Flora Kərimovanı hədəfə alanların əsl siması

Flora Kərimovanı hədəfə alanların əsl siması
5 avqust 2021
# 11:01

Sosial şəbəkələrin hesabına gündəm elə dinamik dəyişir ki, onun sürətinə yetə bilmirsən. Flora Kərimovanın “Şərəf” ordeninə layiq görülməsinin, millət vəkili Eldəniz Səlimovun polisi döyməsinin, Tahir Kərimliin Milli Məclisdə səs-küy doğuran çıxışının, Jirinovskinin ölkəmizlə bağlı təhqiramiz fikirlərinin, parlamentin buraxılması ehtimalının qızğın müzakirəsini nəzərdə tuturam.

Sosial şəbəkələrdə olmadığımdan hadisələri bir az gec izləməli oluram. Sadaladığım hadisələr içərisində isə yalnız Flora Kərimovayla bağlı Facebook çığır-bağırına münasibət bildirməyə ehtiyac hiss elədim.

Uzun illərdir müxalifətdə və ictimai sektorda yayılmış tendensiyalardan biri budur: mütləq mövqe bildirməlisən, mövqe bildirmirsənsə bizdən deyilsən.

Daha dəqiq desəm, fərdlərin intim ərazilərinə müdaxilə edərək, “sən filan şey haqda məhz mənim kimi düşünməlisən, düşünmürsənsə şərəfsizsən, satqınsan” tipli təhqiramiz iddialar təəssüf ki, normallıqdır.

Flora Kərimova peşəkar siyasətçi deyil. Heç vaxt da peşəkar siyasətlə məşğul olmayıb. Sadəcə, bir zamanlar vətəndaş mövqeyini ortaya qoyub. Sonra isə siyasi proseslərdən uzaqlaşaraq öz peşəsiylə məşğul olub ki, bu onun ən doğal haqqıdır.

Torpaqlar azad olunanda ən radikal müxalifətçilər belə prezidenti dəstəkləmişdilər. O zaman Flora Kərimovanın dövlət başçısını dəstəkləməsində niyə problem görünür ki?! Yaxud bunun əqidə dəyişməklə nə əlaqəsi var?! Əqidə dəyişməklə münasibətin dəyişməsi tamamilə fərqli şeylərdir. Bu mənada Flora xanımın proseslərə münasibəti dəyişib. Peşəkar siyasətdə, ictimai sektorda olan müəyyən adamların da iqtidara münasibətində yumşalmalar var ki, bu da ciddi müzakirələrə yol açır.

Başqa məsələ odur ki, Flora Kərimovanı ittiham edənlərin bir qismi, bəlkə də əksəriyyəti pərdə arxasında min cürə siyasi alverə gediblər, sadiq olduqlarını bəyan etdikləri ideyalara, üzdə də olmasa daxildə, hansısa maraqlarına görə qarşı çıxıblar, demokratiya, insan haqları anlayışını özlərinin xeyrinə manipulyasiya ediblər və s.

Və bu adamlar daim cəmiyyətdə yüklənmək üçün günah keçisi axtarırlar.

Bu dəfə isə onların hədəfinə Flora Kərimova gəldi.

Ümumiyyətlə, digər sahələrdə olduğu kimi siyasətdə də ciddi etik problem var: əqidə şüvəni qaldıranların özləri öz siyasi əqidələrində, ideyalarında nə qədər ardıcıldırlar? Obyektiv araşdırma olsa, onların özlərinin siyasi şkafından gizli skeletlər çıxacaq.

Flora Kərimovanın mükafat almasından dolayı yazılan tənqidi statuslarda ciddi arqumentlər yoxdur. Onlar əsasən dedi-qodu, sözçülük üzərində qurulub.

Zaman-zaman müzakirə mövzusu olan fəxri adların ləğv olunmasına gəlincə, mən də onun tərəfdarıyam. Bunun əvəzində azad, sənətçilərin asılılığını azaldan rəqabətli sistem yaradılmalıdır. Amma bir məsələ də var ki, fəxri adların verilməsini sovet təfəkkürü hesab edənlərin bir qismi, eynilə bolşevizm təfəkkürü ilə bütün sənət adamlarından əlahəzrət mövqe tələb edirlər.

Vaxtilə Rasim Balayevi Kinematoqrafçılar İttifaqından çıxdığına görə ittiham edərək ondan Babək qəhrəmanlığı tələb edirdilər. Hətta intellektual adamların, aktyoru oynadığı rolla identifikasiya etmək baxımından sənət təfəkkürü çox axsayır. Aktyorun məsuliyyəti rolunu yaxşı oynaması, peşəsinə vicdanla yanaşması və peşəkar aktyorlar yetişdirməsidir...

Sənətçidən siyasi mövqe tələb eləmək daha çox sovet tərbiyəsinin nəticəsidir. Misalçün, bir neçə il əvvəl jurnalist Kseniya Sobçak Cenifer Lopezdən müsahibə alanda, onu təkidlə siyasi söhbətə çəkmək istəyirdi, lakin cəhdləri uğursuzluqla nəticələndi. Lopez növbətçi təbəssümlə, mədəni şəkildə Sobçakdan ağıllı olduğunu göstərdi: “Siyasətdən danışmağı sevmirəm. Hərçənd, öz baxışlarım var və dedikləriniz haqda məlumatlıyam. Amma mən yalnız sənətdən danışmaq istəyirəm.”

# 3648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #