Vandamın qudası niyə gündəm olur?

Vandamın qudası niyə gündəm olur?
22 iyun 2021
# 12:01

Van Dammın oğlunun azərbaycanlı qızla evlənməsi bizim üçün maraqlı hadisədir. Bunu heç kəs dana bilməz. Azərbaycan mətbuatının sarı xəttini, şou, maqazin bölməsini dolduracaq bir xəbərdir.

Bəs sonra?

Sonra Van Dammın qudası polkovnik gündəmə gəlir...

Ardınca Van Dammın oğlunun sevgilisi ilə öpüşməsi...

Dostumuz Dadaş Ələkbərov günlər öncə həssas bir nöqtəyə işıq tutmuşdu:

“Təsəvvür elə orta bir adamsan, 50-60 yaş arası. Hamı kimi orta ev, orta maşın, şükür olsun, sağlam ailə... 23 ildir möcüzələrə inanmırsan. Heç vaxt hansısa xüsusiyyətinə görə seçilən biri də olmamısan. Və birdən Jan Klod Van Dammla quda olursan”.

Belə bir təsadüfün mətbuata çıxması və ən əsası bu təsadüfün minlərlə izlənməsinin səbəbi nədir?

Sizcə bunun səbəbi aşağıdakılar ola bilərmi?

  1. Azərbaycanlı kişilərin yaxşı yerlə quda olmaq istəyi. (Söhbət Van Dammın qudasından yox, bu qohumluğu bəh-bəhlə tirajlayan və oxuyanlardan gedir).
  2. Qızların içində hər gün bir-az da böyüyən, həqiqi sevginin belinə minib kələyini kəsən dəbdəbə köləliyi.

Biz bütün misallarda ən əsasını 3-ə salırıq:

  1. Və ən əsası:

Bu gün gündəmi idarə etmək xalqı, toplumu, ölkəni idarə etməkdən çox çətindir. Çünki bu gün toplumu elə gündəm idarə edir.

Biçilmiş zəmiləri yandırılmasında odu idarə edən biləndərlər var, bir əllərində süpürgə, bir əllərində məşəl alovu idarə edirlər. Gündəmi idarə edənlər mənə həmin alov idarəçilərini xatırladır. Alovu təhlükəli sahələrə yaxınlaşmağa qoymamaq, küləyin səmtinə tabe olub alovla birgə küləyin diktəsinə doğru getmək rahat iş deyil.

Bizim zəmimiz o qədər kiçilib ki, burda gündəmlə davranmaq elə odla oynamaq kimi bir şeydir. Mətbuatın çərçivələri o qədər mərkəzə doğru irəliləyib ki, jurnalist əl-qol açan kimi bu çərçivələrə toxunur, istər-istəməz rezonans yaradır.

Bu reallıqda “layt” materialların mərkəzə atılması, müzakirəsi nə şişi yandırır, nə kababı. Olan mədəyə olur.

Gündəmin yumurta sarısına boyanmasında həmişə mətbuat qınanılır, mətbuat da deyir, oxunur deyə veririk - yükü çiynindən milyonların üstünə atır və problem ertələnir.

Heç kəs mətbuatın məcburiyyətindən danışmır.

Dünya mətbuatını idarə edən qüvvələr demokratiya illüziyasını elə qəşəng yaradır ki, balığın başındakı iy heç kəsin burnunu narahat etmir, məsələ gəlib bizim kimi kiçik ölkələrə çatanda vəziyyət dəyişir. Mətbuatın başında duran qurumlarda olmayan demokratiya son halqada yada düşür.

Dünyaya xəbər paylayan mətbuat orqanları bu gün süni pəncərələr rolunu oynayır, o mənbələrdə informasiya o qədər səlis idarə olunur ki, bu, kimsənin hüququnu pozmur, kimsənin kefinə toxunmur.

Həqiqətlərə kölgə peşəkarcasına salınır. Yaranan illüziyada hamı özünü xoşbəxt hiss edir. Kiçik ölkələr isə bu yalanlara sürüklənir, böyük siyasi proseslər mətbuatla idarə oluna bilmir.

Yəqin ki, mətbuatın bu gün “məlumatlandırmaq, əyləndirmək, maarifləndirmək” keyfiyyətinin yerini başqa funksiyalara verdiyi kimsəyə sirr deyil...

Mətbuat böyük oyunların çılpaq yerlərini örtə bilmir, nəticədə ümidini Van Dammın gəlininə bağlayır.

Və Van Dammın ölkəsində onun gəlini heç kəsin marağını çəkmədiyi halda Azərbaycanda bu olay günlərlə mətbuatımızı zəlil edir.

# 3205 dəfə oxunub

Müəllifin son yazıları

# # #