“İmtahan” serialının aktyoru: “Pərvizin Banunu sevəcəyini bilirdim” - MÜSAHİBƏ

<b><span style="color:red;">“İmtahan” serialının aktyoru:  “Pərvizin Banunu sevəcəyini bilirdim” - <span style="color:red;">MÜSAHİBƏ </b>
30 may 2018
# 09:00

Kulis.az gənc aktyor Nicat Əli ilə müsahibəni təqdim edir.

- Nicat, hansı tamaşanın geyimidir bu?

- Musiqili teatrda Cümhuriyyətin qurulmasının 100 illiyinə həsr olunan “Nuri didə Ceyhun” tamaşasında Ceyhun Hacıbəylinin oğlu Ceyhunu - Ceyçiki oynayıram. Bir azdan məşq başlayır.

- Maraqlıdır, tamaşaya necə hazırlaşırsınız? Yalnız səhnə əsərinin mətnini oxudunuz, yoxsa kənar ədəbiyyat da oxuyursunuz?

- Mehriban xanım (“Nuri didə Ceyhun” tamaşasının rejissoru Mehriban Ələkbərzadə - A.) o qədər bizi məlumatlandırmışdı ki, oxumağımıza ehtiyac qalmadı. Dövrlə bağlı çox araşdırmalar etmişdi və bizə hazır şəkildə onları ötürdü. Çoxlu sənədli film izləmişəm. Qəhrəmanım nə istədiyini bilən biridir. Ceyçik Azəbaycanı görməyib, Fransa qaydası ilə böyüyüb. Əvvəl çar Rusiyasının, sonra Şura hökumətinin sıxdığı Azərbaycanı görməyib. Ona görə deyir ki mən azad ölkənin, Fransanın vətəndaşıyam. Ceyçik bunu dostlarına sübut etmək üçün təyyarəçi kimi Fransa azadlıq hərəkatına qoşulur və tarana gedərək öz həyatını qurban verir.

- “İmtahan” serialında Pərviz rolunuzla populyarsınız. Tamaşaçılar Pərvizi sevməsələr də bəzən haqq qazandırır. Obrazınızın həqiqətlərini düşünürsünüzmü? Məsələn, Pərvizin həqiqətləri nədir?

- Pərviz rolunu çox sevirəm. Sevgimdən dolayı ona bəraət qazandırıram. Pərvizin tamaşaçıları hiddətləndirən hərəkətlərinin altında çox şeylər var. Hər hərəkətin “Niyə?”sini tapıram. “Niyə?”sini, onun haqlı olduğu nöqtəni tapmayanda əziyyət çəkirəm. Olub səhnələr ki, qəhrəmanıma bəraət qazandıra bilməmişəm. Onda əziyyət çəkmişəm, amma tapanda rahatlıqla alınır. Təbii ki, bütün insanlarda olduğu kimi Pərvizin də toxunulmazları var. Məsələn, mənim üçün anam, ailəm, müəllimim Pərviz Məmmədrzayev toxunulmazlardır. Pərvizin toxunulmazı uşaqlıqdan böyüdüyü İncidir. Pərviz hamıya pislik edər, ona etməz.

- Tamaşaçıların yazdığı rəyləri oxuyursunuzmu?

- Oxuyuram. İntellektli tamaşaçıların rəyləri o saat seçilir. Bilirsiniz, niyə məyus oluram? Elə tamaşaçılar var ki, həqiqətən elə düşünür ki, biz baş verənləri real yaşayırıq və müəyyən saatlarda gəlib bunu çəkib tamaşaçılara göstərirlər. Elə bilirlər saat 6-dan 7-dək canlı oynayırıq. Yolda görürlər, deyirlər, tələs, mən də gedirəm baxmağa, 6-da başlayır, qaç sən də gecikərsən. Bunu bilməyə - filmlə tamaşanı ayırmağa güclü intellekt lazım deyil. Məsələn, biri yazmışdı ki, “Hacı Qara” filminizi izlədim. Serialla filmi qarışdırmağın eybi yoxdur, amma filmlə tamaşanı, kino ilə teatrı bir-birindən ayırmaq lazımdır ən azı.

- Türkiyədə serial təcrübəniz olub. Ora ilə buranı müqayisə etmək istəmirəm. Çünki serial sənayesi inkişaf dövrü keçib, bizimlə müqayisə etmək yersizdir. Sadəcə orada gördüyünüz və burada olmasını arzu etdiyiniz nə var?

- Ən birinci maddi məsələ düzəlməlidir. Necə ki, orada sponsorlar seriala maraq göstərir. Keyfiyyət ilk növbədə maliyyədən asılıdır. Türkiyədə mümkün deyil sözü yoxdur. Yeri gəlsə, tank gətirirlər, yeri gəlsə, təyyarəyə minirlər. Mənim yadımdadır ki, pavilyona canlı şir gətirmişdilər. Onlar üçün mümkünsüz şey yoxdur. Bunların hamısını prodüser həll edir. Bizdə prodüserlər azdır. Mən “İmtahan”ı nəzərdə tutmuram. Ümumən prodüserləri deyirəm. Çünki əsas işi prodüserlər görür. Bir yaxşı rejissor, ya bir yaxşı ssenari yazarı və ya yaxşı aktyor komandası işi həll etmir. İşi tam keyfiyyətli görmək üçün bunların hamısını bir yerə yığmaq lazımdır.

- Serial işinin bir xüsusiyyəti odur ki, hadisələrin sonrakı inkişafını, finalını qabaqcadan bilmirsiniz. Bu aktyor kimi işinizə necə təsir edir?

- Başlayanda 30 bölümün sinopsisini, qəhrəmanımın A nöqtəsindən B nöqtəsinədək gedəcəyi yolu artıq bilirdim. Sonra da eynən belə oynayıram. Məsələn, mən əvvəldən Pərvizin Banunu sevəcəyini bilirdim. Amma ilk günlərdən ona nifrətimi elə göstərdim ki, Banunu sonra sevməyi güclü görünsün. Serialda Pərvizlə Turalın çəkişmələri mənim özümə də zövq verirdi. Amma bu günlərdə efirə gedən bölümdə Pərviz öyrəndi ki, Tural ağır xəstədir. Bu artıq yeni başlanğıc nöqtəmdir. Hara gedəcəyimi bilib bunu oynayacağam.

- Deyirsiniz, Pərvizin hərəkətlərinin altında çox şey var. O zaman Pərvizin etdikləri Banuya sevgidən qaynaqlanır, ya Turala hikkədən?

- Bunu çox düşünmüşəm. Pərviz əvvəldə Banuya çox nifrət etdi. Çünki Banu onu atasına satdı. Araya Tural girdi, nifrət parçalandı. Banunun intihar anı Pərviz üçün dəyişiklik nöqtəsi oldu. O, Banunu sevdiyini başa düşdü. Amma Banu bunu itələyəndə o kin, aqressiya, eqo baş qaldırdı. Nifrət və sevgi iç-içə keçdi. Pərvizdə hirs var. Mən Pərvizi üzlü, sırtıq personaj etməli idim. Pərvizi dramatik etsəydim, tamaşaçı da onu sevməyəcəkdi. Mən oyun tərzimdə amerikan dram-komediya aktyorluğu üslubuna qaçıram. Mənim personajım emosionaldır, amma duyğusal deyil. Beyni daim işləyir. Tural həm emosionaldır, həm də duyğusaldır, ona görə kritik anlarda başını itirir.

- Özlüyündə mənfi müsbət qəhrəman bölgüsü edirsənmi?

- Yox, hər kəs özünə görə müsbətdir. Banu da, Tural da, Pərviz də özünə görə müsbətdir. Amma hamısının səhvi var. “İmtahan”da ideal personajımız yoxdur.

Bu mənfi müsbət bölgüsü çox dəyişikliyə uğrayıb. Bir müddət, məsələn, sovet filmlərimizdə belə xeyir-şər, mənfi-müsbət qəhrəmanlar təqdim olunurdu. Sonra insanların beynini qarışdırdılar, mənfini müsbət kimi, müsbəti də mənfi kimi təqdim etdilər. Bu, türk və Braziliya seriallarında baş verdi. İnsanlar yaxşı ilə pisi ayırd edə bilmədilər. İndi isə stabilləşib (gülür). “İn-yan” kimi müsbətdə mənfi, mənfidə də müsbət var.

- Nicat, özünüzün tələbəliyiniz necə keçib? Mən biləni, Musiqili Komediya aktyorluğu fakültəsini bitirmisiniz?

- Mən orta məktəbdən başlayım. Adamlar var, məktəb illəri üçün darıxır. Amma ömür boyu o illərə qayıtmaq istəmərəm. O dönəmi sevmirəm. Yaxşı şeylər yaşamamışam. İnsanlarla anlaşa bilmirdim. Ətrafım yaxşı olmayıb. Bəlkə indi oxuyub deyəcəklər Nicat niyə belə deyir? Amma belədir. Asəf Zeynallıda oxuduğum dönəm maraqlı olub. Onda ətrafımda daha seçmə, məqsədə doğru gedən insanlar var idi.

- Səsiniz vardı deyə “Musiqili teatr aktyorluğu”nu seçdiniz?

- Yox, aktyorluğu istəyirdim ona görə. Ailəmizdə aktyor olmayıb, amma musiqiçi var idi. Anam xor dirijoru, xormeysterdir, dayım kamança ifaçısıdır, orkestrdə işləyib.

- Universitet həyatınızdan danışırdıq...

- “İmtahan”da dekan rolunu oynayan Ötkəm müəllim universitetdə də bizim dekanımız idi.

- Bəs universitetinizin Pərvizi var idimi?

- Var idi suyu bulandıranlar. Özləri oxumaq istəmirdilər, başqalarına da mane olurdular. Asəf Zeynallıda oxuyanda da, məktəb dönəmində də belələri ilə rastlamışam. Amma Pərviz bunların ümumiləşmiş bir obrazıdır.

- Asəf Zeynallıda hansı şöbədə oxumusunuz?

- Tar ifaçılığı.

- Deyəsən, həyat yoldaşınız da tar ifaçısıdır?

- Yox, o skripka ifaçısıdır.

- Heç serialda tar ifa etmisiz?

- “Türkiyədə çəkildiyim “Zengin kız, fakir oğlan” serialında Bayatı-Şiraz çaldım. “Gözəlim sənsən” mahnısını oxudum. Özüm təklif etdim. Bir də, milli yeməklərimizi təbliğ etdim. Dolma, Şah plovu və piti bişirdik. Bilirsiniz, xarici ölkələrdə də türk seriallarını çox izləyirlər. Adətən, belə vətənpərvərlik hissi xarici ölkədə olanda baş qaldırır. Yadımdadır, müqaviləyə saldırmışdım ki, ölkəm əleyhinə bir məqam olsa mən layihədə oynamaqdan imtina edəcəyəm. Onlar da mənə dedilər ki, zatən bizim məqsədimiz başqadır. Tam əksinə, bu, dostluq, qardaşlıq jestidir, sizin obrazla qardaş ölkənin mədəniyyətinin təbliğinə imkan yaratmaq istəyirik.

- Nicat, ekrandan kənardakı kollektivlə münasibətləriniz ekrana necəsə təsir edirmi?

- Çox. “İmtahan”ın uğurunun sirri həm də odur ki, uşaqlar bir-birini çox sevir. Münasibətlər çox yaxşıdır. Müsbət aura var. Serialda Turalı oynayan Sənan Əlləzlə bir-birimizi qırırıq, amma həyatda bir birimizi çox sevirik. Bizim davamızın içində müsbət auralı enerji var. Düzdür, olub ki, sənətkarlar həyatda düşmən olsalar da səhnədə sənət göstəriblər. Bu, başqa bir şeydir. Bu sənətə sevgidir. Amma bizim nümunəmizdə müsbət auranın da rolunu görürük. Xüsusən serialda.

- Bəs tərəf müqabilinizin sizi qəsdən pis vəziyyətdə qoyması necə, olurmu?

- Olur. Elə bil sən ona pas ötürürsən, qəsdən qaytarmır sənə. Bu, ya göz kontaktıdır, ya jestdir, ya hansısa mimikadır, sənə düzgün ötürmür, ya da ümumiyyətlə ötürmür. Bilir ki, ötürsə, ondan istifadə edib ola bilsin ki, daha üstün bir oyun göstərəcəm. Filmdə bunu yaşamışam. Elələri var ki, bir birinə kömək edib epizodu oyunu, özünü xilas etməkdənsə, səni pis vəziyyətdə qoyub, epizodu da, özünü də batırmağa razı olur. Təki, sənin oyunun alınmasın. Belə psixologiyası olanlarla çox rastlaşmışam.

- Bu daha çox yaşdan asılıdır, yoxsa fərdi xüsusiyyətdir?

- Tutalım, belə insan xeyli müddətdir bu sənətdə işləyib, amma alınmayıb onda, görünə bilməyib. Onların içində qəribə bir aqressiya yığılır. Bunu bilərəkdən və ya qeyri-ixtiyari ətrafa saçırlar.

- Bəs buna qarşı bir müdafiə taktikanız varmı?

- Müəllimimin tövsiyələri var. Deyir partnyor pas vermirsə, elə oynamalısan ki, o məcbur olsun. Ya da oyununu elə qurmalısan ki, ona ehtiyacın olmasın.

- Aktyor kimi özünüzü necə inkişaf etdirirsiniz?

- Cizgi filmləri izləyirəm. Filmlər izləyirəm. Çox aktyor deyir ki, həyatdan götürmək lazımdır, amma mən gözləyə bilmərəm ki, qabağıma rəngli xarakter çıxsın. Cizgi filmlərindən çox şeylər götürürəm. Disney, Pixar, sovet istehsalı olan az qala bütün cizgi filmlərə baxmışam. Hollivud filmlərinə çox baxıram. Avropa filmlərinə da baxıram. Amma daha çox fransız və italyan komediyalarına. Filmləri aktyorlara görə seçirəm. Məsələn, Conni Depin filmlərinə baxıram.

- Repertuarda olan hansı tamaşalarda oynayırsan?

- Bundan başqa teatrda “999-cu gecə”, “Hacı Qara”, “Yatmış gözəl və cırtdanlar”, “Silva" və "Qafqazlı qardaşoğlu” tamaşalarında oynayıram.

- Serial işində ən sevmədiyiniz nədir?

- Qrafikin düzgün tutulmaması. Bəzən saatlarla gözləyirsən. Qrimlənib oturursan və beş saat sonra gözləməkdən solursan, formadan düşürsən.

# 2912 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #