Aktrisa Tamilla Quliyeva Karantinaki “Naməlum kino” layihəsində təqdim etdiyim “Tələ” filmindən tanıdım. O, VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) məşhur rus aktyoru Aleksey Batalovun kursunda Gülzar Qurbanova, Mələk Abbaszadə ilə birgə oxuyub. Uzun illərdi Yunanıstanda yaşayan və burda uğurlu karyera quran aktrisa filmlərdə, seriallarda çəkilir, teatrda oynayır. Onun haqda təkcə bu faktı demək kifayətdir: O, qədim yunan teatrı Epidavrda Kassandranı, Medeyanı oynayan yeganə əcnəbi aktrisadır.
Yunanıstanda səfərdə olan Batalov onun haqda deyir: “Yunanıstanda olanda bildim ki, səhnədə Tamilla oynayır. Sadəcə Tamillanın çətin tapşırığın öhdəsindən gəlməsinə heyrətləndim. Bu, əsl hədiyyə idi. Teatr yetərincə həyəcanlı işdir, hətta doğma dildə belə oynayaraq tamaşaçının xoşuna gəlmək asan deyil. Dramatik tamaşalarda oynamaq və yad bir ölkədə tamaşaçı tərəfindən qəbul edilmək böyük nailiyyətdir. Mən teatral yox, kinematoqrafiya institutunda oxuyan, yunan teatr səhnəsində oynayan, başqa bir janra və başqa dil mühitinə keçid edən bu qız haqda hamıya qürurla danışdım”.
Kulis.az aktrisanın “Ellada” jurnalına verdiyi müsahibəni təqdim edir.
- Yunanıstan həyatınıza necə daxil oldu?
- Uşaqlıqdan... Bizə uşaqlıqda tez-tez nağıl əvəzi yunan mifləri oxuyardılar. Bir də atamın yunan mahnılarının plastinkası xoşuma gəlirdi. Beş yaşım olanda bu musiqilərə rəqs etməyimi atam sevirdi. Daha böyük yaş dövründə Pifaqoru, Evklidi, Aristoteli mənə sevdirdi. Yunan mədəniyyəti ilə növbəti tanışlıq VQİK-də “Lisistrata” komediyası oldu, onu hazırlamışdıq. Ancaq Yunanıstan mənim üçün nağıl, mif olaraq qalırdı. Və ölkədən getmək istəyim belə yoxuydu. Sadəcə mən gələcək həyat yoldaşım, VQİK-də rejissorluqda oxuyan Qriqoris Karantinakislə tanış oldum, ona ərə getdim və sonra biz Afinaya getdik.
- Əslən hardansız?
- Moskvada böyümüşəm, amma Bakıda doğulmuşam. Valideynlərim incəsənət adamı olmasalar da, incəsənəti sevirdilər, klassik musiqini yaxşı bilirdilər. Atam iqtisadiyyat üzrə professor olub. Ancaq o, məni musiqi məktəbində yönləndirdi. Teatr isə ümumiyyətlə bizim ailənin gündəlik həyatının ayrılmaz parçasıydı. Bununla belə atam istəyirdi ki, onun yoluyla gedim, amma sənət mənim qanımdaydı. Valideynlərimdən gizli sənədlərimi Mədəniyyət İnstitutunun rejissorluq fakültəsinə verdim. Qəribə də olsa məni qəbul etdilər. Onda 18 yaşım vardı, adətən ora müəyyən bilik səviyyəsinə və həyat təcrübəsinə malik adamları götürürlər. İki il sonra bildim ki, VQİK-də Aleksey Batalovun emalatxanasına tələbə yığırlar. Ora qəbul olundum. Düzdür rejissorluğu atdım və qürur duyuram ki, belə bir böyük aktyor və pedaqoqun tələbəsi olmuşam. Dördüncü kursdan artıq filmlərdə baş rollara çəkilirdim, dörd filmdə oynadım. Teatrda isə nəsə etmək imkanım olmamışdı. Anam deyirdi ki, Yunanıstana köçəndən sonra müxtəlif studiyalardan zəng edib, məni filmlərə dəvət edirmişlər. Yunan mühitində isə anladım ki, dil baxımından burda aktrisa kimi özümü realizə etməyim çox çətin olacaq.
- Siz yeganə əcnəbi aktrisasınız ki, Yunanıstanda uğurlu karyeranız var. Tezliklə baş rollara çəkildiniz və hətta dövlət mükafat aldınız.
- Bu ora gedəndən altı il sonra baş verdi. Əlbəttə ki, sıfırdan başlamalı oldum, səhnə nitqinə pedaqoq hazırlaşdırırdı, tamamilə yenidən öyrənmək və diksiyanı dəyişmək lazımıydı. Bu, çox mürəkkəb idi, xüsusən əvvəldə.
Aktyor nitqini, danışığını məşq edir və illərlə düzgün tələffüzü, səlis danışmağı öyrənir. Mənim vəziyyətimdə isə bütün bunları yenidən başqa cür öyrənmək lazımı idi. Mənə düzgün eşitmə qabiliyyətim də kömək elədi. Bütünlüklə bu dilə yükləndim. Çalışırdım ki, ümumiyyətlə rusca danışmayım və Rusiyaya getməyim.
Demək olar ki, bütün bu illər ərzində aksentimlə mübarizə aparası oldum, rollarımı maqnitofona yazıb incələyirdim. Bəxtim onda gətirdi ki, yeni karyeram kinodan başladı, 1997-ci ildə. Bu “Vasiliki” adlı film idi, Yunanıstanda ikinci dünya müharibəsindən sonra baş verən vətəndaş müharibəsi müddətində olmuş sevgi əhvalatıydı. Onda özümdən başqa heç kimsə aksentimə diqqət yetirmədi. Öz qəhrəmanıma onunla haqq qazandırdım ki, Yunanıstanın müxtəlif bölgələrində yunanlar da bir az başqa cür danışırlar. Teatrda isə səhnə nitqi vacibdir, orda işləməyə başlayandan yolum hamar olmadı. “Vasiliki” filmindən sonra uğur qazanmış serialda “Yaşanmamış həyat”da çəkildim. Televiziyanın üstünlüyü ondadır ki, tezliklə məşhurlaşırsan. Təhsil aldığım illərdə Batalov deyirdi ki, kino şöhrətdən başqa nəsə gətirmir.
- Teatrda işləriniz necə gedir?
- Teatr həyatı burda qaynayır. Dünya klassikasına geniş yer verilir. Repertuarın modernizasiyası da var və çoxlu eksperimental səhnələr qurulur. Biz repertuar teatrı yaratmağa çalışırıq.
- Dili nə vaxtdan öyrənməyə başladınız?
- Yunanıstana gedənədək iki ay kursa getdim. Dili tamamən isə Yunanıstanda öyrəndim. “Öncə söz olub” sitatı aktyorlar üçün daha uyğundur. Söz səhnə ifadəsinin ən vacib vasitələrindən biridir. Mənim üçün çox vacib idi ki, anlayım və başqalarına da anladım ki, sözlər nələri gizlədir. Mənə bu rola fasiləsiz alışmaq, təkcə danışmağı yox, düşünməyi, hiss etməyi, arzulamağı, yuxuları belə yunan dilində görmək lazımıydı. Nəyisə çox istəyəndə əldə edirsən. Bundan başqa teatrda ünsiyyət vasitəsi təkcə dil, nitq, söz deyil. Bu həm də tamaşaçıyla yaranan kontaktdır və bu kontakt başqa vasitələrin hesabına meydana gəlir. Bütün aktyorlar teatr adlanan bir dövlətin vətəndaşlarıdır. Mən təbii ki, istəməzdim bütün ömrüm boyu mühacirləri oynayım. Bunun üçün çox əmək sərf etməli oldum ki, repertuarım genişlənsin, maraqlı rolları oynayım. Bir neçə il əvvəl Yunanıstanda Nikita Mixalkovla görüşdüm və mənə elə gəldi ki, gedənədək mənim doğrudan da yunan teatrında oynamağıma inanmadı.
- Yunanıstanın teatr mühiti sizi necə qarşıladı?
- Məhz teatra meyl, sevgi yunanların genlərindədir. Yunanlar teatral və temperamentli xalqdır. Aktyor olmaq, özünü teatra həsr etmək istəyən gənclər çoxdur. Onlara elə gəlir ki, bu, asandır. Son vaxtlar təkcə Yunanıstanda yox, hər yerdə belə tendensiya yaranıb: yüngül vasitələrlə imic və pul qazanmaq. Tələbələrimə tez-tez deyirəm ki, əsas məsələ özünü aldatmamaq və teatr məktəbinə niyə gəldiyini bilməkdir. Sabun operasında oynamaq, jurnalların üz qabığını bəzəmək, yoxsa ciddi şəkildə teatrla məşğul olmaq. Mən belə yanaşanları mühakimə etmirəm və heç bir məqsədə də etinasız yanaşmıram. Sadəcə hər kəs özlüyündə bu suala cavab verməlidir.
Ümumiyyətlə isə yunan teatr mühitində məni isti qəbul etmələrinə təəccübləndim. Bu, çox xoşdur və yunanlar haqda çox şey deyir. Yunanıstan Rusiyaya yaxındır, hələ mənim üçün doğma Azərbaycanı demirəm. Bundan başqa yunanlar təbiətcə səmimidilər və gördüklərini olduğu kimi qəbul edirlər. 20 ildən çoxdur ki, burda yaşayıram, özümü yarıyunan hiss edirəm. Yunanıstan həyatımın vacib hissəsidir. Burda ailəm, işim, dostlarım var.
- Sadə yunanlar sizi necə qəbul edir?
- Yunanıstanda çoxlu əcnəbilər var və görünür ki, ölkə bu qədər gələni qəbul etmək gücündə deyil. Təbii ki, bu problemlər yaradır. Amma mən özümə qarşı heç vaxt yad münasibət görmədim. Sadə adamlar məni səmimi qəbul etdilər. Ümumiyyətlə yunanlara hər cür rasizm yaddır. Onların dünyaya açıq xarakterə malikdirlər, əcnəbilərə dostca və qonaqpərvər münasibət var.
- Böhran işinizdə özünü göstərirmi?
- Böhran səbəbindən televiziyada, kinoda və teatrda daha az imkanlar yarandı, hərçənd şəxsən öz işimdə bunu xüsusi hiss eləmirəm. Televiziyaya dəvət alıram, hərçənd seriallar daha az çəkilir. Bir tərəfdən bu yaxşıdır, o mənada ki, silkələnirsən, özünə baxırsan, istehlakçı dəyərlərdən başqa hansısa dəyərlər haqda düşünürsən.
O ki, qaldı teatra, həmişə, indisə xüsusən teatrın böhrandan olduğunu deyirlər. Amma düşünürəm ki, teatrın böhranda olması yaxşıdır. Ona görə ki, yenidən nəsə maraqlı bir nəsnə doğsun. Elə bir yenilik ki, yaranmaya da bilərdi, əgər adlaması vacib olan maneələr olmasaydı. Hər şey yolunda gedəndə yaradıcılıq da şübhə doğurur.
- Siz əsasən rus klassikasını oynayırsız?
- Əksinə, rus müəlliflərindən yalnız Qoqolun “Evlilik” əsərində. Yunanıstanın qədim teatrı olan Epidavrda iki dəfə oynamıışam. Evripidin “Troyalı qadınlar”da Kassandranı, “Medeya” faciəsində Medeyanı oynamışam. Təsəvvür edin ki, mənədək bu teatrda yunan faciələrinin qəhrəmanı rolunda əcnəbi aktrisa oynamayıb. Bundan başqa bütün rollar mənə çox doğma gəlir. “Troyalı qadınlar” Troyadan Yunanıstana aparılan qadınlara həsr olunub, Medeya isə sevdiyi kişiyə görə hər şeyi ataraq qürbətə gedən qadının təcəssümüdür. İki belə mühüm rol mənim üçün əlbəttə ki, çağırış idi.
Yunanların mentalitetini anlayıram, amma çiyinlərində tamam başqa xatirələr və həyat təcrübəsi olan Medeya olaraq qalıram. Bəlkə məhz ona görə ki, Akropolun kölgəsində böyüməmişəm, o məndə müqəddəs həyəcan doğurub, heç vaxt adi bir şey olmayıb.
Tərcümə etdi: Sevda Sultanova