Atasız uşaq doğan, qızının dəfninə getməyən, həmcinsi ilə sevgi yaşayan şairə

Atasız uşaq doğan, qızının dəfninə getməyən, həmcinsi ilə sevgi yaşayan şairə
27 may 2019
# 15:14

Kulis.az Marina Svetayevanın həyatından maraqlı faktları təqdim edir.

Romantik təbiətli dahi şairə Marina Svetayevanın özü kimi həyatı da qəribə olub; öncədən hiss etdiyi nikah, uşağının ölümü, ümidsiz sevgilər...

Ərinə cəhənnəm həyatı yaşadıb

Marina Svetayevanın bioqrafları israr edirlər ki, o, həyatı boyu yalnız əri Sergey Yefronu sevib. Maraqlıdır, Svetayeva kiminlə evlənəcəyini öncədən duyub hiss eləmişdi. Həyat yoldaşı ilə tanış olmamışdan çox-çox qabaq o belə bir ifadə işlədir: “Mən o adamla evlənəcəyəm ki, sevdiyim daşı mənə hədiyyə etmiş olsun”. Yefron ilk görüşdə ona əqiq daşından boyunbağı bağışlayır və beləcə hər ikisinin müqəddəratı elə ilk anlarda həll olunur.

Ailə həyatı ərzində Svetayeva Sergeyin həyatını dözülməz edir: kənarda eşq həyatı yaşayır, evdə hay-küy qoparır, boşanma tələb edirdi. Bundan başqa indiyədək məlum deyil ki, Svetayevanın oğlu Qeorqinin atası kimdir. Şairənin yaxın dostları hesab edirdilər ki, Qeorqi dünyaya gəlməyinə görə Yefronun dostu Konstantin Rodzeviçə borcludur. Yefron isə son günlərinə qədər bu ehtimalı rədd edirdi.

Qadınlarla yaxın əlaqələri səbəbindən ailəsini tərk etmək istəyib

Tez-tez aşiq olan Marina Svetayeva bütün mümkün qaynaqlardan ilham almağa can atırdı. 1914-cü ildə Svetayeva ədəbi salonların birində yalnız ədəbi istedadı ilə deyil, həm də qalmaqallı sevgi macəraları ilə məşhur olan Sofya Parnokla tanış olur.

Qadınlar arasında isti münasibətlər yaranır. Sevgilisi üçün Svetayeva ailəni tərk etmək qərarına gəlir, onu nə yenicə doğulmuş qızı, nə də ərinin öyüdləri yolundan saxlaya bilir. Hətta Yefron Parnoku duelə çağırmaq istəyirdi. Deyilənə görə, “Yumşaq şalın nəvazişi altında...” şeirini Marina Svetayeva Sofya Parnoka həsr edib.

Qadınlar arasında məhəbbət macərası Yefronun cəbhəyə gedişiylə başa çatır. Ərinin könüllü cəbhəyə getmək istəyindən qorxuya düşən Marina Parnokla əlaqəni kəsir.

Xaraktercə qəddar idi

Marina Svetayevanın ailəsi ona öz unikallığını dərk etmək hissiyatını təlqin etmişdi, eyni zamanda onda həyata tamamilə ögey xarakter formalaşdırmışdı. Şairənin ağır xarakterindən ən çox yaxın adamları əziyyət çəkirdi. Xüsusilə qızlarıyla soyuq davranırdı. Qızı Ariadnaya onu “ana” deyə çağırmağı yasaq etmişdi.

Svetayevanın uşaqları sevmədiyi gəncliyindən bəlliydi. Hələ ərdə olmadığı vaxtlarda dəbdəbəli bir şam yeməyinə dəvət olunmuşdu. Evdə dəcəl bir qızcığaz vardı. Qonaqlar süfrə arxasına keçəndə balaca qız masanın altına girib qonaqların tuflilərinin yerini dəyişir. Ziyafət başa çatanda bəlli olur ki, yalnız Svetayevanın ayaqqabıları “yer dəyişməyib”. Marina izah edir ki, o, dəcəl qıza dərs verib:

“Stolun altında mənim yanıma yaxınlaşanda sancağı onun ayağına batırdım. Qız heç nə demədən mənə baxdı, mən isə gözümü çəkmədən ona. O başa düşdü ki, mən onu yenə incidə bilərəm. Və bir də tuflilərimə yaxınlaşmadı”.

Xəstə uşağını taleyin ümidinə buraxır

Marina Svetayevanın ikinci qızı İrina xəstəhal, zəif uşaq idi. Onun xəstəhallığı Svetayevanı qorxudur və itələyirdi. Bundan başqa əri cəbhədə olan Marina evin problemlərini təkbaşına həll etməyə məcbur idi.

1919-cu ildə Marina depressiyada ikən qızlarını yetimxanaya verir. Yalandan ərinin cəbhədə həlak olduğunu deyən şairə hərəkətini bununla izah edir ki, qızları yaxşı həyatla təmin edə bilmir. Halbuki yetimxanada uşaqları dəhşət və aclıq gözləyirdi. Böyük qızı Ariadnanı sonradan uşaq evindən götürür, İrina isə yetimxanada ağrı-acı içində qalır. Uşaq evinin müdiri Marina Svetayevaya məktub yazıb bildirir ki, iki yaşlı İrina aclıqdan qışqırır, get-gedə zəifləyir, ona təcili ev baxımı lazımdır. Svetayevanın reaksiyası isə belə olur:

“İrina mənim yanımda səsini belə çıxarmağa cəsarət etməzdi. Mən bilirəm, o necə həyasızdı”.

İrina anasını görmədən yetimxanada dünyasını dəyişir. Svetayeva qızının dəfninə də getmir. Gündəliyində isə yazır:

“Dəhşətlidir? Hə, kənardan belə görünür. Amma Allah mənim ürəyimi görür, o, bilir ki, mən laqeydlikdən deyil, acı çəkdiyimdən onunla vidalaşmağa gedə bilmədim”.

# 3964 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #