Adəmlə Həvvanı göbəksiz çəkən azərbaycanlı rəssam - DÜNYADA İLK

<b>Adəmlə Həvvanı göbəksiz çəkən azərbaycanlı rəssam</b> - <span style="color:red;">DÜNYADA İLK
27 dekabr 2017
# 13:30

Kulis.az Mehman Qaraxanoğlunun “Yatmış mələkləri oyatmayın...” essesini təqdim edir.

Sakit Məmmədov dünya rəngkarlığında Adəm və Həvvanı göbəksiz çəkən ilk rəssamdır! Bu fakt o qədər də “cazibədar” deyildir. Zənnimizcə, cazibədar olan budur: Kişi və qadın yanaşı durduqda göbək onların bütovlüyünü pozur, onları yarıya bölür. Bu bölünmənin dildə maddiləşməsinə diqqət edin: Göbəkdən aşağı və göbəkdən yuxarı... Deməli, göbək “aşağı” və “yuxarı”nın sərhədini müəyyənləşdirən həm ilahi, həm də seksual bir “aksesuar”dır. Sakit Məmmədovun böyüklüyü ondadır ki, özünəqədərki rəssamların bu “dahiyanə” səhvini düzəltdi, Adəm və Həvvanın yaranışın əvvəlindəki “unudulmuş” bütövlüyünü özünə qaytararaq bəşəriyyətə ümid dolu bir mesaj verdi: Narahat olmayın, göbək yoxdursa, onlar bir-birini çox rahat tapacaqlar!

O, hansı tablodan “keçirsə”, orada məhz özündən bəşəri bir işarət qoyur. Biz məhz onu, onun fırça tutmuş barmaqlarını və rənglərin əksi düşüb sayrışan sifətini görürük. Lap Opal daşında olduğu kimi... “Adəm və Həvva” rəsmində də belədir. Bu rəsmə baxan kimi Sakit Məmmədovun çox uzun və məşəqqətli bir yol gəldiyi açıq-aşkar sezilir, istər-istəməz dahi Pikasso yaradıcılığının mavi və çəhrayı dövrləri göz önünə gəlir.

Birmənalı olaraq, Sakit Məmmədovu dünya rəssamlığında yeni bir cərəyanın banisi kimi qiymətləndirirlər: Opalizm cərəyanının. Belə qiymətləndirmələr onu çox da maraqlandırımır. Bu, sənətşünasların işidir. Necə ki, dahi Azərbaycanlı Lütfi Zadə Aristotel və Eyneşteynlə yanaşı qoyulanda üzünə utancaq bir təbəssüm qonarmış – yəni, mən nə etmişəm ki?! Eyzən Sakit Məmmədovda da belədir. Əminliklə deyə bilərik ki, Lütfi Zadənin elmdə etdiyini Sakit Məmmədov dünya incəsənətində, konkret olaraq rəngkarlıqda etmişdir. O sübut etdi ki, heç bir rəssam yeni bir rəng yaratmır və yarada bilməz. Rəng Allahın “inhisarı”nda olan bir nəsnədir. Rəssam olsa, olsa Allahın bilərəkdən dağıtdığı rəngləri müəyyən qədər nizama salır, bunu da sanki Allahın özü istəyir, ola bilsin ki, Allah bəndəsinin fərasətini yoxlamaqla onu zəhmətə alışdırır...

OYUN, OYUN VƏ YENƏ DƏ OYUN...

J.P.Sartrın “Divar” hekayəsində öz ölümünü gözləyən dostlar təsvir olunur. Gözətçi də sanki onların ölmə (və ya sönmə) halını görmək üçün burdadır. Təbiətlə “ittifaq bağlayıb” insandakı bütün ziddiyyətləri üzə çıxaran ölüm sonda bütün əcaib görkəmi ilə teatral bir fiqura çevrilir. Qəhrəman nə qədər öz ölümünü göz önünə gətirəcək? Yeganə çıxış yolu oyun qurmaq, gülməkdir. Yazıçı da mətni oyun elementləri ilə doldurur. Səhər açılar-açılmaz güllələnməyə aparılan Tom və Xuandan sonra növbə qəhrəmana yetişməliir. Əslində onlarla birgə getməlidir. O da hər biri ilə sanki ölür, ona görə də ölüm vaxtının tez gəlməyini istəyir. Hekayənin gözlənilməz sonluğu da bizə oyunu xatırladır. Məhz təsadifi bir oyun (Bəlkə heç təsadüfi oyun yoxdur, oyun zərurətlər zərurətidir!) nəticəsində qəhrəman ölümdən qurtulur...

Oyun rəng, rəng də oyun deməkdir. Bax, payız öz rəngli oyununu oynayır. Yaz da, qış da, yay da eləcə. Özümüz də rəngli dünyalardan gəlib, bir az fərqli rəngli dünyalara qayıdırıq. Biz dünyamızı deyil, rəngləri dəyişirik. Ölərkən yeni rəng “alırıq”: Meyit rəngini! Bu rəngin minlərlə çalarını tapıb göstərə bilən rəssam varmı?! Bu dünyada gördüklərimizin hamısının rəng və oyun və ya cəm halda, rəngli oyun olduğunu qəbul edə bilməməyimizin bədəlini ödəməli oluruq. Bu yerdə Səməd Mənsurun “Rəngidir” şeiri sanki intihar edirmiş kimi rəng ucalığından özünü atır mətnin içinə - dərəsinə:

Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,

Məscidü meyxanə rəng, eyşü-ibadət rəngidir.

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.

Sakit Məmmədov rəng fəlsəfəsini (və ya oyun!) lap tez anladı. Onu sələflərindən və müasirlərindən fərqləndirən başlıca xarakterik əlamət elə budur. Və bir də o, “Bu, mənim rəngimdir!” eqosunu hamıdan əvvəl (deyəsən, “hamı” yoxdur!) içərisindən çıxarıb tulladı! Yalnız Allahın yaratdığı rənglər önündə heyrətini qoruyub saxladı. Və o heyrət onu rənglərin cəminə və təkinə (dərinlik anlamında!) – Opal daşına doğru apardı...

SÖZDƏN QOPAN RƏNG...

Azərbaycan ədəbiyyatının evini ikicə söz yıxdı: “Milli” və “beynəlmiləl” sözləri! Bu sözlər bir-birindən o qədər uzaqdırlar ki, hətta “və” bağlayıcısı da onları bir-birinə bağlaya bilmir. Bağlasa da xeyri yoxdur, həmin uzaqlıq qalır yerində. Bəşəriyyətə xidmət edən bütün sənətlər beynəlmiləldir. Elə millilik də onun içərisindədir...

Birmənalı olaraq, sözün də bir rəng oldğunu qələm adamları qəbul edirlər. Onda sual doğur: Rəngin millisi, beynəlmiləli varmı? Bəşəri yanaşma baxımından, ədəbiyyatımızın rəssamlıqdan geri qaldığı anlamına gəlirik. O ölkədə ki, ədəbiyyat rəssamlıqla qoşa addımlaya bilir, orada ədəbiyyatın dünya arenasına çıxma şansları birə-beş artır. XX əsr Latın Amerikası rəssamları və ədəbiyyatçılarını xatırlayın! Bizdə də belə nümunələr az deyildir. XIX əsrdə yaşamış Xurşudbanu Natəvanın şeirləri rəngli bir buketi, bir natürmortu xatırladır. Çünki o həm də rəssam idi. Böyük yazıçımız Anarın məşhur rəssamlarımızla sıx dostluq təmasında olması onun yaradıcılıq palitrasında da izsiz ötüşməyib. Şair-rəssam Adil Mirseyidin hər bir şeiri əslində bir tablodur. Həmid Herisçi mədəniyyətimizin mistik qatındadır. Gənc yazarlar Ülviyyə Heydərova və Mirhemdi Ağaoğlunun bu istiqamətdə çabaları təqdirəlayiqdir. Əgər əksini görürüksə, yəni, ədəbiyyat rəssamlıqdan aralı düşürsə, onda yerində sayır. İki səbəb görürük. Birincisi, dünya incəsənətində baş verən yeniliklər kətan üzərində tez maddiləşə bilir. İkincisi, rəng dili musiqi dili kimi bəşəridir, onun tərcüməyə ehtiyacı yoxdur. Amma ədəbiyyat tərcüməçilərin ümidinə qalıb...

Ənənədən qopa bilməməyimizi də buraya əlavə edə bilərik. “Ənənə” dedikdə klassik janrlara sədaqəti nəzərdə tutmuruq. Ənənə formal xarakter daşımır. Belə bir analogiya aparaq: Tutaq ki, bugün sonet yazanlar çoxalıb, özü də fəxarətlə sonet janrına yeniliklər (formal) gətirmələri ilə öyünürlər. Əcaba, nə baş verir? Yenilik bu qədər bəsitləşib?! Hər bir yenilik bir zəlzələ kimidir, o ən dərin layları tərpətməlidir. Yerin və ya janrın üst qabığında zəlzələ olduğunu görən olubmu? Bu baxımdan yenilik mahiyyətdə, daha konker desək, yazarın dünyagöründə, şüurunun ən dərin qatlarında və nahayət, dilində baş verməlidir. Rəssamlıqda Cavad Mircavadov, musiqidə Firəngiz xanım Əlizadə, nəsrdə isə belə bir zəlzələni Kamal Abdulla yarada bildi. Onların gördüyü iş tektonik meqastrukturuna görə geniş əraziləri əhatə etdiyindən dünya bundan tez xəbər tuta bildi. Sadəcə, sonrakı təkanların – titrəşimlərin ləng getməsinin başlıca səbəbi episentrin çox-çox dərində olmasındadır. Olsun! Əsas məsələ onun seysmik gücündədir. Bu isə yetərincədir!

Rəssam Cavad Mircavadovda bu proses mifoloji ağrı ilə müşaiyət olunur. Onun qəhrəmanları deformasiyaya uğramış bədənləri ilə qəddarlaşmış nevrotik dünyamızı simvolizə edir. Təsadüfi deyil ki, fırça ustasının erkən yaradıcılıq nümunələrindən biri də “Yırtıcı” adlanır. Arxası üstə ayaqları sarılı vəziyyətdə uzanmış qoyunun önündə simasını itirmiz insanabənzər bir canlı... Onun vücudu yığılıb yumrulanmışdır. Dünyanın özünə bənzəyir. Alleqoriya bu dissedent ruhlu rəssamın yaşamına çevrilib. Səbəbini özündən eşidək: “Sovet sistemi mənim sənətimin cəlladı olub”.

Bilərəkdən iki əks qütblü rəssamdan danışırıq. Hər hansı bir rəssamım üslubunu rəng müəyyən edir. Cavad Mircavadovda rəng burulğan rolunu oynayır. Hər bir kompozisiya apokalipsisdir sanki... O, gördüklərini olduğu kimi təqdim etmir. Düz də eləyir! Ola bilsin ki, bizim dünyada görünənlər başqa dünyalarda tamam fərqli şəkillərdə görünürlər. O, həmin dünyaların varlığına inanırdı... Onda makrokosmosla mikrokosmos (özü!) arasında ziddiyyət yoxdur. O, “mikrokosmos”ların üzündəki niqabı şiddətlə götürməyə meyillidir. Səbəbini insan azadlığının qəddar düşməni olan saxta, yalançı epoxada axtarmaq lazımdır. Bir sözlə, “Mühit insanı qəddarlaşdıra bilir” formulu tam həqiqət deyildir Cavad Mircavadovun rəsmlərinə baxa-baxa repressiyaların anatomiyası açılır. Məlum olur ki, yalançı şahidliklə bir-birinin üzünə dayanan “dostlar” elə anadangəlmə yırtıcıdırlar. Sadəcə, maskanı götürmək lazım imiş...

Cavad Mircavadovda rənglər günəş kimidir! Amma yandırıcıdır!!! Əgər obrazlı desək, Cavad Mircavadov dünya rəngkarlığının “Payız”ı və “Qış”ı, Sakit Məmmədov isə “Yaz”ı və “Yay”ıdır. (Vivaldi)

Sakit Məmmədov sanki rənglərin teatral paradını təşkil eədrək dünyaya onların misilsiz gözəlliyini, şəfaverici qüdrətini göstərir. O, hər şeydə gözəllik görür. Tarkovski yazırdı ki, sənətin vəzifəsi insanı ölümə hazırlamaqdır. Sakit Məmmədov başqa cür düşünür – onun sənəti insanı yaşamağa ruhlandırır. O daha çox haqlıdır. Onsuz da ayrılıqlar, ölümlər qaçılmazdır. Bunlar Domokl qılıncı kimi başımızın (bəlkə də ruhumuzun!) üstündən asılıb! Domokl qılıncının məhz kral taxtının üstündən asılması dünyada hər şeyin keçici olmasına bir işarədir.

Rənglərin bu qədər parlaq və əlvan olduğuna adam inana bilmir. Rəssam üçün dünya qövsi-quzey kimidir. Hər tərəfdə rəngli bir çevrəsizlik mövcuddur. Rənglər məhz orada pərvaz edir. Dünya rəngkarlığında buna bənzər işləmələr çox olub Amma fərq orasındadır ki, Sakit Məmmədovda bu, çox sürəklidir. Dərdin şəklini çəkməyə nə var? Hünərin var yaşa və yaşat!

Rəssamın portret yaradıcılığı da bu cəhətdən müstəsnadır. Bunu özü də təsdiq edir: “Mən portret janrına daha çox müraciət edirəm. Bu janr cox maraqlı sahədir. İnsan Allahın yaratdığı ən boyuk möcüzələrindəndir. Bu möcüzəni – insanı əks etdirmək çox cətindir. Bəzən rəssamın çəkdiyi portretə Allahın yaratdığından daha çox qiymət verirlər. Bax, bunu anlaya bilmirəm”. Amma Sakit Məmmədov bunun sirrini çox gözəl bilir...

Bir portretdə nə qədər rəng çaları olarmış! Biz, adətən, portretlərdə bir neçə rəng görmüşdük. Yəni, barmaqla sayılacaq qədər! Leonardo da Vinçidə də, Rafaeldə də, Rubensdə də belədir. Lakin portretlərindəki fantastik realizm hesabına onlar dünya şöhrəti qazanıblar. İxtisasca həkim olan çağdaş ispan rəssamı Dino Valls psixoloji portretləri ilə dünya rəssamlığında yeni bir istiqaməti müəyyənləşdirmişdir. Daha çox qadın psixologiyasına yönəlik rəsmlərində o, şiddətli qorxu və kədəri təsvir edir.

Sakit Məmmədov rəng çalarlarının sayını sonsuzluğacan atrırdı. Hətta qeyri-müəyyənliyə qədər. Deməli, dahi Lütfi Zadəni elə-belə xatılamamışıq. O da mövcud qəlibləri qeyri-müəyyənliyə qədər dağıtdı. Buyur, indi qəlib yarat! Dahi ispan Salvador Dali bu sözləri təkcə özü üçün deyil, bütün zamanların ən gözəl sənət adamları, o cümlədən Sakit Məmmədov haqqında demişdir: “Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm”.

Vivaldi “İlin fəsilləri”ni, Sakit Məmmədov da “Rəngin fəsilləri”ni (bəlkə də fəsilsizliyini!) gözəl dünyamıza qaytaran (məhz qaytaran!) dahi rəssamdır. Metafizik görünsə də, inanırıq ki, əgər dünyada real Opal və müəmmalı Fəlsəfə daşları varsa, haçansa musiqi və ədəbiyyatın da sirli-sehrli irreal daşları tapılacqdır...

GÜZGÜLƏR SINDIRILMAQ ÜÇÜN MÖVCUDDUR...

Yaranışın əvvəlində güzgü olmayıb – Adəm Həvvaya, Həvva da Adəmə baxıb özünü düzəldib. Bugün də özümüzü “başqaları”nda daha yaxşı görə bilirik. Amma bu ritual bizdə “ağıllı” halətdə “unutdurulur”...

Mifə görə, Narsist suda öz təsvirini görüb vurulmuş, nəticədə şiddətli eqo və özünəvurğunluq onu həlak etmişdir. Və o vaxtan heç nə dəyişməyib, sadəcə, predmetlərin yeri “dəyişdirilib”: “Su”yun yerinə “güzgü” qoyulub, vəssalam... Bugün də həlak olası nə qədər sənət adamlarımız vardır ki, “ölüm” növbəsindədirlər- “Məndən yaxşısı yoxdur!” patologiyası, daima bəyənilmək, diqqət mərkəzində olmaq kimi quduz arzular onları ölümə aparır... Sakit Məmmədov bütün bu kompleks və patologiyaların fövqündə dayanan və başqalarının “saatı” ilə işləməyən nadir sənətkarlarımızdan biridir.

“Yatmış mələk” onun yaradıcılığında unikal bir yer tutur. Bu, çox papolyar rəsmlərdən biri olmaqla artıq onun həyatının bir parçasına çevrilmişdir. O, heç cür “Yatmış mələk”lərdən (indi cəmdə!) qopa bilmir. Onun iyirmidən çox “Yatmış mələy”i vardır. Hələ bu silsilə davam etdirilir. Bəs “Yatmış mələk”lərə rəssam ehtirası niyə səngimir?! Bəlkə, qadın yatarkən daha gözəl olur?!

Əvvala, hər dəfə “Yatmış mələk”lərə baxarkən düşünürük ki, onlar yatmayıb, özlərini yatmış kimi göstərirlər. Bunu Sakit Məmmədov da çox gözəl bilir, amma “mələk”lərin “yuxulu” halı ona öz arzularını gerçəkləşdirməyə şans verdiyindən “səsini çıxarmır”. İkincisi, zənnimizcə, qadın yatarkən daha “rəngli” olur. Bu da rəssama onun üzərində rəngli simfoniya qurmağa kömək edir. Üçüncüsü, yuxu ilə ölüm arasında məsafə gözlə qaşın arasındakı məsafə qədərdir. Bəlkə heç məsafə yoxdur? Ona görə də “Yuxu ölümün qardaşıdır”,- deyirlər. Və mələklərin yatmış halı haradasa bizə ölümü xatırladır. Şərqlinin təfəkküründə yuxu həm də bir arxitep, bir metafora və ya fəlsəfi bir kateqoriyadır. Hətta ölümsüzlük alması da yuxu metaforasından keçib gedir. Yuxuda insana çox şeylər verilir (hətta peyğəmbərlik də!) və alınır... Sakit Məmmədov bu anları tutub əbədiləşdirmək üçün tələsir, çünki mələk “oyana bilər”... Nəhayət, qadının bir sutkalıq ömürlüyünü vərəqləmək üçün yuxuda olarkən onun üzünə baxmaq kifayət edir. Həm də bu hal güzgü halıdır, personajın bütün iç dünyası burada əks olunur.

Yaranışın əvvəlində güzgü olmayıb... Təbii ki, sonralar güzgü ən böyük ixtira kimi tarixə də düşüb. Amma güzgü ona görə mövcuddur ki, biz onu sındıraq. Sındırılmış güzgülərdə özünüzə baxmısınızmı?! Onun hər bir parçasında bir “sən” görünür. Hətta günəş də onda tək görünmür. Bu, bəlkə də daha ədələtlidir! Çünki insan tək “mən”i yox, daha çox “mən”i simvolizə edir. Sakit Məmmədovun insanlığa, dünyaya, ümumən, bəşəriyyətə nə qədər gərəkli olduğunu bilmək üçün ona sındırılmış güzgülərdə baxmaq kifayət edər...

# 3525 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #