Sovet dönəmində muğamın, ümumiyyətlə, milli mədəniyyətin, ədəbiyyatın sıxışdırılması faktı vardı. Lakin bu gün televiziyada milli mədəniyyətimizin təbliğ olunan seqmentlərindən biri elə muğamdır. Heç Nizami, Nəsimi, Füzuli də unudulmur. Bu başqa məsələdir ki, yaradıcı şəxslər, mütəxəssislər onların əsərlərinə nə qədər yeni, fərqli yanaşma qoya bilir?!
Vətənpərvərlik də daxil, istənilən mövzuya münasibət patetikləşəndə, təsvir dərinliyi, ziddiyyətli vəziyyət və obrazlar olmayanda, şüarçılıq önə çıxanda sənət, ədəbiyyat uduzur. Ona görə təsirli əhvalat qurmaq üçün təmkinlilik, emosionallığın harda qabardılması, uyğun ifadə formaları, rakurs seçmək vacibliyi unudulmamlıdır. Misalçün, hekayənin motivini dəyişdirərək, qlobllaşma kontekstində milli mədəniyyətin, dilin statusu, yeri, onun dünyagörüşümüzə, mentallığımıza, həyat tərzimizə təsirini araşdırmaq günümüz üçün daha aktual ola bilərdi.
Rejissor daha çox sözlərə istinad edir, aktyorlara yüklənir, təsirsiz kompozisiyalar qurur. Üstəlik, süjetə uyğunsuz əlavələr edib. Birincisi, filmin ekzspozisiyası yanlış qurulub. İlk epizodlarda Yusif Moskva-Bakı qatarına tələsir. Onunla yanaşı ayrı-ayrı kadrlarda gənc qadının yola saldığı zabit və azərbaycanlı alverçi görünür. Onlar sonradan Yusifin getdiyi həmin vaqona minir. Dramaturji gedişata əsasən, əgər bu adamlar kadrda xüsusi vurğulanırsa, o zaman onların eyni kupedə bir araya gəlməsi labüd idi və kinohekayə də onların münasibəti üzərində qurulmalıydı. Lakin bu baş vermir. Zabit harasa yoxa çıxır, alverçi isə yalnız ona görə lazım olur ki, azərbaycanlıların öz vətəninə sevgisizliyini, laqeydliyini dilə gətirsin və bununla da obrazın ümumi xəttlə primitv bağlantısı qurulur.
Finalda Yusifin doğma kəndinə qayıdaraq İslamın anasıyla görüşü, anasının oğlunu soruşması və s. isə bayağı patriotik poetikadan başqa bir şey deyil.
Hekayədə Yusifin dilindən dostları ilə keçmişə söykənən konflikti açılır. Hər üçünün arzusu Moskvada təhsil alandan sonra vətənə qayıtmaq olsa da, İslam və Elmar tələbəlik dövründə tədricən dəyişir, başqalaşır və olduqları mühitdə özlərini daha xoşbəxt, rahat hiss edirlər. Rejissor konfliktin köklərinə getmir, bunu dialoqlarda ötəri verməklə kifayətlənir. Digər tərəfdən rejissor Y. Səmədoğlu kimi məsələni çox konkretləşdirir və birqatlı işləyir: yəni İslamın və Elmarın mövqeyi vətənə naxələlflik, nankorluq kontekstində qabardılır.
Anladığım qədərilə İslam və Elmar hedonist həyat tərzini seçiblər. Hər fərdin seçimində əlbəttə ki səbəbləri mövcuddur. Məsələ personajların seçimində nə qədər haqlı və ya haqsız olmağından yox, hər şeydən əvvəl davranışının kökünü, buna səbəb verən situasiyanı araşdırmaqdan gedir. Və onların dəyişikliyinin, öncəki özlərindən qopmasının, bu seçimə gətirən məqamlar əsaslandırılmır. Əslində heç bədii mətndə də açılmır. Hedonizmin özü belə boşu boşuna yaranmır, bu, fəlsəfi cərəyandır. Hedonist düşüncəyə görə həzz ali məqsəddir və insan həyatın əzablarından, ağrılarından qaçaraq yaşamağın yolunu axtarmalıdır.
Personajlardan biri düşünür ki, milli hisslər, ailə, adət və ənənələr insanın sərbəstliyini əlindən alır. Rejissor isə onun seçiminə münasibətdə birtərəfli mövqe tutur.
Hekayədə maraqlı bir detal filmdə xırda para redaktələrlə yer alıb. İslam deyir: “Hamı bizə stilyaqa, deyir, bizi hər yerdə biabır eləmək istəyirlər, bəzən lap üzümüzə də tüpürürlər. Amma biz məğlub olmuruq, yaşayırıq…” Bu fikirlərdə sterotiplərə qarşı etiraz ruhu var. Sovet dönəmində geniş yayılan stilyaqa subkultura idi və buna yazıçılar bir qayda olaraq əsərlərində neqativ yanaşırdılar.
Yunanşünas Səid Riyad bununla bağlı maraqlı bir araşdırmasında qeyd edir ki, stilyaqalar sovet əxlaqının müəyyən normalarına etinasız yanaşır, öz geyimləri, davranışları, xüsusi danışıq manerası və həyat tərzi ilə çoxluqdan fərqlənirdilər, caz, rok-n-rol kimi musiqilər dinləyirdilər və apolitik idilər: “Stilyaqa submədəniyyəti özündə sovet cəmiyyətində qəbul edilmiş ümumi davranış stereotiplərinə, yeknəsəq geyim tərzinə, həyat üslubuna və sənət zövqünə qarşı etirazı ehtiva edirdi. Onları sovet ideologiyasının, ənənələrinin əleyhinə çıxmaqda, patriot sovet gənci obrazına xələl gətirməkdə, kapitalizm dəyərlərinin kölələri olmaqda ittiham edirdilər”.
Yəni dediyim odur ki, hekayənin ekran versiyasını başqa qatlarda işləmək üçün imkanlar çox idi və onu başqa tərəfdən dəyərləndirmək olardı.