Kulis.Az Sevda Sultanovanın "Böyük tıxama" hekayəsini təqdim edir.
(Marko Ferrari və Aliyəyə həsr olunur)
Bir aydan çoxdur ki, pəhrizdəyəm. Qida rasionum korrektdir. Və dünən... 30-cu illər Hollivud filmini izləyirdim. Xronometrajı iki saata yaxın idi. Yarım saatdan sonra darıxmağa, bir saatdan sonra isə sıxılmağa başladım. Ekrandakı sönük, çox danışan obrazlara baxıb yemək haqda düşündüm. Canımı sıxan filmlər olanda həmişə ya yemək, ya çərəz yeyir, ya da çay, qəhvə içirəm. Bu ağız məşğuliyyəti filmin sıxıcı tempini öldürür. Kinoteatrlarda pok kornun funksiyalarından biri də yəqin budur.
Gecə saat birdir, artıq ikiyə işləyir, mən bir tərəfdən mədəmin "Acam, acam" tələblərinə baş əymədən iradəmin triumfuna nail olmaq istəyirəm, digər tərəfdən isə nə yeyə biləcəyimi düşünürəm. Bəlkə qızardılmış kartofla hisə verilmiş kolbasa yeyim. Yox, yuxa arası pendir, pomidor, xiyar və qırmızı soğan. Ən yaxşısı kalsium qəbul edim, tvoroq və ya süd. Südü soyuq içə bilmirəm. Bunun üçün divandan enməli, mətbəxə getməli, soyuducunu açıb süd bankasını çıxarmalı, başqa qaba töküb qızdırmalı, sonra həmin bulaşığı yumalıyam.
Ərindim və kalsium qəbul etmək həvəsim öldü. Qarağatlı yulaf sıyığı yeyəcəm. Hazırlanması asandır, həm də vitamini boldur. Bəlkə çay içim, peçenye, qaysı və bir iki qara zeytunla. Qaysı xərçəng xəstəliyinə olan müqaviməti də gücləndirir... Ay Allah, axı mən nə yeyim?! İndi məmnuniyyətlə çiyələkli, qaymaqlı, əkmək kadayıfı yeyərdim. Ya da yapon mətbəxinin qırmızı, çiy balığını. Çiy balıqdan ötrü ürəyim gedir. Onun ətrində və dadında nəsə bir lətafət var.
Film də bitdi və onun finalının necə olduğunu bilmədim. Heç bilmədim bu başıbatmış kimə ərə getdi, maymaq nişanlısına, həyasız jurnalistə yoxsa keçmiş ərinə. Əşşi cəhənnəm olsunlar! Kompüteri qapatdım. Mədəmin ağrıları şiddətlənmişdi. Gözlərimi yumub özümü Osvensim həbs düşərgəsində aclıqdan vücudu üzülmüş əsirlərin yerində hiss etdirməyə çalışdım. "Yox yeməyəcəm!" deyə-deyə yuxuya getdim. Tərslikdən yuxuda Bunuelin "Burjuaziyanın təvazökar cazibəsi" filmində o məşhur səhnələri – bütün əhvalat boyu birlikdə şam və ya nahar edə bilməyən adamları gördüm.