Rüşvətxoru sevəni alqışlayıb, oğrunu sevəni qınayanlar – Sevda Sultanova yazır...

Rüşvətxoru sevəni alqışlayıb, oğrunu sevəni qınayanlar – <span style="color:red;">Sevda Sultanova yazır...
3 noyabr 2017
# 14:01

Son günlərin ana mövzusu Qoca və Fədayə hekayəsindən yazmaq ağlımın ucundan belə keçmirdi.

Sosial şəbəkələrdə rastlaşdığım reaksiyalar səbəbindən mövzuyla ilgili bəzi fikirlərimi yazmaya bilmədim.

Ortada bir cinayət hadisəsi var. Qadın münasibətdə olduğu kişiyə həbsdən qaçmasında yardımçı olmaqda təqsirləndirilir. Ona qarşı ittihamlar irəli sürülüb.

İndi Fədayə xanım təqsirləndirilən şəxs statusundadır. Amma niyəsə onun haqda bəzi saytlarda, sosial şəbəkələrdə cinayətkar kimi danışılır.

Halbuki hələ ibtidai istintaq gedir. Onun baş verən hadisədə təqsiri olub-olmadığı hələ sübuta yetirilməyib. Cinayəti sübut olunmadan kiminsə haqqında cinayətkar kimi danışmaq ən azı mədəniyyətsizlikdir. Təqsirsizlik prezumpsiyası deyilən hüquqi prinsip var axı. Yəni cinayətin törədilməsində təqsirləndirilən şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, o, təqsirsiz sayılır.

Bunlar məsələnin hüquqi tərəfidir.

Bir də məsələnin daha mühüm, daha həssas - etik mənəvi tərəfi var. Önəmli olan da budur. Sosial şəbəkələrdə istifadəçilər iki cəbhəyə ayrılıb: Fədayəni sevdiyi kişiyə görə fədakarlığını dəstəkləyənlər və onun davranışının fədakarlıq nümunəsi olmadığını israr edənlər.

İki fərqli düşüncənin heç birinə münasibət bildirmək istəmirəm. İctimailəşən hadisə haqda hər kəsin istənilən mövqeni sərgiləmək haqqı var.

Sadəcə bir qisim istifadəçinin (onların arasında tanınmış adamlar, ziyalılar, kitab oxuyanlar da var, yeri gəlmişkən) bir insanın şəxsi hisslərini istehza obyektinə çevirməsinə, lağa qoymasına, banal sarkastik intonasiyada təsvirlərinə, sevgi hissinə malik olub-olmaması haqda müzakirə açmasına heyrətlənirəm.

İki insan arasında məhz yataq münasibətinin, hansısa maddi maraqların olduğuna dair əmin fikirlərə, üstəlik, qadının başqa kimlərləsə ilişgi yaşadığına dair qəti yozumlara təəccüblənirəm.

Bunu yazan, sorğulayan adamlar hansı mənəvi əsasla gerçəyini bilmədiyi adamın hisslərini, duyğularını mühakimə edir? Bir insanın duyğularına toxunmaq, dedi-qodularla çirkləndimək haqqını hardan alır? Bu haqqı özünə necə verə, necə bir rahatlıqa yaza bilir?

Heç İsa Məsih özünə bu haqqı vermirdi.

Yenə təkrarlayıram, iki insanın birgə yaşayışının özəlliklərini, görünməyən tərəflərini bilmədən həlledici qənaətə necə gəlmək olar?

Ümumiyyətlə, normal adam iki şəxsin münasibətinin intimliyini bilməyə niyə bu qədər maraqlı olmalı və mühakimə etməlidir?

Vaxtaşırı yazılarımda bu nümunəni çəkirəm. Xatılramaqda fayda var.

Pedro Almodovar “Onunla danış” filminin süjetini gerçək həyatda baş vermiş hadisədən götürüb. Nyu-York xəstəxanalarından birində sanitar 9 il koma vəziyyətində yatan qızla intim əlaqədə olub və xəstə ondan hamilə qalıb. O, uşağı komada olanda dünyaya gətirib. Bu informasiyanın ilk oxuduğumuzda gəlinən nəticə budur ki, sanitarın etik kodeksi pozması bir yana, o, ağır cinayət törədib. Bu, görünən tərəfdir. Almodovar əhvalatı bədii məkana gözlənilməz yozumla köçürür, əhvalatın görünməyən qatlarını anladır, onu sevgi motiviylə yükləyir. Bu dəfə gəlinən nəticə fərqlidir: tamaşaçı sanitara haqq qazandırır, səmimiyyətlə onun ağrılarını bölüşür.

Dediyim odur ki, Qoca və Fədayə olayında da görünməyən, bilinməyən min cürə nüans var. Onların yaşantısını, içini, nələrdən keçdiyini bilmirik. Yəni hər şey göründüyü qədər bəsit deyil. Bunları bilmədən qəribə bir rahatlıqla Facebookda məhkəmə qurub hökm çıxaran adamlar var halbuki.

Lap tutaq ki, aralarında sevgi yox, sadəcə seks olub, lap tutaq ki, maddi maraq olub. Bu yenə də kiməsə onu linçləmək haqqını vermir. Pis-yaxşı, doğru-yanlış - onun şəxsi həyatıdır, seçimidir. Sevib-sevməyib - şəxsi məsələsidir. İnkar edəcəksə duyğusunu - yenə onun özəlidir.

Azərbaycanda onlarla ailə var ki, sevgisiz seks yaşayır, dünyaya uşaq gətirir və qınanmır. Çünki Fədayədən fərqli olaraq, onların nikah möhürü var. Maddi imkana, statusa görə evlənənlər, ərə gedənlər, yaxud maddi imkansızlığa görə ayrılan onlarla insan var ətrafımızda. Amma norma kimi qəbul olunur toplumda. Niyəsə Fədayəyə münasibətdə bu, norma sayılmır.

Təəccüblü suallardan biri də budur: Əliəyrini, oğrunu necə sevmək olar? Sevginin dəqiq formulası yoxdur. Ancaq sualın özü başqa suallar doğurur: rüşvətxor məmuru, ədalətsiz hakimi necə sevirlər?

Hər şey bir tərəfə, ona ünvanlanan ittihamlara Fədayə xanım elə özü sərrast cavab verib:

“Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki, hisslərim olub. Mən sevgi nədi bilmirəm? Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.

# 2603 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #