Bu gün Xalq artisti Nəzakət Teymurovanın doğum günüdür. Kulis.az bu münasibətlə Nəzakət xanımı təbrik edir və 2017-ci ildə APA-ya müsahibəsini oxucuların diqqətinə çatdırır.
- Nəzakət xanım, Opera və Balet Teatrının səhnəsindən niyə getdiniz? İstərdim, əsl səbəbini deyəsiniz...
- Bunu özüm istəmişəm. Ərizə yazdım, işdən çıxdım. Mən özümə hörmət edən adamam. Həmişə deyirdim ki, müəyyən yaşa gələndən sonra çıxıb gedəcəyəm. Ona görə də, ərizəmi yazmışam.
- Hər halda, səbəb olmasa, heç kim öz istəyi ilə 20 il çalışdığı teatrdan getməz...
- Mən teatrda təkcə Leyli rolunda çıxış etmirdim. İrili-xırdalı yeddi rol oynamışam. “Leyli və Məcnun”da Leyli hər zaman mənim üzərimə düşüb. Həvəsdir, bəsdir.
- İrili-xırdalı yeddi obrazın aqibəti necə olacaq?
- Bu haqda Opera və Balet Teatrının rəhbərliyi danışa bilər. Zəhmət olmasa, onlarla əlaqə saxlayın, necə olacağını, kimlərin çıxış edəcəyini onlar desinlər. Mən özümə cavabdehəm.
- Siz məcbur olub getmisiniz?
- Mənim tələbələrim də orda çalışır. Artıq üç aydır Opera və Balet Teatrından çıxmışam. Məcburiyyətdən, yaxud başqa səbəbdən, bu barədə heç nə demək istəmirəm. Opera işi mənim yaradıcılığımın bir qoludur. Səsim, ifa tərzim üstümdədir. İllərlə çıxış etmişəm, indi isə teatrdan getmişəm.
- Hazırda teatrda münasibətlər, mühit necədir?
- Məncə, bu suala teatrın direktoru cavab verə bilər. Teatrda son tamaşamı may ayında oynamışam. Ona görə deyə bilmərəm ki, hər hansı gərginlik var, ya yox.
- Teatrdan getməyinizə görə sonra peşman olmayacaqsınız?
- Niyə peşman olum? Lentlərim var, müəyyən yaş var. Peşman o vaxt olardım ki, məni işdən xaric edərdilər. Özüm ərizə yazmasaydım, pis təsir edərdi ki, kimsə məni işdən çıxardı. Özüm istəmişəmsə, niyə peşman olum? Teatra da özüm gəlmişəm. Vaxtilə müsabiqə yolu ilə qəbul olmuşam. Özüm gəlmişəm, özüm də gedirəm. Tamaşaçılara da hər zaman hörmətlə yanaşmışıq. Ona görə də neçə ildir tamaşaçılar bizi seviblər. Mən də çalışmışam, operamızı təmsil edim. O vaxt Asəf Zeynallı adına kollecdə olanda nazirlikdən məsləhət bilmişdilər, təyinatını teatra verin. Dördüncü kursda oxuyanda nazirliyin nümayəndələri, müəllimlərimiz məsləhət görmüşdülər ki, sənin səsin opera səsidir. Müsabiqə yolu getmişəm, qəbul olmuşam. Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə İsmayılova, Qəndab Quliyeva və bir çox sənətkarlarımız orda işləyirdilər və məni də onlar qəbul etmişdilər. Gedən gündən də mənə Leylini həvalə etmişdilər.
- Siz işdən getmək haqqında qərar verəndə demədilər, qalın işləyin?
- Mən iki il bundan əvvəl işdən çıxmalı idim. Teatrın direktoru Akif Məlikovun xahişi ilə teatrda qalmışam.
- Akif Məlikovla münasibətləriniz necədir?
- Çox normal. Direktor və solist kimi aramızda heç bir narazılığımız olmayıb. Daha doğrusu, mən tərəfdən narazılıq yoxdur. Onlar tərəfdən də mənə həmişə hörmət olunub. Ümumiyyətlə, heç vaxt işlədiyim yerə hörmətsizlik etməmişəm. Onlar da mənə həmişə hörmət ediblər.
- Tamaşaçılarınız sizin Leylinizi səhnədə görməyəndə, onlara cavabınız necə olacaq?
- Qərarı özüm vermişəm. Bu o demək deyil ki, sənətdən gedirəm. Allah qoysa, konsertlərim olacaq, gəlib dinləyə bilərlər. Amma Leyli kimi, Gülbahar kimi, Şahsənəm kimi görməyəcəklər.
- Teatrdan çıxmağınız maddi məsələlərdə sizə problem yaratmayacaq?
- Vallah, heç vaxt Opera və Balet Teatrından maddiyyat güdməmişik. Maaşlarımız elə də çox deyil. 400 manata yaxın maaş almışam. Amma sənət eşqi olub. Mən prezident təqaüdü alıram. Ona görə heç bir çətinliyim yoxdur. Ruzini verən Allahdır.
- Danışığınızdan və səsinizdən hiss edirəm ki, obrazlarınızdan ayrılmaq çətindir...
- Gülüstan Əliyevanın konsertində teatrın direktoru Akif Məlikova yaxınlaşıb artıq işləmədiyimi demişəm. Demişəm ki, bəsdir, oxumayacağam. Yəqin bunu özü də təsdiq edər.
- Akif müəllim soruşmadı ki, niyə gedirsiniz?
- Niyəsi belə olub ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.
- Yəni iki işi bir yerdə çatdıra bilmirsiniz...
- Bəli, çatdıra bilmirəm.
- Nəhayət, səbəbi dediniz...
- Bəli, səbəb odur ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.