Kulis.az film və serial prodüseri, aktrisa Oksana Rəsulova ilə müsahibəni təqdim edir.
- Oksana xanım, müsahibəyə hazırlaşanda saytlarda prodüseri olduğunuz filmlərlə bağlı yazılar oxudum. “Sevgi romanı” filmiylə bağlı belə bir fikir vardı: “Tamaşaçı yığmaq üçün çəkilən səhnələrdən biri Zümrüd Bədəlova ilə Azər Aydəmirin hamam xalatında görünməsiydi”. Kino fəaliyyətiniz fonunda belə qeyri-ciddi fikirlər sizi məyus edirmi?
- “Sevgi romanı”nda həmin səhnədən çox daha ehtiraslı səhnə Şəhriyarla səhnəmiz idi. Amma nədənsə o səhnəyə heç kim əhəmiyyət vermədi, əksinə, dediyiniz epizoda çox diqqət kəsildilər.
- Sizcə niyə?
- Mən bilmirəm... Belə şərhlər yazılanda sadəcə, gülüb keçirəm. Təəssüflənirəm ki, axı niyə bir qism insanın düşüncə miqyası məhduddur. Bəlkə onunla bağlıdır ki, onların dünyagörüşləri azdır, az film izləyiblər. Ya da ümumiyyətlə, sənət anlayışları yoxdu. Bizim elə filmlərimiz var ki, orda açıq-saçıq səhnələr çoxdur. Yəni demirəm ki, bu cür səhnələr qabarıq olmalıdır. Ola bilsin, mentalitetimizə uyğun deyil. Amma cüzi şeylər olar bilər ki, bunsuz keçinmək mümkün deyil.
- Təbii ki, bütün hallarda açıq səhnələr varsa, o, dramaturgiyaya xidmət etməlidir... Rəqs sənətin digər növləri kimi özünüifadə formasıdır. Bəs kinoda aktrisa kimi özünüifadəyə ehtiyac nədən yarandı?
- Gəlin, ondan başlayaq ki, uşaqlıdan aktrisa olmaq niyyətində idim. Hətta imtahanlara da o istiqamətdə hazırlaşırdım. Sadəcə, atam o vaxt aktrisa olmağıma etiraz elədi. Bilmirəm hansı düşüncəylə. Ola bilsin mühafizəkarlıqdan irəli gəlirdi. Biz onda Rusiyada yaşayırdıq, mən bu sahə üzrə təhsil almaq üçün başqa şəhərə getməliydim. Görünür, atam məni həm də qorumaq istəyirdi. Onu hardasa başa düşürəm. Mən də dərslərimi yaxşı oxuyurdum. Xüsusən, kimya biologiyanı... Olimpiadaların qalib olmuşdum. Rusiyada öz savadımla Tibb Akademiyasına daxil oldum. Amma hind rəqslərinə uşaqlıqdan marağım olub. Həmişə demişəm ki, əgər mən hind yox, başqa rəqslər oynasaydım, bəlkə də aktrisa olmaq istəməzdim. Hind rəqsləri sadəcə rəqs deyil, orda 90 faiz artistizm var, jestikulyasiya var.
- Yəqin bu amil onlara filmlərini rəqslər üzərində qurmaq üçün geniş imkanlar verir.
- Təbii ki... Hind rəqslərinin pantomimə yaxın, kuçipudi, katxak kimi klassik rəqsləri var və burda üç-dörd sima tərəfindən elementləri elə danışmalısız ki, tamaşaçı onu başa düşsün. Ona görə hind rəqsləri aktyorluğun ayrılmaz hissəsidir. Hind rəqslərində emosiyaların, jestikulyasiyanı dərindən bilməyim, mənim aktyorluq həvəsimi gücləndirdi. Hind rəqslərində mən artıq öz məqsədimə çatmışam, istədiyim bütün nailiyyətləri əldə eləmişəm. Əsas məqsədim o olub ki, Madhuri Dikşit rəqslərimi qəbul etisn, münasibət bildirsin və mən onunla eyni səhnəni bölüşüm. Hind rəqsləri üzrə dünya çempionu olmuşam, mükafatlarım var. Dikşit mənim hind rəqsi oynadığım videomu bəyənmişdi və məni görmədən demişdi ki, Azərbaycandan bir qız var, adı Oksandır. Deyəsən Oksana rus adıdır, amma o qız azərbaycanlıdır. O vaxt bizim fanat ordumuz yazmışdı ki, Azərbaycandandır, sadəcə adı rus adıdır. Dikşit demişdi ki, Oksana yeganə rəqqasədir ki, onu virtual tələbəm kimi qəbul edirəm. Bu, mənim üçün böyük bir şərəf idi. 22 il idi ki, ona məktub yazırdım. Hər il 3-4 məktub. Hədiyyələr yollayırdım. Xaricə konsertlərinə gedirdim. Sonra Zee Tv -də “İndia’s Best Cinestars Ki Khoj” (“Hindistanın Ən Yaxşı Kinoulduzu”) aktyorluq müsabiqəsinin qalibi olanda o, məni ilk təbrik edən adamlardan biri oldu, məktub göndərdi. Məni öz ofisinə çağırdı, orda çox gözəl qarşılandım, bir-birimizə hədiyyələr təqdim etdik. Ondan sonra aramızdakı bağ gücləndi. Dikşit sonrakı konsertinə məni performans üçün dəvət elədi və öz kostyumunu verdi. Kinoda və rəqsdə tək idealım odur.
- Başqa ideal saydığınız aktrisa varmı?
- Yox, yalnız Madhuri Dikşit.
- “Sevgi romanı”na baxmaq fürsətim olmayıb. Amma Yutubda yayımlanmış bir hissəsində sizin Şəhriyarla tanqonuz vardı. Təbii ki, tanqo rəqsinin də öz çətinlikləri var. Hind rəqsləri tanqonu oynamağa nə qədər kömək edir?
- Çətinlikləri təbii ki var. Düzdür, plastika köməyə gəlir. Plastika müəllimin dediklərini düzgün təkrarlamağa kömək edir. Amma elə addımlar, elementlər var ki, hind rəqslərində yoxdur. Filmdən öncə, Şəhriyarla, əməkdar artist Eduard Məmmdovdan tanqo dərsləri aldıq. Film çəkilşilərində də rəqsi o, qurdu.
- Yeri gəlmişkən, “Sevgi romanı”nın prokat taleyi necə oldu?
- Pandemiyadan öncə yayıma girdi, yaxşı nəticə verdi, amma sonra məlum qadağalar oldu. Məhdudiyyətlər götürüləndən sonra iki həftə yenidən prokatda idi. Sonra çıxdı, çünki yayıma başqa filmlər girdi.
- “Şər qarışanda” horror, “Mələyin öpüşü”, “Sevgi romanı” melodram, dram janrlarında çəkilib. Ümumilikdə isə ölkədə komediyalar daha çox gəlir gətirir. Sizcə niyə komediyadan digər janrlara uğurlu keçid baş tutmur?
- Düşünürəm ki, səbəb insanların daha çox gülməyə ehtiyacı olmasındadır. Hindistanda da komediyalar çox kassa yığır. Bizdə əslində elə bilirdim ki, komediya çox üstündür. Amma “Mələyin öpüşü”ndə rekord elədik, baxımlı oldu. Xərcini də çıxardıq. Filmin musiqiləri də çox yadda qalıb. Onda gördüm ki, dram baxılır. Hekayə də önəmlidir, aktyor oyunu da. Elə dramlar var ki, uğurlu olmadılar. Reaksiyalar da bu olur ki, dram çəkə bilmirsiz. Amma bizdə elə olmadı. Düzdür, bilmirəm, “Sevgi romanı”, pandemiya olmasaydı, necə olacaqdı. Amma rəylərdən görürəm ki, razıdırlar. “Şər qarışanda”ya gəlincə, biz yayıma çox gərgin vaxtda çıxdıq. Həmin ərəfədə aprel hadisələri baş verdi. Və heç kim baxmadı. 1000 nəfər oldu izləyici. Mən xalqımı başa düşürəm. Özüm belə filmin aqibətiylə maraqlanmadım o hadisələrə görə. Çünki o dönəmdə hamımız stress keçirirdik. Amma maraqlı fakt odur ki, uğur qazanmasa da, Yutubda baxış çox oldu, trendə düşdük hətta. Çox təəccübləndim. Yaxşı rəylər də yazırdılar.
- Amma sizə elə gəlmir ki, Azərbaycan tamaşaçısı filmi Yutubda izləməyə üstünlük verir, nəinki kinoteatra pul xərcləməyə. Və bu izləyici sayına təsir edir.
- Bəli, çox təsir edir. Dünyada bəzi telekanallar serialları Yutuba yerləşdirmirlər ki, tamaşaçı televiziyadan baxsın. Bizdə hələ ki, elə bir şərait yoxdur.
- Telekanallar da filmləri yaymaq üçün çox pul xərcləmirlər. Sizin filmlərlə vəziyyət necədir?
- Mən Rejissorlar Gildiyasının üzvüyəm. Filmlər telekanallarda Gildiya vasitəsilə yayımlanır. Onlarla müqaviləm var. Sadəcə, söhbət ondan gedir ki, biz gözlədiyimiz məbləğ yoxdur. 200 manat az puldu. Amma ən azı patentləşmiş variantdır, hüquqi əsası var. Lap bir manat da olsa, ordan bəstəkara, rejissora, operatora az da olsa pul gedir. Və heç kəsin haqqı yeyilmir. Telekanallar zatən film üçün Gildiyaya müraciət edirlər. Sadəcə, dediyim kimi bizdə o sistem yoxdur ki, böyük məbləğ olsun.
- İstehsal etdiyiniz filmlərin reklam strategiyasını necə qurursuz?
- Dünya təcrübəsində filmin reklam büdcəsi ayrıca olur. Bizim isə təəssüf ki, o büdcəyə imkanımız yoxdur. Mənim filmlərimin reklamı sosial şəbəkələrdə gedir, pullu reklama qoyuruq, şəhərdə bilbordlarda, avtobuslarda posterlər olur. Daha geniş reklam üçün maddi imkanlar da böyük olmalıdır.
- Kommersiya istehsalçıları dram janrının alınmamasını onunla əsaslandırırlar ki, komediya janrında populyar simalar var: Fərda Xudaverdiyev, Elməddin Cəfərov, Dilarə Əliyeva. Yəni tamaşaçı onları posterdə görəndə gedir. Amma dram janrında belə aktyor yoxdur. Razılaşırsız?
- Razıyam. Niyə? Düzdür, istedadlı aktyorlarımız dram janrında var. Teatra tez-tez gedirəm, hətta daha yaxşı analiz etmək üçün eyni tamaşanı bir neçə dəfə izləyirəm. Əfsuslar ki, teatrda dramı güclü oynayanlar kinoda eyni effekti verə bilmirlər.
- Azərbaycanda kino sənaye formalaşmayıb. Amma siz davamlı olaraq çəkirsiz. Motivasiyanız nədir?
- “Sevgi roman”ı niyə yarandı? Biz prodakşn olaraq, Xəzər Tv üçün “Lal yuxu” serialını çəkdik. Baş rolu mənlə Şəhriyar oynayırdıq. Serialın son iki bölümü maliyyə üzündən çəkilmədi, Xəzər büdcə ayırmadı. Tamaşaçılar bizə məktub yazırdılar ki, niyə sonunu çəkmədiz, Oksana ilə Şəhriyar necə yaraşırlar. Düzdür, serial ümumən yaxşı çəkilməyib, misalçün, montajı yaxşı deyil. Amma hekayəsi çox yaxşıdır. Biz qərara gəldik ki, əgər tamaşaçı mənlə Şəhiyarı birgə görmək istəyirsə, bir film çəkək. “Sevgi roman”ı belə yarandı. İndi nazilrik 300 min çərçivəsində müsabiqə elan edib, orda iştirak etməyi düşünürük.
- Bundan əvvəl “Böyük qayıdış” müsabiqəsinə də qatıldız. Razı qaldız?
- Biz müsabiqəyə üç ssenari vermişdik, iki bədii, bir animasiya. 10 prodakşn pitçinq mərhələsinə keçdi və onların arasında bizim yalnız bir qısametrajlı film layihəmiz vardı. Sadəcə, biz bilmirdik ki, rejissor da pitçinqə gəlməlidir. Rejissorumuz İstanbuldaydı. Amma pitçinqə onlayn qoşulmaq mümkün olduğunu orda öyrəndik. Ola bilsin, pitçinqdə özümüzü itirdik və özümüzü ifadə edə bilmədik. Bu da rol oynadı. Amma pitçinqə qədər bizim layihə yüksək balla üçüncü yerdə idi. Bu dəfəki müsabiqə üçün tammetrajlı filmi layihəmiz var.
- Ümumiyyətlə, filmə büdcə tapmaqda nə qədər çətinlik çəkirsiz?
- “Şər qarışanda” filmini öz büdcəmdən çəkmişəm. 148 min manata. Film uğur qazanmadı. Hamı elə bilirdi ki, Oksana buna görə dəli olacaq və heç vaxt daha film çəkməyəcək. Əksinə, bu, mənə böyük bir stimul verir, motivasiya edir ki, bundan daha yaxşı olmalıdır, irəli getməliyəm. Yəni ruhdan düşmürəm. Mən tək-tük insanlardanam ki, tamaşaçını tədricən drama alışdırmaq istəyirəm.
- Kinoda ən çox rastlaşdığınız başqa hansı problemlər var?
- Kommersiya kinosunda problemlərdən biri odur ki, ssenarist yazır və çəkilişlərə qatılmır. O, rejissora deməlidir ki, filan zarafat necə olmalıdır. Elə komediyalar var ki, orda dəxilsiz zarafatlar var və ailəmlə ona baxa bilmirsən. Fariz Əliyevi peşəkar ssenarist sayıram. O, geniş auditoriyaya işləyir. O, deyir ki, hansı filmin çəkilişində iştirak etməmişəm, həmin komediya uğursuz alınıb. Çünki zarafatın öz yeri, mimikası, intonasiyası var.
- “Lal yuxu”, “Yalan həqiqət”, “Son nəfəsdə” seriallarına prodüserlik etmisiz. Serialda ən böyük çətinliyiniz nədir?
- Ən böyük çətinlik büdcəylə bağlıdır. Bu sahədə problemlər olsa da, çəkirik. Razılığa gəlirik, ya telekanalla, ya prodakşnla, ya sponsorlarla. Variantımız yoxdur. Hələki vəziyyət belədir. Və mənim əsas məqsədim keyfiyyətli nəticə almaqdır, nəinki pul qazanmaq. Elə şeylər var ki, büdcəni aşır. Dostlarımızın sayəsində müəyyən şeyləri büdcəsiz həll edirik, məsələn, məkanları. Çalışırıq ki, texniki göstəricilərdən tutmuş geyimədək hər şey yerində olsun.
- “Yalan həqiqət”də səliqə sahman müəyyən mənada hiss olunurdu.
- Texniki baxımdan, düzgün təmiz kontrol işinə oxşayırdı. Büdcənin verdiyi imkanlardan daha çox şey əldə etməyə çalışırıq.
- Serial çəkilişlərində daha çox hansı sahədə kadr çatışmazlığı hiss edirsiz?
- Ən çox işıq. İşıq problemdir. Yaxşı işıqçı olsa aktrisa 20 yaş cavan və ya 20 yaş yaşlı görünə bilər. Mən ən çox Dadaş Abbasovu bəyənirəm. Öz işinin ustasıdır. Amma onun da işi çox olur deyə, həmişə onunla işləmək alınmır. Onunla bir dəfə “Mələyin öpüşü”ndə işləmişik. Dadaş müəllimə tələbat çoxdur... Kinoda olduğu kimi serialda da ssenari problemi var. Hərdən düşünürəm ki, bəlkə ssenarini başqa ölkə ssenaristlərlə işləyim.
- Bu yaxınlarda çəkilişi bitmiş “Köhnə çamadanlar” dramında ağır bir psixoloji rol oynamısız. Filmin rejissoru Saida Haqverdiyeva bu rolda məhz sizi gördüyünü demişdi. Bəzi peşəkar aktyorlar bir az skeptik yanaşırdılar ki, Oksana Rəsulova rolun öhdəsindən necə gələcək, amma Saida xanım sizlə işdən razı qalmışdı. İnkişaf üçün nə edirsiz, ustad dərsləri alırsızmı, rola necə hazırlaşırsız?
- Suala görə çox sağ olun. Saida xanıma təşəkkür edirəm. Və ümid edirəm ki, cavabım bütün söz-söhbətlərə son qoyacaq. Bəzi aktrisalar var ki, aşağıdan yuxarı baxırlar. Qınamıram əslində. Necə illərin peşəkar aktrisları mənə nəsə irad tuta bilərlər. Amma sözün deyiliş tərzi, üslubu var axı. Bir var ki tənqid xoş niyyətdən doğur, səni inkişaf etdirir, amma bir də var ki, xoş niyyət daşımır və konkret fikir söylənilmir. Bax, bunu paxıllıq kimi qəbul edirəm. Və mənim aktyorluq təhsilim var, əla diplomla. Xaricdə Bollivudda 2012-14-cü illərdə aktyorluq məktəbində oxumuşam. Bu məktəbin əlaçıları siyahısındayam. İndiyə kimi onlar mənlə ünsiyyətə girirlər ki, bizim tələbələr hansı məsləhətləriniz var. Onlar məni aktyor kimi qəbul edirlər. 2014-cü ildə Biz "Rac Kapur" film studiyasında 7 aya qədər məşq oldu. Burda rəqslərlə bağlı xüsusi buraxılışlar vardı. Elə buraxılışlar da vardı ki, rəqs yoxuydu. 6 min hindistanlının arasında 12 nəfər seçildi ki, qalib mən oldum...
Tənqidi qəbul etmək lazımdır, amma tənqid hikkə yox, məhz tənqid olmalıdır. Əsas odur ki, tənqidi kim, hansı məqsədlə edir. Kimlik çox önəmlidir. Öz üzərimdə işləyirəm. Mütaliə edirəm, festivallara qatılıram. Kinoteatrlarda çıxan filmlərə gedirəm. Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında”, Rüfət Həsənovun “Daxildəki ada” filmlərinə baxdım. Teatrlara çox gedirəm... Hindistanda oxuduğum aktyorluq məktəbi burdakından fərlidir. Burda 80 faiz Stanisilavski, 20 faiz Çexov keçirlər. Hindistanda hərəsindən 20 faiz keçirlər. Transformasiya yüngül baş verir, təbiiliyi qoruyub saxlayırsan. 2009-cu ildə Elçin Musaoğlunun “Mənim atam” filminə çəkildim. Onda mənim təcrübəm yox idi. Bu yaxınlarda Elçin müəllimlə Qorqud ata film festivalında olanda soruşdum ki, onda siz niyə məni seçmişdiniz? Dedi ki, mənə təbiilik lazım idi, aktrisalıq yox. Uzun illər sonra “Mənim atam” filminə baxanda düşündüm ki, necə də təbii oynamışam.
- Teatrda oynamaq təklifi almısızmı?
- Teatra sevgi 2014 cü ildə “Rac Kapur” studiyasının səhnəsində peroformans göstərəndə yarandı. Hər perfomans teatr tamaşası kimi qurulurdu və hər iştirakçının 8 müəllimi vardı. Müəllimlər nüfuzlu adamlar idi; imicmeyker, diksiya müəllimi, rəqs müəllimi və s. Yəni hərtərəfli hazırlaşdırırdılar. Bu, mənə teatrı sevdirdi. Rusiyada teatrlara çox gedirdim, əsasən musiqili. Amma indi bütün teatrlara gedirəm. Rus Dram Teatrının aktyoru Murad Məmmədov dedi ki, yanvarda Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın” tamaşası olacaq, o, baş rolu oynamalıdır. Mən o əsəri aldım, oxudum, gözləyirəm, təklif gələcəkmi?
- Peşəkar aktyorlarla səhnəni bölüşməyiniz sizə hansısa çətinlik yaradıbmı?
- Səmimi deyirəm, ancaq üstünlüklər verib. İlk dəfə “Zaman adlı qatar” filmində Həmidə Ömərova, Ayaz Salayev, Vüsal Murtuzəliyevlə tərəf müqabil olmuşam. Həmidə Ömərovadan çox şey öyrənmişəm. O qadına valehəm. Filmin hazırlıq prosesində evinə gəlib gedirdik, çünki ən çox ünsiyyət onunlaydı filmdə. O təcrübə mənə çox şey verdi. Yaxud Fuad Poladovdan öyrəndiklərim olub.
- “Mələyin öpüşü” Fuad Poladovun son işiydi. Necə razı saldız onu?
- Fuad Poladov başqa bir adam idi. Onun tamaşa və filmləriylə böyümüşük. “Güllələnmə təxirə salınır” filmindəki rolu ən çox sevdiyim obrazlardandır. Amma “Şah Qacar”dan sonra onu lap çox sevdim. Əslində Fuad müəllim “Şər qarışanda” filmində oynamalıydı. Filmin ssenarisinin ilk versiyası başqa cür idi. Finalda qətllərin bir tamaşa olduğunu görürük. Bu, ssenarini Fuad müəllim çox bəyənmişdi. Rejissor Samir Kərimoğlu isə təklif elədi ki, başqa cür çəkək, hadisələri reallaşdıraq, hadisələr iki dövrdə baş versin. Onda Fuad müəllim imtina elədi ki, yaşım o yaş deyil ki, insanların yaddaşında manyak kimi qalım. Amma “Şər qarışanda” filminə baxandan sonra mənə dedi ki, elə bildim, birinci yox, yüz birinci filmindi. Gözlərim yaşardı, əllərindən öpdüm. O qədər çox istəyirdim ki onu. “Mələyin öpüşü” ikinci prokdaşn olaraq çəkdiyimiz ikinci film idi. Ssenari çox xoşuna gəldi. Əsasən ona görə ki, sözü az idi. Bir nüans da oldu. Mərdəkanda çəkirdik, “Dalga beach”ın villasında. Səhər çəkilişlərini bitirdik. Çəkilişlər bir də 5-6 arası olmalıydı. Təbii ki, onun yeri, hər cür rahatlığı vardı. Narahat oldum ki, birdən gözləməkdən yorulub çıxıb gedər. Çünki bir neçə dəfə elə hadisə olmuşdu. Gəldim dedim ki, nəsə istəyirsiz, yorulduz yəqin. Dedi Oksanoçka bilirəm, niyə tez tez gəlirsən, qorxursan ki gedərəm. Bilirsən, çox adam başqa şey fikirləşir haqqımda. Amma mən sənə başqa şey deyim, insan gözləyəndə ruhdan düşür. Sonra ekranda baxırsan ki, “ay Fuad sən axı burda yaxşı oynaya bilərdin. Niyə pis oynamısan, çünki 7 saat gözləmisən”. Dedim ki, indi neynim, yorulmayasız. Dedi, heç nə, get, mən bir az yatım. Həm zarafatcıl, həm də sözü üzə deyirdi. İşinin ustası idi. Bəzi səhnələri oynayanda elə sərt danışırdı ki, çəkinirdim. Yəni bir tərəf müqabil kimi ondan enerjini alardım. Ruhu şad olsun. Heyf ki, yoxdu daha.
- Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadan”lar filminin çəkilişində hansı təəssüratlarınız oldu? Qonorardan da imtina eləmisiz, buna görə sizə təşəkkür edirəm.
- Birincisi qadın olaraq, qadın həmrəyliyini qoruyan insanam. Hər zaman qadına dəstəyəm. Saida xanım deyəndə ki, film qadın hekayələrindən ibarətdir və qadın aktrisalar çəkilir, çox təsirləndim. Qonorarı heç düşünmədim. Hekayəni oxuyandan sonra Saida xanım dedi ki, Məhəbbət xanımın gəncliyini oynayacam. Məhəbbət xanım həkimdir, hazırda yaşayır. O, Saida xanıma deyib ki, axı Oksana mənə oxşamır. Amma Saida xanımın mənim tərəfimi tutması çox xoşuma gəldi. Halbuki biz onunla uzaqdan uzağa tanışıq. Onun etibarını yerlə bir etməyə haqqım yoxuydu. Bilirsiz, “Şər qarışanda”nı çəkəndə bir qadın prodüser olaraq mənə heç kim dəstək olmadı. Özümü necəsə toplayıb vəziyyətdən çıxdım. Burda qadın hekayələri var, qadının gücünü göstəririksə, niyə də olmayım. Bunu qeyd edim ki, indiyə qədər 11 filmdə çəkilmişəm. 11-ci “Köhnə çamadanlar”dır. Səmimi deyirəm, mənimlə belə işləyən rejissor olmamışdı, aktyorluq baxımından. Saida xanım məni, bu qədər detallı, incəliyə qədər, bax, burda belə hiss etməlisən, filan nüans belə olmaldır deyib abu havaya saldı. İlk dəfə Azərbaycanda aktyorla necə işləmək lazım olduğunu Saida xanımla işləyəndə gördüm. Çünki məni düzgün istiqamətləndirirdi. Obrazın ruhunu, hissiyyatını yedirtdi.
- Oksana xanım, yeni nə üzərində işləyirsiz?
- İndi ARB kanalında “Son nəfəs” serialı gedir. Orda aktrisa kimi yoxam, epizodda oynamışam. Reytinq topladığından növbəti mövsümü çəkirik. Nazirliyin tammetrajlı film müsabiqəsində iştirak edəcəyik. Bundan başqa Azərbaycanın tanınmış tarixi qadın şəxsiyyətlərindən biri hqda film çəkməyi planlaşdırırıq. Tizerini çəkmişik artıq. Rejissor Rəvan Cabbarov olacaq.
- Mütaliə edirsizmi?
- Çox oxuyuram. Taqorun bütün əsərlərini oxumuşam. Markesi sevirəm. Oksana Robskini oxuyuram. Düzdür son vaxtlar yazmır. Lev Tolstoy ən çox sevdiyim yazıçılardandır, xüsusən də “Etiraf” əsərini çox sevirəm.
Foto: İlkin Nəbiyev